Hişam Matar: Yazı masam mənim ölkəmdir

Müsahibə
Photo

Liviya əsilli Britaniya yazıçısı Hişam Matar 1970-ci ildə Nyu-Yorkda anadan olub. Atası Caballa Matar 1969-cu ildən etibarən Muamar Qəddafi rejiminə qarşı müxalif mövqedə olub və siyasi dissident kimi ABŞ-a köçüb. Matar ailəsi 1973-cü ildə Tripoliyə qayıtsa da, 1979-cu ildə yenidən Qahirəyə sürgünə getməyə məcbur olur. Caballa Matar Misirdə Qəddafiyə qarşı müxalif fəaliyyətini daha da kəskinləşdirir. Qəddafi təhlükəsi ucbatından Hişam və qardaşı saxta adlarla müxtəlif ölkələrdəki internat məktəbinə göndərilirlər. Hişam on altı yaşında İngiltərədəki internat məktəbinə “Bob” adı ilə, misirli və amerikalı valideynlərin xristian övladı kimi qəbul olunur.

Hişamın atası 1990-cı ildə Misir gizli polisi tərəfindən həbs olunur və Liviyaya təhvil verilir. Liviyada Əbu-Salim həbsxanasına salınır. 1996-cı ildə 1200-dən artıq siyasi məhbus Qəddafi rejimi tərəfindən öldürülür. Həmin tarixdən etibarən Caballa Matar haqqında dəqiq məlumat alına bilmir. Hişam yalnız Qəddafi rejimi devrildikdən sonra Liviyaya səfər edə bilir.

“Kişilərin ölkəsində” və “Qeyb olmanın anatomiyası” adlı iki romanın, uşaqlar üçün “Nöqtə kitabı”nın və “Qayıdış: atalar, oğullar və aralarındakı ölkə” adlı memuar kitabının müəllifidir. “Qayıdış” kitabı 2017-ci ildə bioqrafiya üzrə Pulitser mükafatına, “Rothbones Folio” mükafatına və digər çoxsaylı mükafatlara layiq görülüb. Əsərlərinin əsas mövzusu itkin düşmüş atası və Qəddafi rejiminin Liviyasıdır.

Aşağıda hind şairi və jurnalist Tişani Doşinin 2017-ci ildə Hişam Matarla müsahibəsi təqdim olunur.

23 iyun 2017

Tişani Doşi

2012-ci ildə, 33 illik sürgündən sonra Hişam Matar itkin düşmüş atasının başına nələr gəlmiş ola biləcəyini yazıya köçürmək üçün Liviyaya qayıtdı. Caballa Matar, Hişamın atası, 1990-cı ildə Muammar Qəddafinin təhlükəsizlik qüvvələri tərəfindən oğurlanmış və Tripolidəki Əbu-Salim həbsxanasına salınmışdı. 1996-cı ildən sonra, yəni 1279 məhbusun elə zindandaca güllələnməsindən sonra onun haqqında etibarlı məlumatlar əldə etmək mümkün olmadı. Matar hələ də atasını həmin güllələnmənin qurbanı hesab edib-etməməli olduğunu bilmir. Matarın üçüncü kitabı “Qayıdış: Atalar, oğullar və aralarındakı ölkə” onun Liviyaya “tələsik” səfərini nəql etdiyi xatirə kitabıdır və atasız yaşamağın, qəzəbli olmağın, həmişə gözləmə şəraitində olmağın, günah, qeyri-müəyyənlik və faniliyə qarşı mübarizənin hansı anlama gəldiyindən bəhs edir. Kitab 2017-ci ildə bioqrafiya üzrə Pulitser mükafatına, daha sonra isə “Rathbones Folio” mükafatına layiq görülüb.

Matarla onun Qərbi Londondakı yazı ofisində, paxlava və çay süfrəsi arxasında söhbət etdik:

Bütün kitablarınızın itmiş bir ata ilə əlaqəsi var. İlk iki kitabınız bədii kitablardı, lakin “Qayıdış” sənədlidir. Bu dəyişikliyin səbəbi nədir?

Romanlarda, məncə, çoxumuzun etdiyi şeyi edirəm mən də: nəsə haqqında düşünmək əvəzinə bir dünya yaradırıq. Mən düşünmək deyəndə tezis anlamında demirəm, yalnız sənətdə edə biləcəyiniz, bir növ meditasiya, diqqətin məxsusi qeydiyyatı kimi bir düşünmə. Hekayə uydurmaqdan çoxlu enerji alıram, buna görə də romançı olduğumu düşünürəm. Lakin bu kitabı yazarkən düşünməyə başladım ki, bəli, mən romançıyam, amma bəlkə də daha dərin səviyyədə həvəsli, entuziazmlı olduğum şey, əslində, prozadır. Paraqraflar mənə dəhşətli dərəcədə maraqlı gəlir: paraqrafı bir obyekt kimi görürəm. Paraqrafın edə biləcəyi qurğu və imkanlar mənə çox maraqlıdır. Bir paraqrafın nədən ibarət olmalı olduğu hələ də mənimçün açıq sualdır.

Bunu yazmaq üçün qərar verdiyiniz hansısa bir an oldumu?

“Transformativ” (dəyişdirici, ciddi dəyişikliyə səbəb olan) sözünü bilirsiniz. İnsanlar transformativ təcrübə yaşadıqlarını söylədiklərində qıcıqlanardım. Müəyyən qədər indi də belə təsir edir mənə, çünki bunu deyərkən nəyi nəzərdə tutduqlarını anlamıram. Lakin Liviyaya səfərim zamanı bunun nə anlama gələ biləcəyini anladım. Geri döndükdən sonra üç ay yazmağı dayandırdım. Yazı həyatımın sona çatdığını düşünürdüm artıq. Liviyada olarkən yazdığım qeyd dəftərçələrini götürüb şimali İtaliyada, Piyemontun ucqar yerlərindən birində yaşayan dostumgilə getdim. Bir gün günortadan sonra dəftərçələri açdım və sanki o qeydləri başqasına məxsus kimi oxuyurammış duyğusuna qapıldım. Düşündüm ki, sadəcə deklarativ xarakterli ilk iki sətri – haradayam, hansı tarixdə - götürsəm və bunların təxəyyül məhsulu kimi qəbul etsəm, üçüncü-dördüncü sətirlər necə olar? Bəzən bir neçə sətir yazdıqdan sonra, hətta çox kobud, nahamar sətirlər olsa da, bir növ ağırlıq, müqavimət hiss etməyə başlayırsan. Sanki onların üzərinə bassan, onlar da səni geri itələyəcək. Sanki qarşındakı maddi nəsnələrdir. Beləcə, davam etdim, “The New Yorker” üçün bir yazı kimi düşünürdüm, amma yolun yarısında anladım ki, quyu qazmaq kimidir bu. Qazdıqca çox şey çıxır, daha çox şey.

Bəzi yazıçılar üçün bədii və sənədli əsərlər arasındakı xətt çox bulanıqdır. Gerçəkliyin bu mürəkkəb tərəfi haqqında siz necə düşünürsünüz?

Sonuncu kitabım digər insanların da həyatına əhəmiyyətli dərəcədə dəxli olan bir “non-fiction” kitabıdır, yəni sənədli əsərdir. Digər insanların ifadələrindən, söylədiklərindən də istifadə etmişəm. Mən başqa insanların da həyatına təsir edən tarixi hadisələr üzərində hərəkət edirəm, ona görə də burada bir məsuliyyət olmalıdır. Həmçinin üzərimdə güclü təsiri olan nəsnələrin, hadisələrin içərisinə düşdüyüm məqamlar da oldu. Bu nəsnələr haqqında əvvəllər bu formada düşünə bilməmişdim, çünki həyatda müxtəlif zamanlarda elə bir hadisə, məsələ olur ki, digər məsələlərdən daha çox sıxır sizi, onun barəsində düşünməyə vadar edir və həmişə digər məsələlərdən daha önəmli görünür. Lakin bu tale içərisində - yəni ölkənizə qayıda bilmirsiniz, atanız yoxa çıxıb, ailə üzvləriniz həbs olunub, dostlarınız öldürülüb və bu kitabda yazmadığım başqa hadisələr baş verib– bütün bunların birgə təsiri budur ki, ağır yükün altında batmağa, boğulmağa başlayırsınız.

İstənilən basqı hərəkətinin, hətta şəxsi hallarda belə, arxasında duran niyyət təxəyyülü ləngitmək, maraqların dairəsini daraltmaqdır. Ona görə də, bütün bunlar baş verərkən rəsmə necə baxırsınız, kitaba necə vaxt ayırırsınız kimi söhbətlər həmişə mövcuddur. Əgər mənim kimisinizsə və bu məsələlərlə maraqlanırsınızsa, lakin həm də digər hadisələr də yaşamısınızsa, o zaman yazdığınız kitab bütün o hadisələri səthə qaldırmaq, digərləri ilə eyni çəkidə vermək üçün bir düşünmə, dərkəetmə sahəsinə çevrilir. Gerçəklikdə baş verənlər və baş verməyənlər barədə daha dərin həqiqət, məncə, budur.

Bütün kitablarınızın mövzusu olmayan, itkin ata obrazı ilə bağlıdır. Bu kitabınızda məlum mövzu haqqında deməli olduğunuz hər şeyi dediyiniz duyğusu yarandımı?

Bu üç kitabı yazmağımın səbəbləri ondan ibarətdir ki, bu yaşantılar, bu ailə, bu ölkə, bu ata məni insan olmağın nə demək olduğunun bəzi aspektlərinə dair bilgilərin, ideyaların, emosiyaların və psixoloji durumların içərisinə sürükləyən nəsnələrdir. Onlara qarşı entuziazmımın səbəbi onların maraqlı olduğunu düşündüyümə görə deyil, sadəcə onlar məni bizim hamımızı birləşdirən o “yeraltı” şəbəkəyə birləşdirir. Bu kitablar, müəyyən mənada, oğul olmağın, ataya malik olmağın nə anlama gəlməsi barədədir həm də. Yenidən bu mövzuya qayıdacağammı? Bilmirəm. Hazırda yazdığım kitabın bu mövzuda olmayacağını düşünürəm, lakin bir oxucu kimi onu da bilirəm ki, yazıçıların bu cür güclü maraqlandığı xüsusi nəsnələr toplusu olur. Bu nəsnələr kitabdan kitaba metamorfoza uğrayır, lakin kölgəsi qalır yəqin ki. Şübhəm var, amma dəqiq bilmirəm.

“London Review Of Books" jurnalı üçün son essenizdə siyasət və ədəbiyyat arasındakı əlaqənin səmimi, saf olmadığı barədə yazmısınız. Yazı məkanınızı necə təmiz, müqəddəs saxladığınız haqqında danışa bilərsinizmi?

Yazının baş verdiyi məkan unikal məkandır, onu müəyyən etmək, tərif vermək çətindir. Bu məkandan hər hansı səbəbdən, məsələn, səyahət və ya diqqət yayınması zamanı, uzaqlaşarkən, onu müdafiə etmək çox qeyri-səmimi və çətin görünür, çünki özünüz də onun mövcudluğundan əmin deyilsiniz. Lakin nə zaman bu məkana sahib olsanız, o sizə çox möhkəm və əbədi görünür. Yazı məkanı ən azad, ən sərbəst məkandır və mahiyyəti niyyətin olmaması ilə müəyyənləşir. Siyasi işlərə aid hər şey isə – təbliğat kampaniyası aparmaq və ya bir vətəndaş kimi vəzifələrinizi yerinə yetirmək – niyyətlərlə doludur, lakin mənə görə yazı niyyətdən yararlanmamalıdır. Xorxe Luis Borxesin söylədiyi kimi, yazmaq istədiyiniz deyil, yaza bildiyiniz kitabları yazırsınız. Yəni, yazı məkanı, zəmanəti olmayan nəsnələr üçün özünü mümkün qədər əlçatan etdiyin xidmət sahəsi duyğusu yaradır məndə. Bu, bir sədaqət, vəfa aktıdır.

16 yaşınızda İngiltərədə internat məktəbinə getmisiniz və Bob təxəllüsündən istifadə edərək, özünüzü misirli ananın və amerikalı atanın xristian oğlu kimi təqdim etmisiniz. Tez-tez dəyişmiş, müxtəlif adlardan istifadə etmiş və indi sürgün haqqında tədris edən biri kimi, indi olduğunuz şəxsə rahat çatmısınızmı, yoxsa dolaşıqlığınız, əngəlləriniz olub?

Özüm haqqında heç vaxt kimlik anlamında düşünməmişəm. Malik olduğu müəyyən məxsusi kimliyi haqqında əminlik təəssüratı yaradan şəxslərlə qarşılaşanda həmişə çaşıb qalıram. Məni heyran edən hər şeyin necə açıq-aydın olduğu və ya bu hissin necəliyidir; biz bütün bunlarıq və həm də bunların heç biri deyilik. Bob olmaq da tamamilə ekstremal bir hal idi. Bunun gətirdiyi çətinliklər də çox spesifikdi – insanlarla yaxın münasibətlərə girə bilmirdim, çünki onları aldatdığım duyğusu vardı, danışaraq böyüdüyüm bir dildə deyil, ingiliscə yazırdım. Bu ziddiyyət bir müddət mənimçün problem oldu, lakin zamanla daha az problem olmağa, əksinə, getdikcə mənə maraqlı gəlməyə başladı.

Doğulmadığım dildə yazmağım bir fakt olaraq mənə maraqlı gəlir, lakin mən bu haqda kimlik mənasında fikirləşmirəm. Amma dil barəsində kimlik anlamında düşünməyin yanlış olduğunu da söyləmirəm, çünki dilin sadəcə ünsiyyət şifrəsi olduğunu düşünmürəm. Dil mədəniyyətdir, dərinlikdir, fəlsəfədir və mövqedir, həmçinin müəyyən bir tarixə dəvətdir. Nəcib Mənfuz gənclik vaxtımda, Misirdə olarkən mənə bir fikir söyləmişdi: yazdığın dil içində olduğun çaydır. Və bu doğru təsbitdir.

İtirilmiş ərəb dili çayı duyğusuna qapıldığınız olubmu, yoxsa ingilis dili çayında kifayət qədər xoşbəxtsiniz?

Bu məsələdə xoşbəxtlik hiss etdiyimi bilmirəm. Özümü rövnəqləndirilmiş və bir işə bağlanmış hiss edirəm. Mənim bütün linqvistik əzələlərim və radarlarım burada yaşayır. Mən ingilis dilinin yazıçısıyam, lakin bəzən bu sizin özünüzdən də böyük bir məhsuldur. Ərəb dilində çox şeylər baş verir, müəyyən hadisələr və tarix onu çox çətin bir yerə gətirib çıxarır bəzən və mənim kimi bir xeyli insan bu dildən kənarda təhsil alıb. Hər hansı başqa bir səbəbdən deyil, sadəcə yaxşı təhsil almaq səbəbindən. Bütün bunlar haqqında düşünürəm, lakin bunu kimlik anlamında düşünmək vacib deyil. Bəzən elə anlar olur ki, öz yerimdə, öz insanlarımla birlikdə olduğumu hiss edirəm, çünki mənim insanlarım irqi, dini və ya milli kimliklərinə görə müəyyənləşdirilmir. Onlar dünyaya, düşüncə həyatına bəlli bir formada yanaşması olan, mənim dəyərləndirdiyim şeyləri dəyərləndirən insanlardırlar. Özümü olduğum məkandan kənar insan kimi hiss etdiyim hallar isə mənimçün maraqlı olmayan şeylərin qəfildən ən önəmli məsələyə çevrildiyi zamanlardır.

Bu tez-tez baş verir?

Tez-tez olur. Və belə anlarda bunların mahiyyətini və nəticələrini öyrənməyə çalışıram, çünki insan sabun köpüyünün içində olmaq istəmir. Sevdiyim xeyli insan var ki, ortaq nöqtələrimiz çox azdır, lakin onlara böyük rəğbətim var, hətta siyasətçilərlə də vəziyyət eynidir. Belə...

Kitabınızda insana toxunan bir məqam var. Tripolidə kitab qiraətinizdən sonra bir kişi ayağa qalxır və ananız haqqında təriflər söyləyərək ona öz rəğbətini göstərir. Yazdıqlarınızın çoxu ata-oğul dinamikası üzərinədir. Bəs həyatınızda qadınların rolu barədə danışa bilərsinizmi?

Anamın həyatımda, sözün əsl mənasında, radikal rol oynadığını kitabımda yazmışam. Həyatda yaxşı olmadığım, yaxşı bacarmadığım çox şey var, lakin yaxşı olduğum bir şey var ki, o da birbaşa anamdan gəlir: həyatın yaşamaq üçün olduğuna həqiqətən inanıram. Atamın başına gələnlərə və bunun mənə və əsərlərimə təsirinə görə, insanların çoxu mənim “atamın oğlu” olduğumu düşünürlər. Bəli, “atamın oğluyam”, lakin daha çox “anamın oğluyam”. Mən anam, xalalarım və xalamın qızları tərəfindən böyüdülmüşəm.

Liviyada bir oğlan olaraq, müəyyən bir yaşa qədər həmişə qadınların yanında olursan. Elə məqam gəlir ki, deyirlər, ah, tamam, biz onu sonuncu dəfə hamama aparanda yaman zillənmişdi qadınlara (gülür). Həmin məqamdan etibarən səni kişilərə təhvil verirlər. Həmin anı xatırlayıram. Bu, çox faciəvi gəlir mənə, çünki Liviya cəmiyyətində həyatiliyin, canlılığın mənbəyi qadınlardadır. İş görən, gözəl hekayətlər danışanlar qadınlardı. Kişilər isə sadəcə oturub söhbət edir və şikayətlənirdilər. Zənn edirəm ki, məhz bu məsələ mənim həssaslığıma güclü təsir edib, onu rəngləndirib. Məni dünyaya gətirən anam və yanında kişi olduğum arvadım mənə güclü təsir ediblər.

Başqalarının valideynlərimiz haqqında söylədikləri çox ifşaedici olur.

Mən bunu anam haqqında hiss etmişəm. Atam qədər anam da mənə sirli gəlir və o sirr, o maraq onları damla-damla axıdıb qurtarmaq istəyi, onlara daha dözə bilməmək duyğusu ilə yanbayan dayanır. Valideynlərə dözmək çətindir. Özünü onlardan xilas etmək istəyirsən, onlar da yəqin ki... (fasilə verir). Nə etmək olar?

Həyatınızda çoxlu qopmalar olub. Yazmaq bütün parçaları bir yerə yığmaq, bir növ davamlılığı təmin etməkdə sizə yardım edirmi?

Bu haqda siz dediyiniz formada düşünməmişəm. Yazı məkandır, fəaliyyət deyil. Müəyyən vaxt periodunda o məkana getmədiyim zaman, keçirdiyim günlər mənasız, məqsədsiz görünür. Yəni yazı məni mərkəzlə təmin edir. Bəzən insanlar deyir, hara aidsən, evin hardadır? Mənim üçünsə ev çox spesifik nəsnələrdir. Diana (Matarın arvadı) və mənim yaşadımığım bir otaq var, çox güman, dünyadan ən çox sevdiyim otaqdır. Bu, heç də qeyri-adi bir otaq deyil, lakin mənə görə dünyanın mərkəzidir. Və bu ağaclar (pəncərədən bayırı göstərir), onların illər boyunca dəyişdiklərini görmüşəm. Mənim yazı masam mənim ölkəmdir – bunu milli anlamda demirəm.

Tərcümə: Rəşad Səfər

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR