Leonardo da Vinçinin zamanımızı qabaqladığını göstərən 4 kəşfi

Sənət
Photo

Leonardo da Vinçi yekdilliklə Renessans dövrünün ən böyük şəxsiyyətlərindən və yaşamış ən nəhəng dühalardan biri hesab edilir. Bu il onun ölümünün 500 illiyi qeyd olunur, fürsətdən istifadə edərək, onun rəssam, heykəltaraş, mühəndis və bir mütəffəkir kimi öz dövrünü qabaqlayan ixtiralarına nəzər yetirmək qərarına gəldik.

Mühəndislik

Leonardo da Vinçi yaratdığı sənət əsərləri, heykəltaraşlıq tədqiqatları və anatomik rəsmləriylə yanaşı, ixtiraları ilə də tanınır. İndiyəcən gəlib çıxmış sənədlər bizə onun nəhəng miqyasda qurğular düşündüyünü göstərir.

Bu ideyalara misal kimi planeri, helikopteri, paraşütü, dalğıc geyimini, kranları, sürət qutusunu və bir çox hərbi silah növlərinin ilkin konseptlərini göstərmək olar. Qurğuların bir çoxu artıq bu gün istifadə edilməkdədir, onların praktiki əhəmiyyət qazanması üçün isə düz 400 il vaxt lazım olub.

Da Vinçi zamanını qabaqlayan təsəvvür gücü, meydana gəlməkdə olan elm və mühəndislik prinsipləri sayəsindəki anlayışları və yüksək səviyyədəki texniki rəssamlığını birləşdirməklə rıçaqlar, mexanizmlər, şkivlər, dayaqlar və yayların yeni istifadə metodlarını ixtira edib.

O, bu işləri həm faydalı olmaq üçün, həm də 15-ci əsrin sonları, 16-cı əsrin əvvəllərində İtaliyada və Fransada yaşamış himayədarlarına - bir-biriylə döyüşən hersoqlara və krallara xoş görünmək üçün görürdü.

Leonardo açıq-aşkar müharibəyə nifrət edirdi, ancaq işə götürülməsinin də səbəbi bu idi ki, vaxtının əksəriyyətini hərbi mühəndis kimi yeni müdafiə mexanizmləri və qorxunc silah konseptləri ixtira etməklə keçirsin.

Biz indi bilirik Leonardonun çəkdiyi “tank” praktiki deyildi, onun sürət qutusunda problemlər vardı və manevr edə bilməsi üçün həddindən artıq ağır idi.

Renessans nə idi və nə deyildi? (1-ci hissə)

Amma əslində bu silahlar işlək olmaqdan daha çox qorxutmaq və dəhşətə gətirmək üçün nəzərdə tutulmuşdu, bunlara misal kimi nəhəng (27 metr) arbaleti, 33 çəlləkdən ibarət silahı, bugünkü “toplu bombaları” xatırladan döyüş sursatını və aerodinamik stabilləşmiş artilleriya mərmilərinin ilkin nümunələrini göstərmək olar.

Onun “hava mühafizəsi”nə dair çertyojları (1486-90) helikoper ideyasını əks etdirir, hərçənd bu, vertikal uçuş üçün nəzərdə tutalan ilk nümunə deyildi – Çində fırlanğacları olan oyuncaq ondan 1800 il əvvəl yaradılmışdı.

Ornithopterlər – quş uçuşunu imitasiya edən insanın sürdüyü uçan maşınlar onu məftun edirdi. O, çoxlu gözəl və yenilikçi dizaynlar çəkmişdi.

Hərçənd onun dövründə quşun necə uça bilməsi insanlara tamamilə aydın deyildi və o, bilmirdi ki, belə qurğuların işləməsi üçün insan məxluqu heç vaxt tələb olunan enerjini yarada bilməyəcək.

Leonardonun bir çox dizaynları ya heç zaman həyata keçirilmədi, ya da test edilmədi, bununla belə, müasir dövrdə onların yaradılması üçün böyük səhvlər edilsə də, müəyyən böyük nailiyyətlər də qazanılıb.

Onun təsəvvür gücü zamanını o dərəcədə qabaqlamışdı ki, polad və alumium kimi bərk və yumşaq materialların inkişafı nəticəsində tank kimi ideyaların praktiki əhəmiyyət qazanması və mühərrik formasına əsaslanmaqla fosil yanacaqların köməyilə işləyən yeni enerji mənbələrinin yaranması üçün nə az, nə çox 4 əsr lazım olacaqdı.

Heç şübhəsiz o, indi bizim adi şeymiş kimi gördüyümüz müasir maşınları görsə, tanıyar və heyrətə gələrdi.

Riyaziyyat

Leonardo da Vinçi əsasən rəssam kimi tanınsa da, özünü sənətkardan daha çox alim hesab edirdi.

Riyaziyyat – xüsusilə perspektiv, simmetriya, proporsiya və geometriya onun çertyojlarına və rəsmlərinə güclü təsir etmişdi və o, onlara işləklik qazandırmaq üçün zamanını xeyli qabaqlamışdı.

2100-cü ildəki həyatdan bir gün (1-ci hissə)

Da Vinçi düz səth və dərinlik illuziyası yaratmaq üçün xətti (linear) perspektivin – paralel xətt, üfiqi xətt və sıfır nöqtəsi - riyazi prinsiplərindən yararlanırdı.

“İsanın doğumu xəbəri” (“The Annunciation”) əsərində məsələn, o, binanın küncünü, divarları olan bağı və cığırı vurğulamaq üçün perspektivdən istifadə edir.

Leonardonun “Sonuncu Şam” əsəri riyazi perspektivdən istifadənin ən qiymətli nümunələrindən biridir. İsa və 12 həvarinin ətrafındakı binanın arxitekturası, həmçinin masanın altındakı döşəmənin xəttləri “sıfır nöqtəsi” yaratmaqla, rəsm üçün şüuraltı fokus nöqtəsini təmin edir.

Leonardo Vitruviusun işlərindən xəbərdar idi, bilirdi ki, mərkəz kimi orta yerdə, uzadılmış əl və ayaqlardan ibarət bədən ətrafında ideal bir dairə çəkmək mümkündür.

O, başa düşmüşdü ki, qolların uzadılması mümkündürsə və hündürlük nisbidirsə, insan kvadratın içərisində ideal şəkildə yerləşə bilər. Ondakı Vitruvian Adam bu müşahidələrə əsaslanmaqla, dairəni “kvadratlaşdırmağa” cəhd etmişdi. Bunu dəqiqliklə etmək faktiki olaraq mümkün deyil (dairəni kvadratlaşdırma mümkünsüzün metaforasıdır), amma o, buna çox yaxınlaşa bilmişdi.

Riyaziyyatda “Qızıl nisbəti” adlandırılan bir rəqəm var, o, təbiətdə yarpaqların spiral düzülüşü kimi şeylərdə özünü göstərir. İlk dəfə Luka Pakoli 1509-cu ildə “Qızıl Nisbəti”ndən istifadənin estetik baxımdan cəlbedici təsvirlərə gətirib çıxardığını görmüşdü.

Da Vinçi inanırdı ki, dəqiq proporsionallığın yaradılması üçün bu çox əhəmiyyətlidir və nəticə etibarilə “Mona Liza”nın strukturunda bu, üstünlük təşkil edir.

Leonardonun sonrakı işlərindən bəhs edərkən, riyaziyyatın əhəmiyyətinə diqqət çəkməmək mümkün deyil, belə görünür, o, bu şeylərə mübtəla olub; məsələn, deyilənə görə, “Mona Liza”üzərində işləyərkən Leonardo geometriyaya o qədər aludə olub ki, belə bir ifadə işlədib: “Riyaziyyatdan başı çıxmayanlar, məni başa düşməsələr yaxşıdır”.

Su

Leonardo da Vinçi suya “təbiətin nəqliyyat vasitəsi” (vetturale di natura) kimi tərif verib, qan bizim bədənimiz üçün nədirsə, su da dünya üçün odur. Onun qayaların arasından axan çay kimi erkən mənzərə rəsmlərindən tutmuş (1473), məşhur “Mona Liza” (1503) və axırlardakı bol çertyojlarına qədər (1517-18) bir çox işlərində su təsvirləri əks olunub.

Amma o, suya təkcə sənət xüsusiyyətlərinə görə heyran deyildi. Leonardo suyun maye dinamikasını – onun səthinin üzərindəki və altındakı girdab və burulğanları başa düşmək istəyirdi.

Sənət nədir və nə üçün vacibdir?

Bir alim kimi hipotezislərini sınaqdan keçirmək üçün, o, sənətdəki, dizayndakı, elmdəki, fəlsəfədəki və mühəndislikdəki bilik və bacarıqlarını yaratdığı layihələr, ideyalar və instrumentlərlə birləşdiməyə nail olmuşdu.

“Leicester Kodeksi” (1510) adı verilən yazı toplusunda Leonardo təkcə su haqqında 730 qənaət hasil etmişdi.

Bu və digər işlərinin sayəsində da Vinçi müasir su mühəndisliyinə və elminə hidroloji dövriyyənin dəqiq təsviri, axıntı dərəcəsinin təzyiqə təsiri, suvarma və daşqının idarəedilməsi üçün kanallar və anbarların yaradılması daxil olmaqla, bir çox töhvələr verib.

Onun suda gəzmə qurğusu kimi ideya və yaradıcılıqlarının heç də hamısı dəqiq və heyrətamiz deyil, amma ümumən onun su elminə və mühəndisliyinə olan unikal və üstün töhvələri elmi yanaşmanın inkişafı demək idi.

İddia etmək olar ki, o, empirik sübut əsasında hipotezis formalaşdıran ilk hidroloq olub.

Onun işinin nəticələri bu gün özünü çox böyük sferada göstərir. Su həyat mənbəyi olduğu kimi, Leonardo da Vinçi də su elmi və mühəndisliyin əsasının qoyulmasında hərəkətverici qüvvə rolunu oynayıb.

Vizual illuziyalar

Leonardo da Vinçi “moti mentali” konseptlərini təqdim etməklə, fizioqnomiya araşdırmalarında pionerlik edib. “Urbinae Kodeks”ində toplanan bu tədqiqatlar 1452-1519-cu illər arasında yazılıb və 1651-ci ildə “Trattato della Pittura” adı ilə Raffaelo du Fresne tərəfindən nəşr olunub.

“Moti mentali” keçici, dinamik mental halətlərin, düşüncə və emosiyaların təqdimatı kimi tərcümə edilə bilər. Da Vinçinin fikrincə, portretçi təkcə insanın zahiri görkəmini deyil, həmçinin daxili düşüncələrini də təqdim etməlidir.

Buna görə, Leonardo “qarışıq“ sifət ifadələri yaradırdı. Qarışıq ifadələrdə daimi “zahiriliyin, nəticə etibarilə də dinamikliyin dəyişkənliyi” mövcuddur.

Bu məqsədlə Leonardo “sfumato” (tüstü kimi yoxa çıxan sözünü ifadə edən italyan sözü) texnikasını yaratmışdı. “Sfumato” texnikasında parlaqdan tündə, yaxud bir rəngdən digər rəngə keçidlər kəskin bucaqları yumşaltmaq, yaxud dumanlandırmaq üçün istifadə edilir.

Mən Aleksandr Nagelin bu fikri ilə razıyam ki, Leonardonun “sfumato” texnikası müəllimi Andrea del Veroççio daxil olmaqla, digər rəssamlarınkından fərqlənir.

Belə ki, Leonardonun bir çox portretlərində bir rəngin nə vaxt bitib digərinin nə vaxt başladığını söyləmək, demək olar, mümkünsüzdür – bu, onun rəsmlərindəki poza verənlərin ağızları kimi vacib hissələrdə özünü bariz şəkildə göstərir.

Məsələn, tədqiqatçılar bu qənaətə gəliblər ki, “La Bella Prinsipessası”nın (Bu rəsmin Leonardoya məxsus olduğunu 2011-ci ildə Martin Kemp sübut edib) ağzının ətrafında xəfif kölgə yaratmaq üçün Leonardo 30 qat lakdan istifadə edib.

10 məşhur rəsm əsəri haqqında bilmədikləriniz

Bu qatlardan hər biri insan saçının yarısı qalınlığındadır. “Mona Liza”nın ağzının ətrafındakı sahədə də eyni qədər detalçılıq mövcuddur.

Həmkarım Miçel Nyuberri ilə mən 2015-ci ildə irəli sürmüşdük ki, Leonardo bir çox portretlərində ağız ətrafında bir növ illuziya yaradıb (məsələn, “Mona Liza” və “Bella Prinsipessa”) - portreti çəkilənlər bəzi nöqtələrdən baxanda, əmin və şən görünürlər, bəzi nöqtələrdən isə dalğın və melanxolik.

Leonardonun gözlər və beyin arasındakı razılaşmazlıqla oynayaraq vizual illuziyalar yaratmaqla, əsrlər sonra bu fenomenin arxasında duran mexanizmləri başa düşəcək alimləri qabaqlaması doğrudan da heyrətamizdir.

Hər bir sahəni ayrıca götürsək, şübhəsiz, daha yaxşı sənətkarlar, daha vacib mühəndislər və dahi riyaziyyatçılar olub. Amma bir indiviudal kimi götürüləndə, elmdə və sənətdə Leonardo da Vinçiyə tay olacaq ikinci bir şəxsiyyət yoxdur.

Mənbə: “The Conversation”

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR