Müasir insan niyə daha az sekslə məşğul olur?

Hər şeydən biraz
Photo

Simon Copland

“BBC”

Bir çoxlarının fikrincə, müasir insanlar sekslə getdikcə daha az məşğul olurlar. Bu vaqiə müasir cəmiyyətin mərkəzində duran problemlərlə bağlı nə deyir?

Biz seksual baxımdan tarixin ən azad dövrünü yaşayırıq. Doğuşa nəzarət həbləri, “Grindr” və “Tinder” kimi tanışlıq saytları bir çox baxımdan yeni imkanlar açıb.

1970-lərin seksual inqilabı dərinləşdikcə, ictimai qanunlar da dəyişib: eynicinslilik, boşanma, evlilikdən əvvəl seks, fərqli alternativ münasibət formaları daha çox qəbul olunmağa başlayıb.

Lakin bununla belə, tədqiqatçılar insanların indi əvvəlkinə nisbətən daha az sekslə məşğul olduğunu deyirlər.

Amerikalı tədqiqatçıların mart ayında “Archives of Sexual Behaviour” jurnalında yayımladıqları məqaləyə görə, amerikalılar 2010-ların əvvəlində 1990-ların sonu ilə müqayisədə, ildə ortalama 9 dəfə daha az sekslə məşğul olublar.

Seksual münasibətlərlə bağlı xüsusi əxlaqi məqam varmı?

Bu o deməkdir ki, seks sayında 15%-lik geriləmə var, göstərici 62 faizdən 53 faizə düşüb. Geriləmə cins, irq, bölgə, təhsil səviyyəsi, iş vəziyyəti kimi fərqli kateqoriyalarda oxşar xüsusiyyətlərə malikdir və eniş ən çox evli insanlarda qeydə alınıb.

2013-cü ildə İngiltərədə aparılan bir tədqiqatda 16-44 yaş qrupundakı ingilislərin ayda beş dəfədən az sekslə məşğul olduqları məlum olub, halbuki 2000-ci ildə bu rəqəm ayda ortalama 6,2 olub.

2014-cü ildə isə Avstraliyada seks sayı həftədə təqribən 1,4 dəfə olubsa, bundan 10 il əvvəl bu rəqəm 1,8 dəfə idi.

Bu mənada ən pis vəziyyətdə olan ölkə Yaponiyadır. Gündoğan ölkədəki 16-25 yaş qrupundakı qadınların 46 faizi, kişilərin isə 25 faizi seksə soyuq münasibət bəsləyir.

Bəs səbəb nədir?

Pornoqrafiya

Bu məsələdə ağla ilk gələn şey texnologiyadır və burada iki istiqamət var: internet pornoqrafiyası və sosial şəbəkələr.

İnternetdə pornoqrafiyanın yayğınlaşması ilə araşdırmaçılar onun aludəçilik yaradan təsirinə fokuslanmağa başlayıblar: bəziləri “internetdə seks aludəçiliyi” adlı rəsmi psixi pozuntu terminini belə irəli sürməyə çalışırlar. Aludəçilik yaradan pornonun həqiqi seksin yerinə keçə biləyəci və cinsi arzularımızı məhdudlaşdıra biləcəyi deyilir.

Normal seks necə olur?

Tədqiqatçılar həmçinin qeyri-real kadrlar ehtiva etdiyi üçün pornonun “cinsi iştahsızlığa“ və ya “pornodan qaynaqlanan cinsi pozuntuya” səbəb olduğunu söyləyirlər.

2011-ci ildə İtaliyada 28 min porno tamaşaçısı arasında aparılan araşdırma zamanı, onların bir çoxunun porno saytlarına “ifrat” dərəcədə çox daxil olduqları məlum olmuşdu. Tədqiqatçı Carlo Forestanın fikrincə, bu saytlara tez-tez girmək insanları “ən zorakı kadrlara belə” öyrəşdirib. Buradakı reallıqdan uzaq kadrlara məruz qalan insanlar reallıqla üz-üzə gəldiklərində, cinsi arzu hiss etməməyə başlayırlar.

Bəzi tədqiqatçılar porno ilə evlilik nisbəti arasında əlaqənin olduğunu deyirlər. Bu qənaətə 2014-də aparılan bir tədqiqat zamanı ABŞ-da 18-35 yaş arasındakı 1500 nəfərlə internetdən istifadə və bunun onların romantik həyatlarına təsiri mövzusunda aparılan müzakirələrdən sonra gəlinib.

Ancaq bu məlumatların sorğulanmasını tələb edən faktorlar da var. Tədqiqatçılar pornoqrafiyanın cinsi həyatımıza təsiri barəsində yekdil fikirdə deyillər. Bəziləri “internetdə seks aludəçiliyi” adlı bir şeyin mövcudluğuna inanmır. Bəziləri isə pornoqrafiyanın cinsi aktivliyə müsbət təsir etdiyini düşünürlər.

Məsələn, “Sexual Medicine” jurnalında 2015-də yayımlanan bir məqalədə həftədə ən azı iki dəfə 40 dəqiqə pornoya baxmağın insanların libidosunu və cinsi arzularını artırdığı vurğulanıb.

Sosial şəbəkələr barədə də eyni şeyi demək olar. Məlum olub ki, sosial şəbəkələr bir tərəfdən insanların diqqətini dağıdırsa, digər tərəfdən də “qısa müddətə seks” və tanışlıq şəbəkələri vasitəsiylə daha tez görüşmək və nizamlı seks fürsətləri yaradır.

Masaya bağlanmaq

Froyd Yunqa qarşı: seks anlayışı üzərinə acı ədavət

Əvvəllər gələcəkdə insanların işə daha az vaxt ayıracağı xəyalları qurulardı, amma məlum oldu ki, tam tərsi, iş həyatımızda daha çox yer tutmağa başlayıb.

Qərb dünyasında iş saatları olduqca çoxdur. ABŞ-da insanlar həftədə ortalama 47 saatdan çox işləyir. İşdən qaynaqlanan stres və yorğunluğun cinsi fəaliyyətin azalmasına səbəb olduğu iddia edilə bilər.

Amma problem bu qədər sadə də deyil. Məsələn, 1998-ci ildə “Journal of Family Psychology” jurnalında çap olunan bir tədqiqata görə, işləməyən və işləyən qadınlar arasında cinsi fəallıq, məmnunluq və arzu baxımından azalma müşahidə olunmayıb. Başqa bir tədqiqatda isə sıx iş qrafikinin daha çox seksə səbəb olduğu vurğulanırdı.

Bununla belə, işin heç bir təsirinin olmadığını demək də mümkün deyil. Sıx iş qrafikindən daha çox, işin mahiyyəti təsirli ola bilər. Pis bir işdə işləmək mənəvi sağlamlığımıza işsiz olmaqdan daha mənfi təsir edə və bu, seksual həyatımızda da öz əksini tapa bilər.

Xüsusilə stresin cinsi fəallıq və məmnuniyyətdə azalmağa səbəb olduğu müşahidə edilir. Stres harmonal vəziyyətə təsir etdiyi kimi, bədən toxunuşlarının, partnyorun və münasibətin soğrulanmasına və narkotikdən istifadənin artmasına da səbəb ola bilir. Bunun da nəticəsində cinsi fəallıqla arzunun azalması arasında bir əlaqənin olduğu bildirilir.

Müasir həyatın təsiri

Mənəvi sağlamlıq və dinclik problemləri cinsi həyatımıza mənfi təsir göstərə bilər. Bəzi araşdırmaçılar pornoqrafiya və işin təsirindən daha çox bədbəxtliyin və kədərin cinsi fəallığın azalmasına səbəb olduğunu düşünürlər.

Bəzi cəmiyyətlərdə başda depressiya və təşviş olmaqla, mənəvi sağlamlıqla əlaqədar problemlərin son illərdə hədsiz artdığı müşahidə edilir.

İddialara görə, depressiya əlamətləri ilə cinsi fəallığın azalması arasında güclü bağ var. Bu sahədə aparılan araşdırmaları analiz edən “Journal of Sexual Medicine” jurnalındakı bir məqalədə depressiyanın cinsi problemlərə və cinsi istəyin azalmasına səbəb olduğu irəli sürülüb.

Elm adamları modern həyatın gətirdiyi etibarsız mühit ilə mənəvi sağlamlıq problemləri arasında (xüsusilə gənclərdə) əlaqənin olduğunu deyirlər. Daha əvvəlki nəsillərlə müqayisədə, cinsi fəallıq sahəsində ən böyük geriləmənin müasir nəsildə olduğu müşahidə edilir.

Kapitalizm sənin seks həyatını necə məhv edir

İş və mənzil problemləri, iqlim dəyişikliyi ilə bağlı qayğılar, ümumi yaşayış məkanları və sosial həyatda qarşıya çıxan çətinliklər mənəvi sağlamlıq problemlərinə gətirib çıxara bilir.

Bütün bunları nəzərə alaraq, cinsi fəallığın azalmasının modern həyat tərzinin nəticəsi olduğunu demək mümkündür. Yəni, o, bu və ya digər məfhumların təsiri ilə deyil, konkret olaraq müasir həyatın, işin gətirdiyi streslər, etibarsız mühit və texnologiya problemləri kimi bir çox faktorların toplanması ilə ortaya çıxır.

Bəzilərinə görə, cinsi fəallıqdakı azalma normal bir şey ola bilər. Amma seks xoşbəxtliyi artırmaq, insanı daha sağlam etmək və iş məmnuniyyətini yüksəltmək kimi vacib funksiyaları həyata keçirir. Bununla yanaşı, seks bir çox insanın sevdiyi və əyləncəli hesab etdiyi məşğuliyyətdir.

Bütün bu amillərə görə, dünyanın hər yanında bu problemin həll olunmasına çalışılır. Məsələn, fevral ayında İsveçin Overtornea qəsəbəsində bələdiyyənin 550 əməkdaşına evə tez gedib həyat yoldaşı ilə sekslə məşğul olmaq üçün həftədə bir saat əlavə icazə verilib.

Sürətlə azalan doğuşlara görə, Yaponiya da uzun müddətdir bu problemin çarəsini axtarır. Uşaq dünyaya gətirən ailələrə maddi yardım göstərilir, şirkətlərdən əməkdaşlara daha çox icazə vermələri tələb edilir. Dövlətin təşviq etdiyi tanışlıq saytları belə var. Avstraliyada isə uzun illər yeni valideynlərə “uşaq mükafatları” verilib.

Ancaq bunlar əsl problemi həll etməkdən uzaqdır. Bunların qısa müddətli faydaları olur, əslində isə seks fəaliyyətinin azalmasına, ümumi qüssənin artmasına səbəb olan struktural problemlərə dair nəsə bir iş görülmür.

Problem necə çoxtərəflidirsə, verilən həll yolu təklifləri də eləcə çoxtərəfli olmalıdır, Qərb dünyasında mənəvi sağlamlıq böhranına səbəb olan faktorlara qarşı mübarizə aparılmasına ehtiyac var. Belə olarsa, insanların cinsi həyatları ilə yanaşı, ümumi və mənəvi sağlamlıqları da düzəlmiş olacaq.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR