Sartr və de Bovuarın Ekzistensialist əyləncə fəlsəfəsi nədən ibarət idi?

Fəlsəfə
Photo

Varoluş və sərxoşluq: bir ekzistensialist kimi necə əylənməli?

Ekzistensializm varoluşun mənasızlığı üzərinə düşüncələrə vurğu etdiyinə görə, daha çox tutqunluğu və varlıq haqqında narahatlığı, təlaşı ilə tanınır. Lakin iki tanınmış ekzistensialist mənasızlığa qarşı necə əylənməli olduqlarını yaxşı bilirdi. Simona de Bovuar və Jan-Pol Sartr əyləncə məclislərində xeyli vaxt keçirirdilər: söhbət, içki, rəqs, gülüş, sevmək, dostlarla birgə musiqiyə qulaq asmaq və bu, onların həyata qarşı fəlsəfi duruşları idi. Onlar sadəcə təsadüfi məclislərdən zövq alan filosoflar deyildilər, əyləncə məclisləri onların həyatı anlamaq, ona yiyələnmək fəlsəfəsinin ifadəsi idi. Onlar üçün bunu etməyin autentik və qeyri-autentik yolları vardı.

De Bovuar üçün fəlsəfə həyatı canlı yaşamaqdı və məclislərdə əylənməyi tam və azad yaşamaqla əlaqələndirirdi, canlı həyatın təklif etdiyi şeylərdən özünü məhrum etməzdi. Bəzən yazırdı ki, “hər şeyi bir az çılğınlıqla…lakin öz yolumla edirəm. Bir şeyi yüngül, zəif etməkdənsə, heç etməsəm, daha yaxşıdır.

Sartr alkoqolun gətirdiyi şən təxəyyülü sevirdi: “Beynimin qarışıq olmasını, daha sonra parçalanıb gedən ideyaların dumanlı halda sorğulanmasını xoşlayıram.” Həddindən artıq ciddilik dünyanı qəlizləşdirir, həyatı qaydalarla bəndlədikdə, azadlığın və yaradıcılığın boğulduğu hiss olunur. Əyləncə məclislərinə çox ciddi yanaşmaq bu məclislərin coşqusunu yoxa çıxarır. Ciddilik onları təsisatlara, zənginlik və materializmlə bəzədilmiş içiboş saxtalıqlara, başqalarının gözündə tanınmaq, qəbul edilmək üçün patetik yalvarışlara, yaxud yalnız iştirakçıların diqqətini ətalətdəki həyatlarından qoparmağa xidmət edən miskin ötəri həzlərlə dolu hedonistik iltifatlara çevirir. Ciddi əyləncə məclisi autentik bir məclisin altında yatan şənlik və alicənablıq məziyyətlərini görməzdən gəlir. Bovuar marixuananın da dadına baxırdı: nə qədər çətinliklə nəfəs alsa da, ayaq üstə möhkəm dayanırdı. O və Sartr paxmeli, qəlb sınmalarını və yazıçı tıxanıqlıqlarını amfetaminlər vasitəsilə müalicə etməyə çalışırdılar. Sartr akademik məqsədlə psixodeliklərdən istifadə edirdi: hallusinasiyaları araşdırarkən meskalin istifadə etmişdi. Lakin onların əyləncə üçün seçdikləri əsas vasitə həmişə alkoqol idi.

Kamyu və Sartrı bir-birindən küsdürən nə imiş?

Əyləncə məclisi digərləri olmadan olmaz, əlbəttə, baxmayaraq ki, Sartr “Bağlı qapılar arxasında” (“No Exit”, 1944) pyesində söylədiyi “Cənənnəm – başqalarıdır” ifadəsi ilə məşhurdur. Lakin bu ifadə Sartrın öz hekayəsindən çox uzaq idi: o və de Bovuar digər insanlarla münasibətlərində kəşf edirdilər özlərini. De Bovuar “İkifikirlilik Etikası”nda (“The Ethics of Ambiguity” – 1947) yazır: “İnsanın mahnılarda, qəhqəhədə, rəqslərdə, erotizmdə və sərxoşluqda axtardığı şey həm bir anın vəcdi, həm də digər insanlarla birgə iştirakçılıqdır.” Onun fikrincə, birgə iştirak və qarşılıqlılıq etik münasibətlərin təməlləridir, çünki digər insanlar həyatımızı kontekstlə təmin edir. Və çünki bizim dünyamız digər insanların ona verdiyi məna ilə doludur, varoluş yalnız onlarla ünsiyyətdə üzə çıxa bilər.

Məclislər bizim digərləri ilə əlaqələrimizi gücləndirir, bir-birimizin həyatına məna gətirir və dünya digər insanlarla birgə üzə çıxır. Məclislər vasitəsilə insanlar həmçinin bir-birilərinin mövcudluqlarını təsdiqləyir, dostlara önəmli olduqlarını xatırladırlar. Bundan əlavə, əsl əyləncə məclislərinin saçdığı qəhqəhə və mehriban coşqunluq insanlara həyatın xaosunun öhdəsindən gəlməyə yardım edə bilər. De Bovuar işğal olunmuş Parisdəki müharibə illərindən yazırdı: ərzaq talonlarını toplayaraq yeyib-içib əylənir, sərxoşluq edirdilər. Rəqs edir, mahnı oxuyur, musiqi ifa edirdilər. Sənətçi Dora Maar öküz döyüşlərinin, Sartrsa şkafın üstünə çıxıb orkestra dirijorluğunun pantomimini göstərirdi. Albert Kamyu da orkestrda ifa edirmiş kimi, qazan qapaqlarını bir-birinə vururdu. De Bovuar yazır: “Biz sadəcə, qarşımızdakı məyusluğa, ümidsizliyə üsyan olaraq, bu qarışıqlıqdan kiçik həzz parçaları qoparmaq və özümüzü bu həzz parçalarının parlaqlığı ilə məst etmək istəyirdik.” Bunlar gələcəyə dair real qorxulara qarşı xırda qiyam aksiyaları idi.

De Bovuarın və Sartrın tənqidçiləri onları hedonizmi təşviq etməkdə, orgiyalara həvəsləndirməkdə və 2016-cı ildə filosof Culia Kristevanın, seksual qurbanlarını yoldan çıxarmaq üçün “zərbə desant birliyi” yaradan “libertarian terroristlər” adlandırdığı tiplər olmaqda günahlandıra bilərlər. Lakin onlar bütünlüklə hedonizmi təşviq etmirdilər, çünki onlar şəxsi həzzi məsuliyyətdən daha yüksək dəyərləndirmirdilər. De Bovuara görə, orgiya ilə məşğul olmaqda fəlsəfi bir yanlışlıq yoxdur, bu, həyatın digər tərəflərində olduğu kimidir: situasiyanı necə dəyərləndirməyinizdən asılıdır. O yazırdı ki, “əgər bir insan istənilən situasiyaya özünü tamamilə verə bilirsə, bu zaman “rəzil hadisə” deyə bir şey olmamalıdır.” Doğrudur ki, De Bovuar və Sartrın çoxlu sevgililəri vardı, lakin təsadüfi seks onların repertuarına daxil deyildi. Onlar düşünürdülər ki, hər şeyi ağına-bozuna baxmadan etmək azadlığın bayağı istifadəsidir və əvəzində, çılğın eşq münasibəti və dostluq istəyində idilər. (Bu cür münasibətlərdə digər insanları incitmiş olsalar da və de Bovuar buna görə öz məsuliyyətini qəbul etsə də, insanlar nə onu, nə də Sartrı heç vaxt aşkar formada günahlandırmırdılar.)

Jan-Pol Sartr: Xatirə

Sosial normaları rədd etmək bir dağıtma prosesidir: sənin necə olmalı olduğun, necə davranmalı və hansı seçimi etməli olduğun haqda başqalarının fikirlərini önəmli əsas kimi qəbul etməkdən imtina etməkdir. Əyləncə məclisləri də bu cür gözləntilərin dağıdılması üçün oxşar davranışı, həmçinin vaxt, pul, ərzaq, içki və beyin hüceyrələrinin sərf edilməsini özündə ehtiva edir. Kimsə bunu əbəs, hədər hesab edə bilər, lakin biz onsuz da özümüzü nəyin naminə qoruyub saxlayırıq? Yaxşı həyat həmişə uzun həyat deyil və uzun bir həyat də mütləq xoşbəxt və dolu bir ömür olmağa məcbur deyil. Önəmli olan həyatı ehtirasla qucaqlamaqdır. Varoluş özümüzü sərf etmək, xərcləmək prosesidir. Varoluş bəzən özümüzü yenidən yaratmaq üçün əvvəlki mənlərimizi geridə qoymağı, gələcəyə inanmağı, öz varlığımızı yeni sferaların içində ifşa etməyimizi tələb edir. Biz bunu özümüzü fürsətlərə açaraq və bu fürsətlərlə oynayaraq edirik.

Lakin bir ekzistensialist kimi əyləncə məclislərində olmaq həm də ehtiyatlı olmağı tələb edir. Bu, ümidsizlik və fikir dağınıqlıqları ilə dolu dünyadan müvəqqəti fasilə ola bilər, lakin bundan mövcud situasiyadan qaçmaq vasitəsi kimi istifadə etmək zərərli inancdır. Həyatdan uzaqlaşmaq və ya həmyaşıdlarının təzyiqlərinə boyun əymək insanı de Bovuarın “absurd ürəkdöyüntüsü” adlandırdığı formaya endirir. Autentik olmaq məqsədilə məclis əyləncəsi azad və fəallıqla seçilmiş olmalı, məqsədəuyğun həyata keçirilməli və insanın dəyərlərini əks etdirə biləcək formada olmalıdır. Bundan əlavə, həddindən artıq əyləncə məclisi tükəndirici və həyatın həvəsini, canlılığını axıdıb bitirdikdən sonra monoton ola bilər, təkrar və mənasız görüşlər seriyasına çevirilə bilər. Buna görə də ekzistensial əyləncə məclisləri təsadüfi tədbirlər kimi təşkil edilməyə meylli olurlar. Kamyu de Bovuardan soruşardı ki, bu cür coşqun, güclü əyləncə ilə eyni zamanda işləmək mümkündürmü. Bovuarın cavabı “xeyr” idi. Onun fikrincə, durğunluqdan qaçmaq üçün varoluş “dərhal yeni öhdəliyə cəlb edilməli, gələcəyə doğru sıçramalıdır.”

Əsl ekzistensial əyləncə məclisi həm də özünü idarəetmə ustalığı tələb edir: özünü azadlıq və məsuliyyət, şənlik və ciddilik arasında gərgin vəziyyətdə saxlaya və içində olduğumuz situasiyanı rədd etmədən əlaqələrimizi qidalandıra bilmək. Bu, bizi dünya ilə rabitə həlqələrimizi öz şərtlərimizə uyğun, özümüzü daxili zəncirlərdən, o cümlədən alkoqol kimi asılılıqlardan və ya vərdişlərdən qopararaq yaratmağa həvəsləndirir. Bu cür məclis əyləncəsi həmçinin bizi xarici zəncirlərə, məsələn institusional məhdudiyyətlərə qarşı meydan oxumağa təhrik edir. Beləcə, həyatı yaşamağa dair inadcıl israr və bir-birimizlə olan bağlarımızı gücləndirmək üçün seçdiyimiz yollar bir üsyankar davranış ola bilər. Əyləncə məclisilərinə ekzistensial yanaşma onu da etiraf edir ki, həyat təhlükəli, qorxulu olsa da, əyləncəli ola bilər və olmalıdır; başqaları ilə birlikdə əyləncə məclisinin şən əhval-ruhiyyəsində olmaq bizə eyforiya, harmoniya və ümid duyğularını paylaşmaq yolu ilə həyatın qaranlığına dözməkdə yardım edə bilər.

Dövrümüzün ən güclü qadınlarından biri - Simon de Bovuar kim idi?

De Bovuar və Sartr zəngin həyatlarını yeni vədlər, öhdəliklər götürməklə yaşadılar, lakin bu vədlərlə bərabər viski və araq şüşələrini də götürdülər. Bu, səhhətlərində ciddi problemlərə gətirib çıxardı, o cümlədən sirroza, amma onlar heç vaxt əyləncə məclislərinə və içkiyə görə peşman olmadılar, öz fəlsəfələrinə görə, peşman olmaq üçün səbəbləri yoxdu. Onlar bu davranışları azad seçmiş, öz şərtlərinə uyğun həyata keçirmiş və nəticələrə görə məsuliyyəti öz üzərlərinə götürmüşdülər. Bir ekzistensialist olaraq əylənmək bundan ibarətdir.

Skye C. Cleary, PhD.

“Ekzistensializm və Romantik Sevgi” (2015) kitabının müəllifi, Bernard Kollecinin müəllimi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR