İzlənmə rekordları qıran yeni “Kral Şir” filmi haqqında bilməli olduqlarınız

Sənət
Photo

İlk dəfə 1994-ci ildə göstərildikdən sonra ikonaya çevrilən “Kral Şir” animasiya filminin yeni adaptasiyası keçən həftə Şimali Amerika kinoteatrlarında göstərilməyə başlanıb və film qısa müddətə 185 milyon dollar qazanmaqla kassa rekordu qırıb.

“Disney”in ilk üç gündə ən böyük uğur qazanan işi olan “Kral Şir”in yeni adaptasiyası ABŞ-da iyul ayında ən yüksək gəlir əldə edən film olub.

“Kral Şir” “Məğlubedilməzlər: Final Oyunu” filmindən sonra ABŞ-da bu il ən çox kassa gəliri gətirən filmdir.

Həmçinin “Kral Şir” beynəlxalq kinoteatrlarda da 269 milyon dollar gəlir əldə etməklə, ilk üç gün içində ümumi gəlirini 531 milyon dollara çatdırıb.

Tənqidçilər film haqqında müxtəlif rəylər səsləndirirlər, tamaşaçıların bəyənib-bəyənmədiyi isə qarşıdakı günlərdə bilinəcək.

Bəzi tənqidçilər filmi “böyük uğur” kimi xarakterizə etsələr də, bəziləri də “gərəksizdir” deyə damğalayırlar.

ABŞ mərkəzli idman və pop mədəniyyəti platforması “Ringer”in yazarı Rob Harvilla ilk animasiyadan fərqli olaraq, realist görünən aslanın mahnı oxuyaraq ortalıqda gəzməsinin “qəribə” olduğunu yazıb. Onun kimi bir çoxları filmi bəyənməyiblər, ortaq fikirləri isə belədir ki, filmdə “hiss çatışmazlığa və nostalgiya” var.

Elmlə maraqlananlar üçün 10 serial

Ulduzlar heyəti

“Kral Şir”in hekayəsi yazılarkən həm Şekspirin “Hamlet” pyesindən, həm də müqəddəs kitablardan ilham alınıb. Cizgi filmi ilk dəfə 1994-cü ildə təqdim ediləndə, beynəlxalq miqyasda uzun illər davam edəcək populyarlıq qazanmışdı.

Həmin il baş tutan Oskar mükafatlandırma mərasimində bəstəkar Hans Zimmerin film üçün bəstələdiyi musiqi ən yaxşı musiqi nominasiyasında, Elton Conun “Can You Feel the Love Tonight” kompozisiyası isə ən yaxşı mahnı nominasiyasında mükafat qazanmışdı.

Bu il təqdim edilən filmin də musiqi bəstəçiliyi Hans Zimmerə həvalə edilib.

“Kral Şir”in Brodveydə nümayiş edilən myuzikli ən çox gəlir əldə edən şoular arasında yer alır.

Filmin yeni adaptasiyasının rejissoru “Dəmir Adam” və “Meşə uşağı” kimi filmlərin yaradıcısı olan Con Favredir.

Birinci animasiyadan fərqli olaraq, bu dəfəki filmdə daha çox kompüter texnologiyasından, xüsusilə CGI kimi tanınan texnologiyasından istifadə edilib, ona görə də film “fotorealist“ kimi xarakterizə edilir.

Yeni adaptasiyada “Childish Gambino” səhnə adını istifadə edən musiqiçi və aktyor Donald Qlover Simba obrazını, Biyons isə Nala obrazını səsləndirib.

Filmin musiqilərində 25 ildən sonra birlikdə əməkdaşlıq edən Tim Rays və Elton Conun imzası var.

Biyonsun bu film üçün yazdığı “Spirit” adlı mahnı isə bir həftə keçmədən “YouTube”da 18,5 milyon baxış əldə edib.

Lars fon Trier: Biz həmişə filmimizin aktrisalarına aşiq oluruq

İlk animasiya necə yaranmışdı?

İlk dəfə 1988-də “Disney”in bir layihəsi kimi gündəmə gələn “Kral Şir”in rejissoru Corc Skribner bir neçə il sonra vəzifəsindən ayrılmış, yerinə Rocer Allers və Rob Minkoff rejissor kimi keçmişdilər.

“Ringer” platformasının ilk filmin heyətiylə apardığı müsahibələr nəticəsində hazırladığı xəbərə görə, eyni dövrdə “Pocahontas”ın istehsal dövrünə girməsi, “Disney“in ən təcrübəli animatorlarının bu filmə getməsinə səbəb olmuş, nəticə etibarilə “Kral Şir”də daha təcrübəsiz heyət qalmışdı.

Lakin bu vəziyyət texniki heyətdə “vacib bir rəqabətin” yaranmasına gətirib çıxarmış, heyətin daha canla-başla işləməsini təmin etmişdi.

Heyət filmin ruhunu daha yaxşı verə bilmək üçün cizgi və istehsal mərhələsində Kenyaya səyahət etdi. Filmin açılışında Simbanın doğulduğu görünən səhnə də bu səyahət zamanı qazanılan təcrübədən çıxıb. Xüsusilə cip avtomobiliylə baş tutan safari zamanı yüksək bir təpədən vadiyə baxılan zaman, bütün heyvanların görünməsinin “Aslan krallığını” rəsm etməkdə təsirli olduğu bildirilir.

Birinci film də rekord qırmışdı

Həmin dövrdəki müsahibələr zamanı “Disney”in əsas rəsmilərinin daha çox “Pocahontas”a kökləndikləri, “Kral Şir”in o qədər də diqqət mərkəzində olmadığı müəyyən edilib.

Bunda “Disney”in “Kral Şir”lə bağlı çoxlu risklər etməsinin payı var.

“New York Times” o dövrdən bəhs edərkən “Disneyin Renessansı” terminini işlədib.

1991-də “Kiçik Dənizqızı”, 1991-də “Gözəl və Çirkin”dən sonra “Ələddin”lə “Disney” böyük nailiyyət əldə etmiş; studiyanın gücünün animasiyada olduğu məlum olmuşdu.

“Disney” “Kral Şir”i isə digər filmlərin əksinə, insan elementi olmadan sadəcə heyvanlarla çəkərək və yay mövsümündə təqdim edərək, böyük risk etmişdi.

Bununla belə, “Kral Şir” 1994-cü ildə təqdim edildiyi həftəsonu 42 milyon dollarla kassa rekordu qırdı və müsbət rəylər aldı.

Altı həftə ərzində “Ələddin”in də izlənmə sayını keçərək, şirkətin ən sürətlə böyüyən əsəri oldu.

“New York Times”in xəbərinə görə, “Kral Şir” VHS kimi tanınan video kaset şəklində sonrakı yazda təqdim ediləndə, tarixin ən çox satan kasetinə çevrilmişdi.

Yenidən adaptasiya olunan “Kral Şir” filmində də açılış səhnəsi olduğu kimi həyata keçirilib: ümumən birinci filmin hekayəsinə sadiq qalınıb.

Yeni filmin əvvəlki kimi uğur qazanıb-qazanmayacağı yaxın gələcəkdə məlum olacaq, ancaq bu, “Disney”in yeni adaptasiya əsərləri arasında sonuncusu olmayacaq.

“Disney”in “Meşə Uşağı”, “Dumbo”, “Gözəl və Çirkin”, “Ələddin” kimi yeni adaptasiyaları son vaxtlar kinoteatrlarda öz yerlərini alıblar. Yaxında da “Mulan” və ”Kiçin dənizqızı”nın təqdim ediləcəyi gözlənilir.

Mənbə: BBC

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR