Hüquqlara malik olmaq hüququ

Hanna Arendt

Elmi-kütləvi
Photo

1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən az sonra, Hanna Arendtin “İnsanın hüquqları: Hansılardır?” sərlövhəli essesinin ingiliscə tərcüməsi dərc olundu. Bu esse daha sonra “Totalitarianizmin kökləri” kitabının 9-cü bölməsinə birləşdirildi və Bəyannamənin ən nüfuzlu tənqidlərindən birinə çevrildi. Arendt essesində iddia edir ki, bəyannamənin özü ziddiyyət təşkil edir: bəyannamə dövlətdən bütün insanların “universal” və “ayrılmaz” hüquqlarının müdafiəsini tələb edir, modern dövlət institutu isə milli və ərazi suverenliyi prinsipi üzərində qurulub. Onun fikrincə, bu paradoks yalnız “hüquqa malik olmaq hüququ”nun digər insan hüquqlarının müdafiəsi üçün hüquqi-siyasi önşərt kimi tanınması ilə həll oluna bilər. Lakin hüquqlara malik olma hüququnu dəqiq anlamaq üçün Arendtin universal insan hüquqları paradoksuna dair təsbitini daha yaxından incələmək lazımdır.

Birincisi: Ümumdünya Bəyannaməsi insan haqqında mücərrəd konsepsiyaya əsaslanır, lakin siyasi icmadan kənarda insan hüquqlarına heç bir zəmanət yoxdur.

Arendtə görə, insan hüquqlarının problematik təbiətinin kökü xalqın suverenliyinin fərdin suverenliyinə qarşı yüksəlməsi ilə dərindən bağlıdır. Onun fikrincə, universal insan hüquqları layihəsi bütünlüklə insanı üzərində daha yüksək səlahiyyətin olmadığı bir varlıq kimi nəzərdə tutur. Tarixi perspektivdən baxdıqda, İnsan və vətəndaş hüquqları haqqında Fransa Bəyannaməsi (1789) insan varlığının mücərrəd anlayışını özündə ehtiva edən ilk sənəddir. İnsan haqqında bu cür mücərrəd anlayışa əsasən, insan hüququnun mənbəyi tanrı və ya təbii iyerarxiya deyil, insanın özü olmalıdır.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hüquqların ayrılmazlığına dair tələbi də eyni yanaşmanı davam etdirir və qeyd olunmuş hüquqların hər hansı daha yüksək səlahiyyətlidən asılı olmadığını güman edir. Nəzəri olaraq, hüquq və idarəetmənin mənbəyi insanların fərdi suverenliyinə qədər endirilə bilsə də, hüquq və idarəetmənin real mənbəyi müəyyyən bir ərazidəki xalqdır, fərdlər deyil. Nəticə olaraq, vəd olunan “ayrılmaz” insan hüquqları yalnız kollektiv özünüidarəetmə hüququnun mövcud olduğu yerdə özünə zəmanət qazana bilər; kollektiv özünüidarəetmə hüququ isə müəyyən bir ərazidəki insanlara – xalqa məxsusdur.

Demokratik milli dövlət paradiqması içərisində, hər bir fərd suverenliyə malikdir və bütün fərdlərin bərabərliyi güman edildiyinə görə, onlar bir qrupun başqa qrup üzərində hökmranlığının qarşısını almaq üçün öz suverenliklərini idarəedici dövlətlə bölüşməlidirlər. Fərdi suverenlik xalqın milli suverenliyi tərəfindən və onun vasitəsilə işləyə bilir. Buna görə də, bir fərdin müdafiə olunan hüquqlara malik olmasının yeganə mümkün yolu daha geniş əhatələnmiş bir qaydadan asılıdır, bu qayda isə, öz növbəsində, siyasi icmaya üzvlüyü nəzərdə tutur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin fərdi bütün sosial və siyasi münasibətlərindən qopararaq universal və ayrılmaz hüquqların subyekti kimi təqdim etməsinə baxmayaraq, siyasi icmanın üzvü anlamında insan hüquqları fərdin üzərində qurulur. Daxili səviyyədə, xalq fərdlərin suverenliyi üzərində milli suverenliyi tələb və təqib edir. Bununla belə, xalq heç bir universal qanunla məhdudlaşdırılmır və özündən yüksək heç nəyi qəbul etmir. Xalqın üzvlərinin ilk ayrılmaz hüququ suverenlikdir, bu da onunla nəticələnir ki, insan hüquqları yalnız milli hüquqlar kimi həyata keçirilə və mühafizə oluna bilər. Fərdlərin hüquqlarını mühafizə etməsi və bu hüquqlara zəmanət verməsi gözlənilən yeganə institut olaraq dövlət, fərdi hüquqların mühafizəçisindən daha çox, xalqın əlində alətə çevrilir.

İkincisi: Fərd öz siyasi kontekstini itirən kimi, insan hüquqları bütün önəmliliyini itirir.

İnsan hüquqlarının ayrılmazlığı onların bütün milli dövlətlərdən müstəqil olduğu fikri üzərində dayanır. Bununla belə, bu ideya iyirminci əsrdə milyonlarla insan öz vətəndaşlığını itirdiyi və onların hüquqlarına zəmanət verən heç bir səlahiyyətli orqanın və ya institutun qalmadığı zaman tamamilə təxrib olundu. Birinci dünya müharibəsinin sonunda çoxsaylı qaçqınların və vətəndaşlığı olmayan şəxslərin meydana çıxması dövlətlə hüquqi münasibətlərin zəifliyini və vətəndaşlığa sahiblik, bununla da insan hüquqlarının mühafizəsinə sahiblik itirildikdən sonra vətəndaşlığa sahib olmamağın nəticələrini nümayiş etdirir. Çünki milli dövlət insan hüquqlarını effektiv tanıya və təmin edə bilən yeganə hüquqi səlahiyyətli qurumdur. Bütün insan hüquqları diskursu ekspatriasiya və emiqrasiyanın nəticəsi olaraq hər hansı milli dövlətə məxsusluğunu dayandıran şəxslər üçün bütün əhəmiyyətini itirir. Buna görə də, müəyyən bir dövlətin vətəndaşı olmağı dayandıran şəxs təkcə həmin dövlətdəki mülki hüquqlarını itirmir, həm də, paradoksal olaraq, öz universal və ayrılmaz hüquqlarını da itirir. Bu da, öz növbəsində, sübut edir ki, insanlar siyasi kontekstlərini itirdikləri zaman hüquqlar əslində “ayrılabilən” olurlar. Arendt bu tarixi dəlil vasitəsilə isbat edir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin formal hüquqi dilinə baxmayaraq, bu sənəd insanın ilkin olaraq “düzənli siyasi icma”nın üzvü, yəni vətəndaş olduğunu, öz siyasi kontekstindən çıxarılmış fərd olmadığını fərz edir.

Üçüncüsü: Hüquqlara malik olma hüququ hər bir insan hüququnun mühafizəsi üçün önşərt kimi tanınmalıdır.

Arendt insanın siyasi icmanın üzvü kimi özünəməxsusluğunu onun siyasi və linqivistik varlıq kimi davranmasına icazə verən şərt kimi müəyyən edir. Burada siyasi aspekt icmada yaşayan şəxsin mövcudluq şəraitinə uyğun gəlir, linqivistik aspekt isə insanın danışmaq və düşünmək gücü ilə əlaqəlidir. Arendtin iddiasına görə, insanın ləyaqəti sadəcə onun siyasi-linqivistik mövcudluğu üzərində, daha dəqiqi, onun danışmaq, mühakimə etmək və davranmaq bacarıqları üzərində dayanır. Bu bacarıqlar mahiyyət etibarilə digər insanlarla birlikdə və onlarla qarşı-qarşıya yaranır və inkişaf edir. Bu cür fundamental ontoloji şərait yalnız insan danışmaq, hərəkət etmək və siyasi olmanın məziyyətilə düşünmək bacarıqlarını tələb etdiyi yerdə və zamanda əhəmiyyət qazanır.

Modern insan hüquqlarının ortaya çıxması və milli dövlət paradiqması çərçivəsində aidiyyəti bəyannamələrin işlənib-hazırlanması özündə onu ehtiva edir ki, ləyaqətli insan həyatının fundamental şərtlərinin reallaşdırılması və bununla da “insan” hüquqlarının səmərəli mühafizəsi üçün siyasi icmaya məxsus olmaq lazımdır. Müxtəsər, insan hüquqları “üzvlərin hüquqları”dır: artıq siyasi icmanın üzvləri hesab edilən şəxslərin hüquqları. Buna görə də, Arendt təklif edir ki, digər insan hüquqlarının mühafizəsi üçün önşərt kimi bütün insanların siyasi icmaya məxsus olma hüququ olmalıdır. Digər sözlə, insan hüquqları əvvəlcə hansısa növ siyasi icmaya üzvlük hüququ kimi nəzərədə tutulmalıdır, nəinki artıq siyasi icmaya məxsus olan insanların sadə hüquqları kimi.

Arendtin insan hüquqlarını tənqidi və hüquqlara malik olma hüququ ideyası tənqidi hüquq və siyasi nəzəriyyədə geniş miqyasda qəbul edildi. Nümunə üçün, Giorgio Aqamben Arendti daha da radikal şərh edərək, “qaçqın fiquru”nu milli dövlət paradiqması altında siyasi icmanın sərhədlərini yenidən düşünmək üçün “məhdudiyyət konsepti” kimi və subeyktiv hüquqlar insititundan sonrasına doğru hərəkət etmək üçün potensial vasitə kimi təqdim edir. Jak Ransier Arendtin fikirlərinin tənqidi şərhini təklif edir və onun vətəndaşın siyasi həyatı (bios politikos) ilə insanın qeyri-siyasi həyatı (zoë) arasındakı fərqləndirməsini fundamental olaraq rədd edirdi. Ransierin fikrincə, bu cür fərq siyasi həyatdan məhrum edilmiş şəxslər üçün hüquqlara malik olma hüququnu tələb etməyin mümkünlüyünə yol açır və “qanuni olmayan” hüquqların verilməsinə və ya “humanitar müdaxiləyə haqq qazandırılması”na gətirib çıxara bilər. Lakin Arendti müsbət şərh edən Kristov Menk təklif edir ki, Arendtin “insan ləyaqəti” konsepsiyası insan hüquqları böhranının öhdəsindən gəlmək üçün fundamental imkanlar aça bilər. Bu cür qələbə insan hüquqları layihəsinin özünü əvvəlcə “həyatın siyasi-linqivistik forması”nın antropologiyası, sonra isə insan üçün “doğru” olanla bağlı təcrübələrlə zəngin subyektiv hüquqlar ideyası üzərində yenidən inşa etdiyi təqdirdə baş verə bilər.

Leyla Faqfuri Azar,

Amsterdam Universitetinin Yurisprudensiya üzrə Pol Şolten Mərkəzinin PhD namizədi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR