Kafka dözülməz sevgili idi

Hər şeydən biraz
Photo

Frans Kafkanın Felis Bauerə “Sevgi məktubları”

Eleanor Bass

Çex yazıçısı Frans Kafka 1912-ci ilin sentyabrında, bir gecə ərzində, özünün də xüsusi qürur duyduğu qısa hekayəsi “Das Urteil”i (“Hökm”) yazdı. Hekayəni altı həftə öncə tanış olduğu qadın Felis Bauerə həsr etmişdi. Təzəlikcə nişanlanmış gənc bir oğlanla atası arasında emosional olaraq eybəcər hala düşmüş bir münasibətdən bəhs edən bu hekayədə ənənəvi sevgidən danışılmır. Praktik düşüncəli, özü-özünə kafi, Berlində istehsalat şirkətində işləyən gənc qadın Felis Bauer və onun Praqadakı xəstə, iztirablı aşiqi arasındakı münasibət də ənənəvilikdən, adilikdən çox uzaqdı. Kafkanın ona məktublarında bu cür xəbərdarlıq fikirləri olurdu: “məndən heç vaxt saf, qatqısız xoşbəxtlik əldə edə bilməyəcəksiniz; sizə yalnız saf iztirab təklif edə bilərəm.” Ya da bu cür qeyri-adi mehribanlıq, zəriflik təklifi: “Qollarımızdan istifadə edə bilmiriksə…o zaman, icazə verin, giley-güzarlarımızla qucaqlaşaq.

1912-ci ildə dostu Maks Brodun evində Felislə tanış olanda Kafka artıq özünü yazıçı həyatına həsr etmişdi. Yazıçı həyatını həm də sığorta şirkətindəki işi ilə uyğunaşdırmağa çalışırdı, buna görə də gecələr yazmağa məcbur idi. Yazışdıqları beş il ərzində çox nadir görüşərdilər. Kafka tez-tez yazı ehtiyaclarının və səhhətindəki problemlərin səfər etməsinə mane olduğunu vurğulayırdı. Onların münasibəti böyük ölçüdə məktublar vasitəsilə idarə olunurdu. İlk günlər məktublardan bu cür asılılıq Kafkaya açıq-aşkar əzab verirdi: “Bir insan başqa birini yalnız sözlərlə necə əlində saxlaya bilər?” deyə gileylənir. Rutin olaraq gün ərzində iki dəfə məktub yazır, Felisdən kifayət qədər cavab gəlməyəndə narahat olurdu. Məktublarından birində Kafka onu biganəliyinə görə günahlandırır (“Sən məndən bezmisən artıq, bunun başqa izahı ola bilməz”), növbəti həftə isə bağışlanmağını istəyir (“Mənimlə qal, tərk etmə məni”). 1913-cü ildə yazdığı aşağıdakı sözlərdə bilərəkdən istehza edib-etmədiyini anlamaq olmur: “Bu qədər çox məktub yazmaq dəliliyinə bir son verməliyik; hətta dünən bu mövzuda bir məktub yazmağa başladım, sabah sizə göndərəcəyəm.”

Kafkanın Felisə göndərdiyi beş yüzdən artıq məktub onun emosionallığın və ev həyatının şirnikləndiriciliyi ilə yaradıcılığı üçün lazım olan tənhalıq və öncəlik tələbləri arasında çətin mübarizə apardığını aşkara çıxarır. 1912-ci il, 11 noyabr tarixli məktubunda qadından aldığı məktubların və onların yaratdığı duyğuların onun əhvalını necə tez-tez dəyişdiyini izah edir – hətta o qədər dəyişkənlik təsiri göstərir ki, məktublaşmaqdan tamamilə imtina etməyi təklif edir. Bütün təlaşlarına baxmayaraq münasibətləri davam edir və cütlük nəhayət nişanlanırlar. 1914-cü ilin yayında Felisin ailəsi nişanlılığı qeyd etmək üçün ziyafət təşkil edir. Kafka bu ziyafət haqqında gündəliklərində ziyafət istəyində olmadığını, özünü “əl-ayağı qandallanmış cinayətkar” kimi hiss etdiyini yazır. Çox keçmədən, Berlindəki Askanische Hof otelində aralarında keçən gərgin görüşdən sonra nişanlılıqlarına son verirlər. 1914-cü ilin oktyabrın sonları, noyabrın əvvəllərində yazdığı məktubda Kafka öz fikrincə ayrılmalarına səbəb olan amilləri sıralayır. 1915-ci ilin yanvarında aralarında hələ də həll edilməmiş qalan münasibətlə bağlı acı-acı yazırdı: “Çox yazmaq istəmirəm…məktublar yazmaqla çox şey əldə edə bilmədik.”

Nabokovun məktublarında nələr gizlənir?

1913-cü ilin fevralında yazdığı bir məktubunda Kafka yazırdı: “Felis, elə zamanlar olur ki, sizin mənim üzərimdəki gücünüzü çox hiss edirəm və həmin anlarda sizin məni təbii olan şeyləri etmək bacarığı olan insana çevirə biləcəyinizi düşünürəm.” Felisə olan sevgisinin böyüklüyünə baxmayaraq, bu münasibət Kafkanı intizamlı yaradıcılıq həyatından ayıracaq qədər şirnikləndirməyə kifayət etmədi. 1913-cü ilin payızındakı bir məktubunda duyğularını etiraf edir: “ən böyük insani xoşbəxtliyi yazmaq naminə rədd etmək.” Cütlük 1917-ci ilin iyulunda ikinci dəfə nişanlanır, lakin Kafkanın pisləşən səhhəti (artıq vərəmdən əziyyət çəkirdi) bir neçə ay sonra münasibətlərinə son qoydu. Felis başqası ilə evləndi və uşaqları oldu. Kafka 1924-cü ildə vərəmdən vəfat edənə qədər, iyirminci illərin əvvəllərində bir neçə qadınla romantik münasibətlərdə oldu. Sağlığında çox az uğur əldə etmiş Kafka, ölümündən sonra dərc olunan unikal qaranlıq və qorxunc əsərləri ilə iyirminci əsr ədəbiyyatının aparıcı fiqurlarından birinə çevrildi.

11 noyabr, 1912

Xanım Felis!

İndi sizdən tamamən dəli bir xahiş etmək istəyirəm və bunu məktubu qəbul edən tərəf sanki mənmişəm kimi söyləyirəm. Bu həm də ən mərhəmətli bir insanın keçdiyi çox böyük sınaqdır. Xahişim budur:

Mənə həftədə yalnız bir dəfə yazın, məktubunuz mənə bazar günü çatsın – çünki gündəlik məktublarınıza dözə bilmirəm, onlara tab gətirmək gücündə deyiləm. Məsələn, məktublarınızdan birinə cavab yazıram, sonra çarpayıda sakitcə uzanıram, lakin qəlbim bütün bədənim boyunca döyünür və əqlim yalnız sizi düşünür. Mən sizə məxsusam; bunu başqa cür ifadə edə bilmirəm və hətta bu da kifayət qədər güclü ifadə deyil. Məhz bu səbəbdən, məsələn, sizin nə geyindiyinizi bilmək istəmirəm, bu məni o qədər çaşdırır ki, həyatımla məşğul ola bilmirəm. Və məhz buna görə sizin mənə aşiq olduğunuzu bilmək istəmirəm. Əgər bunları bilsəm, bu səfeh ağlımla, gözlərim qapalı qatara sıçrayıb, yalnız sizə yetişəndə, sizinlə birlikdə olduğum zaman gözlərimi açmaq əvəzinə mən necə ofisimdə, ya da evimdə sadəcə oturmağa davam edə bilərəm? Ah, bunu etməməyim üçün kədərli, çox kədərli bir səbəb var. Müxtəsər: mənim sağlamlığım yalnız özümə bəs edir, yaxşı bir evlilik üçün, nə də atalıq üçün kifayət deyil. Lakin məktubunuzu oxuyanda, nəzərə alınmaması mümkün olmayan məsələlərə göz yuma biləcəyimi, nəzərə almaya biləcəyimi hiss edirəm.

Kaş cavabınızı elə indicə ala biləydim! Və otağınızın sakitliyində bu məktubu, masanızdakı məktubların indiyədək ən murdarı olan bu məktubu oxuyarkən sizə necə də dəhşətli dərəcədə əzab verirəm, sizi necə də vadar edirəm! Kaş şənbə günü yazdığım məktubu göndərmiş olaydım; mənə heç vaxt yazmamanız üçün yalvardığım və özümün də oxşar vədi verdiyim məktubu… Lakin indi hüzurlu bir həll mümkündürmü? Həftədə yalnız bir dəfə yazışsaq, kömək edərmi, görəsən? Xeyr, əgər mənim əzablarım bu cür vasitələrlə sağalacaqsa, bu, çox da ciddi olmazdı. Artıq hiss edirəm ki, hətta bazar günü məktublarına da tab gətirə bilməyəcəyəm. Və şənbə günü itirdiyim imkanı kompensasiya etmək üçün, bu məktubun sonunda son enerjimlə sizdən xahiş edirəm: Əgər həyatımıza dəyər veririksə, gəlin məktublaşmaqdan vaz keçək.

Nitşe və Freydi özünə aşiq edən, dünyanın ilk psixoanalitik qadını Lu Salome

Sonda imza yerində özümü “Dein” (“Sizin”) deyə qeyd etməyi düşündümmü? Xeyr, bundan daha yalan heç nə yoxdur. Xeyr, mən əbədi olaraq yalnız özümə buxovlanmışam, mən buyam və bununla yaşamağa cəhd etməliyəm.

Frans.

Oktyabrın sonları/noyabrın əvvəlləri, 1914.

Felis, bu keçən üç ayda aramızda heç nə dəyişmədi, nə yaxşıya doğru, nə pisə... Əslində, sizə yazmaq ağlıma gəlmirdi; məktubların və yazılmış sözlərin bihudəliyi Askanische Hof-da açıq-aydın göründü. Lakin başım eyni qaldığına görə (bu gün bütün günü ağrımağına baxmayaraq), sizi düşünmək və arzulamaqdan hələ də əl çəkməyib. Beynimdə sizinlə birgə yaşadığım həyat isə yalnız bəzi hallarda qəzəbli və acı olur, əksər hallarda hüzurlu və xoşbəxt...

…Eşitdiyiniz və gördüyünüz şeylərə inanmağa qadir olmadığınıza görə, hələ də deyilməmiş şeylərin qaldığını düşündünüz. İşimin mənim üzərimdəki nəhayətsiz gücünü dəyərləndirə bilmədiniz; dəyərləndirdiniz, lakin tam deyil. Nəticədə, əsərlərimlə bağlı– yalnız əsərlərimlə bağlı sizi karıxdıracaq səviyyədə qəribə olan qayğılarımı yanlış anlamağa məhkum oldunuz. Bundan əlavə, bu qəribəliklər (mənfur qəribəliklər, qəbul edirəm, hər şeydən əlavə, özümə də mənfur gələn qəribəliklər) digərlərindən fərqli olaraq, sizinlə olduğum zaman daha çox özünü biruzə verdi. Bu, qaçılmaz idi və əlimdən bir şey gəlmirdi. Görürsünüz, siz əsərlərimin təkcə ən böyük dostu deyil, həm də ən böyük düşməni idiniz. Beləcə, mənim yaradıcılığım sizə olan fundamental, miqyassız sevgisinə rəğmən, özünü qorumaq naminə sizə bütün gücü ilə qarşı çıxmaq məcburiyyətində qaldı…

…İçimdə bir-birilə döyüşən iki mən olub həmişə və hələ də var. Onlardan biri olmağımı arzu edəcəyiniz və kiçik bir cəhdlə sizin arzularınızı həyata keçirə biləcək məndir… Digər mən isə, tək qayğısı olan işindən, əsərlərindən başqa heç nə düşünmür. Ən rəzil, əclaf fikirlər belə ona kifayət qədər normal görünür; ən əziz dostunun ölümü onun üçün yaradıcılığına müvvəqqəti maneədən başqa bir şey deyil. Bu rəzillik onun öz əsərləri uğrunda əzab çəkməsi faktı ilə kompensasiya olunur. Bu iki mən təkbətək döyüşdə bir-birilərinə kilidləniblər, lakin bu, iki cüt yumruğun atıldığı adi bir döyüş deyil. Birinci mən ikincidən asılıdır; birinci mən heç vaxt, öz ayrılmaz daxili səbəblərinə görə heç vaxt digər mənə qalib gələ bilməz. Əksinə, birinci mən həmişə digər mənin qalibiyyətindən məmnun olur və əgər ikinci mən uduzsa, birinci mən dizlərini yerə qoyub bütün duyğularını təslim edər. Bu, belədir, Felis. Lakin onlar bir-birinə ilişib qalıblar və onların hər ikisi sizin ola bilər…

Əslində, bu o deməkdir ki, gərək bütün bunları bir tam olaraq qəbul edəydiniz. Gərək anlayaydınız ki, burada baş verən hər şey həm də sizə görə baş verir. Və işimin özü üçün tələb etdiyi, tərslik və kapriz kimi görünən bütün şeylər sadəcə həm işimin özü xatirinə, həm də işimə qəti düşmən olan həyat şərtlərimin məcbur etdiyi məqsədəuyğun, vacib şeylərdi…

Buddizm sevgililər üçün necə faydalı ola bilər?

…Günün öz ehtiyaclarıma uyğun keçirdiyimi hesab etdiyim saatlarını bu sakit otaqlarda oturaraq və ya uzanaraq keçirirəm, heç kimi görmədən, və.. – xoşbəxt deyiləm, heç xoşbəxt deyiləm, amma bununla öz vəzifəmi, ən azından şərtlərin imkan verdiyi qədər yerinə yetirdiyim fikrindən də zaman-zaman məmnun oluram.

… Tierqartendə davamlı olaraq istinad etdiyiniz və sizi danışmaqdan çox susqunluğa vadar edən o qorxular…nələr idi? Onlar mənim həyat tərzimi, həm də dolayısı ilə məqsədlərimi – sizi incidən, sizinkilərə uyğun gəlməyən məqsədlərimi bəyənməməkdirmi? … Dönə-dönə qorxu. Mən buna bəyənməməkdən daha çox qorxu deyirəm, lakin bu iki duyğu bir-birilə əlaqəlidir. Askanische Hof-da yekun olaraq söylədiyiniz şeylər bütün bunların son püskürməsi deyildimi?... Son dəfəki davranışımla bağlı məndən izahat tələb edirsiniz. Bunun izahı sizin bütün qorxularınızın, bəyənməmələrinizin davamlı olaraq mənim gözlərimin önündə baş verməsi faktıdır. İşimi qorumaq mənim borcum idi, yalnız bu iş mənə yaşama haqqı verir və sizin qorxularınız artıq isbat olundu, ən azından, məni də qorxmağa vadar etdi…budur mənim işim üçün ən böyük təhlükə…

… ev haqqında sizin bütün fikirləriniz… bu nəyi göstərir? Bu onu göstərir ki, siz mənimlə deyil, başqaları ilə razısınız… Bu başqaları evləndikləri zaman, demək olar, artıq hazır, maddi olaraq doymuş olurlar…Lakin mən belə deyiləm, mən hazır deyiləm, hətta evliliyin bir ilindən digərinə qədər davam edəcək bir işim də yoxdur. O burjua səliqəsindəki daimi bir evə ehtiyacım yoxdur – məsələ təkcə bu tip evə ehtiyacım olmadığı da deyil. Əslində, bu məni qorxudur…

…Siz cavab yazmalısınız, Felis, fərqi yoxdur, məktubuma nə qədər etiraz edəcəksiniz… Dünən gecə elə anlar oldu ki, dəlilik sərhədlərini artıq keçdiyimi düşündüm. Və mən özümü necə xilas etməli olduğumu bilmirəm…

Frans.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR