Atam Karl Saqandan ölüm və ölümsüzlük haqqında dərslər

Saşa Saqan

Hər şeydən biraz
Photo

Qumsal rəngli daş evdə yaşayırdıq, qapının üstündə qanadlı ilan və günəş diski oyması vardı. Sanki qədim Şumerdən qalma, ya da “İndiana Cons”dakı bir evdi –hər bir halda, Nyu-Yorkun şimalında belə bir ev görmək gözlənilən deyildi. Dərin dərəyə baxırdı və dərənin arxasında İtaka şəhəri yerləşirdi. Keçən əsrin əvvəllərində Korneldəki Sfinks Başı Məqbərəsi adlı gizli cəmiyyətin qərargahı olub, əsrin ikinci yarısında isə bir neçə yataq otağı və mətbəx əlavə olunub. 1980-ci illərdən etibarən xüsusi evə çevrilib və mən gözəl atam və anamla birgə bu evdə yaşamışam.

Atam astronom Karl Saqan Kornel Universitetində fəza elmlərindən və tənqidi düşüncədən dərs deyirdi. O dövrlərdə atam artıq məşhurlaşmışdı və tez-tez televiziyada görünürdü, oradan isə kainat haqqında yoluxucu bir öyrənmək həvəsi ilə milyonlarla insanı ilhamlandırırdı. Lakin Sfinks Başı Məqbərəsinin içində o və anam Enn Druyan kitablar, esselər və birlikdə ssenarilər yazırdılar, mövhumatın, mistisizmin və kor etiqadın mədəniyyəti ələ keçirəcəyi təhlükəsini hiss etdikləri bir məkanda elmi metod fəlsəfəsinin populyarlaşdırılmasına çalışırdılar. Onlar bir-birilərinə qarşı dərin sevgi bəsləyirdilər. Mən indi, artıq yetişkin bir insan kimi anlayıram ki, onların peşəkar əməkdaşlığı onların vəhdətlərinin başqa bir ifadəsi, sevişmələrinin başqa bir forması idi. Belə layihələrdən biri 13 hissəli “Kosmos” serialıydı. Bu serialı valideynlərim birlikdə yazmışdılar və 1980-ci ildə atam televiziyada təqdim etmişdi. Anam həmin serialı bu yaxınlarda yenidən təqdim etdi.

İbtidai məktəbə başlayandan günlər sonra, nahar söhbətləri vaxtı baş tutan kainatın sekulyar tarixinə və skeptik düşüncəyə dair coşqulu dərslər üçün evə tələsirdim. Valideynlərim sonsuz “niyə” suallarını səbirlə cavablandırar, heç vaxt heç bir sualı “çünki mən belə deyirəm”, ya da “çünki sadəcə belədir” deyə yola verməzdilər. Hər suala düşüncəli, səmimi cavablar verərdilər, hətta cavabları olmayan suallara da.

Hələ uşaq olduğum zamanlarda bir gün atamdan valideynləri haqqında soruşdum. Ana tərəfdən nənə-babamı yaxından tanıyırdım, lakin atamın valideynlərini heç vaxt görməməyimin səbəbini bilmək istəyirdim.

“Çünki onlar ölüblər”, qəmli halda cavab verdi.

“Onları nə vaxtsa yenidən görəcəksənmi?”, soruşdum.

Cavabını xeyli ehtiyatla götür-qoy etdi. Nəhayət, dedi, ata-anasını yenidən görməkdən daha çox istədiyi bir şey yoxdur dünyada, lakin ölümdən sonrakı həyat ideyasını dəstəkləyən nə bir səbəb, nə də bir sübut var, ona görə də özünü əbəs yerə həvəsləndirib aldada bilməz.

“Niyə?”

Çox zərifcəsinə söylədi ki, sadəcə gerçək olmağını istəyirsən deyə nəyəsə inanmaq təhlükəlidir. Əgər özünü və başqalarını, xüsusilə də səlahiyyət sahibi olan insanları sorğulamasan, səni aldada bilərlər. Dedi, həqiqətən gerçək olan şey sınaqdan keçirilməyə, yoxlanılmağa tab gətirməlidir.

Sorğulamadığımız inanclarımız bizi hansı risklərə atır?

Xatırladığım qədər, ölümün əbədiliyini ilk dəfə bu zaman anlamağa başladım. Kiçik varoluşsal böhrana girdiyimi görən valideynlərim öz elmi dünya görüşlərindən yayınmadan məni sakitləşdirdilər.

İndiki anda sağsan, yaşayırsan. Bu, çox möhtəşəm bir şeydir”, dedilər mənə. Bir insanın doğulmasına aparan yolda, az qala, sonsuz sayda şaxələr, yolayırıcılar gördüyün zaman, məhz bu anda sənin sən olduğun üçün minnətdar olmalısan, dedilər. Saysız-hesabsız potensial fərqli kainatları düşün, məsələn, sənin ulu babaların-nənələrin heç vaxt görüşməyiblər və sən heç vaxt doğulmamısan. Hər şeydən əlavə, havanı nəfəsinə çəkmək, suyu içmək və ən yaxındakı ulduzun qızmarlığını sevmək təkamülünə uğradığın bir planetdə yaşamağın həzzinə sahibsən. DNT vasitəsilə keçmiş nəsillərə calanırsan, hətta daha uzaq keçmişə - kainata, çünki bədənindəki hər hüceyrə ulduzların qəlbində bişirilib. “Biz ulduz maddələriyik”, atamın bu sözləri məşhurdur və mənə də belə hiss etməyi öyrətmişdi.

Valideynlərim mənə öyrədirdi ki, hətta əbədi olmasa da, yaşamaq özlüyündə çox gözəl şeydir - çünki əbədi deyil və hər birimiz buna görə minnətdarlıq hissi keçirməliyik. Əgər əbədi yaşayasaydıq, həyat bu qədər möhtəşəm olmazdı.

Yeddi yaşım olanda başqa bir evə, beş dəqiqəlik uzaqlıqda daha böyük bir evə köçdük, qardaşım Semin gəlişinə hazırlaşırdıq. Sfinks Başı Məqbərəsi valideynlərim onu yenidən təmir prosesinə başlayana qədər qısa müddət boş qaldı. Onlar rahat yazmaq, oxumaq və birgə çalışmaq üçün daha geniş məkan istəyirdilər. Evin yenidən qurulması həmişəki kimi uzun çəkdi, lakin yenilənmiş və daha gözəl düzəldilmiş evdən çox istifadə edilmədi. Qısa müddət sonra atam solğun görünməyə və bir az zəifləməyə başladı. Tibbi yoxlanışdan və qan testindən sonra məlum oldu ki, atam nadir qan xəstəliklərindən birinə tutulub.

Sietla köçdük, orada ən yaxşı həkimlər tərəfindən müalicə oluna biləcəkdi. Yaxşılaşma, pisləşmə, sümük iliyinin köçürülməsi; pisləşmə, sümük iliyinin ikinci dəfə köçürülməsi, yaxşılaşma; pisləşmə, sümük iliyinin üçüncü dəfə köçürülməsi. Və sonra 1996-cı ilin qış gündönümündə, atam bizi tərk etdi. 14 yaşım vardı.

Düşüncəmizi daşlaşdıran şey nədir?

Sfinks Başı Məqbərəsi istifadəsiz qaldı, yavaş-yavaş atamın kağızları, əlyazması qeydləri, fotoları, etməli olduğu işlərin siyahıları, doğum günü kartları, uşaqlıq rəsmləri və tələbələri qiymətləndirmə cədvəlləri ilə doldu. 5 metr hündürlüyündə dəmir şkaflara yığılmış minlərlə şəxsi əşyalar. Anam bu xatirə əşyalarının və əlyazmalarının – böyük insanın böyük bir yaşamına şahidlik edən bu nəsnələrin qorunub saxlanması üçün ünvanlar axtarmağa başladı. Lakin heç bir universitet və ya institut bu əşyalara layiq olduğu qoruyucu qayğını göstərməkdə istəkli deyildi.

Aylar illərə çevrildikcə anam özünü atamın mirasını davam etdirməyə həsr etdi. Bir növ, onların birliyi və əməkdaşlığı atamın ölümündən sonra da davam etdi. “Kosmos”un yenilənmiş versiyasını hazırlamaq ideyası ağlına gəldikdən sonra dörd ilini ağır işə, görüşlərə və ehtimallara həsr etdi. Sonra “Qriffinlər”in (“Family Guy”) yaradıcısı, atamın əsərlərinin böyük fanatı olan Set Makferleynlə görüşdü. Qısa müddət sonra böyük ölçüdə Setin sayəsində yeni “Kosmos” işə başladı. Sükan arxasında anam, məftunedici Neil Deqrass Taysonun aparıcılığı ilə elmin əzəməti və atamın əyləncəli skeptizm tərzi on milyonlarla insana nümayiş etdirildi.

Lakin Set atamın əvvəllər haqqında xeyli dərəcədə az danışılmış mirası ilə bağlı başqa bir işin də öhdəsindən gəldi: Onun sayəsində Sfinks Başı Məqbərəsindəki bütün şeylərin – nüvə qışı haqqında esselərin, Veneradakı iqlim haqqında elmi işlərin, ideya parçalarının, xəyali ulduzlararası missiyanın pilotu haqqında yeniyetmə rəsmlərinin – Konqres Kitabxanasında mühafizə edilməsi mümkün oldu.

Atamın ölümündən sonra, bir növ, ölümsüzlük – kiçicik, insana və yer kürəsinə məxsus bir ölümsüzlük qazandığını hiss etmək mənimçün böyük bir şərəfdir. Lakin bu, insanın əldə etməyə ümid bəsləyə biləcəyi yeganə ölümsüzlükdür. Bir gün sivilizasiyamız dağılacaq. Konqres Kitabxanası xarabalığa çevriləcək, İskəndəriyyə Kitabxanası kimi. Böyük anlamda, növümüz bir gün nəhayət bitəcək və ya bizim pərəstiş etdiyimiz şeylərə pərəstiş etməyən başqa bir növə çevriləcək. Sonra isə bir neçə milyard il keçəcək, günəş öz sonu ilə üzləşəcək və yer üzündəki bütün həyat da onunla birlikdə məhv olacaq.

Böyüdükcə gerçək ölümsüzlüyün mümkün olmamasının bütün səbəblərini atamdan öyrəndim, lakin hələ də 23 və ya 24-cü əsrdə şagirdlərin şüşə altında atamın əlyazmalarına baxdığını təsəvvür edir və onun həyatının həqiqətən də hansısa bir maddi formada davam etdiyi duyğusuna qapılıram.

Bizi ölümsüzlük gözləyir

Sərin, boz noyabr günündə, atamın doğumunun 79-cu ildönümündə “Karl Saqan və Enn Druyan Arxivi üzrə Set Makferleyn Kolleksiyası”nı qeyd etmək üçün ailəm, dostlarımız və atamın həmkarlarından və keçmiş tələbələrindən çoxu Vaşinqtonda Konqres Kitabxanasına yığışmışdıq. Lakin ölkə tarixinin bu nəhəng katedralına girdiyim zaman məni ölümsüzlük duyğusu deyil, onun anti-tezisi bürüdü. Qutenberq Bibliyasının və Qettisberq Nitqinin məşhur orijinal nüsxələri qarşısında dayanarkən düşündüm: Bu, əbədi həyat üçün abidə deyil, sadəcə, mavzoleydir.

Cütlüklərin öz əhd-peymanlarını yenilədikləri kimi, biz də kədərlərimizi yenilədik. Həmin anda atam onu sevənlərin beynində həm necə canlı, həm də necə kədərli bir yoxluq idi! Ölüm və ölümsüzlük tapmacası həmin gün Konqres Kitabxanasında mənimçün büllurlaşdı, lakin bu, elə valideynlərimin Sfinks Başı Məqbərəsində mənə ilk dəfə öyrətdiyi, nəhəng kainatdakı kiçik yerimiz haqqındakı eyni paradoksdur.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR