İran “filmfarsi”si kino tarixinin ən böyük sirlərindən biri olaraq qalmaqdadır

Sənət
Photo

1979-cu il İran inqilabından qısa müddət sonra ölkənin milli qəzetində film tarixində unikal olan bir məhkəmə çağırışı dərc edildi. “Filmfarsi”nin – modernləşən bir cəmiyyətin arzularını və illuziyalarını təcəssüm etdirən populyar bir kino tərzinin bütün əsas ulduzları inqilabi məhkəməyə dəvət edilirdi. Yüzlərlə aktyor və rejissorun karyerası bir gecə ərzində sona çatdı. Makkarti dövrünün Hollivud qara siyahısından fərqli olaraq, İranda hətta saxta məhkəmə dinləməsinə də imkan verilmədi. Devrilmiş Pəhləvi rejiminin pozğunluğunun, “qərbləşmə”sinin və dekadansının rəmzi kimi görünən kinonun unudulmasına qərar verildi.

Beləcə, Orta Şərqin ən çox inkişaf edən film sənayelərindən biri, mahnı və rəqs, seks və cazibə, şiddət və intiqam, qərb janrları ilə yerli koloriti özündə birləşdirən bir kino tərzi başa çatdı – baxmayaraq ki, bu filmlərdə sonda hər şeyin öz qaydasına düşdüyü bir şiə islamı yanaşması vardı. İnqilabdan öncəki bəzi art-haus filmlərində hər iki element mövcud olsa da, iran kinosu yalnız poeziyadan və humanizmdən ibarət deyildi. Milyonlarla film həvəskarı yaxşı bir pop mahnısı, ən son çəkilmiş sentimental bir film və Tehran küçələrində avtomobil yarışı ilə maraqlanırdı.

Kino ölkəyə Qacar şahlarının müstəsna əyləncəsi kimi gəlmişdi. Milli kinonun yaradılması ilə bağlı təsadüfi cəhdlər ikinci dünya müharibəsi vaxtı bitərəf İranın müttəfiqlər tərəfindən işğalı ilə kəsildi. Müharibədən sonra yeni şah, İsveçrə təhsilli Məhəmməd Rza Pəhləvi İranı müasir “stabillik adası”na (Cimmi Karterin sitatı) çevirməklə elə məşğul idi ki, sosial və hərbi infrastrukturların qurulması naminə kino bir kənara atıldı.

Çölə çıxmaq və həqiqət adlanan şeyi görmək vacibdir

Daha sonra işin əhli olan insanlar öz hekayələrini danışaraq kameranın kontrolunu ələ aldılar. Hətta “caheli” filmləri kimi öz milli janrlarını yaratdılar – Tehranın şimalından olan, qeyrət naminə bıçaq soxan və yerli kabare müğənniləri ilə yaşayan, sonda onları rüsvayçı həyatdan xilas edən şlyapalı sərt oğlanların hekayələri.

“Filmfarsi” termini bu filmlərin sentimentallığını ələ salmaq üçün yaradılmışdı. Bu gün həmin filmlər İran meynstrim kinosunun geniş kontekstində daha uyğun formada mühakimə edilə bilər: məşhur ulduzların iştirakı ilə janr filmləri; böyük şəhərin başdan çıxardığı, lakin sonda evin sakitliyinə qayıdan kənd qızları – sanki hər kəs əvvəlcədən bilirdi ki, bu modernləşmə layihəsi çox da davam etməyəcək. İran cəmiyyətinin yaxınlaşmaqda olan hadisələri öncədən xəbər verən miniatyuru.

Təəccüblü deyil, qadınlar stereotipləşdirilmişdi. Lakin “filmfarsi” onlara görünmək üçün şans təklif edirdi. Hətta qadınlara cəmiyyətdə güc və faktor olmaq imkanı verirdi. Əgər birinci Pəhləvi dövründə qadınların məcburi aşkara çıxarılması İran qadınlarının tarixində önəmli məqam idisə, yüksək səviyyədə fetişləşdirilmiş olsa da, qadınların gerçəkdən aşkara çıxması bu filmlər vasitəsilə baş verdi; o filmlərdə ki, qadınlar səyahət edir, öyrədir, döyüşür və öz məsələlərini özləri həll edirdilər.

Kinoda nadir, eyforik və çılğın bir şey lentə alındı: ikinci dünya müharibəsindən sonra bütün paradoksları ilə birlikdə İran həyat tərzi. Ən pinti, ən səliqəsiz filmlər belə tarixi sənədə çevrildi. 1960-70-ci illərdəki İran art-haus filmlərinin çoxu kəndlərdə və əyalət yerlərində çəkilirdisə (inqilabdan sonra da davam etdi bu ənənə), “filmfarsi” inkişaf etməkdə olan, neft dollarları sayəsində kor-koranə genişlənməkdə olan şəhərlərdən bəhs edirdi.

İran kinosu – mif, yoxsa həqiqət?

İran həyat tərzi amerikan, italyan, fransız və Bollivud filmləri vasitəsilə yeni dünya ilə tanış olduqdan sonra “oğlan qızla görüşür” hekayələri artmağa başladı. İranlılar bir xarici filmi sevəndə, bəzən onu yenidən çəkirdilər. Hiçkokun “Vertigo”sunun İran versiyası var, eləcə də, ailə sürücüsünün eşqi naminə bir-birilə çəkişən iki bacı haqqında Billi Vaylderin “Sabrina” filminin feminist versiyasını çəkdilər. Nəticədə fərqli bir şey alınırdı, yalnız əsl sujetin çılpaq izləri qalırdı. Hər bir halda, bu qəribə proses içərisində dolaşıq və məyusedici kimlik axtarışı açıq-aşkar görünməkdədir. Təqribən 1000 film boyunca onlar bu kimliyi heyrətamiz formada yarada bildilər.

Bu gün bir çox iranlı üçün “filmfarsi” itirilmiş keçmişin suveniridir. Mən isə, ötən dörd ili “filmfarsi” haqqında film çəkdikdən sonra, bu filmlərə İran cəmiyyətinin necə dəyişməsi, bu cəmiyyətin bir tərəfdən, “modern” olan hər şeyi qamarlamaq, digər tərəfdən onu rədd etmək kimi şizofren təbiəti barədə sənədli film kimi baxıram.

Bu, həmçinin faciənin hekayəsidir, həm sinematik, həm də gerçək bir faciənin. İran inqilabının önəmli nöqtələrindən biri və kinonun ölümü üçün zənglərin çalındığı əsas məqam İranın cənub-qərbindəki “Reks” kinoteatrının islamçılar tərəfindən yandırılmasıdır; həmin vaxt insanlar sistem əleyhinə üsyançı iki yoldaşdan bəhs edən və senzuradan qurtula bilmiş çox məşhur 1974-cü il filminin – “Maral” (The Deer) filminin ikinci dəfə nümayişinə baxırdılar. Məsud Kimiai tərəfindən çəkilmiş və kinonun ən sevilən aktyorlarından bəzilərinin oynadığı film “filmfarsi”ni daha dərin və siyasi bir məfhuma çevirdi. Dörd yüz insan həmin kinoteatrın içərisində yanaraq öldü. Faciənin ağrısı hələ də qalmaqdadır. Lakin yanğının küllərindən yeni İran kinosu doğuldu.

İran inqilabından qırx il sonra “filmfarsi” öz şən titrəkliyi və məşhur eklektisizmi ilə film tarixinin ən böyük sirlərindən biri olaraq qalmaqdadır.

Ehsan Xoşbaxt

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR