Pedro Almodovar: “Təsəvvür etməzdim ki, həyatımı kamera qarşısında bu dərəcədə soyuna bilərəm”

Müsahibə
Photo

Tanınmış ispan kinorejissor “Ağrı və şöhrət”, kövrəklik və yalqızlıq haqqında

Builki Kann kino festivalının hələlik ən yaxşı filmlərindən biri Pedro Almodovarın “Ağrı və şöhrət” ekran əsəridir: filmdə ispan kinosunun canlı klassiki aktyorlar Antonio Banderas və Penelopa Kruzun köməyilə keçmişə baxır, təkcə özünün karyerası barədə deyil, həyatı barədə də nəticələr çıxarır. Bilge.az rejissorun son filmi barədəki müsahibəsini təqdim edir.

“Ağrı və şöhrət” – demək olar, sizin həyatınızla bağlı müfəssəl hekayədir, elə deyilmi?

Mən deyərdim bu, hər bir insanın həyat hekayəsidir. Çünki “şöhrət“ deyilərkən, mən fərdi uğuru, öz həyatını istədiyin kimi qurmağı nəzərdə tuturam. Əlbəttə, insanlar tez-tez şöhrəti rəssamlar, ya da rejissorlarla əlaqələndirirlər – amma mən daha böyük mənanı nəzərdə tutmuşam, həyatda həmişə ağrı, yalqızlıq və azadlıq bir-birinə hörülüb.

Bəs ağrı... Həyatınızda sizə ən böyük ağrını yaşadan nə olub?

Filmimdə Antonio Banderasın canlandırdığı rejissor Salvadar kimi mən də kəskin bel ağrılarından əziyyət çəkirəm. Hətta əməliyyat olunmağa da məcbur qalmışam. Axı vücudumuz belə istinad edir, onun sağlamlığından asılıdır. Ona görə də əməliyyat çox çətin idi, ondan sonrakı reabilitasiya prosesi isə işgəncəli dərəcədə astagəl.

Bəs emosional və psixoloji ağrılar?

Hə, əgər biz başqa növ ağrıdan danışırıqsa, məni ən çox ağrıdan hələ də ürəkdən sevdiyim insanla əlaqəmi kəsməyə məcbur qalmağım olub. Məntiqin nə deməyindən asılı olmayaraq, sən bir insanı hələ də sevməyə davam edirsənsə, bu çıxılmaz bir situasiyadır – onunla ayrılmaq sənə qeyri-təbii görünür. Məsələn, əl kimi bədənin bir hissəsini amputasiya etmək sayaq.

Buddizm sevgililər üçün necə faydalı ola bilər?

“Ağrı və şöhrət”də özünüzün alter-eqosu rolunu oynamaq üçün nəyə görə məhz Antonio Banderası seçdiniz?

Birinci növbədə, obrazı məndən daha yaraşıqlı olan biri canlandırmalı idi (gülür). Və əlbəttə, Antonionu həqiqi aktyor edən başqa keyfiyyətləri də var. Birincisi, onun yaşı bu rola imkan verirdi. İkincisi, oynadığı bir çox filmlərə görə, o, ağrı ilə yaxından tanışdır: onun ürəyi ilə bağlı ciddi problemləri olub, üç dəfə buna görə əməliyyat olunub. Ona belə dedim: “Antonio, sən təbiət etibarilə həyatsevər insan olsan da, sifətində hələ də yaşadığın ağrının izləri qalıb”. Bu personaj üçün çox faydalı idi. Heç də az vacib olmayan bir digər məqam isə o idi ki, Banderas mahiyyət etibarilə mənim bütün yetkin həyatıma şahid olub - və o, mənim bu filmdə çatdırmaq istədiyim bəzi hadisələrdə iştirak edib.

Amma Banderas deyir, sizinlə çoxillik dostluğuna baxmayaraq, əslində şəxsi həyatınız barədə heç nə bilmir – yalnız bu filmə başlayanda, onun üçün bir çox şeylər aydın olub.

Bu həqiqətdir, mən hətta ən yaxın dostlarımdan da şəxsi həyatımı həmişə gizlətməyə çalışmışam. Ümumiyyətlə, mən heç vaxt düşünməmişəm ki, özüm haqqında kinonu asanlıqla çəkəcəm. Ssenarini yazmağa girişəndəcə daxili müqavimətlə qarşılaşdım – axı mən öz həyatımı kamera qarşısında asanlıqla soyunmağa hazırlaşmamışdım. Bundan bir kinonun çıxa biləcəyinə də əmin deyildim. Amma ssenarini yazmaq prosesində mən dərk etməyə başladım: qarşımda olan material o dərəcədə zəngin idi ki, mənə güclü bir istək gəldi, proses məni qamarladı. Bunu dərk edəndə, mənim kağız üzərindəki real həyatım məna qazanmağa başladı. Ümumiyyətlə, sən yazanda, yazınla sənin aranda avtomatik olaraq məsafə yaranmağa başlayır. Mən özüm barədə yazırdım, amma məndə özüm barədə yazdığım hissi yox idi, başa düşürsünüz? Çəkilişlərə keçəndə, bu məsafə daha bariz görünməyə başladı – o, təbii, orqanik və qaçılmaz idi: hətta Antonio gözlərimdə artıq mənim rolumu oynamırdı.

Yalqızlıq – sanki filmdə ayrıca bir personajdır...

Bəli.

Siz doğrudanmı bu qədər tənhasınız?

Etiraf etməliyəm ki, son illər tənhalıqda və təcrid olunmuş vəziyyətdə yaşamağa başlamışam. O dərəcədə ki, indi bilərəkdən dünyəvi həyata az da olsun qayıtmağa çalışıram. Bu, hələ mənim filmimdə bəhs etdiyim ağrının bir elementidir. Sən evdə qalırsan, dostlarına zəng etmirsən, qonaq getmirsən – və hansısa bir anda insanlar özləri səni axtarmağa başlayırlar. Sən qapanır və tək qalırsan. Üstəlik yalqızlıq kinematoqrafın daimi yol yoldaşıdır, ssenarinin yazılması çox, çox tənha prosesdir. Mən bu qərarı artıq çoxdan vermişəm, tək yaşayıram və bu məni elə də ağrıtmır. Həmin anda öz ölkəmin vəziyyəti, ondakı xüsusi həyat mənim üçün çox maraqlı gəlir – və məndə digər insanlarla ünsiyyət, onların həyatının necə keçdiyi barədə bilik çatışmazlığı yaranır. Uzun müddət mənim ətrafımda böyük dost çevrəsi –kiçik bir kommuna mövcud olub. Amma indi hərə bir yana dağılışıb: kimsə ölüb, kimsə baş götürüb gedib, bəziləriylə də əlaqəni mən bilaixtiyar kəsmişəm. Bu, bir rejissor kimi sənin üçün böyük problemdir – insanlar haqqında bəhs etmək üçün sən özün yadların həyatına qarışmalısan, yalnız olanda bu kontaktı itirirsən.

Nəyə görə çox ağıllı insanlar xoşbəxtliyi tənhalıqda tapırlar?

Bəs niyə qapanmağa başladınız?

Bu, ilk növbədə sağlamlıqla bağlı idi. Beldəki ağrılar sonra başa keçdi, güclü, dözülməz miqren ağrıları yarandı. Belə insan arasına çıxmaq hədsiz çətindir: istənilən uca səs, hətta hədsiz parlıq işıq, bir sözlə hər şey güclü diskomfort yaradır. Gileylənmək, öz problemlərim barəsində danışmaq istəməzdim, amma bu, həqiqətən belədir – və mənim yaradıcılığımın əsasında duran da budur. Mən ağrıya baxmayaraq, sosiallaşmağa çalışırdım, çalışıram. Məsələn, hələ bu yaxınlaracan həftədə heç olmasa bir dəfə teatra, yaxud kinoya getməyə çalışırdım – amma onda da təkəbbürlü axmağa oxşayırdım. Çünki parlaq işıqdan qaynaqlanan baş ağrısına görə, gün eynəyi taxmalı olurdum. Burada acı bir ironiya gizlənib – axı bir rejissor kimi mənim işimdə işıq çox böyük rol oynayır.

Bu qorxunc səslənir

Bəli, bax belə bir paradoks var. Təsəvvürünüzə gətirə bilməzsiniz ki, bütün bunları nəzərə alanda, mən çəkiliş meydanında necə görünürdüm: bütün vaxt ərzində təkcə şapka və gün eynəyi taxmalı olmurdum, səs-küydən və koredici işıqdan yayınmaq üçün vaxtımın böyük hissəsini tamamilə qaranlıq divarlardan ibarət olan xüsusi otaqda keçirməli olurdum, bura daim ağrı yaşamamaqdan ötrü “playback”ə baxacağım yer idi. Amma mən filmdən çox razıyam. Ümumiyyətlə isə gileylənmək istəmirəm. Mən təbiət etibarilə həyatsevər insanam. Bir çoxları məndən daha betər ağrılar yaşayır – üstəlik onlara kömək edən də yoxdur. İmtiyazlı vəziyyətimə görə bəxtim gətirib. Əvvəl-axır isə bu, qocalığın qaçılmaz bir parçasıdır, bu prosesdən heç kim yayına bilməz, daxili dinclik tapmaqdan başqa çarə yoxdur.

“Ağrı və şöhrət” nədənsə sizin bundan əvvəlki filminiz “Culyetta”nı xatırladır – bununla belə, hər iki film sizin əvvəlki işlərinizdən seçilir.

Bu dorğudan da belədir. “Culyetta” hansısa məqamda mənim üçün dönüş nöqtəsi oldu – bu filmdə mən adət elədiyim kino təhkiyəsini dəyişdim. “Ağrı və şöhrət”də təhkiyə eyni prinsipə əsaslanır. Yeri gəlmişkən, hər iki filmdə digərlərindən fərqli olaraq, ağrı mövzusuna istinad var. Həmin “Culyetta”da qızını itirmiş ananın ağrısı çox ehtiyatlı, ciddiyətlə göstərilirdi – erkən filmlərimdəki qəhrəmanlarınkından fərqli olaraq, onun ağrılarını mən daha az gərgin göstərirəm. Eyni zamanda bu ehtiyatlılıq qəhrəmanın ağrılarına yeni səviyyədə ehtirama gətirib çıxardı – və məncə, bu, intensivliyin yeni səviyyəsi idi. “Culyetta” üzərindəki iş təcrübəsi, onun üçün stil və narrativ axtarışı mənə “Ağrı və şöhrət” üçün də yeni forma tapmağa imkan verdi. Belə stil, bəlli oldu ki, məni indi maraqlandıran tarixçə üçün daha çox uyğun gəlir – eyni zamanda da yenilik təəssüratı yaradır. Rejissurada bu qədər illik işdən sonra nəsə yeni bir şey yaratmaq əladır.

“Ağrı və şöhrət” həm də çox kövrək bir filmdir. Siz orada 10 yaşlarında hiss etdiyiniz seksuallıq, qocalıq və sizi təqib edən keçmişin kabusları haqda da bəhs edirsiniz.

Hamısı düzdür. Ssenari üzərində işləməyə başlayanda, mən özümü əsas qəhrəman kimi kövrək hiss edirdim, baxmayaraq ki, sağlamlıq məsələsində məndə vəziyyət hər halda daha yaxşıdır. Bütün bu məsələləri qaldırmaq əlbəttə, rahatsız edici və həyəcanlı, hətta bir mənada xəcalətli idi. Mən özümün ənənəvi həyatımda nadir hallarda belə bir şeyə cəsarət edirəm, ona görə də özümün kövrəkliyi, həssaslığı barədə yazmaq çətin idi. Amma həm də qaçılmaz idi – yoxsa personajı açmaq mümkün olmayacaqdı. Amma digər tərəfdən də, bütün bu mövzular həmişə mənimlədilər, onlar bütün yaradıcılığımda məni təqib edirlər, sadəcə olaraq bu qədər açıq-aşkar yox.

Lenta.ru

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR