Ceykob Bronovski: elmi məşhurlaşdırmaqla məşğul olan bir insanın mürəkkəb həyatı

Elmi-kütləvi
Photo

Deyvid Edcerton

1970-ci illərdə milyonlarla insan üçün Ceykob Bronovski adı elm sözü ilə sinonim idi. Polşada doğulmuş bu riyaziyyatçı 1920-ci ildə, 12 yaşında Londona gəldi. Yarım əsrdən sonra onun ən gözəl, ən məşhur dövrləri 1973-cü ildə BBC tərəfindən hazırlanan “İnsanın yüksəlişi” adlı televiziya silsilə proqramı idi. Sənət tarixçisi Kennet Klarkın 1969-cu ildə “Sivilizasiya” silsilə proqramında etmədiklərini etməyi qarşısına məqsəd qoymuş Bronovskinin proqramı, cəmiyyətin inkişafını elmin lupası altında uzun-uzun nəzərdən keçirirdi. Silsilə proqramının davamında növbəti il eyni adlı kitab nəşr olundu.

İndi isə Vaşinqtondakı libertarian düşüncə quruluşu “Cato” İnstitutunda çalışan elm adamı Timoti Sendfur “Ceykob Bronovskinin yüksəlişi” kitabında böyük iddialar irəli sürür. Sendfur onu adi bir eruditdən artıq təsvir edərək, onun “iyirminci əsrin, demək olar, bütün əsas intellektual öhdəliklərinin altına öz çiynini verdiyi”ni, “ciddi bir filosof” olduğunu və “indiyə qədər çəkilmiş ən yaxşı sənədli filmin” müəllifi olduğunu söyləyir.

Haqlıdır, amma qismən. İyirminci əsrdə Renesans adamlarının (çoxu kişi idi) sayı daha çoxdur. Təkcə britaniyalı riyaziyyatçılar arasında Bertran Rassel və Alfred Nort Vaythed hər iki sahədə Bronovskidən daha əhəmiyyətli idilər. Kimyaçı Maykl Polaninin fəlsəfi əsərləri, xüsusilə də “Şəxsi bilik” (1958) kitabı Bronovskinin “Elm haqqında sağlam fikir” (1951) kimi yumşaq apologiyalarından fərqli liqada yer alırdı. “İnsanın yüksəlişi” proqramı da ən yaxşı elmi-sənədli televiziya filmlərindən sadəcə biri ola bilərdi.

Elm dünyası qadınların haqqını yetərincə verirmi?

Lakin Bronovski öz kimliyi ilə daha maraqlı insandır: alim, idaredici və elmi populyarlaşdıran şəxs.

Kembricdən kömürə

Bronovskinin akademik və dövlət işçisi alim kimi çox fərqli, qəribə karyerası olub. Kembric Universitetini bitirdikdən sonra İngiltərənin şimalında Hull Kollec Universitetində 1934-cü ildən 1943-cü ilə kimi dərs deyir. Növbəti altı ili elmi məmur kimi xidmət edir. İkinci dünya müharibəsi zamanı Krallıq Hava Qüvvələrində bombalamanın neytrallaşdırılması ilə bağlı məxfi araşdırmaya rəhbərlik edir, Hirosima və Naqasaki bombalarının təsirlərini sənədləşdirmək üçün Yaponiyaya səfər edir. Müharibədən sonra bina tikintisi texnikaları üzərində çalışır: ucuz başa gələn tikintilər çox vacib idi, əsas da Blits bombardımanının dağıntılarından sonra. Daha sonra Parisdə UNSECO-da qısamüddətli çalışmış, 1950-64-cü illərdə isə Britaniya Milli Kömür Şurasının yeni mərkəzi araşdırma qurumunun direktoru olmuş, burada kömür tozundan yanacaq briketlərinin hazırlanması layihəsi üzərinə fokuslanmışdır (Sendfurun güman etdiyi kimi, ilk tüstüsüz yanacaq deyil bu). Layihə uğursuzluğa düçar olur. 1950-ci illərin sonu, 60-cı illərin əvvəllərində o, sadəcə elm siyasəti üzrə müzakirələrlə məşğul olur.

Bronovski həm də Britaniyanın digər bir çox tanınmış şəxsləri kimi, elm və ədəbiyyat dünyaları arasında var-gəl edirdi (kimyaçı və romançı C.P.Snounun bu “iki mədəniyyət” arasında qovuşmaz bölünmənin olduğu barədə fikirlərini təkzib edərək). 1930-cu illərdə və müharibənin lap ilk illərində Bronovski də o dövrün əksər intellektualları kimi sədaqətli solçu idi. Şair kimi “Maskasız insan” (1944) kitabını – qeyri-adi ingilis şairi, rəssam və oymaçı Uilyam Bleyk haqqında heyrancasına bir araşdırmasını nəşr etdirir. Sendfurun kitabının ən yaxşı hissələri Bronovskinin Robert Qreyvs və Uilyam Empson (onun kimi o da riyaziyyatçı idi) kimi 1930-cu illərin digər şairləri ilə münasibətlərindən bəhs edən hissələridir.

Müharibədən sonra, operativ araşdırmaçı və elmi idarəçilik karyerası ilə bərabər, Bronovski BBC sayəsində məşhur oldu. Öncə Yaponiyadakı bombardımanın təsirləri ilə bağlı söhbət və müsahibələri ilə tanındı, sonra radio və televiziyada “Beyinlər inanır” adlı panel-şouda görünməyə, həmçinin pyeslər yazmağa və radio-müsahibələr verməyə davam etdi. Onun “R” hərfini özünəməxsus şəkildə tələffüz edə bilməməsi insanların yaddaşında daha çox qalmasına yardım etdi. Bu verilişlərin, UNSECO-dakı işin və Massaçussets Texnologiya İnstitutunda qonaq mühazirəçi kimi fəaliyyətinin nəticəsi olaraq “Elm və insan dəyərləri” (1965) kimi kitablar yarandı. Mahiyyət etibarilə bu kitablar, araşdırmaların yüksək səviyyədə hərbiləşdirildiyi və elmi müzakirələrin çox vaxt soyuq müharibənin ideoloji mübarizələri tərəfindən zəbt edildiyi bir dövrdə elmin və elm adamlarının müdafiəsinə yönəlmişdi.

Karl Saqan: İblislərlə dolu dünya - Elmin şam işığında

Son illərini Kaliforniyanın La Xoyya əyalətində Bioloji Araşdırmalar üzrə Salk İnstitutunda elm haqqında yazmaqla keçirdi. Bu dövr “İnsanın yüksəlişi” filmi ilə öz zirvəsinə çatdı. Onun adını məşhurlaşdıran bu 13 hissəli BBC sənədli filmi insanın təkamülündən klonlaşdırılmasına qədər hər şeyi əhatə edirdi. Film ilk hissələrində od, metal, kənd təsərrüfatı, memarlıq kimi maddi nəsnələr üzərində vurğu etməsi ilə diqqəti cəlb etdi. Hazırlanmasına xeyli pul xərclənən və vizual olaraq insanları heyrətləndirən bu proqram, öz parlaqlığı və aparıcının güclü şəxsiyyəti sayəsində tamaşaçılarda böyük təəssürat yarada bilmişdi. Verilişi izləyənlərin çoxu onu hələ də televiziya tarixinin dönüş nöqtəsi kimi xatırlayırlar.

Film bitdikdən bir il sonra, 1974-cü ildə Bronovski öldü. Bu iki çox məşğul peşəni necə idarə edə bilməsi insanı heyrətləndirir. Bronovskinin elmi populyarlaşdırmaqdan başqa bir uğur əldə edə bilməməsinin məyusluğunu da anlamaq olar. Bronovski daimi akademik vəzifə üçün çox can atırdı.

O, kitablarında bir alim kimi öz təcrübələrindən bəhs etmir. Elm tarixçisi Ralf Desmarais Bronovskinin müharibə çalışmalarına işıq tutan ilk insandır. O göstərir ki, Bronovski müharibə dövrünün əksər alimlərindən (məsələn, eksperimental fizikçi Patrik Blekett) daha az səmimi idi bu araşdırmalarında.

Elmlə maraqlananlar üçün 10 serial

Desmarais həmçinin Bronovskinin 1940-1950-ci illərdə Britaniyanın mülki nüvə gücünü təbliğ edərək atom bombası hazırlamaqda olduğu faktını qəti təkzib etdiyini də üzə çıxarır. Bronovski Sendfurun iddia etdiyi kimi, nüvə silahları əleyhinə kampaniyada iştirak etməyib. Əslində, “İnsanın yüksəlişi”ndə onun atom bombasının ümumi tarixi ilə bağlı müzakirələri tamamilə yanıldıcıdır. Alimlərin silahdan uzaqda dayanması məsələsində o, Yaponiyanın bombalanmaqdansa bomba gücü ilə qorxudulmalı olduğunu söyləyən, atom bombası çalışmalarında iştirak edən fizik Leo Silard üzərində dayanır daha çox.

Bronovskinin elm, hərb və güc arasındakı münasibətlər haqqında təhlilləri davamlı olaraq qeyri-səmimi idi. Desmarais sübut edir ki, Bronovski elmin müasir dünyadakı yeri barədə hekayəni birbaşa, səmimi söyləməyi bacarmırdı. Təəssüf ki, Sendfur bu əhəmiyyətli iddiaya haqq qazandırmır və öz kitabında apologiyaçının apologiyasına çevrilir.

Bu, bir utancdır. Elmin mətbuat katibi kimi tanınan, 1930-cu illərin radikalı olan Bronovskinin əsl tənqidi bioqrafiyası bizə iyirminci əsrdə araşdırmaların gerçəkliklərini öyrətməli və soyuq müharibə dövründə təsvir olunanlardan daha fərqli məlumatlar verməliydi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR