Jan-Pol Sartr: Xatirə

Oktavio Pas

Ədəbiyyat
Photo

Birinci hissə

Jan-Pol Sartrın ölümü, bu cür xəbərlərin yaratdığı ilkin şokdan sonra, içimdə sakit bir melanxoliya oyandırdı. Müharibədən sonrakı illərdə Parisdə yaşayırdım, həmin illər Sartrın şöhrət və nüfuzunun ən yüksək olduğu dövrlərdi. Sartr bu məşhurluğu yumor və sadəliklə qarşılayırdı. Heyranlarının çoxunun - xüsusilə də, latın amerikalıların ikrah doğuran və eyni zamanda da məzəli fanatizminə baxmayaraq, onun həqiqətən də fəlsəfi olan sadəliyi ən təmkinli ruhları da tərkisilah edirdi. Həmin illərdə Sartrı şiddətli ehtirasla oxuyurdum: onun özəlliklərindən biri oxucularının diqqətini eyni şiddət, inkar və razılaşma vasitəsilə cəlb edə bilmə yolları idi. Oxuduqca tez-tez gileylənirdim ki, onu şəxsən tanımıram, tanısaydım, şübhələrimi və razılaşmadığım məsələləri üzbəüz ona söyləyərdim. Təsadüfi bir hadisə mənə bu fürsəti verdi. Fəlsəfə təhsilini bitirmək üçün Meksika Universiteti tərəfindən Parisə göndərilən bir dostum, tezliklə hansısa bir fəlsəfi mövzuda məqalə dərc etdirməsə, akademik təqaüdünü itirmək təhlükəsində olacağını söylədi. Sartrla baş tuta biləcək söhbətin məqalə üçün mövzu ola biləcəyi ağlıma gəldi. Bəzi ortaq dostlarımız vasitəsilə ona yaxınlaşaraq ideyamızı təklif etdik. Qəbul etdi və bir neçə gün sonra üçümüz “Pont-Royal”ın barında nahar etdik. Nahar müsahibəsi üç saatdan artıq çəkdi və söhbət ərzində Sartr son dərəcə canlı görünür, fəhm, ehtiras və enerji ilə danışırdı. Həmçinin dinləyir, mənim suallarıma və çəkingən etirazlarıma cavab vermək əziyyətinə də qatlanırdı. Dostum məqaləni heç vaxt yazmadı, lakin bu ilk görüş Sartrı “Pont-Royal”ın həmin barında yenidən görməyimə fürsət verdi. Münasibətimiz üçüncü-dördüncü görüşümüzdən sonra bitdi: bizi ayıran nəsnələrin sayı həddindən artıq idi və mən onu bir daha ziyarət etmədim. Aramızda olan bu fərqləri “Dəyişən cərəyan” və “Filantropik yam-yam” kitablarımın bəzi hissələrində təsvir etmişəm.

Söhbətlərimizin predmetləri dövrün əsas mövzuları idi: ekzistentializm və onun siyasət və ədəbiyyatla münasibətləri. O dövrdə Sartrın Jan Jene haqqında yazmaqda olduğu kitabından bir parçanın “Les temps modernes” jurnalında dərc olunması söhbətimizi həmin yazıçı və Müqəddəs Tereza üzərinə gətirdi. Sartr öz istəklərinə uyğun olaraq, Jene və Terezanın Ali Şər və Ali Xeyir arasındakı seçimdə eyni şeyi seçdiklərini söylədi. Sartrın yalnız hərfi məntiqi əsas götürərək onun qayğılarının mərkəzi nöqtəsinə və fəlsəfi tənqidinin təməlinə məhəl qoymaması məni təəccübləndirdi: Müqəddəs Terezanın subyektivliyi və onun tarixi situasiyası. Başqa sözlə: ispan rahibəsi olan konkret bir şəxs, onun həyatının intellektual və emosional üfüqləri, on altıncı əsr ispan dindarlığı. Jeneyə görə, İblis və Tanrı tutqun gerçəklikləri ifadə edən sözlərdir, duyğularüstü məfhumlardır: miflər və ya ideyalardır. Müqəddəs Terezaya görə isə, həmin sözlər mənəvi, ağlabatan və hissediləbilən gerçəkliklərdir, ideyaların təcəssümüdür. Mistik olanı digərlərindən fərqləndirən də budur: İblisin qeyri-insan olduğuna və (İnkarnasiya misteriyasından başqa) Tanrının da insan olmadığının ciddi şəkildə elan edildiyinə baxmayaraq, inananlar üçün hər ikisi maddi varlıqlar, insanlaşdırılmış ruhlardır.

Həmin söhbət vaxtı üzücü bir şeyi anladım: Sartr Müqəddəs Terezanı oxumamışdı. Qulaqdan eşidilənləri danışırdı. Daha sonra qəzet bəyanatlarının birində “Şeytan və Yaxşı Tanrı” əsərini yazarkən Servantesin “Mömin cüvəllağı” komediyasından təsirləndiyini qeyd edir, sonra isə əsəri oxumadığını, sadəcə, icmalını oxuduğunu aşkara çıxarır. İspan ədəbiyyatına dair bu cəhalət qeyri-adi bir hal deyil, avropalılar və şimali amerikalılar arasında geniş yayılıb: Edmund Uilson lovğa-lovğa deyirdi ki, nə Servantesi oxuyub, nə Kalderonu, nə də Lope de Veqanı. Hər bir halda, Sartrın etirafı onu göstərir ki, o, Avropa mədəniyyətinin ən yüksək məqamlarından biri olan on altıncı-on yeddinci əsr ispan dramaturgiyasından məlumatsızdır. Onun bu maraq əksikliyi məni hələ də heyrətləndirir, çünki ispan teatrının ən böyük mövzularından biri, Tirso de Molina, Mira de Ameskua və Kalderonun ən yaxşı əsərlərinin ideya qaynağı Sartrı həyatı boyunca narahat edən məsələlərdən biridir: möminlik və azadlıq arasındakı konflikt. Başqa bir söhbətimizdə mənə Malarmeyə olan vurğunluğundan bəhs etmişdi. Lakin illər sonra onun bu şair haqqında yazdıqlarını oxuduqda bir daha anladım ki, Sartrın Malarme heyranlığının obyekti yazdığı şeirlər deyil, onun mütləq poeziya layihəsi, heç zaman yazıb bitirə bilmədiyi o Kitab idi. Öz fəlsəfəsinin bəyan etdiklərinə baxmayaraq, Sartr həmişə kölgələri gerçəkliklərdən daha üstün tuturdu.

Elm insanı “bilgili cahil” dirmi?

Sonuncu söhbətimizdə, demək olar, bütünlüklə siyasətdən danışdıq. BMT-də rus konsentrasiya düşərgələri barədə müzakirələrə dair fikir bildirərək söylədi: “Britaniyalıların və fransızların düşərgələrlə bağlı rusları tənqid etməyə haqları yoxdur, çünki onların da müstəmləkələri var. Əslində, müstəmləkələr də burjuaziyanın konsentrasiya düşərgələridir.” Onun sərt əxlaqi mühakiməsi iki sistem arasındakı spesifik tarixi, sosial, siyasi fərqləri nəzərə almırdı. Qərb müstəmləkəçiliyini repressiv sovet sistemi ilə eyniləşdirməklə Sartr məsələni başdansovdu təhlil edirdi. Onun kimi sol intellektualı maraqlandıra bilən və maraqlandırmalı olan şey bu olmalıydı: Sovet rejiminin həqiqi sosial və tarixi təbiəti nədir? Təməl mövzudan yayınaraq, o, sovet gerçəkliyinin maskalandığı yalanları əbədiləşdirmək istəyənlərə dolayı yardım edirdi. Bu, ciddi bir yanlışdı, belə demək mümkünsə, intellektual və əxlaqi səhv idi.

Doğrudur, o dövrlərdə sovet sistemi düşərgələrdəki məhkumları istismar etdiyi kimi, imperializm də müstəmləkə əhalisini istismar edirdi. Fərq bunda idi ki, müstəmləkələr burjua dövlətlərinin repressiv sisteminin bir parçası deyildi (nə Əlcəzairdə məcburi əməyə məhkum edilən fransız fəhlələri vardı, nə də Hindistana sürgün edilən Britaniya dissidentləri), lakin düşərgə sakinləri sovet xalqının özündən ibarət idi: fermerlər, fəhlələr, intellektuallar və bütün sosial kateqoriyalar (etnik, dini, peşə). Düşərgələr, belə deyək, repressiya sovet sisteminin ayrılmaz parçası idi (parçasıdır). Üstəlik, həmin illərdə müstəmləkələr müstəqillik əldə etdilər, konsentrasiya düşərgələri sistemi isə kommunist rejimlərin idarə etdiyi bütün ölkələrə infeksiya kimi yayılıb. Başqa bir şey daha var: Asiya və Afrikadakı köhnə Avropa müstəmləkələrində baş verən və onları azad edən hərəkatlar kimi rus, Kuba və Vyetnam düşərgələrində də azadlıq hərəkatlarının oyanmasını və yüksəlməsini düşünmək mümkündürmü? Sartr bu arqumentlərə qarşı etinasız deyildi, lakin onu inandırmaq çox çətindi. Öz ölkələrimizdə basqı və istismar davam etdiyinə görə bizim kimi burjua intellektuallarının sovet sisteminin qüsurlarını tənqid etməyə haqqı olmadığını düşünürdü. Macar inqilabı başlayanda Sartr bu qiyamın günahını Xruşşovun Stalinin cinayətlərini ifşa edən düşüncəsiz bəyanatlarının ayağına yazdı: heç kim fəhlələri məyus etməməliydi.

Sartr bu məsələdə sadəcə bir örnəkdir, tək deyil. Ən yaxşı prinsiplərdən ilhamlanan əxlaqi mazoxizm çox sayda Avropa və Latın Amerika intellektuallarını otuz ildən artıqdır ki, iflic vəziyyətinə salıb. Biz həm xristianlığın, həm də Aydınlanmanın miraslarını öyrənmişik, hər iki cərəyan – həm dini, həm sekulyar, öz inkişaflarının ən yüksək dövrlərində tənqidi olublar. Bizim üçün model şəxslər öz cəmiyyətlərinin dəhşətlərini və ədalətsizliklərini söyləmək və qınamaq cəsarətinə sahib Las Kasas, yaxud Russo kimi insanlar olub. Mən bu ənənəyə xəyanət etmək istəməzdim. Bu ənənə olmadan toplumlarımızın özləri ilə olan dialoqları sona çatardı ki, bu dialoqlarsız real sivilizasiya olmaz və toplumlar dərhal barbar və monoton olar, gücün monoloquna çevrilərlər. Tənqid Kanta və Yuma, Volterə və Didroya modern dünyanı qurmaqda yardım etdi. Onların tənqidi və onların on doqquzuncu əsrdə və iyirminci əsrin ilk yarısındakı varislərinin tənqidi yaradıcı idi. Biz tənqidi də korlamışıq: tənqidi özümüzün və dünyanın nifrətinə xidmət kimi istifadə edirik. Biz tənqiddən ideyalar zindanından başqa heç nə yarada bilmədik. Hamısından daha pisi: tənqid vasitəsilə tiranlıqlara haqq qazandırmışıq. Bu intellektual xəstəlik Sartrda tarixi bəsirətsizliyə çevrildi: gerçəkliyin günəşi heç zaman onunçün parlamadı. Bu günəş çox qəddardır, lakin bəzi anlarda bu, həm də bütövlük və xoşbəxtlik günəşidir. Bütövlük, xoşbəxtlik: bu iki söz onun lüğətində yoxdu... Söhbətimiz qəfil sonlandı: Simona de Bovuar gəldi, qəhvəsini qurtumlayıb çıxmasını səbirsizliklə təkid etdi.

Kamyu və Sartrı bir-birindən küsdürən nə imiş?

Sartr Meksikaya qısa bir səfər etsə də, öz Meksika təcrübəsi haqqında nadir hallarda danışardı. Onun yaxşı səyahətçi olmadığına inanıram: fikirləri həddindən artıq çoxdur. Onun gerçək səyahətləri öz ətrafında, öz otağına qapanarkən baş verir. Sartrın saflığı, səmimiliyi və düzgünlüyü qədər, inanclarındakı sərtlikdən, möhkəmlikdən də təsirlənmişdim. Bu iki keyfiyyət bir-birilə münaqişədə deyildi: onun çevikliyi ağırçəkili boksçunun çevikliyinə bənzəyirdi. İltifat əksikliyi vardı, lakin bunun yerini səmimiliklə, birbaşa danışmaq tərzi ilə doldururdu. Hiylənin bu cür yoxluğu özlüyündə bir hiylə idi və səmimilikdən də o tərəfə, kobudluğa gedib çıxa bilirdi. Bununla belə, yad insanı səmimiyyətlə qarşılayırdı və insan onun öz-özü ilə başqalarından daha sərt davrandığını anlayırdı. Girdəsifət və hərəkətlərində bir az ləng idi, yumru, tamamlanmamış sifəti vardı: sifətdən daha çox, bir sifətin arxa planı idi. Eynəyinin qalın şüşələri onun şəxsini daha uzaq göstərirdi. Lakin sifətini unutmaq üçün onu eşitmək lazım idi. Qəribədir: Sartrın baxış və baxmaq hərəkətinin anlamı barədə yazdığı ağıllı səhifələrə baxmayaraq, onun söhbətinin təsiri tamamilə əksinə idi; onun söhbəti görmənin gücünü heçə endirirdi.

Həmin söhbətləri xatırladığım zaman Sartrın əxlaqi davamlılığı, daimiliyi məni heyrətləndirir: onu gənclik illərində ehtiraslandıran mövzular və problemlər yetkinlik və yaşlı dövrlərində də eyni idi. Rəylərini tez-tez dəyişirdi, lakin bununla belə bütün dəyişkənliklərində özünə sadiq qalırdı. Xatırlayıram, əxlaq haqqında yazmağı vəd etdiyi kitabının – böyük intellektual öhdəliyi kimi düşündüyü və heç vaxt bitirmədiyi kitabının tarix fəlsəfəsinə səmimi yanaşmalı olduğunu güman etdiyimi söylədim və bununla haqlı olub-olmadığımı soruşdum. Başını şübhəli halda yellədi: “tarixin fəlsəfəsi” ifadəsi ona şübhəli, saxta gəldi, sanki fəlsəfə və tarix tamam ayrı-ayrı şeylərdir. Bundan əlavə, marksizm özü artıq dövrümüzün tarixi hərəkatının özəyinə daxil olmuş fəlsəfədir. Sartr marksizmin içərisinə möhkəm, gerçək fərdi daxil etməyi təklif edirdi. Biz öz situasiyamızıq: keçmişimiz, hazırkı anımız. Eyni zamanda, biz həm də bu şərtlərlə (bizi onların nə qədər çox müəyyən etdiyindən asılı olmayaraq) məhdudlaşdırıla bilməyən bir nəsnəyik. “Les temps modernes”in girişində o, insanın bütöv azadlığından danışır, lakin bir neçə sətir sonra “insan bütövlüyü”nün “sinif tərəfindən udularaq” yoxa çıxa biləcəyi təhlükəsini qeyd edir. Beləcə, o, siniflərin xalqın funksiyası olduğunu söyləyən ideologiyaya qarşı çıxdığı kimi, fərdləri sinfin funksiyalarına endirən ideologiyaya da qarşı çıxırdı. O, bütün həyatı boyunca bu mövqeyə sadiq qaldı.

Ardı var...

Tərcümə: Rəşad Səfər

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR