Nəyə görə uşaqların sənətə, hekayələrə, şeirlərə və musiqiyə ehtiyacı var?

Hər şeydən biraz
Photo

2005-ci ildə “Astrid Lindqren Xatirə Mükafatı”nı almış Filip Pulmandan müdrik sözlər:

Uşaqların sevgiyə, qidaya, təmiz havaya və oynamağa ehtiyacları olduğu qədər, sənətə, hekayələrə, şeirlərə və musiqiyə də ehtiyacları var. Uşağa qida verməsəniz, vurulan zərər dərhal gözə görünəcək. Uşağa təmiz hava və oynamaq imkanı verməsəniz, vurulan zərər yenə də gözə görünəcək, amma dərhal deyil. Uşağa sevgi verməsəniz, vurduğunuz zərəri bir neçə il görməyə bilərsiniz, amma o qalıcıdır.

Lakin siz uşağa sənət, hekayələr, şeirlər və musiqi verməsəniz, vurulmuş zərəri görmək asan deyil. Amma o zərər mövcuddur. Onların bədənləri kifayət qədər sağlamdır, qaça, hoppana, üzə, yemək yeyə və çoxlu səs-küy sala bilərlər, uşaqların həmişə etdiyi kimi. Lakin nəsə çatışmayacaq.

Demokratik məktəblər uşaqlar üçün necə bir dünya yaradır?

Doğrudur, bəzi insanlar heç vaxt heç bir sənət növü ilə qarşılaşmadan böyüyürlər və onlar tamamilə xoşbəxtdirlər, yaxşı və dəyərli həyat yaşayırlar, onların evlərində kitab yoxdur, rəsmlər onların vecinə deyil, musiqinin mahiyyətinə vara bilmirlər. Problem yoxdur, xeyli belə insan tanıyıram. Onlar yaxşı qonşu və faydalı vətəndaşdırlar.

Lakin bəzi başqa insanlar da var, onlar uşaqlıqlarının və ya gəncliklərinin, yaxud bəlkə də hətta yaşlı vaxtlarının hansısa mərhələsində əvvəllər heç vaxt xəyal etmədikləri bir şeylə qarşılaşırlar. Bu onlar üçün ayın qaranlıq tərəfi qədər özgədir. Bir gün onlar radioda şeir oxuyan bir səs eşidirlər, yaxud pəncərəsi açıq, içəridə piano ifa olunan bir evin qarşısından keçirlər, yaxud kiminsə divarında xüsusi bir rəsmin posterini görürlər və bu, onları dərhal elə möhkəm, həm də elə zərifcəsinə silkələyir ki, başları gicəllənir. Onlar bu qarşılaşmaya hazır deyillər. Onlar qəfil anlayırlar ki, nə isə bir aclıqla doldu içləri, halbuki bircə dəqiqə öncə bu aclıq haqqında heç bir fikirləri yox idi. Bu aclıq elə şirin, elə dadlıdır ki, o an ürəkləri dayanacaq sanki. Elə bil, ağlayırlar, özlərini kədərli, xoşbəxt, yalqız hiss edirlər və bu tamamilə yeni, qəribə təcrübə onları mehribanlıqla qəbul edir. Onlar radioya daha yaxından qulaq asmağa təşnədirlər, onlar pəncərənin önündə addımlarını daha da yubadırlar, onlar gözlərini posterdən çəkə bilmirlər. Onlar bunu istəyirmişlər, yeməyə möhtac olan ac insan kimi buna ehtiyac duyurlarmış və özləri bunu bilmirmişlər. Heç bu haqda fikirləri belə yoxmuş.

Musiqiyə və ya rəsmə, yaxud poeziyaya ehtiyacı olan bir uşağın təsadüfən bunlarla rastlaşdığı zaman keçirdiyi duyğular belədir. Əgər təsadüf olmasaydı, onlar heç vaxt bunlarla rastlaşmaya bilər, bütün yaşamlarını mədəni aclıq vəziyyətində və bundan özlərinin də xəbəri olmadan keçirə bilərdilər.

Mədəni aclığın təsirləri dramatik və dərhal baş vermir. Bu təsirlər o qədər də asan görülə bilən deyil.

Hollandlar uşaqlarına necə seks tərbiyəsi verirlər?

Və dediyim kimi, bəzi insanlar – yaxşı insanlar, mehriban dostlar və yardımsevər vətəndaşlar – bu təcrübəni, sadəcə, heç vaxt yaşamırlar. Onlar daxilən mədəni aclığın yoxluğu ilə doludurlar. Dünyadakı bütün kitablar, bütün musiqilər, bütün rəsmlər bir gecədə yox olsa, onlar pis bir şeyin baş verdiyini hiss etməyəcəklər, hətta fərqində belə olmayacaqlar.

Lakin bu aclıq bir çox uşağın daxilində mövcuddur. Çox vaxt bu aclıq heç vaxt təmin olunmur, çünki heç vaxt bu aclıq duyğusu oyandırılmır. Dünyanın hər yerində bir çox uşaq onların ruhlarını qidalandıran və bəsləyən bir şeyə möhtacdırlar, başqa heç nə bunu bacarmaz və ya bacara bilməz.

Daha dəqiq olmaq üçün belə deyək: hər uşağın qidalanmaq, sığınacağı bir yerə malik olmaq, təhsil almaq, tibbi müalicə almaq və s. hüquqları var. Anlamalıyıq ki, hər bir uşağın həm də mədəni təcrübəni yaşamaq hüququ var. Biz tam anlamalıyıq ki, uşaqlar hekayələrsiz, şeirlərsiz, rəsmlərsiz və musiqisiz aclıq çəkəcəklər.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR