Bizi ölümsüzlük gözləyir

Mitio Kaku

Müsahibə
Photo

Yapon əsilli tanınmış amerikalı nəzəriyyəçi fizik və elmin aktiv populizatoru Mitio Kaku yaxın gələcəkdə insanlığı nələrin gözlədiyindən danışıb. Elm adamının sözlərinə görə, robotlar tezliklə insanlığı tamamilə əvəz edə bilməyəcək, insanlar isə yaxın on illiklərdə ölümsüzlük problemini həll edə bilərlər. Mitio Kaku Moskvada Rusiya regionlarının III sosial innovasiyalar forumunda “RİA Novosti”yə müsahibə verib. Bilge.az materialı oxucularına təqdim edir.

- Gələcək onilliklərdə hansı həyat sferaları radikal dəyişikliyə məruz qalacaq?

- Hər şey rəqəmsal formata keçəcək. Və bizim süni intellektimiz olduğundan, industriyalar bir-birinin ardınca mütamadi dəyişəcək. Rəqəmsal formata ilk keçən musiqidir. Mən musiqi bəstəçiliyindən deyil, onun dinləyiciyə çatmasından danışıram. İnsanlar şokda idilər: heç nədən, havadan musiqiyə qulaq asmaq mümkün olmuşdu. Bu öz vaxtında bizim həyatımızı tamamilə dəyişdirdi.

Musiqinin bəstələnməsinə qaldıqda isə, məhz burada süni intellekt bitir və insan fəaliyyəti başlayır. Ona görə ki, robotlat yeni, innovasion və emosional nəsə yarada bilmirlər.

Musiqidən sonra indi növbə nəşriyyatda, mətbuatdadır. Gələcəkdə növbə tibbə və həyatın digər sahələrinə də gəlib çatacaq. Süni intellekt bir tərəfdən hər yanda, digər tərəfdən heç yanda olmayacaq. Bunu elektriklə müqayisə etmək olar, o görünməzdir, eyni anda hər yerdə və heç yerdədir.

- Biz gələcək barədəki bir çox filmlərdə maşın və robotların üsyanını görmüşük. Siz buna inanırsınızmı?

Həm bəli, həm də xeyr. Məncə, yaxın bir neçə onillikdə süni intellekt bəzi iş yerlərində insanları əvəz edəcək, həyatı daha sadə və ucuz edəcək.

Lakin indi onlar robot olduqlarını bilmirlər. Siz robotla ünsiyyət qura bilərsiniz, ancaq onlar bizim insan olduğumuzu bilmirlər. İndi onlar özünüdərkdən məhrumdurlar. Bunu heyvanat aləmi ilə müqayisə etmək olar – məsələn, meymunlar meymun olduqlarını bilirlər. İtlər isə məsələn, əmindirlər ki, biz də itik, sadəcə onların bələdçisi olan itlər.

Ona görə də robotlar hələlik itlər qədər ağıllıdırlarsa, problem yoxdur. Amma onlar meymunların ağıl səviyyəsinə çatanda, biz ehtiyatlı olmalı olacağıq. Fikrimcə, bu, XXI əsrin sonlarında baş verəcək. Onda onların beyninə xüsusi çip yerləşdirməli olacağıq ki, istənilən təhlükəli məqamda söndürə bilək.

Karl Saqan: İblislərlə dolu dünya - Elmin şam işığında

- Bu gün texniki tərəqqi çox sürətlə gedir, ən inanılmaz ixtiralar gündəlik həyatın bir parçasına çevrilir. Bəs bu, yoxsul ölkələr daxil olmaqla, nə dərəcədə bütün dünyada yayıla bilər?

- Fikrimcə, bu mənada zəngin və yoxsul ölkələr arasındakı uçurum getdikcə qapanacaq. Mən Nyu-Yorkda yaşayıram, əgər siz yoxsul rayona getsəniz, orada uşaqların və yeniyetmələrin smartfon işlətdiklərini, internetdə oturduqlarını görəcəksiniz. Metroya minsəniz, hər kəsin bir-biriylə sosial şəbəkələrlə ünsiyyət qurduğunu görəcəksiniz.

Yaxın gələcəkdə internet demək olar ki, hər yerdə olacaq. Hətta bu gün siz Everest zirvəsinə dırmaşsanız, elektron poçtunuzu yoxlaya bilərsiniz, peyk interneti sürətlə inkişaf edir. Ona görə də çox tezliklə istisnasız hər kəs ümumdünya internetinə çıxış əldə edəcək. Yoxsul ölkələrdə insanlar tez-tez vanna və mobil telefon almaq seçimi arasında qalanda, sonuncusunu seçirlər. Ola bilsin, onlar tərəqqinin əhəmiyyətini hamıdan yaxşı başa düşürlər və var gücləriylə zamanla ayaqlaşmaq istəyirlər.

- Bəs siz ümumi kompyüterləşməyə necə baxırsınız?

- Bəzən mənə müraciət edən valideynlər uşaqların internetdə həddindən artıq vaxt keçirmələrindən şikayətlənirlər. Mən onlara belə cavab verirəm. Əgər uşaqlar sosiallaşıblarsa, əgər onlar sosial şəbəkələrdə həmyaşıdlarıyla oynayır və ünsiyyət qururlarsa, dostlar qazanırlarsa – bu, sosial fəaliyyətin bir növüdür. Amma əgər övladınız real və virtual dünyada eyni vaxtda özünü düzgün apara bilmirsə, onda siz yaxşı valideyn deyilsiniz. Uşaqlar sosial şəbəkələrdə asanlıqla istifadə etməyi bacarmalı və formalaşmış davranış qaydalarını bilməlidirlər.

Mənim valideynlərim telefonların meydana çıxmasına şahid olmuşdular. Həmin vaxtda da bu texniki yeniliyə qarşı çıxanlar vardı. Qəzetlərdə telefonların səsi heç hardan gəldiyinə görə, şeytan ixtirası olduğunu yazırdılar. Deyirdilər ki, bu dostlarla canlı ünsiyyətə son qoyacaq. Yeri gəlmişkən, tənqidçilər haqlı çıxdılar – biz telefonla danışmaqla çox vaxt keçiririk.

Eynisini mobil telefon haqda da demək olar. Amma başa düşün, bu “düşmən”lə vuruşmaq lazım deyil, bu, sadəcə ünsiyyətin yeni formasıdır. Axı sizə zəng gələndə, necə cavab verəcəyinizi bilirsiniz. Onlaynda da qayda budur, uşaqları yetkin həyata hazırlaşdırmaq lazımdır. Əlbəttə, valideynlər ehtiyatlı olmalıdırlar – internet bizim məlumatlarımızı və pullarımızı oğurlamaq istəyən cani və dələduzlarla doludur. Ona görə də uşaqları nə vaxtsa yox, elə indi maarifləndirmək lazımdır.

- Süni intellektdən başqa, yaxın 30-40 ildə daha hansı vacib ixtiralar ortaya çıxa bilər?

- Elmdə bir neçə vacib ixtira olub. Birincisi buxar mühərrikidir ki, sayəsində sənaye inqilabı baş tutub. İkincisi elektrikdir, şəhərlərin elektrikləşdirilməsidir. Üçüncüsü tranzistor və lazerdir, onların da sayəsində internet və telekommunikasiya təkmilləşməyə başlayıb. Dördüncü mərhələyə bir neçə texnologiya sığışacaq: süni intellekt, nanotexnologiya və biotexnologiya. Bu üç drayver gələcəyin qaranquşlarıdır. Nanotexnologiyada hər şey atomlara etibar edir, biotexnologiya DNT ilə işləyir, süni intellekt isə informasiya üzərində işləyir.

2100-cü ildəki həyatdan bir gün (1-ci hissə)

- Ən böyük dəyişikliyə həyatın hansı sferaları məruz qalacaq? Məsələn, biz yaşlanmağın qarşısını ala biləcəyikmi?

- Ölümsüzlüyə qaldıqda, burada iki istiqamət var: rəqəmsal və genetik ölümsüzlük. Rəqəmsal ölümsüzlük bizim həyatımızla əlaqədar hər şeyin rəqəmsal formata keçməsini nəzərdə tutur: e-maillər, sosial şəbəkələrdəki səhifələrimiz, şəxsi qeydlər, fotolar və s. Beləliklə, hər bir insanın danışa, düşünə və xatirələrini bölüşə biləcəyi rəqəmsal surəti yaradılacaq. Artıq indidən Silikon vadisində belə xidmətlər təklif edən şirkət var.

Gələcəkdə kitabxanaya gedəndə, Uinston Çörçil haqqında kitab oxumaq əvəzinə, onun rəqəmsal surəti ilə ünsiyyət yaradacaqsınız. Mən məsələn, məmnuniyyətlə Eynşteynlə ünsiyyət qurardım. Bir gün gələcək hamımızın belə rəqəmsal surəti olacaq və onlar bizim nəsillərimizlə danışacaqlar. İndi öz əcdadlarınızla danışa biləcəyinizi təsəvvürünüzə gətirə bilirsiniz? Onlar necə adam olublar, necə düşünüblər, necə danışıblar?

İkincisi genetik ölümsüzlükdür. Burada mən adi bir maşını misal gətirə bilərəm: avtomobil niyə yaşlanır? Mühərrikə görə. İnsanda da eynidir, yaşlılıq gen səviyyəsində baş verir. “Qırılma nöqtələrini düzəltməyi” öyrənəndə, biz ölümsüzlük məsələsini həll edəcəyik. Nəyə görə siçanlar iki il, Qrenlandiya akulaları isə 500 il yaşayır? Hər şey genlərdən asılıdır. Siçanlar qısa həyata, Qrenlandiya akulaları isə uzun həyata “proqramlaşdırılıblar”. Gələcəkdə zənnimcə, biz bu problemi həll etməyi öyrənəcəyik. Biz rəqəmsal variantda gənc və yaşlı genləri bərabərləşdirə biləcəyik və onda problemin harada baş verdiyini biləcəyik. Qısası, bizi rəqəmsal və genetik ölümsüzlük gözləyir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR