Həyatınızı yaxşılaşdırmaq istəyirsiz? Həyat hekayənizi redaktə edin

Emosional İntellekt
Photo

Həyatınızın önəmli hadisələri barədə necə danışmanız şəxsiyyətinizə ciddi dərəcədə təsir edə bilər. Öz həyat hekayənizi redaktə etməniz sizi daha xoşbəxt adama çevirərmi?

Təsəvvür edin ki, 12 yaşınız var, ailəniz ölkənin başqa bir yerinə köçüb və siz yeni məktəbdə ironiya və istehzalara məruz qalırsız - həyatınızda ilk dəfə.

Sonra buna indiki yaşınızdan qiymət verin - hər şey yaxşıykən o hadisə həyatınızı alt-üst etdimi?

Yoxsa bu sizin üçün sonu xoşbəxtliklə bitən neqativ bir təcrübə oldu? Bəlkə o lağlağılar sizin xarakterinizi daha da möhkəmləndirdi, ya da həyatınızın sonuna kimi dost olacağınız biriylə məhz o vaxt tanış olduz?

Həyatımız haqqında necə danışmağımızın (hətta özümüzə də) şəxsiyyətimizə təsirini ilk baxışdan görmək olmur. Halbuki, öz həyatımızı necə interpretasiya etməmiz şəxsiyyət kimi formalaşmamıza ciddi səviyyədə təsir edir.

Stereotip nədir və onlardan necə qurturmalı?

XX əsrin ortalarında "Bu sizin həyatınızdır" teleşousu ABŞ və Britaniyada ən məşhur verilişlərdən biriydi.

Həmin verilişdə həm məşhurlara, həm də adi vətəndaşlara qırmızı bir kitab verilir, onlardan həyatlarının dönüş nöqtəsi hesab etdikləri əsas hadisələri və digər xatirələrini yazmaq xahiş edilirdi.

O veriliş üçün həyat hekayələrini araşdırmaçı jurnalistlər yazırdılar. Amma bizim hər birimizin öz "qırmızı kitabı" var və heç fərqinə varmadan onu fikrən dəfələrlə redaktə edirik.

Keçmişdə yaşadıqlarımız bizim onları şüurlu və ya qeyri-şüuri olaraq formalaşdırmaq cəhdlərimizdən asılı olmayaraq mövcuddurlar. Onlar həyatımıza anlam verir; özümüzü şəxsiyyət kimi hiss etməmizi, indentikliyimizi təmin edir. Yəni siz başınıza gələnlərdən ibarətsiniz.

"Özümüz haqqında danışdıqlarımız daxili dünyamızı üzə çıxarır, bizi yaradır və illər uzunu himayə edir", - Qərbi Washington Universitetinin alimləri bu yaxınlarda dərc etdirdikləri məqalədə belə yazırlar.

Kate McLean-in rəhbərlik etdiyi kollektiv maraqlı bir ideyanı araşdırıb: öz hekayəmizi davamlı olaraq yeniləməmizə və readəktə etməmizə baxmayaraq orda heç dəyişməyən, şəxsiyyətimizin fundamental aspektini təşkil edən elementlər var.

Bu sahənin pioneri, xarakterlər üzrə mütəxəssis, ABŞ-ın Şimal-Qərb Universitetində çalışan Dan P McAdams da McLean-lə əməkdaşlıq edib. Özünün "Həyat hekayələrinin psixologiyası" ("The Psychology of Life Stories") əsərində o belə yazır: "İnsanları həyat hekayələrinə görə fərqləndirən şeylər onların psixoloji xarakteristikalarındakı fərqlərə, məsələn, xasiyyətlərindəki xüsusiyyətlərə çox bənzəyir".

Üstündən keçən 20 il ərzində McAdams-ın fikrini təsdiqləyən xeyli sübut toplanıb: hədəflərimiz, dəyərlərimiz və xarakterimizin xüsusiyyərləriylə birlikdə bizim həyat hekayəmiz, daha doğrusu, onu necə danışmağımız şəxsiyyətimizin sabit aspektini təşkil edir (McAdams bu üç aspekti "personoloji üçlük" adlandırır).

Bir çox başqa araşdırmalarda da bu ideyanın vacibliyi vurğulanır, çünki bizim öz həyat hadisələrimizi təqdim etmə üslubumuzun psixi sağlamlığımıza və ümumi rifahımıza təsir etdiyi müşahidə edilir. Məsələn, siz yeni məktəbdə baş vermiş o hipotetik situasiyanı sonrakı pozitiv məqamlarla xatırlayan insanlar tipinə aidsinizsə, böyük ehtimal, həyatınızdan razısız.

Bundan başqa, məsələnin daha bir cəlbedici xüsusiyyəti var: şəxsi hekayənizin redaktə stilini dəyişib keçmişinizdəki digər hadisələrə fokuslansanız, həm özünüzə, həm də başqalarına kömək edə bilərsiz. Öz həyatına daha konstruktiv yanaşma narrativ terapiyanın əsasını təşkil edir.

Xarakterimizi genetikamız müəyyənləşdirir?

Daxili dünyamızda yazdığımız qırmızı kitab heç də ən sonuncu nəşr deyil. Danışdıqca, öz hekayənizi dəyişin - bu sizin bir insan kimi də dəyişmənizə səbəb ola bilər. Bəs, bunu hansı üsullarla etmək olar? Psixologiyada "xarakterik xüsusiyyətlərin böyük beşliyi" anlayışı var, alimlər şəxsiyyətin bütün müxtəlifliklərinin və unikallığının bu beşlikdə cəmləşdiyini deyirlər.

Belə görünür ki, həyat hekayəmiz də bizim müəyyənləşdirdiyimiz xüsusiyyətlərə sahibdir.

Araşdırmaçılar şəxsi hekayələrdə "heyrətamiz" olaraq qiymətləndirdikləri aspektlər və xüsusiyyətlər müəyyən ediblər: ümumilik, günahlardan təmizlənmə, çirklənmə, rahatlanma, qarşılıqlı bağlılıq (ən azı üç növ), ilkin redaktə, inkişaf məqsədləri, inteqrasiya edən və qalıcı xatirələr, mənanın pozitiv və neqativ dəyərləndirilməsi, yaxın münasibətlər, əlamət, mürəkkəblik və s. kimi.

Şəxsi həyatın bütün bu aspektlərini kvintessesiyadan kənarlaşdırmaq üçün McLean və onun həmkarları 1000 könüllünün iştirak etdiyi üç araşdırma aparıblar.

İştirakçılar ya həyatlarının müəyyən dövrünə aid bir hadisə, ya da bütövlükdə həyatları haqqında danışıblar.

Onların dediklərini analiz edən və indeksləşdirən araşdırmaçılar bu qənaətə gəliblər ki, biz öz həyatımızı "böyük üçlük" adlandırılan əsas elementlərə nəzərən təsvir edirik.

Birinci element - "Motivasiya yaradan və emosional mövzular". Bu, hekayəni danışan şəxsin müstəqillik səviyyəsini və digər insanlarla əlaqəsini; o cümlədən, hadisənin ümumən nə qədər pozitiv və ya neqativ qiymətləndirildiyini, hər şeyin yaxşı olub sonradan pisləşməsi (məsələn, həyatından məmnun uşaq yeni məktəbə gedir və orda təzyiqlərə məruz qalır) və ya hər şeyin pis olub sonradan əla nəticələnməsi (məktəbdəki təzyiqlər uşağı güclü edir) situasiyalarının nisbətini müəyyən edir.

İkinci element - "Avtobioqrafik əsaslandırma". Burda həyat təcrübələri üzərində düşünməyə meylli olub-olmamağımız, baş verənlərdə hansı şəkildə məna axtarmağımız, həyatımızın başlıca hadisələriylə şəxsiyyətimizdəki dəyişikliklər arasında necə əlaqə qurmağımız üzə çıxır.

Üçüncü element - "Sistem". O, həyatımızda baş verənlərin xronologiya, fakt və kontekst baxımından nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini ortaya qoyur.

İnsan təbiəti barəsində psixologiyanın 10 bədbin tapıntısı

Həyat hekayələrimiz haqqında danışdıqlarımız şəxsiyyətimizi təşkil edən aspektlərdən biri olduğu üçün, adətən, bu hekayələr vasitəsilə zamanla dərk edilmiş sabitlik dərəcəsini (xarakter xüsusiyyətlərinin sabitliyi kimi) nümayiş etdirməyə can atırlar.

Son araşdırmalar bunu bir daha təsdiq edir. Məsələn, ABŞ-ın Emory Universitetindən Robyn Fivush və onun həmkarları təxminən 1000 könüllünün həyat hekayəsini qələmə alılblar.

Dörd il sonra alimlər həmin şəxslərlə yenidən görüşüblər və onlardan xahiş ediblər ki, öz hekayələrini yenidən danışsınlar. Xüsusilə vacib fakt bu olub ki, könüllülərin hekayələrindəki əlaqəlilik və ziddiyyətsizlik araşdırma müddəti ərzində sabit qalmaqda davam edib.

"Həyatın avtobioqrafik detallarını danışmaq üsulları bu və ya digər şəxsiyyətin xarakterindəki sabit aspektləri üzə çıxarır " - alimlərin yekun qənaəti belə olub.

Digər araşdırmalar da təsdiqləyib: həyat hekayələrimiz haqqında danışdıqlarımız yeniyetməlik dövrünün ortalarından etibarən stabil xarakter almağa başlayır və zamanla daha da dəyişməz hala gəlir. Bu, xoş olmayan xatirələrə də aiddir - onlar hekayələrin ayrılmaz elementi kimi qorunub saxlanırlar.

İnsanın öz həyatı haqqında danışdıqlarının şəxsiyyətin sabit və əhəmiyyətli aspekti olması haqda informasiya vacib nəticələrə gətirib çıxara bilər.

Bir neçə il əvvəl ABŞ-ın Franklin W Olin kollecindən Jonathan Adler və onun həmkarları, o cümlədən, Kanadanın Kvebek Universitetindən Iliane Houle əvvəlki illərə aid 30 araşdırmanı anailiz ediblər. Məlum olub ki, həmin həyat hekayələrindəki bəzi aspektlər insanların sosial rifahıyla əlaqəlidir.

Öz həyatı haqqında daha pozitiv danışanların - hətta pis situsiyaların da müsbət nəticəylə yekunlaşdığını (tutalım, işinizi itirmisiz, amma sonra elə bir iş tapmısız ki, əvvəlkindən daha çox ürəyinizcə olub) deyənlərin maddi vəziyyəti daha yaxşıymış - hər halda, həyatdan məmnunluq və psixi sağlamlıqla bağlı testlərin nəticələri belə göstərib.

Həyatlarında aparıcı rol özlərinə məxsus olan və digər insanlarla ümumi maraqlar yarada bilən şəxslər də uğurlu olurlar - bunu onların hekayələri ortaya qoyur.

Məsələn, belə hekayələrdə tez-tez dostlardan-yaxınlardan (əyləncə tədbirlərindən və s.) və ya ümumi-birləşdirici hobbilərdən (xalaqızıyla birgə getdikləri kulinariya kursları və s. kimi) bəhs edilir.

"Böyük üçlüyün" ikinci və üçüncü elementlərdən düşünülmüş şəkildə istifadə də rifahla sıx bağlıdır.

Və əksinə, müstəqilliyin və əlaqələrin az, "çirklənmələrin" çox olduğu hekayələr komfortsuz yaşayış tərzi keçirənlərə aid olub.

Amma bu da vacib faktordur ki, həyat hekayələrində pozitiv elementlərin artması təkcə rifahdan sonrakı dövrə aid olmayıb.

Bəzi hallarda rifah faktı pozitiv yanaşmadan sonrakı hadisə kimi qeydə alınıb. Hərçənd Adler və həmkarları xəbərdarlıq edirlər: bu məsələdəki səbəb-nəticə əlaqələrini ortaya çıxarmaq üçün daha geniş araşdırmalara ehtiyac var.

Bütün bunlar o deməkdirmi ki, mən öz həyat hekayəmə yenidən baxıb ordakı neqativ təcrübələrdə pozitiv məqamlar görsəm, daha sağlam və daha uğurlu ola bilərəm?

Çox da əsassız fikrə oxşamır. Məsələn, son araşdırmalardan birinə baxaq: tələbə-könüllülərdən xahiş ediblər ki, xoşbəxt sonluqla nəticələnən neqativ təcrübələrin üstünlük təşkil etdiyi həyat hekayələri yazsınlar ("Bir uğursuzluğum məni necə müsbətə doğru dəyişdi").

Bu tapşırığın verilmədiyi yoxlama qrupuyla müqayisədə öz həyatını "Uğursuzluqlarım məni ancaq gücləndirdi" deviziylə yazanlar sonra (hətta bir neçə həftə sonra da) başladıqları hər işi başa vurmaq istədiklərini deyərək məqsədlərinə çatmaq üçün daha böyük israr nümayiş etdiriblər.

"Bu nəticələr təkcə onu göstərmir ki, həyat hekayəsini redaktə etmək olar; həm də bunu düşünməyə vadar etdi ki, şəxsi həyatdakı əsas hadisələrə baxışın və onları təsvir üsullarının dəyişməsi insanın gələcəyinə təsir edə bilər" - araşdırmalarla bağlı alimlərin son qənaəti belə olub.

Filosoflar bunu çoxdan deyirlər: öz reallığımızı özümüzün yaratması fikri əsassız deyil. Dünya bizim onu anladığımız kimidir.

Bu xilasedici perspektivi, adətən, psixoterapevtlər təsvir edirlər - müəyyən qorxu və həyəcanlarına qalib gəlməkdə insanlara kömək etmək üçün.

Həyat hekayələrinin öyrənilməsi göstərir ki, oxşar prinsip daha ciddi səviyyələrdə tətbiq edilə bilər: biz ötən illərin hadisələrini redaktə etməklə öz şəxsiyyətimizi yenidən formalaşdırırıq, olduğumuzdan fərqli şəklə düşürük. Bunu hamının bilməsi vacibdir.

Mənbə: www.bbc.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR