İkinci dünya müharibəsi bitdikdən sonra 29 il müharibəni davam etdirən əsgər Hiroo Onoda ilə tanış olun

Hər şeydən biraz
Photo

Yapon əsgəri Hiroo Onoda münaqişə bitdikdən sonra 29 il cəngəlliklərdə gizlənmiş və artıq uzun müddətdir bitmiş müharibəni davam etdirmişdi.

Hiroo Onodanın hekayəsi cəsarətin və özünü həsretmənin, eləcə də inadkarlığın və yanılmanın hekayəsidir. Hiroo Onoda İkinci dünya müharibəsində döyüşü ən son – Yapon İmperiya Ordusunun 2 sentyabr 1945-ci ildə Müttəfiqlərin “USS Missouri” gəmisinə təslim olmasından 29 il sonra dayandıran yapon əsgərlərindən biridir.

Onoda 19 mart, 1922-ci ildə Yaponiyanın Vakayama prefekturasının Kamekava kəndində anadan olub. “Mən həmişə etdiyim şeylərdə dikbaş və sözəbaxmaz olmuşam”, sonralar Onoda öz uşaqlığı haqqında belə deyirdi. O həmçinin döyüşçülər nəslinin bir üzvü idi, keçmişi samuray əcdadlarına dayanırdı, atası yapon süvari qoşununun serjantı olaraq İkinci Çin-Yapon müharibəsində döyüşmüş və həlak olmuşdu.

Onoda əcdadlarının yolunu eynilə davam etdirərək on səkkiz yaşı tamam olan kimi - Perl Harbor hücumunun ardınca Yaponiyanın ABŞ-la müharibəyə girməsindən bir il əvvəl Yapon İmperiya Ordusuna yazıldı. Orduda Onoda Nakano Məktəbində “Futamata” diversiya-desant sinfində kəşfiyyat zabiti kimi təlim keçir. Bu hərbi təlim mərkəzi xüsusi hərbi texnikaların, o cümlədən partizan müharibəsi, təxribat, əks-kəşfiyyat və təbliğatın öyrədilməsi üzrə ixtisaslaşmışdı.

Onodanın bu unikal təlimdən qazandığı bacarıqlar 1944-cü ilin dekabrında təlimi bitirdikdən sonra Filippindəki Lubanq adasına göndərildiyi zaman ona çox kömək etdi. İki il öncəsində Yapon İmperiya Ordusu Filippinə nəzarəti Filipppin hökumətindən və oradakı Amerika qüvvələrindən alaraq öz əlinə keçirmişdi. Lakin yapon ordusu burada çox zəif yerləşmişdi və 1944-cü ilin əvvəllərində ABŞ adaya əks-işğal hücumu etdiyi zaman yapon ordusunun əsgərləri Yaponiyaya doğru sürətlə çəkilməyə başlamışdılar. 1944-cü ilin qışından etibarən yapon qoşunlarının böyük hissəsi Filippinin əsas adalarından çıxarıldı və onlar Filippin arxipelaqının Lubanq adası kimi daha kiçik adalarına çəkildilər.

Dağlıq Qarabağ münaqişəsi tarixi - 1920-1923 illər

Partizan müharibəsi taktikaları üzrə təlim keçmiş Hiroo Onoda 1944-cü il dekabrın 26-da bu kiçik adaya göndərildi; məqsəd Amerika və Filippin qoşunlarının qarşısını mümkün qədər almaq üçün onun xüsusi bacarıqlarından istifadə etməkdi.

Beləcə Onoda, ənənəvi müharibədə ön postlar müdafiə üçün bağlı olduğu zaman yaponların partizan hücumlarını təşkil etmək üçün meşələrə çəkilmək texnikasından istifadə etdi. Məqsəd ABŞ ordusunun regionda daha da güclənməsinin qarşısını almaq, Yaponiyaya daha da yaxınlaşmasını ləngitmək və Yapon İmperiya Ordusuna yenidən təşkilatlanmaq və hücumlara hazırlaşmaq üçün zaman qazanmaq idi. Casus kimi də fəaliyyət göstərən bu partizan qrupları Müttəfiqlər tərəfində də tikan olmağa davam edəcəkdi.

Lakin Hiroo Onoda adaya çatdığı zaman ordakı daha yüksək rütbəli zabitlər ona tapşırığını yerinə yetirməsinə icazə verməkdən imtina etdilər, əvəzində işğalçı qoşunlarla üz-üzə vuruşmaq istəyirdilər. Nəticədə, Amerika qoşunları 28 fevral 1945-ci ildə bu balaca adaya endiyi zaman, yapon qüvvələri onlara qarşı vuruşmağa cəhd etdilər və dərhal da məğub oldular. Məğlubiyyətin qaçılmazlığını görən Onoda üç gənc əsgər seçərək (sıravi əsgər Yuichi Akatsu, kapral Şoiçi Şimada və birinci dərəcəli sıravi əsgər Kinşiçi Kozuka) onlara onunla birlikdə meşələrə çəkilib partizan müharibəsini təşkil etməyi əmr etdi. Və Hiroo Onoda bu partizan müharibəsini 29 il davam etdirdi.

O və adamları yaxınlıqdakı Filippin qoşunlarının hücumu olmadığı zamanlarda fermalara basqın edərək oğurladıqları düyü, kokos və mal-qara əti ilə qidalanaraq sağ qaldılar. 1945-ci ilin avqustunda Yaponiya və ABŞ arasında müharibə bitdikdən sonra Onoda döyüşlərdə bir sakitlik hiss etmişdi, lakin öz xalqının təslim olacağından şübhələnməmişdi. Ona görə də, yerli fermerləri öldürərək və hətta onu tutmaq üçün göndərilmiş polislərlə atışaraq öz şəxsi müharibəsini davam etdirmişdi.

Mərkəzi hərbi komandanlıqla rabitəsi olmayan bu cür yapon partizan qruplarının mövcudluğunu bilən ABŞ Yaponiyanın təslim olması haqqında xəbərlərin bu qruplara çatması ilə bağlı bir sıra cəhdlər etmiş, həmçinin meşəyə havadan məlumat vərəqləri buraxmışdı.

İŞİD-ın İslama nə qədər dəxli var? Təşkilat haqqında həqiqətlər

Hiroo Onoda və adamları müharibənin bitdiyi və Yaponiyanın təslim olduğu barədə ABŞ-ın məlumat vərəqlərinə ilk dəfə 1945-ci ilin oktyabrında rast gəldilər. Lakin Onoda bu sənədi propaqanda sənədi kimi dərhal rədd etdi; o, keçdiyi təlimlər zamanından propaqanda ilə yaxından tanış idi.

1945-ci ilin sonuna doğru daha çox məlumat vərəqləri səpilməyə başladı, bu dəfə vərəqlərdə On Dördüncü Ərazi Ordusunun generalı Tomoyuki Yamashitanın təslim haqqında əmri də çap olunmuşdu. Onoda və adamları bu sənədi diqqətlə incələdilər və sonda sənədin saxta olduğuna qərar verdilər. Çox ənənəvi qürur duyğusuna malik olan Onoda Yaponiyanın təslim olacağını təsəvvür edə bilmir və ölkəsinin sonuncu əsgərə qədər döyüşəcəyini düşünürdü.

O və adamları beləcə, Filippin rəsmi orqanlarından və partizanlarından yayınaraq kəndlərdə terror kampaniyasına davam etdilər.

1949-cu ildə Onodanın adamlarından biri sıravi Yuiçi Akatsu müharibənin bitdiyini anlamağa başlayır. Qrupun digər üzvlərini tərk edərək altı ay təkbaşına yaşayır, sonra isə 1950-ci ilin martında Filippin ordusuna təslim olur.

Akatsunun təslim olmasından sonra bütün dünya üsyankar yapon qruplarının hələ də Lubanq adasında fəaliyyət göstərdiyi barədə məlumatlanmış olur. Bu məlumatdan yola çıxan ABŞ üsyançıların ailələri ilə əlaqəyə keçərək onların ailə fotolarını və qohumlarının evə dönmələrini xahiş edən məktublarını əldə edir, sonra bu mesajları 1952-ci ildə ada boyunca havadan buraxırlar.

Biz ailələrimizin məktublarını və fotolarını tapdıq”, Onoda daha sonrakı müsahibələrindən birində xatırlayır. “Onların işğal altında yaşadıqlarını və sağ qalmaq üçün işğalçı qüvvələrə tabe olmağa məcbur qaldıqlarını düşündüm.

Növbəti iyirmi il Hiroo Onoda üçün çox sərt keçdi. 1954-cü ildə digər həmvətəni kapral Şoiçi Şimadanı itirdi: Şimada həmin ərazilərdə cinayətkarları axtaran Filippin axtarış qrupu tərəfindən vurularaq öldürüldü. Sonra isə 1972-ci ildə sonuncu müttəfiqi, birinci dərəcəli sıravi əsgər Kinşiçi Kozuka kəndin düyü anbarını yandırdıqları zaman polis tərəfindən öldürüldü.

Onoda artıq Filippin hökumətinə qarşı təkbaşına müharibə aparan yalqız bir adamdı. Akatsunun dönüşü və Şimada və Kozukanın ölümlərindən sonra Yaponiya ictimaiyyəti Hiroo Onodanın hekayəsini artıq öyrənmişdilər və müəyyən mənada bu hekayəyə məhəbbət hissi ilə yanaşırdılar.

Bu hekayəni sevən adamlardan biri, çox tez-tez səyahətlər edən, macərapərəst yapon vətəndaşı Norio Suzuki idi. 1974-cü ildəki dünya səyahəti ilə bağlı Suzuki demişdi ki, istəyi “Leytnant Onodanı, o pandanı, o qar adamını görməkdir.”

O, həmin il Filippinə gəlib Lubanq adasındakı cəngəllikdə Hiroo Onodanı tapdığı zaman arzusu gerçəkləşdi. Qoca əsgər öncə Suzukidən ethiyat edirdi, lakin daha sonra bu gənc yapon, “Onoda-san, İmperator və yapon xalqı sizə görə narahatdır”, dediyi zaman qocanın narahatlıqları sovuşdu.

Onoda həmin görüşü belə xatırlayırdı: “Bu hippi oğlan Suzuki yapon əsgərinin duyğularını dinləmək üçün adaya gəlmişdi. Suzuki məndən niyə üzə çıxmadığımı soruşdu…

Millətçilik, onun mühafizəkar, liberal və radikal formaları

Qoca əsgər oğlana deyir ki, öz yüksək zabit vəzifələrini yerinə yetirmədikcə adanı tərk etməyəcək. Suzuki həmin il Yaponiyaya qayıtdıqdan sonra yapon hökumətinə Onodanın vəziyyəti haqqında məlumat verir. Hökumət Onodaya əmr verən hərbiçini, sonradan kitab satıcısı işləyən mayor Yoşimi Taniquçunu tapır və Lubanqa onun arxasınca göndərir.

Beləcə, 1974-cü il martın 9-da Hiroo Onoda 52 yaşında cəngəllikdən çıxarılır, üzərində hələ də əski-üskü rəsmi uniforma, xidməti tüfəng, əla vəziyyətdə qılınc; silahlarını yerə qoyması üçün komandirindən əmr gözləyir. Hətta bu zaman belə o, əmin deyildi və ehtimal olunan tələyə qarşı hazır idi, lakin komandirinin əmrindən sonra tüfəngini, 500 gülləni, rəsmi qılıncını, aşırma qayışını və ağ çantadakı xəncərini yerə qoydu və milli bayrağını rəsmi formada salamladı.

Qılıncını Filippin prezidentinə təslimiyyət aktı olaraq təqdim etdi və dövlət əleyhinə bir çox cinayətlərinə görə əhv edildi. Daha sonra Yaponiyaya qayıtdı və xalqın alqışları ilə bir qəhrəman kimi qarşılandı.

Lakin Onoda Yaponiya haqqında öyrəndiyi həqiqətdən və geri döndüyü yeni Yaponiyadan heç vaxt məmnun qalmadı. Xalqının Şərqi Asiyadakı müharibəyə görə məsuliyyəti öz üzərinə götürməli olduğuna inanmırdı və yapon ordusunun Müttəfiq güclər tərəfindən ləğv edildiyini öyrənəndə dəhşətə gəlmişdi.

Qayıtdıqdan qısa müddət sonra daha güclü, daha hərbpərəst Yaponiya uğrunda çağırışlar edərək sağ yönlü siyasətə qoşuldu. Onun şöhrəti və uzaqda olduğu vaxt Yaponiyada baş vermiş böyük dəyişikliklər onu sıxıntıya salmağa başladı. 1975-ci ildə Braziliyaya köçdü, orada ailə qurub rançoda mal-qara yetişdirirdi. Sonda, uşaqlar üçün təbiət düşərgəsi yaratmaq məqsədilə Yaponiyaya qayıtdı: təbiət düşərgəsinin uşaqların təbii dünya ilə əlaqə qurmasına və müsbət dəyərlər yaratmasına kömək edəcəyinə inanırdı.

Nəhayət, 2014-cü il yanvarın 6-da Hiroo Onoda 91 yaşında ürək çatışmazlığından vəfat etdi. İkinci dünya müharibəsini ən sonuncu bitirən yapon əsgəri olmasa da (bu fərqlənmə İndoneziya cəngəlliklərində 1974-cü ilin sonuna qədər döyüşməyə davam edən digər partizan döyüşçü Teruo Nakamuraya məxsusdur), Hiroo Onoda bu üsyançı əsgərlər arasında ən məşhuru və ən heyrətamizlərindən biridir.

Onodanın özünü həsr etməsi, həmçinin Yaponiyanın mütləq qələbəsinə inamı ona ən çətin şərtlərə dözməkdə yardım etdi, lakin həm də onu müharibə bitdikdən uzun müddət sonra bir çox günahsız mülki şəxslərin qətlinə təhrik etdi.

Hiroo Onoda sədaqət, qürur, qətiyyət və vəzifə borcu kimi müharibə dəyərlərinin insanı necə xeyirə və ya şərə doğru apara biləcəyini göstərir bizə.

Qabe Paoletti

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR