Nino Katamadze: Gərək bir-birimizin gözlərinə dürüstcə baxaq

Müsahibə
Photo

Gürcü müğənni Nino Katamadze 30 iyunda Rusiyada çıxış etməkdən imtina etdikdən sonra rus məmurları və şou-biznes nümayəndələrinin kəskin hücumlarına məruz qaldı: Dmitri Peskov Katamadzeyə gürcü-rus münasibətlərinə dair sualları “aydınlaşdırmağı” təklif etdi, teleaparıcı Tina Kandelaki isə müğənninin “manipulyasiyanın” qurbanı olduğunu dedi. Katamadzenin Rusiyanı “işğalçı”, Putini isə özünün “düşməni” adlandırdığı Facebook postu partlayış təsiri yaratdı: Rusiyada tez-tez çıxış edən gürcü ulduzdan çox az adam belə addım gözləyərdi.

Sonuncu dəfə Nino Katamadze Rusiyada "Usadba Jazz" caz festivalında çıxış edib, 2 gün sonra Gürcüstana dumanın deputatı Sergey Qavrilovun gəlişindən və parlamentdəki skandal çıxışından sonra etirazlar başladı. Tbilisidə olduğu vaxt Qavrilov bəyan etdi ki, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın parçaları kimi qəbul etmir. Qavrilovun ziyarəti və Provoslav Parlamentlərarası sessiyasının nümayəndəsi kimi parlamentin spikeri kürsüsündə peyda olması Tbilisidə və ölkənin digər şəhərlərində kütləvi etirazlarla nəticələndi. Nümayişlər qızışan zaman polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etməklə, jurnalistlər daxil olmaqla, onlarla insanın xəsarət almasına səbəb oldu. Bunların ardınca Rusiya “öz vətəndaşların təhlükəsizliyi naminə” yay turizm mövsümünün qızmar çağında Gürcüstana birbaşa aviasəyahətləri ləğv etdi.

Tbilisi və digər gürcü şəhərlərində etiraz aksiyaları bu və ya digər şəkildə davam edir: etirazçılar artıq “Gürcü arzusu” partiyasının tez-tez “rusiyapərəst”adlandırılan nümayəndəsi, parlamentin spikeri İrakli Kobaxidzenin istefasına nail olublar. “Gürcü arzusu” həmçinin mitinqçilərin daha bir tələbini yerinə yetirib – 2020-ci ildə seçicilərin dəstəyilə parlamentə bütün partiyaların daxil olması üçün seçki sistemi dəyişdirilib: qarışıq sistem yerini proporsional sistemə verəcək, bununla belə, seçkilərdə seçici baryeri olmayacaq. Lakin daxil işlər naziri Georgi Qaxariyanın istefası tələbi yerinə yetirilmədi.

30 iyunda Rustaveli prospektindəki mitinqdə Nino Katamadze də çıxış etdi:

“Mən sizin 100% haqlı olduğunuzu anladım, sizə çoxlu təşəkkürlər... Mən böyüklük və ya qəhrəmanlıq üçün hansısa addımlar atmamışam, mən ya üzümü vətənimə, ya da musiqi uğurlarıma çevirməliydim. Mənim qəlbim, ailəmin qəlbi bu ölkədə sevgisiz tab gətirə bilməz. Nə zaman lazım olsa, mən sizin olduğunuz yerdə olacam”

- “Novosti Qruziya” sənətkarın çıxışından sitat verib.

Katamadze hətta 2008-ci ildə Rusiya və Gürcüstan arasındakı Avqust müharibəsindən sonra payızda Rusiyaya konsertlərlə gəlmişdi – o zaman o, Yuri Şevçukun təşkil etdiyi “Güllələmə!” adlı antimüharibə konsertində iştirak etmişdi. Bəs indi o, niyə Rusiyadakı çıxışlarını sonlandırmaq kimi bir addım atdı? Bu barədə müğənni “Radio Svoboda”ya açıqlama verib:

Denis Didro Rusiyanı necə dəyişmək istəyirdi və ona nə mane oldu?

- Rusiyanı “işğalçı”, Putini isə özünüzün “düşməni” adlandırdığınız postu yazmaq qərarını necə verdiniz, sonra niyə onu silib təzədən paylaşdınız?

- Mən postu silməmişəm. Sadəcə aqressiyanın çoxluğundan onu yalnız dostlarım üçün göstərdim, sonra aqressiya azalanda, onu yenidən hamı üçün açdım. Bu məsələ 30 iyunda yazıb paylaşdığımla deyil, 2008-ci ildən başlayır. Mənim Gürcüstan Rusiya müharibəsindən sonra Moskvaya ilk gəlişim sentyabrda olmuşdu, “Güllələmə!” konsertinə gəlmişdim. Mən istəyirdim çıxım və Gürcüstana müharibə elan etmiş ölkənin vətəndaşlarıyla birbaşa danışım. Dialoqu kəsmək istəmirdim. Hər il, hər gün ərazi işğalı davam edirdi. İnsanların qətli davam edirdi. Bu, 2008-ci ildən bəri baş verməkdə olan bütöv tarix, Gürcüstan və Rusiya arasında baş verən mürəkkəbləşən tarix idi. Bu, çoxsaylı ailələrin tarixidir ki, qurbanlar veriblər. Xatirimdədir, mən hər dəfə Rusiyaya getməyə və bir-birimizi güllələməməli olduğumuz, sülhün, insanlararası münasibətlərin vacib olduğu barədə danışmağa güc tapırdım.

20 iyunda Rusiya Federasiyasının vətəndaşı spiker kreslosunda oturub bizlərlə danışanda isə, ümumiyyətlə, görünməmiş bir şey baş verdi. Parlament Gürcüstan müstəqilliyinin simvoludur. Başa düşdüm ki, insanlar arasındakı münasibətlər o dərəcə də pozulub ki... Dinləyicilərimlə mən məhəbbətdən danışırıq, amma qlobal mənada mən Gürcüstan vətəndaşıyam və mənim Rusiyaya səfərlərim mənasını itirdi. Mənim musiqim, o musiqi ki, Rusiyada insanlar arasında normal münasibətlərin olmasına dair simvoldur, öz əhəmiyyətini itirdi. Başa düşdüm ki, əgər dayanmasam, onda bizim aramızda olan ən böyük problem ikinci, üçüncü səviyyəyə keçəcək, ya da ümumiyyətlə, yoxa çıxacaq. Mənim insanları yaxşı və pislərə ayırmaq haqqım yoxdur. Rusiya gözəl ölkədir, amma elə bir tarix var ki, biz onu yaxşı kimi qəbul edə bilmərik.

Müharibəni müharibədən qeyri bir şey hesab etmək mümkün deyil. Mənim postum məhz dostlarım üçün, o insanlar üçün idi ki, danışdığımız dildə bizi dinləyirdilər. Mənim qeyri-səmimi olmağa və oraya sadəcə sevgi haqqında danışan və oxuyan tamamilə boş bir insan kimi getməyə haqqım yox idi. Həyatda elə bir məqam gəlir ki, vətənin sənin həyatda verəcəyin ən əhəmiyyətli seçim olur – sabahkı günə və insanlara ən vacib məsələlər kimi yanaşmaq olduqca ciddiləşir. Mən 11 il Rusiyaya səfər etmişəm, danışmışam, amma heç zaman kiminsə xətrinə dəyməmişəm, sərt danışmamışam. Hər kəsin öz fikri var, ona görə də biz azadlıq üçün mübarizə aparırıq ki, yad fikrə hörmətlə yanaşaq, amma həqiqət həqiqət olaraq qalır. Mənim özümün sevimli dinləyicilərimlə qeyri-səmimi danışmaq kimi haqqım yox idi.

- İndi bir daha Rusiyada çıxış etməyəcəyinizi təsdiq edə bilərsinizmi?

- Sizə səmimi deyəcəm: mən bizim konsertlərimizə gələn, vacib mövzular haqqında söhbətləşdiyimiz insanlara nifrət etmək və ya hörmətsiz davranmaq fikrində deyiləm. Əksinə, əgər bizim aramızda sülh olacaqsa, əgər strateji tərəfdaşlarımızı, istədiyimiz həyatı seçməyə imkan verən ciddi addımlar atılacaqsa, mən hər yanda oxuyacam, gələcəm və sevinəcəm. Buna qədər isə mən hər kəsi dəvət edirəm, o insanları mən ölkəmdə məmnuniyyətlə qəbul edəcəm.

- Sizin Rusiyadakı dostlarınız postunuza necə reaksiya verdilər, çoxlu dəstək oldu, yoxsa əksinə, “nifrət məktubları”?

- Təbii ki, çoxlu mənfi reaksiyalar da oldu, saxta hesablardan çoxlu neqativ gəldi, onların müəyyənləşdirmək asandır. Ancaq başa düşürəm ki, atdığım addım asanca qəbul edilməyəcəkdi.

- Buna hazır idinizmi?

- Yox, buna bənzər şeyə hazır deyildim. Artıq 14 iyunda Moskvada idim. Uzun müddət susqun qaldım, düşünürdüm ki, etirazlara münasibət tam başqa cür, daha sivil olacaq. Amma hadisələr elə cərəyan etdi ki, mən artıq heç nə baş verməyibmiş, sanki indiyəcən aramızda baş verənlər heç olmayıbmış kimi davrana bilməzdim. İnanıram ki, dinləyicilərim bunu layiqincə qiymətləndirirlər, bilirəm ki, onları ən yaxşısıdırlar. Biz özümüzü dürüstcə də sevə bilərik, məsələ bəsitcə bilet almaqdan və bunun əvəzinə onlar üçün oxumaqdan ibarət deyil. Xeyr. Biz hər şeydən qabaq öz vətənimiz, ailəmiz, dəyərlərimiz qarşısında səmiyyətlə yaşamalı olan insanlarıq. Yalnız bu halda gözlərimizə dürüstcə baxa bilərik. Yoxsa məlum olacaq ki, bu sadəcə bir oyundur.

- Rusiyada çıxış etməkdən imtina sizin maliyyə vəziyyətinizə nə dərəcədə təsir edəcək?

- Reaksiyanın həmişə maliyyə məsələsində ölçülməsi məni çox ağırıdır. Kaş məsələ təkcə maliyyədən ibarət olardı... Mən çox xeyriyyə konsertləri vermişəm, biz təkcə pula görə getmirdik. Bizim Rusiyada dostlarımız var, cəmiyyət üçün çoxlu faydalı işlər görmüşük və məncə, bu, çox layiqincə olub. Bu məsələdə maliyyə ikinci dərəcəli deyil, mən onu bu məsələyə ümumiyyətlə aid etməzdim. Bu çox cılız məsələdir.

- Bəyanatınızdan sonra albomlarınızın “Yandeks. Muzıki” və “Vkontakte”dən silinməsi doğrudurmu?

Anna Arendt: Propaqanda həqiqəti sarsıtmaq üçün yalandan necə istifadə edir?

- Bu doğru deyil, çünki mən artıq çoxdan, il yarım əvvəl rus tərəfdaşlarımızla müqavilə imzalamışam. Onların bir neçə təklifi vardı, amma bu məsələ necəsə uzandı. Zənnimcə, onlar hələ ortaya çıxacaqlar. Bilirsinizmi, mən Rusiyada yaşayan sadə insanları incidən suallara cavab vermək istəmirəm. Orada çoxlu xeyirxah və ağıllı insanlar var. Mənim hansısa maliyyə səbəblərim yox idi. Mən sadəcə bir addım atdım və özümün yaratdığı qastrol karyerasını sonlandırdım. Mən özüm işləyir və onu özüm aparırdım. İstəmirəm ki, bu hansısa ticarət üçün bəhanə olsun, xeyr. Bu öhdəliyi öz üzərinə götürməli olduğun zəruri addımdır. Mən uzun illər bütün qəlbimlə Rusiyanın gözəl insanlarıyla birgə olmuşam. Mən onlarla vaxt keçirmişəm, məmnuniyyətlə gülmüşəm, oxumuşam, oynamışam, birlikdə çoxlu xeyirxah işlər görmüşük. Mən bu prosesi ləyaqətlə dayandırdım ki, onların qarşısında təmiz və dürüst qalım. Bütün neqativə baxmayaraq, məni dəstəkləyən insanlara minnətdaram. Neqativdən daha çox sevgi gördüm mən. Biz daim bizi bir-birimizə yaxınlaşdıracaq layiqli yolu tapacağıq, ancaq indi məsələ üzdə göründüyündən daha qəlizdir.

- Siz Tbilisidəki aksiyanın iştirakçılarıyla, həmçinin polisin davranışından xəsarət alanlarla görüşmüsünüzmü?

- Yox, mən ancaq orda bir dəfə, mitinqdə çıxış etdiyim vaxt oldum. Mitinqlərdə iştirak etməyə vaxtım yoxdur. Mən mitinqçilərin tələblərini paylaşıram. Hazırda qalan tələblər Gürcüstanın daxili məsələsidir. Söhbət insanların məsuliyyətindən gedir, indi 21-ci əsrdir və hər kəs öz davranışlarına cavabdeh olmalıdır. Bu, dəstəklənməli olan gənc nəsildir. Tarix göstərir ki, heç vaxt heç kimsə öz gənclərini qorumur. Və ona görə də onlar həmişə daha çox əziyyət çəkirlər, onları həmişə birinci öldürürlər, gözlərini onlar birinci itirirlər (Tbilisidəki mitinqlər zamanı 19 yaşlı bir qız və 23 yaşlı oğlan rezin güllədən gözünü itirib- red.). Bu çox ağrılıdır, çünki onlar təmizdirlər, onların sağlam etirazları var, onlar tamamilə başqa dünyada böyüyüblər. Bu, bütün dünya üçün sadəcə belə əsrdir. 90-cı illərdən sonra ölkələr arasında özlərinə nümunə götürəcəkləri heç bir müsbət tarix olmamışdı. Bəli, onlar istiqanlıdırlar, bəli, onların elə mətnləri və şüarları var, mən razı deyiləm. Amma onlar bütün qəlbləriylə danışırlar və onları dəstəkləmək lazımdır. İnsanlar gözlərini itiriblər, amma Rusiya Federasiyasından olan insan gəldi, heç parlamentə çatmamış, “İşğal haqqında” qanunu pozdu. Bu artıq çox şey deməkdir. Sadəcə olaraq öz davranışlarına cavabdeh olmaq lazımdır, vəssalam.

- Vladimir Putinin mətbuat katibi Dmitri Peskov sizin bəyanatınıza cavabında deyib: “O çox istedadlıdır, amma deyəsən, siyasət haqqında az bilir. Əgər suallar olarsa, biz həmişə aydınlaşdırmağa hazırıq”. Peskovun sizə nəyisə aydınlaşdırmağını istərdinizmi?

- Mən hətta bilmirəm buna necə reaksiya verməliyəm. Biz fərqli bucaqlardan baxırıq. Mən siyasətçi deyiləm, siyasətçi olmaq istəyim də yoxdur, ancaq təkcə emosional bəyanat verməklə qalmayıb, öz danışıq və davranışlarımın arxasında duracaq qədər qədər yetkin insanam. Bir dəfə cavab verdim. Mən öz məsələmi bağlamışam. Təsəvvür edirsiniz? Hər şeyi bağlamışam. İllər və onilliklər ərzində etdiyim hər şeyi. Mən məni sevən insanları, özümün sevdiyim insanları ağrıtmışam. Məncə, bu məqamda siyasət heç vacib də deyil. Burda bir neçə həftə yaşamaq bəsdir ki, nələrin başverdiyini görəsiniz. O zaman xoşbəxt olardım ki, biz həqiqətən də bir-birimizə açılaq, daha az neqativ propaqanda olsun. And içirəm ki, bunları asanca həll etmək olardı. Mənə qarşı bəyanatlara və münasibətə qaldıqda isə, əlbəttə, aydınlaşdırma mənum üçün maraqlı olardı, amma fikrimcə, biz hamımız bir-birimizi tanıyırıq və ən əsası isə bir birimizə hörmət etməliyik.

- Postunuzda yazmısınız ki, Gürcüstanın gələcəyi Avropadır. Bir çoxları hazırkı gürcü hökumətini ruspərəst hesab edir, bunun da nəticəsində gürcü parlamentində Sergey Qavrilov peyda olub. Rusiya kimi qonşusu ola-ola, ərizisinin 20%-i işğalda ola-ola, Gürcüstan avropalı gələcəyə keçə bilərmi?

Məncə, bu mümkündür və mütləq baş verəcək. Bu elə bir nəsildir ki, tamamilə sağlam etirazları var, onların Avropa ilə bağlı tamamilə düzgün baxış bucaqları var. Onların başqa dəyərləri var, onlar korrupsiyaya nifrət edirlər. Bu elə bir nəsildir ki, ata və atanın əlaqəsi olmadan, hansısa “arxa qapıdan” deyil, imtahanları özləri veriblər. Və əgər bizdə bu alınmasa, hamı bilir, onlar harda yaşamaq istəyəcəklər.

Mənbə: Radio Svaboda

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR