Din nə vaxtsa tamamilə yoxa çıxacaqmı?

Toplum
Photo

Ateizm bütün dünyada yüksəlişdədir, bu, dindarlığın keçmişdə qalacağı mənasına gəlirmi?

Dünyada milyonlarla insan getdikcə daha çox qaçılmaz ölümlə həyatın sonlandığına – Tanrının, axirətin və ilahi bir planın olmadığına inandığını deyir. Bu dünyagörüş getdikcə daha çox özünə yer edir, baxmayaraq ki, o, heç də həmişə xoş qarşılanmır. Bir sıra ölkələrdə ateizmin açıqca etirafı heç vaxt yayğın olmayıb.

Ateistlər indi sayca heç vaxt olmadıqları qədər çoxdurlar”, - Kaliforniya, Klaremont Pitzer Kollecinin professoru və “Sekulyar Həyat Yaşamaq” kitabının müəllifi Phil Zuckerman deyir. “Gallup International”ın 57 ölkədə 50,000 insan arasında keçirdiyi sorğuya görə, 2005-2011-ci illər arasında dindar olduqlarını deyən fərdlərin göstəricisi 77%-dən 68%-ə düşüb, özlərini ateist kimi xarakterizə edənlərin sayı isə 3% artmaqla, qeyri-inanclı olmağından fəxr edənlərin nisbətini 13%-ə çatdırıb.

Ateistlər əlbəttə, çoxluq olmasalar da, bu rəqəmlər gələcəkdə baş verəcəklərin müjdəçisi ola bilərmi? Qlobal trendlərin belə davam edəcəyini nəzərə alarsaq, din nə vaxtsa tamamilə yoxa çıxa bilərmi?

Gələcəyi proqnozlaşdırmaq mümkünsüzdür, amma ilk növbədə dinin niyə təşəkkül tapdığını, bəzi insanların dinə inanmağı üstün tutduğu halda, bəzilərinin nəyə görə ondan üz döndərdiyi kimi məsələlərdə biliklərimizi sorğulamaq, gələcək onilliklərdə və ya əsrlərdə bizim dinlə münasibətlərimizin necə olacağını ehtimal etməyə imkan verə bilər.

Elm adamları hələ də fərdləri və ya toplumları ateizmə yönəldən mürəkkəb faktorları üzə çıxarmağa çalışırlar, amma bəzi ümumiləşdirmələr var. Din bir mənada ona görə cəlbedicidir ki, o, qeyri-müəyyən dünyada insana təhlükəsizlik vəd edir. Ona görə də ateizm göstəricilərinin yüksək olduğu ölkələrin, vətəndaşlarına nisbətdə daha çox iqtisadi, siyasi və egsiztensial stabillik vəd etmələri təəccüblü deyil. “Cəmiyyətdəki təhlükəsizlik belə görünür, dini inancı azaldır”, - Zuckerman deyir və əlavə edir ki, kapitalizm, texnologiyaya çıxış və təhsilin də bəzi toplumlarda dinin aşınmasında rolu var.

Dinlər nədir, niyə var və insanlar dinə necə inanırlar?

İnanc böhranı

Yaponiya, BB, Kanada, Cənubi Koreya, Niderland, Çex Respublikası, Estoniya, Almaniya, Fransa və Uruqvay (əhalisinin böyük əksəriyyəti Avropa əsillidir) cəmi bir əsr əvvəl dinin mühüm əhəmiyyət kəsb etdiyi ölkələr idi, lakin indiki hesabatlara görə, dünyadakı ən az inanc göstəriciləri bu ölkələrdədir. Bu ölkələrdə güclü təhsil və ictimai təhlükəsizlik sistemləri, məhdud bərabərsizlik var və hamısı müvafiq olaraq zəngindirlər. “Buralarda insanlar qarşılaşacaqları şeylər barədə daha az qorxu duyurlar”, - Yeni Zelandiya, Ouklend Universitetinin psixoloqu Quentin Atkinson deyir.

Bununla belə, genişmiqyaslı inanc tənəzzülü, məsələn, hələ də güclü dindarlıq olan Braziliya, Yamayka və İrlandiya kimi ölkələrdə də baş verir. “Bu gün çox az sayda cəmiyyət 40-50 il əvvəlkinə baxanda, daha çox dindardır”, - Zuckerman deyir: “Yeganə istisna İran ola bilər, amma bu da şübhəlidir, çünki sekulyar insanlar öz inanclarını gizlədə bilərlər”.

Həmçinin ABŞ dünyanın ən varlı ölkələrindən olsa da, dindarlıq nisbətinin böyüklüyünə görə istisna sayıla bilər. (Bununla belə, yeni “Pew” sorğusu göstərib ki, 2007-2012-ci illər arasında Amerikada ateist olduqlarını deyənlərin proporsiyası 1,6%-dən 2,4%-ə qalxıb.)

Hərçənd tənəzzül yoxaçıxma demək deyil”, - Kanada, Vankuver Britaniya Kolumbiyası Universitetinin sosial psixoloqu Ara Norenzayan deyir. Egzistensial təhlükəsizlik göründüyündən daha kövrəkdir. Bir anda hər şey dəyişə bilər: sərxoş sürücü sevilən birini öldürə bilər; qasırğa şəhəri dağıda bilər; həkim ölümcül diaqnoz qoya bilər. Qarşıdakı illərdə iqlim dəyişikliyinin dünyada qarğaşa yaratmasıyla və təbii resursların potensial tükənməsiylə, əzab-əziyyətlər və çətinliklər dindarlığı tətikləyə bilər. “İnsanlar əzab-əziyyətdən qaçmaq istəyirlər, amma buna nail olmayanda, bir məna tapmaq istəyirlər”, - Norenzayan deyir. “Müəyyən səbəblərdən din əziyyətlərə belə görünür, sekulyar idealdan və ya bizim bildiyimiz inancdan daha çox məna qatır”.

Xəstəxana otaqlarında və fəlakət bölgələrində bu fenomen daim özünü biruzə verir. 2011-də məsələn, olduqca sekulyar cəmiyyət olan Yeni Zelandiyanın Kristçörç şəhərində zəlzələ baş vermişdi. Başına hadisə gələn insanlarda qəfildən güclü dindarlıq təzühürləri baş qaldırmışdı, amma ölkənin qalanı həmişə olduğu kimi sekulyar qalmışdı. Bu qaydaya qarşı da istisnalar olsa da – məsələn, II Dünya Müharibəsindən sonra Yaponiyada din kəskin eniş yaşayıb – Zeckerman deyir ki, biz əksər vaxt Kristçörç modelinə əsaslanırıq: “Əgər hansısa dəhşətli hadisə bütün insanları ateist etsəydi, onda biz hamımız ateist olardıq”.

Dindar insanlar daha əxlaqlıdırlar?

Tanrı düşüncəsi

Lakin dünyanın problemləri möcüzəvi şəkildə həll olunsaydı və biz hamımız bərabərcəsinə sülh içində yaşasaydıq belə, din çox güman, yenə ətrafımızda olardı. Çünki belə görünür, bizim əcaib təkamülümüzdən qaynaqlanan tanrıdan gəlmə müqəddəslik ideyası növlərimizin nevropsixologiyasına hopub.

Bunu dərk etmək “cüt proses nəzəriyyəsinə” dalmağı tələb edir. Bu psixoloji əsas bizim iki əsas düşüncə formasına malik olduğumuzu göstərir: Sistem 1 və Sistem 2. Sistem 2 nisbətdə yeni təkamül edib. Başımızdakı bu səs – görünür, heç vaxt susmayan rəvayətçidir – bizə məntiqlə düşünməyə və planlaşdırmağa imkan verir.

Sistem 1 isə intuitivdir, instinktlərə əsaslanır və avtomatikdir. Bu bacarıqlar harada doğulmalarından asılı olmayaraq, insanlarda davamlı inkişaf edir. Onlar sağqalma mexanizmləridir. Sistem 1 bizi iylənmiş ətdən iyrəndirir, bizə düşünmədən ana dilimizdə danışmağa və körpələrə valideynlərini tanımağa və canlı, cansız nəsnələri ayırd etməyə imkan verir. Dünyanı daha yaxşı anlamaqdan ötrü o bizi xüsusiyyət axtarmağa və təbii fəlakət, yaxud sevdiyimiz birinin ölümü kimi təsadüfi hadisələrdə məna axtarmağa yönəldir.

Üstəlik bizə dünyanın təhlükələriylə naviqasiya etməyə və dost tapmağa kömək etməklə, bəzi alimlər düşünürlər ki, Sistem 1 həm də dinlərin təşəkkül tapmasına və daimiləşməsinə imkan verir. Sistem 1 məsəl üçün, bizi instiktiv olaraq ortalıqda olub-olmamalarından asılı olmayaraq, həyat qüvvələrini bacarıqla görməyimizi - hiperhəssas aşkarlama agenti adlandırılan fenomen – təmin edir. Qərinələr əvvəl bu tendensiya böyük ehtimal bizə otlaqda sürünən şir, kolluqda gizlənən zəhərli ilan kimi gizli təhlükələrdən yayınmağa kömək edib. Amma o bizi həm də görünməz agentlərin (bu, bizə yuxarıdan baxan tanrı, bizi quraqlıqla cəzalandıran qəzəbli əcdad və ya qaranlıqda pusqu quran bədheybət ola bilər) mövcudluğundan nəticə çıxarmaq üçün dəymə-düşər edib.

Oxşar şəkildə Sistem 1 bizi nəsnələri ikili görməyə təşviq edir, bu o deməkdir ki, biz ağıl və vücudu vahid bütöv kimi görəndə problemlər yaranır. Bu tendensiya özünü yetərincə erkən biruzə verir: uşaqlar kültür keçmişlərindən fərqli olmayaraq, özlərində ölümsüz ruh olduğuna, mahiyyətlərinin və şəxsiyyətlərinin doğumlarından əvvəl hardasa mövcud olduğuna və həmişə də mövcud olacağına inanmağa meyillidirlər. Bu fenomen asanlıqla mövcud dinlərdə özünü göstərir, yaxud - azacıq kreativliklə yeni konstruksiyalar qurmağa yönəldir.

Ateist olan skandinaviyalı həmkarım bir dəfə mənə dedi ki, təzəlikcə 3 yaşlı qızı ona yaxınlaşaraq “Tanrı zamanda hər yerdədir” deyib. O və xanımı uşağın bunu hardan çıxardığını aydınlaşdıra bilməyiblər”, - Kaliforniya, Pasadenadakı Fuller İnsan İnkişafı Teologiya Seminarının direktoru və “İnancla doğulanlar” kitabının müəllifi Justin Barret deyir: “Onun qızına görə, Tanrı yaşlı qadındır, ona görə də onun bu fikri Luteran kilsəsindən götürmədiyini bilirsən”.

Bütün bu səbəblərə görə, bir çox alimlər dinin “bizim koqnitiv idrakımızın yanməhsulu” kimi ortaya çıxdığına inanırlar, bunu Atlanta, Emori Universitetinin Ağıl, Beyin və Kültür Mərkəzinin direktoru və “Nəyə görə din təbiidir, elm isə yox” kitabının yazarı Robert McCauley deyir. “Dinlər insanlardakı bu təbii bacarıqlarla məşğul olmaq və onları istismar etmək üçün təşəkkül tapan kültür müxanizmləridir”.

Oşonun dini kommunası necə ifşa olundu? Həbsə gedən yol

Pozulması çətin ənənələr

Ateistlər bütün o mədəni və evalusionar yüklə mübarizə aparmalıdırlar. İnsan xilqəti təbii olaraq nəsə böyük bir şeyin parçası olmağı, həyatın tamamilə fani olmamasını istəyir. Bizim ağlımız səbəb və məntiqə can atır. “Təhsil, elm və tənqidi düşüncənin təşəkkülü ilə insanlar öz intiusyalarına inanmağı tərgidə bilərlər”, - Nazarayan deyir: “Amma intuisiyalar qalır”.

Digər tərəfdən bir çox ateistlər və inancsızlar üçün təbii dünyanı başa düşmək üçün üz tutduqları seçim sistemi olan elm udmaq üçün o qədər də asan koqnitiv həb deyil. McCauley deyir ki, elm Sistem 1-in qərəzlərini düzəltmək üçündür. Biz yaşatdığı hissi heç vaxt üzərimizdə hiss etməsək də, Yerin fırlandığını qəbul etməliyik. Biz təkamülün büsbütün biganə olduğu fikrini qucaqlamalı və intuisiyamızın bizə fərqli şeyi nə qədər deməyindən asılı olmayaraq, yekun dizaynın və ya Kainatın məqsədinin olmadığını qəbul etməliyik. Bizim üçün xətalı olduğumuzu qəbul etmək, öz qərəzlərimizə qarşı çıxmaq və elmin bütün mərhələlərində yeni empirik dataların toplanması və sınanmasıyla bizim başa düşdüyümüz mənada həqiqətin daim dəyişdiyini qəbullanmaq çətindir. “Elm koqnitiv olaraq təbii deyil, o çətindir, - McCauley deyir: Din isə əksərən elə bir şeydir ki, onu öyrənmək məcburiyyətində belə deyilik, çünki artıq onu bilirik”.

Dini düşüncəyə müqavimət göstərilməyəcəyinə dair dəlil var”, - Barret əlavə edir. “Dindən qurtulmaq üçün sən bəşəriyyətlə bağlı nəsə köklü bir dəyişiklik etməlisən”. Bu bioloji düyün nöqtəsi isə böyük ehtimalla bu faktı izah edə bilər ki, amerikalıların 20%-inin kilsədən ötrü ürəyi getməsə də, onların 68%-i hələ də Tanrıya inandığını deyir və 37% özünü spiritual hesab edir. Onlar inanırlar ki, mütəşəkkil din olmadan, hansısa uca varlıq, yaxud həyat qüvvəsi dünyaya nəzarət edir.

Oxşar şəkildə, dünyada aşkarca tanrıya inanmadıqları deyənlərin bir çoxu ruhlara, astrologiyaya, karmaya, telepatiyaya və ya reinkarnasiyaya inanmaq kimi mövhumata meyillidir. “Skandinaviyada bir çoxları Tanrıya inanmadığını deyir, amma sən burada paranormal və xurafat inanclara meyilliyin yüksək olduğunu görə bilərsən”, - Norenzayan deyir. Ayrıca inancsızlar həyatdakı dəyərlərinə bələdçilik etmək üçün tez-tez dini cəhətlər kimi izah edilməsi mümkün olan idman komandalarına, yoqaya, peşəkar institutlara, Ana Təbiətə və s. etibar edirlər. Buna sübut kimi ABŞ-da cadugərliyin populyarlıq qazanmasını Birləşmiş Krallıqda isə paqanizmin ən sürətlə böyüyən din olmasını göstərmək olar.

İnancsızlar üçün dini təcrübələr özünü başqa əcaib yollarla da biruzə verə bilər. İnsan İnkişafı üçün Çiçəklənmə Mərkəzindən olan antropoloq Ryan Hornbeck aşkar edib ki, “World of Warcraft” məsələn, Çində bəzi oyunçular üçün spiritual vacibliyi ehtimal edir. “WoW belə görünür, gündəlik həyatda müasir cəmiyyətin təqdim edə bilmədiyi bəzi əxlaqi xüsusları təklif edir”, - Barret deyir: “Belə görünür, insanlar dini düşüncə üçün bu konseptual fəzaya malikdirlər, əgər o, dinlə doldurulmasa, başqa təəccüblü yollarla üzə çıxa bilər”.

Sekulyarların din, millət və seksə yanaşması nədir?

Daxili qrup

Din həm də qrup əlaqələrini və əməkdaşlığı təşviq edir. Cərgədən çıxan istənilən kəsi güdən qadir Tanrı (yaxud tanrılar) fikri çox güman, qədim toplumlar üçün nizam yaratmaqdan ötrü faydalı olub. “Bu, fövqəltəbii cəza hipotezidir, - Atkinson deyir: Əgər hər kəs cəzanın real olduğuna inanırsa, onda o qruplar üçün funksional ola bilər”.

Və bir daha cəmiyyət daxilindəki etibarsızlıq və əzab-əziyyət kimi ciddi əxlaqi kodlar dinləri həvəsləndirməklə burada rol oynaya bilər. Yeni Zelandiya, Velinqton Viktoriya Universitetinin elm adamı Cozef Bulbilia və həmkarları təzəlikcə dünya miqyasında 600 ənənəvi cəmiyyətin dini inanc sistemlərini analiz ediblər və aşkarlayıblar ki, sərt iqlimi olan və ya təbii fəlakətlərə meyilli yerlərlə yaşayanlarda əxlaqçı tanrılar yaratmaq ehtimalı böyükdür. Nəyə görə? Bunlar həyat və ölüm arasında dara düşəndə kara gələ bilərlər.

Biz kültürlər arasında nəsə hədsiz nüfuzedici, nəsə hədsiz cəld ortaya çıxan və qalıcı formada qalan bir şey gördükdə, veriləsi ən ağlabatan izah onun əməkdaşlıq funksiyası kimi xidmət göstərməsidir ”, - Bulbia deyir.

Nəhayət, dinin gözdən düşməsini əngəlləyən çox sadə bir tənlik var. Müxtəlif kültürlərdə dindar insanlar qeyri-dindarlarla müqayisədə daha çox uşağa sahib olurlar. “Bu barədə çox güclü bir dəlil var, Norenzayan deyir: Hətta dindar insanlar arasında fundamentalistlər nisbətən liberallarından daha çox uşağa sahib olurlar”. Bunun üstünə uşaqların adətən valideynlərin arxasınca getməsi faktını da əlavə edin, buna görə də dünyanın nə zamansa büsbütün sekulyar olacağı ehtimalı azdır.

Danayıqlı inanc

Psixoloji, nevroloji, tarixi, mədəni və məntiqi – bütün bu səbəblərə görə, ekspertlər dinin heç zaman yoxa çıxmayacağını güman edirlər. Qorxu və ya sevgiyə görə saxlanılmasından asılı olmayaraq, din özünü qorumaqda olduqca uğurludur. Əgər belə olmasaydı, bizimlə uzunmüddətli qala bilməzdi.

Əgər biz hətta Xristian, Müsəlman və Hindu tanrılarını və digərlərinə inamımızı itirsək belə, mövhumat və spirutualizm böyük ehtimalla mövcudluğunu qoruyacaq. Daha ciddi din sistemlərinin, yeri gəlmişkən, təbii fəlakət olmaq ehtimalları da böyükdür: “Ən yaxşı sekulyar dövlət belə səni hər şeydən mühafizə edə bilməz”, - McCauley deyir. Biz ekoloji böhranla, qlobal nüvə müharibəsi və ya kometlə toqquşmayla üzbəüz qalan kimi tanrılar meydana çıxacaqlar.

İnsan əzab-əziyyətlə üzləşəndə, komforta ehtiyac duyur və əksəriyyət həyatdan sonra başqa bir həyatın varlığını düşünməyə, hansısa gözəgörünməz varlıq tərəfindən sevildiyi fikrinə ehtiyac duyur, - Zuckerman deyir: Həmişə inanclı insanlar olacaq və onların daim çoxluqda qalacağı fikri məni qətiyyən təəccübləndirmir”.

Rachel Nuwer

Mənbə: BBC

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR