Sovet Azərbaycanında latın qrafikasına keçid necə başladı?

Tarix
Photo

Mirzə Fətəli Axundovun yeni əlifba üçün 19-cu əsrin ikinci yarısında başladığı mübarizə 20-ci əsrin əvvəllərində özünə tamamilə yeni bir başlanğıc götürdü. Onun –“məlumdur ki, on beş ilə yaxındır ki, bu fikrin toxumunu mən İranda və Osmanlı torpağında səpirəm. Şübhəsiz ki, bu toxum bizim xələflərimizin zəmanəsində göyərəcəkdir” – uzaqgörənliyinin təsdiqi kimi türk xalqları içərisində Azərbaycan, bu dəfə Sovet Azərbaycanı əlifba islahatı məsələsində yenə ilk praktik addımı atdı.

Yeni Türk Əlifba Komitəsi yaradılır

1922-ci ilin may ayında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Türk Əlifba Komitəsi yaradıldı. Komitə türk dili üçün yeni əlifba tərtib etməli və bu əlifba latın həriflərinə əsaslanmalı idi. Maraqlıdır ki, bu işə böyük inam və əzmlə girişən Komitə üzvlərinin ilk istinad nöqtəsi yeni əlifba fikrinin Azərbaycandakı 65 illik möhkəm tarixi idi. Qeyd edək ki, ərəb əlifbasından latın qrafikasına keçid Azərbaycan Demokratik Respublikası dövründə də hökümətin gündəmində olan əsas sosial-mədəni məsələlərdən biri idi. Lakin 1920-ci ilin aprel işğalı parlamentə təqdim edilmiş məsələnin müzakirəsini yarımçıq qoydu.

Komitənin fəaliyyəti

“Yeni yol” qəzetinin 7 oktyabr 1922-ci ildə çıxan 3-cü sayına görə, Komitə dörd aylıq gərgin fəaliyyətdən sonra “Yeni Əlifba”nı tərtib etdi və yeni şriftləri (həriflər) Tiflisdə hazırladıb Birinci Hökümət Mətbəəsinə təhvil verdi. Bundan əlavə, 12 min nüsxə əlifba kitabçası və 15 min nüsxə əlifba vərəqəsi çap edildi.

Yeni Əlifba Komitəsi islahatla bağlı sosial maarifləndirmə işinə də xüsusi diqqət yetirirdi. Bu məqsədlə, “Nə üçün ərəb əlifbası türk dilinə yaramır?” və “Yeni əlifba ilə türkcə oxuyub yazmaq qaydaları” adlı kitablar yazılaraq çap edildi. Mətbuat və dövlət idarələri tədricən yeni yazıya keçməyə başladı. Komitə yeni əlifbanın təbliği məqsədi ilə “Yeni yol” adlı həftəlik qəzet və “Gələcək” adlı aylıq jurnal nəşr etdirdi. Bəzi məktəblərdə latın əlifbası öyrədilməyə başlandı. Yeni əlifbanı öyrətmək üçün görülən işlərdən biri də Bakıda müxtəlif peşə-sənət sahibləri üçün kursların açılması oldu.

Sovet romanlarında heç bir inkişafdan söhbət gedə bilməz

Komitə tez bir zamanda latın qrafikasına keçidin təmin edilməsində o qədər qərarlı idi ki, Respublikanın demək olar, bütün qəzalarında və Naxçıvanda öz şöbələrini açdı. Həmçinin, Yeni Əlifba Komitəsinin Buxara, İrəvan, Moskva, Tiflis, Ənzəli, Kazan kimi şəhərlərə nümayəndələr göndərməsi və “sair türk ölkələrində də şöbələr açmaq” məqsədi göstərir ki, Azərbaycan Sovet hakimiyyəti yazı inqilabının digər türk xalqlarını da əhatə edərək geniş miqyas almasını istəyirdi.

Yeni Türk Əlifbası

Müasir Azərbaycan dilində 32 fonem və 32 hərf var. 1922-ci ilin Yeni Türk Əlifbası isə 33 hərfdən ibarət idi və hər səs bir hərflə göstərilirdi. Tədqiqatçılara görə, “Azərbaycan dilinin müəyyən tarixi inkişaf dövrlərində bu dilin fonemlər sistemində sağır nun (işarəsi: Ņ, ņ) səsi də olmuşdur. Bu səs müasir Azərbaycan dilində (nq) birləşməsinə uyğun gəlir” (Cəmaləddin Rəhmanov, Təranə Abdullayeva. Azərbaycanda əlifba islahatları və xəttin təkamülü məsələləri. Bakı. 2002). Məhz buna görə, ilk latın qrafikalı əlifbaya bu səsi ifadə edəcək qrafem də daxil edildi. Lakin bu qrafem 1938-ci il əlifbasında çıxarıldı.

1922-ci ilin geniş fonetik əlifbasındakı Ö (Ө,ө) hərfi Danimarka əlifbasından alındı və indiki formasından fərqli yazılırdı. J (j) hərfi isə alman əlifbasından götürüldü ( (y) səsi verirdi). Rus (kiril) əlifbasından götürülən Y hərfi (u) səsi verirdi. Ərəb əlifbasındakı (Ha) hərfinə müvafiq olaraq rus əlifbasından X hərfi qəbul edildi. Həmçinin, əvvəlki ərəb qrafikalı əlifbaya müvafiq olaraq iki fərqli Q hərfi qəbul edildi. Ə hərfi latın, E isə rus əlifbasından götürüldü.

“Yeni yol” qəzeti

Yeni Əlifba Komitəsinin nəşr orqanı “Yeni yol” qəzeti idi. Yeni hərflərlə ilk mətbu təcrübə olan qəzet 1922-ci ilin sentyabr ayında nəşrə başladı. Bakıda çıxan “Yeni yol” bütün türk dünyasında yeni hərflərlə, yəni latın qrafikası ilə çıxan ilk qəzetdir və bu baxımdan türk yazı inqilabı tarixində çox özünəməxsus yer tutur. Azərbaycanda türk əlifbasının tarixini araşdıran Bilal Şimşir qeyd edir ki, bu cür qabaqcıl bir qəzeti çıxarmaq şərəfi Azərbaycan türklərinə məxsusdur. Birinci Hökümət Mətbəəsində çap edilən qəzet özünü “Həftəlik, ədəbi, bitərəf Türk qəzeti” elan etmişdi. Dörd səhifəlik qəzetin naşirləri nəşrin özündə qeyd edilmirdi.

XX əsrin əvvəllərində Azərbaycan milliyyətçiliyinə liberal və sosialist təsirlər

“Yeni Yol”un gənc naşirləri qəzetin ilk sayında yeni türk əlifbasının hazırlandığı müjdəsini verərək, əlifbanı hazırlayanları və müsəlman aləmində bu işin tərəfdarlarını təbrik etdi. Naşirlər, eyni zamanda, yaxın tarixdə yeni əlifba uğrunda mübarizə aparmış mücahidləri də hörmətlə xatırlayır və qeyd edirdi ki, “onların vaxtında səpdiyi toxumdan göyərən həmin “Yeni Türk Əlifbası”dır, ki bunun vücuduna indi biz iftixar edirik”.

Milli dil uğrunda mübarizə genişlənir

Beləliklə, Sovet Azərbaycanın elə ilk illərində Azərbaycan ziyalıları bütün qəlb və vicdanları ilə köklü bir yazı kampaniyasına başladılar. İslahatçıların əsas məqsədi həm türk dilini ərəb hərflərindən xilas etmək, həm də Azərbaycan türkcəsini ərəb, fars və rus sözlərindən təmizləmək idi.

1920-ci illər Bakısının bu mədəni-inqilabi mühitində, əlifba islahatçılarının yönəldiyi digər məsələ dil inqilabı oldu. Azərbaycan türkçəsinin qrammatik qaydalarının müəyyən edilməsi, sistemləşdirilməsi və tətbiqi islahatçıların gündəmində olan əsas məsələlərdən biri idi. Həmçinin, elmi terminlərin türkcələşdirilməsi üçün Bakıda “İstilah (termin) Komitəsi” quruldu və onun fəaliyyəti “Yeni Yol” vasitəsilə işıqlandırıldı. Hazırda da kifayət qədər aktual olan elmi dil probleminə “Yeni Yol” naşirləri belə toxunurdular: “Hansı millət olur-olsun, onun özünəməxsus elm dili olmazsa, o millətin lal (dilsiz) bir adam mənziləsində qalacağı hərkəsə aydın məsələdir. Bu axır vaxtlarda millətlərin mədəniyyət dərəcəsini ölçmək istəyənlər onların elm dillərinə baxırlar, çünki millətin mədəniyyətcə yüksəlməsi onun elm dilinin asan, aydın və milliləşmiş olması ilə bilinir".

Mədəni millətlər cərgəsinə necə qoşulaq?

“Yeni Yol” səhifələrinin həsr olunduğu mövzulara nəzər saldıqda görürük ki, həmin illərin idealist Azərbaycan ziyalıları türklərin mədəni millətlər arasına qoşulması üçün tək yolun elm, maarif və mədəniyyətdən keçdiyinə inanırdılar. Başqa sözlə, bu həm də Qərbin yolu idi – sivil millətlər cərgəsinə qoşulmaq üçün onların yolundan irəliləməkdən başqa çarə yoxdu. “Yeni Yol”un 28 sentyabr (köhnə təqvimlə - m.müəllifi) tarixli sayındakı “Çarə lazım” sərlövhəli əsas yazıda Azərbaycan və İran, kitab, oxuma-yazma və tələbə sayına görə Avropa ölkələrinin kiçik bir qəsəbəsi ilə müqayisə edilir və vəziyyətin nə qədər acınacaqlı olduğuna diqqət çəkilirdi. Qəzet bu müqayisədən sonra qeyd edirdi:

"Lazımdır təqlid etmək o millətləri ki, maarif və mədəniyyət baxımından bizdən çox qabağa keçiblər. Lazımdır onların əxz etdikləri maarif və mədəniyyət yollarını tutub getmək, lazımdır onları qana-qana təqlid etmək...

Sözün müxtəsəri; iki şeydən biri:

Ya mədəni millətlərin məqamına özümüzü yetirmək niyyətindən əl çəkək, ya (da) onların əxz etdiyi maarif və təməddün vəsilələrini onlardan təlim alaq; məlumdur ki, həmin vəsilələrin ən birincisi yazıb-oxumaq dəsgahıdır".

Azərbaycan türklərinin gülən üzü, müasirliyin simvolu - Molla Nəsrəddin jurnalı

Beləliklə, mədəni millətlərin cərgəsinə qoşulmaq üçün ilk növbədə yazı-oxu vasitələri asan olmalı idi. Nəticədə mədəni inqilabın prioritet məsələsi kimi əlifba islahatı ön plana çıxırdı.

Nə üçün yeni əlifba?

Əgər çarə yeni əlifba idisə, onda “nə üçün yeni əlifba?” sualına da cavab vermək lazım idi. Çünki həmin illərdə latınçılarla ərəb əlifbası tərəfdarları arasında qızğın mübahisə gedirdi. Birincilər latın qrafikalı əlifbaya keçidin əhəmiyyətini vurğulayıb bu istiqamətdə geniş təbliğat apardıqları halda, köhnə əlifbanın saxlanılmasını istəyənlər buna qarşı bəzi əks arqumentlər gətirirdilər. Bu arqumentlərlə araşdırmaçı yazar Dilqəm Əhmədin “Azərbaycanda əlifba islahatları – Axunzadənin fədakarlığı” adlı yazısında tanış olmaq olar. Bu arqumetlərdən ən başlıcası, latın qrafikalı yazıya keçilərsə, digər türk-müsəlman mədəniyyətlərindən ayrı düşmə təhlükəsi idi.

Bütün bunlara tutarlı cavablar verən latınçılar yeni əlifbanın nə işə yaradığını əsaslandırmağı da unutmurdular. Əlifba islahatçılarının əsas tribunası olan “Yeni Yol”da çıxan “Yeni əlifba nə istəyir” adlı yazıda latın əlifbasına keçidin faydaları aşağıdakı kimi qeyd edilirdi:

Yeni əlifba yazıda qarışıqlığı aradan qaldırırdı. Bu, hər kəsin ürəyi istədiyi kimi yazmasının qarşısını alırdı.

Yeni əlifba türk dilinə girmiş əcnəbi sözlərin türkcələşdirilməsini təmin edirdi. Ərəb əlifbası eyni cür yazılış və tələffüzə mane olduğu halda, yeni türk əlifbası buna yardım edəcəkdi.

Yeni əlifba dilimizin ərəb-fars kəlmələri, şivə və tərkiblərindən təmizlənməsini təmin edərək, bu tərkiblərin dilimizin qayda-qanunlarına müvafiq olaraq işlədilməsinə şərait yaradırdı.

Yeni əlifba köhnə əlifbanın yetərsizliyinin qarşısını alırdı.

Müəllimlər yeni əlifbaya arxa durur

“Yeni Yol”un səhifələrindən aydın olur ki, yeni əlifbanı ilk gündən müdafiə edən və bu işin əhəmiyyətini ən yaxşı başa düşənlər müəllimlər olub. Qəzalarda işləyən müəllimlərin, demək olar, hamısı yeni əlifbanı qəbul edərək onun yayılması üçün çalışmağa hazır olduqlarını bildiriblər. Çünki ərəb əlifbasının çətinliyini, işə yaramazlığını və dilimizi öldürməsini praktiki olaraq görən və bundan narahat olan əsas təbəqə ziyalılar və müəllimlər idilər. Problemi onlardan yaxşı başa düşən ola bilməzdi. Məhz bu səbəbdən əlifba və dil islahatçıları müəllimlərin yeni türk əlifbasına verdikəri dəstəyi yüksək qiymətləndirir və buna doğru yolda olduqlarının sübutu kimi baxırdılar.

Beləliklə, Sovet Azərbaycanının ilk illərində milli ziyalılar, özlərindən əvvəlkilərin yolu ilə irəliləyərək, əlifba və dilə sivilizasiya problemi, mədəniyyət yolunda başlıca əngəl kimi yanaşaraq, bir yandan ərəb əlifbasının latın qrafikalı əlifba ilə əvəz edilməsinə çalışır, digər yandan da milli bir dilin inkişaf etdirilərək türk dilinin ərəb, fars və rus sözlərindən təmizlənməsi üçün ciddi səy göstərirdilər.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR