Qərb sivilizasiyası necə çökə bilər?

Hər şeydən biraz
Photo

Politoloq Benjamin Fridman bir dəfə Qərb cəmiyyətini təkərləri iqtisadi artımı çəkməli olan sabit velosipedə bənzətmişdi. İrəliyə istiqamətlənən bu hərəkət yavaşlayarsa və ya dayanarsa, Qərb cəmiyyətinin əsasını təşkil edən demokratiya, fərdi azadlıqlar, ictimai tolerantlıq kimi məfhumlar səndələməyə başlayacaq. Dünyamız getdikcə məhdud resurslar uğrunda mübarizə aparan və öz qrupundan olmayan istənilən kəsin rədd edilməsiylə müşayiət olunan eybəcər bir yerə çevriləcək. Və biz həmin velosipedin təkərlərini yenidən hərəkət etdirə bilməsək, sonda total ictimai çöküş qaçılmaz olacaq.

İnsanlıq tarixində belə çöküşlər çox baş verib və heç bir sivilizasiya nə qədər böyük olmasından asılı olmayaraq, cəmiyyəti uçuruma aparan sarsıntılardan sığortalanmayıb. İndi vəziyyət nə qədər yaxşı olursa olsun, situasiya həmişə dəyişə bilər. Növlərin nəslini kəsən asteroid toqquşması, nüvə müharibəsi və ya ölümcül xəstəlikləri saymasaq, tarix bizə deyir ki, çöküşün baş verməsində adətən bir çox faktorlar rol oynayır. Bəs onlar hansılardır və indi onlardan hansısa biri ortaya çıxmağa başlayıbmı? Heç kimə sirr deyil ki, bəşəriyyət hazırda qeyri-sabit və qeyri-müəyyən bir cığıra qədəm basıb – bəs biz geri dönüşü mümkün olmayan nöqtəyə nə qədər yaxınıq?

Gələcəyin necə olacağını proqnozlaşdırmaq mümkün olmasa da, riyaziyyat, elm və tarix Qərb cəmiyyətlərinin nə qədər ömür sürəcəyi ilə bağlı ipucları verə bilər.

Merilend Universitetinin sistemlər üzrə elm adamı Safa Motesharrei lokal və ya qlobal dayanıqlığa, yaxud çöküşə gətirib çıxaracaq mexanizmləri daha dərindən başa düşmək üçün kompüter modellərindən istifadə edir. Motesharrei və həmkarlarının 2014-cü ildə yayımladıqları tapıntılara görə, nəzərə alınmalı olan iki faktor var: ekoloji gərginlik və iqtisadi təbəqələşmə. Xüsusilə yeraltı sular, torpaq, balıq və meşə kimi təbii qaynaqların tükənməsini və bunların iqlim dəyişikliyi ilə daha da pisləşəcəyini nəzərə alanda, ekoloji kateqoriya uçuruma aparan potensial cığır kimi daha geniş şəkildə başa düşülür və təsdiq edilir.

Əgər iqlim dəyişikliyi görməzdən gəlinsə, sivilizasiya məhv olacaq

“Əllərində böyük həcmdə zənginlik və resurs toplayan elitalar cəmiyyəti qeyri-stabilliyə və uçuruma doğru itələdikləri zaman fəlakət üz verir”

Digər tərəfdən iqtisadi təbəqələşmə özünəməxsus şəkildə çöküşə gətirib çıxara bilər və bu, Motesharrei və həmkarlarını heyrətləndirən faktordur. Bu ssenariyə görə, əllərində böyük həcmdə zənginlik və resurs toplayan elitalar cəmiyyəti qeyri-stabilliyə və uçuruma doğru itələdikləri və işlə təmin eləsələr belə, hədsiz sayda çox olan həmvətənlərinin əlində çox az, ya da heç nə saxlamadıqları zaman fəlakət üz verir.

Sonda əməkçi əhali iflas edir, çünki onlara saxlanılan sərvətin miqdarı bəs eləmir, bu da əməyin azlığına görə, elitaların çöküşü ilə nəticələnir. Bu gün ölkələrin daxilində və ölkələr arasında gördüyümüz qeyri-bərabərlik artıq bu cür uyğunsuzluqlara işarə etməkdədir. Məsələn, qlobal qazanc əldə edənlərin zirvəsindəki 10%, demək olar ki, yerdə qalan 90%-in birlikdə buraxdığı istixana qazları qədər istixana qazı buraxmağa görə məsuliyyət daşıyır. Müvafiq olaraq, dünya əhalisinin təqribən yarısı günə 3 dollardan da az qazanır.

Hər iki ssenaridə modellər daşıyıcılıq qabiliyyətini göstərir – bütün əhali hazırkı təbii resurslar ilə uzun müddət keçinə bilər. Amma daşıyıcılıq qabiliyyəti həddindən artıq yüklənəndə çöküş qaçılmaz olur. Amma bu taleyi dəyişmək mümkündür. “Əgər biz bərabərsizlik, partlayış həddindəki əhali artımı, təbii ehtiyatların tükənməsi və çirklənmə səviyyəsi kimi faktorları aradan qaldıracaq – ki, aradan qaldırılması tamamilə mümkündür – məntiqi seçimlər etsək, onda çöküşdən qaça və sabit yönə doğru istiqamətlənə bilərik”, - Motesharrei deyir. “Lakin biz bu qərarları vermək üçün əbədiyyətəcən gözləyə bilmərik”.

Daha çox güc əldə etmək bizi daha da məsuliyyətsiz edəcək

Təəssüf ki, bəzi ekspertlər bizim siyasi və psixoloji bacarıqlarımızın bu cür çətin qərarlar qəbul etmək iqtidarında olmadığına inanırlar. “Dünya bu yüz illikdə iqlim dəyişikliyi problemini həll etmək üçün ayağa qalxmayacaq, çünki sadəcə olaraq, bu problemi qısa müddətdə həll etmək, adəti üzrə davranmaqdan daha baha başa gəlir”, - bu sözləri Norveç Biznes Məktəbinin professoru və “2052: Gələcək Qırx İl üçün Qlobal Proqnoz” kitabının müəllifi Jorgen Randers deyir. “İqlim problemi getdikcə daha da, daha da, daha da dərinləşəcək, çünki biz söz verdiyimiz Paris Sazişini və digər müqavilələri yerinə yetirmək qabiliyyətində deyilik”.

Bu məsələdə hamımızın vəziyyəti eyni olsa da, dünyanın ən yoxsulları çöküşün təsirlərini birinci hiss edəcəklər. Əslində, artıq indidən bəzi ölkələr nəhayətdə zənginləri daha da zəngiləşdirə biləcək şeylər üçün kömür mədənində qara işlər görürlər. Suriya məsələn, bir vaxtlar yüksək doğum rəqəmləri ilə öyünürdü, ölkənin əhalisi sürətlə artmışdı. 2000-lərin sonunda baş verən sərt quraqlıq (insani təsirlərdən qaynaqlanan iqlim dəyişikliyi ilə daha da pisləşmişdi) yeraltı su qıtlığı ilə birləşəndə isə, aqrar istehsalata dağıdıcı təsir göstərdi. Bu böhran başda gənclər olmaqla, çox sayda insanın işsiz, ümidsiz və narazı qalması ilə nəticələndi. Bir çoxları şəhər mərkəzlərinə axışdılar, məhdud resurslardan və xidmətlərdən mədət ummağa çalışdılar. Mövcud etnik gərginliklər artaraq, zorakılıq və münaqişə üçün münbir şərait yaratdı. Bütün bunlardan savayı, quraqlığın ortasında su subsidiyalarını aradan qaldıran neololiberal siyasət daxil olmaqla, pis idarəçilik ölkəni 2011-ci ildə vətəndaş müharibəsinə sürüklədi və o, səndələyə-səndələyə çöküşə doğru getdi.

“Bizim təhlükəli əraziyə daxil olduğumuzu göstərən, başqa bir əlamət “qeyri-linearlıqların” artması və ya dünya nizamında qəfil, gözlənilməz dəyişikliklərin ortaya çıxmasıdır”

Tarixən baş verən bir çox cəmiyyətlərin çöküşündə olduğu kimi Suriya nümunəsində də çoxlu faktorlar rol oynamışdı”, - bunu “Uçurumun yuxarısında” kitabının müəllifi və Vaterlodakı Balsillie Beynəlxalq Əlaqələr Məktəbinin əməkdaşı Thomas Homer-Dixon deyir. Homer-Dixon bu ümumi gücləri tektonik sarsıntılar kimi qələmə verir, onlar əvvəlcə sakitcə toplanır, sonra isə qəfildən püskürürlər.

Elm adamının sözlərinə görə, bizim təhlükəli əraziyə daxil olduğumuzu göstərən başqa bir əlamət “qeyri-linearlıqların” artması və ya dünya nizamında qəfil, gözlənilməz dəyişikliklərin ortaya çıxmasıdır, bunlara misal kimi 2008-ci il iqtisadi böhranını, İŞİD-in yüksəlişini, Breksiti və Donald Trampın prezident seçilməsini göstərmək olar.

Yaxın gələcək insanları necə supergücə çevirəcək?

Gələcəyin necə olacağını keçmiş də göstərə bilər. Məsələn, götürək, Roma İmperiyasının yüksəlişini və çöküşünü. Eramızdan əvvəl birinci yüz illiyin sonlarında romalılar dəniz vasitəsilə asan əldə oluna biləcək yerlərdə, Aralıq dənizi boyunca yayılmışdılar. Burada dayanmaq olardı, amma işlər yaxşı gedirdi və onlar torpaq yolu ilə yeni ərazilər ələ keçirməyə həvəsləndilər. Dəniz nəqliyyatı ucuz başa gəlsə də, quru nəqliyyatı ləng və bahalı idi. Bütün bu vaxt ərzində onlar özlərini qədərindən artıq şişirdir və xərcləri artırırdılar. Qarşıdakı əsrlərdə İmperiya stabil qalmağı bacardı, amma hədsiz ləng yayılmağın nəticələri özünü III əsrdə göstərdi, ölkə vətəndaş müharibəsinə və işğallara düçar oldu. Ordu büdcəni yesə də və rekord həddəki infilyasiyaya görə artan xərclərin öhdəsindən gəlmək üçün hökumətin gümüş valyutanı ucuzlaşdırmasına baxmayaraq, İmperiya özünün əsas ərazilərini saxlamağa çalışdı. Bəzi alimlər çöküşün başlanğıcını 410-cu il kimi göstərirlər, əslində isə, işğalçı visiqot paytaxtı mühasirəyə alanda, bu dramatik hadisə bir əsrdən çox davam edən çöküşün yekun nəticəsi idi.

“Ən sonda Roma artan mürəkkəbliklərin öhdəsindəm gəlməyi artıq bacarmadı”

Yutah Dövlət Universitetinin professoru və “Mürəkkəb Cəmiyyətlərin Çöküşü” kitabının müəllifi Joseph Tainter-in sözlərinə görə, Romanın çöküşündən öyrəniləcək ən böyük dərslərdən biri budur ki, mürəkkəbliyin bədəli var. Termodinamikanın qanunlarında yazıldığı kimi istənilən sistemi kompleks, nizamlı formada saxlamaq böyük enerji tələb edir və bu mənada insan cəmiyyəti də istisna deyil. III əsrdən etibarən Romanın ikiqat artan ordunu, süvari qoşunu, hər biri ayrıca bürokratiyaya ehtiyac duyan bölünmüş əyalətləri, məhkəmələri və mühafizəni – bir sözlə, status-kvonu və mərkəzdənqaçma meyillərini saxlamaq üçün öhdəlikləri getdikcə artırdı. Ən sonda o, artan mürəkkəbliklərin öhdəsindəm gəlməyi artıq bacarmadı. İmperiyanı zəiflədən müharibə yox, maliyyə çətinlikləri oldu.

Hələlik Qərb cəmiyyətləri fossil yanacaqların və industrial texnologiyaların köməyilə çöküşün oxşar xüsusiyyətlərini təxirə sala bilib - düşünürəm ki, artan benzin qiymətlərini balanslaşdırmaq üçün hidravlik sınma 2008-ci ildə, düz vaxtında baş verdi. Ancaq Tainter bunun həmişə belə davam etməyəciyini deyir. “Yüksələn dalğalardan və qasırğalardan qorunmaq üçün Manhettenin ətrafında dəniz divarı tikməli olsaydıq, xərcləri təsəvvür edin”, - o deyir. Problemin həlli kimi mürəkkəbliklərə invesitiya etməyin əvvəl-axır mənfi təsirləri olur, bu maliyyə zəifliklərinə və çöküş təhlükəsinə gətirib çıxarır. Buna görə də o, əlavə edir: “mürəkkəbliklərin öhdəsindən gəlmək üçün pul tapa bilməsək, fossil yanacaqlara üz tutan atalarımız kimi etməli olacağıq”.

Roma ilə paralellər aparan Homer-Dixon həmçinin qeyd edir ki, Qərb cəmiyyətlərinin çöküşündən əvvəl insanlar və resurslar öz qınlarına çəkiləcəklər. Münaqişələr və təbii fəlakətlər nəticəsində yoxsul ölkələrin çalxalanması davam etdikcə, nəhəng ölçüdəki miqrant dalğaları çökən regionlardan baş götürüb qaçacaq və daha stabil ölkələrdə mühacirət axtaracaqlar. Qərb cəmiyyətləri məhdudiyyətlərlə, hətta immiqrasiyaya qadağa qoymaqla cavab verəcək: milyardlarla dollara başa gələn divarlar, sərhədi mühafizə edən dronlar və qoşunlar; içəriyə giriş-çıxışla bağlı sərt mühafizə; və daha çox avtoritar, populist üslublu hökumət formaları. “Bu demək olar ki, ölkələrin periferiyanı saxlamaq və təzyiqi geriyə itələmək üçün immunnoloji cəhdidir”, - Homer-Dixon deyir.

Eyni zamanda Qərb cəmiyyətlərində onsuz da kövrək məsələ olan zəngin və kasıblar arasındakı uçurum böyüdükcə, cəmiyyətlər daxildən daha böyük qeyri-stabilliyə sürüklənmiş olacaqlar. “2050-ci ildə ABŞ və Böyük Britaniyada iki sinif təkamül edəcək, burada kiçik elita rifah içində yaşayacaq, böyük əksəriyyətin isə yaşayış səviyyəsi aşağı düşəcək”, - Randers deyir. “Çökən şey bərabərlik olacaq”.

Homer Dixon-un sözlərinə görə, ABŞ, BB-də və yaxud hardasa başqa bir yerdə insanlar qorxduqca və narazı qaldıqca, özlərinin dini, irqi və ya milli qrup kimliyinə daha da möhkəm sarılacaqlar. Meydana gəlməkdə olan ictimai çöküş ehtimalı daxil olmaqla, dəlilə əsaslanan faktların inkarçılığı geniş yayılacaq. Əgər insanlar problemlərin mövcud olduğunu qəbul etsələr belə, problemlərin qaynağını özlərinin qrupundan kənardakılarda görəcəklər, beləliklə, qəzəb artacaq. “Sən kütləvi zorakılıq üçün psixoloji və sosial önşərtlər yaradırsan”, - Homer-Dixon deyir. Lokallaşmış zorakılıq ən sonda baş verəndə, yaxud başqa bir ölkə və ya qrup işğala qərar verəndə, çöküşün qarşısını almaq çətin olacaq.

Afrikaya məsafə yaxınlığı, Orta Şərqlə torpaq körpüsü olan və Şərqdən siyasi cəhətdən dəyişkən ölkələrlə qonşu olmasına görə, Avropa bu təzyiqi birinci hiss edəcək. ABŞ çox güman, buffer rolunu oynayan okeanlara görə, bir müddət kənarda qalacaq.

“Bəzi imperiyalar sadəcə olaraq zamanla əhəmiyyətsizləşirlər”

Digər tərəfdən Qərb cəmiyyətləri zorakı,dramatik sonluğa məruz qalmaya da bilərlər. Bəzi hallarda sivilizasiyalar sadəcə olaraq yox olub gedir, tarixin arxivinə qarışılar. Randers deyir ki, Britaniya İmperiyası 1918-ci ildən bəri bu cığırda olub və digər Qərb cəmiyyətləri də eyni yolla gedə bilərlər. Zaman keçdikcə onlar qarşılarına çıxan problemlərə cavab olaraq getikcə əhəmiyyətsizləşəcəklər, həmçinin bizim bu gün eşitdiyimiz dəyərlərdən də sürətlə əl çəkəcəklər. “Qərb cəmiyyətləri uçuruma doğru getmirlər, lakin Qərb cəmiyyətinin hamar fəaliyyəti və dostyana təbiəti yoxa çıxacaq, çünki bərabərsizlik partlayacaq”, - Rander iddia edir. “Demokratik, liberal cəmiyyət uğursuzluğa düçar olacaq, Çin kimi güclü dövlətlər isə zəfər qazanacaq”.

Bu proqnozların və erkən xəbərdarlıqların bəziləri tanış gələ bilər, çünki onlar artıq baş verməkdədirlər. Homer-Dixon hazırda dünyada baş verənlərə təəccüblənməsə də - bəzi məqamlar onun 2006-da yazdığı kitabında proqnozlaşdırıb – bunların 2020-ci ildən tez baş verəcəyini gözləməyib.

Hər şeyə baxmayaraq, Qərb sivilizasiyası itirilmiş nümunə deyil. Homer-Dixon deyir ki, yüksək səviyyəli liderlik və güclü xoşniyyətlə birlikdə, qərarların verilməsində məntiq və elmdən istifadə etməklə, insan cəmiyyəti rifahın və inkişafın yüksək zirvələrinə çata bilər. Hətta iqlim dəyişikliyi qorxularıyla, əhali artımı və enerji qaynaqlarının itirilməsi ilə üzləşsək də, biz cəmiyyətləri saxlaya və daha da yaxşı edə bilərik. Lakin bunun üçün boğucu təzyiqlərə məruz qalarkən, daha az həmrəy, daha az səxavətli və məntiqə daha az açıq olmaq kimi təbii instinktlərə müqavimət göstərmək tələb olunur. Homer-Dixon deyir: “Bütün bu dəyişikliklərdən keçdikcə, dünya insaniliyini qorumaq üçün necə hərəkət edəcək - məsələ budur”.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR