Roman həm də fəlsəfə əsəri ola bilərmi?

Sənət
Photo

Co Hampreys

Roman yazan filosoflar var, həmçinin əsərlərini fəlsəfi fikirlərlə ilhamlandıran romançılar da var. Ayris Mördok və Alber Kamyu birincilərə, Siri Hustved və Maykl Frayn isə ikincilərə aid oluna bilərlər; halbuki onlar arasındakı ayrıcı xətt heç də aydın deyil.

Hər bir halda, çətin tərzdir. Formal məntiq tutqulu mütaliə üçün kifayət etmir və “böyük ideyaların” trillerlərə əlavə edilməsi də qurama və yöndəmsiz görünə bilər.

Lakin bu çətinlik Dublin Triniti Kollec məzunu, ilk romanını bitirmiş, eyni zamanda da formal semantika üzrə (dilin fəlsəfəsi və metafizikanın birləşdirilməsi üzrə) fəlsəfə doktorluğuna hazırlaşan Metyu Makkiveri (Matthew McKeever) fikrindən daşındıra bilmədi. “Akademik fəlsəfədən bədii (fiction) yazıya keçmək çox maraqlıdır”, söyləyir Metyu Makkiver. “Bədii yazı beyninizi daha çox istifadə edir, akademik fəlsəfə isə daha az istifadə etsə də, daha intensiv, daha güclü istifadə edir.

Hazırda “Inquiry” fəlsəfə dərgisinin redaktoru Makkiver öz zamanını Texasın Ostin şəhəri ilə qitə Avropası arasında bölüşdürür. Onun “Heçdən gələn” (“Coming From Nothing”) romanı Dublində təhsil aldığı universitet ətrafında baş verir, böhran içində olan bir gənc cütlükdən bəhs edir və digər gənc Triniti məzunu yazıçı Salli Runin əsərindən çox da fərqlənmir (lakin İmannuel Kantın “özündə şey” nəzəriyyəsinə daha çox istinad edir).

Makkiver ideyaların hekayə ilə qarışdırılmasının çətinliyini etiraf edir, lakin o, bizim texnologiya ilə sürətlə inkişaf edən münasibətlərimizin “qəribəliyi”ni nəzərə aldıqda, bu gün romanın fəlsəfələşdirilmək üçün çox yaxşı təchiz olunmuş bir forma olduğunu söyləyir.

Oxucuyla yazıçı arasındakı boşluqda roman doğulur

Romanınız çoxsaylı kimlik əldə etmək üçün internetin və sosial medianın bizə təqdim etdiyi üsulları tədqiq edir. Müntəzəm “twitter” və “facebook” istifadəçisi olaraq, eyni zamanda autentik (həqiqi) yaşamaq mümkündürmü?

Əmin deyiləm. Bu cür suallar üzərində gerçəkdən düşünə bilməyimiz üçün öncə böyük araşdırmalar aparılmalıdır, çünki çox sıradan, çox təbii olsa da, sosial mediada yaşamaq həm də çox qəribədir. Qəribəlik cığırını itirməməyin yaxşı olduğunu düşünürəm. Maraqlıdır, çoxu tanımadığımız insanlar olmaqla, yüzlərlə insanla danışmağa vərdiş edirik, bu insanlar biz nə isə yaxşı şey söyləyəndə bizi “ürək”lə mükafatlandırırlar, pis şey söyləyəndə isə bizi tənqid edirlər. Bu, varoluşun yeni bir formasıdır, əlli il öncə ilə müqayisə oluna bilməyən bir şeydir.

Ola bilər ki, bunun autentiklik, həqiqilik üçün zərərli olduğunu düşünürsünüz: çünki özümüzü senzuraya məruz qoyub söyləmək istədiklərimizi rəndələyirik, yaxud bu, daha məşhur insanların bizi bəyənməsi üçün onlara yaltaqlanmağa təşviq edir bizi, sonra həmin məşhur adamları bəyənən insanlar da bizi bəyənməyə başlayır, bu da arzusunda olduğumuz o “ürək”lərin sayının artması ilə nəticələnir. Lakin mən bunun zərərli olduğundan əmin deyiləm.

Digər tərəfdən, əks arqument kimi bunu irəli sürmək olar ki, internetdə, sosial şəbəkələrdə digər insanlarla ünsiyyəti nəzərə almaq bir insanı daha çox düşünən, götür-qoy edən bir natiqə və beləcə də, fikir adamına çevirə bilər. Çoxçeşidli insanlarla söhbət insana həyat haqqında daha geniş və daha doğru perspektiv təqdim edə bilər və bu da daha autentik, daha həqiqi yaşamağa kömək edir. Bu məsələ də, yəqin ki, digər başqa şeylər kimi, sizin bu barədə necə düşündüyünüzdən, necə istifadə etməyinizdən asılıdır.

Hekayənizdə xoş niyyətlər internet şəbəkəsinin anonimliyi altında zərərli hərəkətlərlə nəticələnir. Niyə bu mövzunun üzərinə fokuslanmısınız?

Sosial şəbəkələr üzərimizdə bilmədiyimiz hansı təsirləri yaradır?

Şəbəkənin görünməyən tərəfləri mənimçün maraqlıdır. Bəlkə də bunu belə ifadə etməliyik: internet autentik həyatlar yaşamağımıza yardım edir, lakin bəs əgər autentik olaraq bir nasist olsaq, onda necə? İnternet bizim yalnız olmadığımızı göstərir bizə. Sizi narahat edən və ya məmnun edən şeylər milyonlarla digər insanı da narahat və ya məmnun edir.

Bəzən bu, yaxşıdır. Xroniki xəstəlikləri olan insanlar tanıyıram ki, internet onları ehtiyac olduqları sosial təsəlli ilə təmin edir. Lakin çox vaxt bunun pis tərəfləri də olur… Bu kitabda daha çox pis tərəfləri üzərində dayanmışam – insanların anonimliyin arxasında gizlənib özlərini pis insanlarla necə uyğunlaşdıra bilmələri məsələsi üzərində.

Bu, təbii, lakin asanlıqla gözdən qaçırılan bir məqamdır: bəşər tarixinin böyük bir hissəsində, insan əgər həqiqətən xoşagəlməz bir insan olmaq, başqasını təhqir və narahat etmək istəyirdisə, bunun üçün bir bədəl ödəməli olurdu: xoşagəlməz insan kimi tanınırdı. Lakin indi hər birimiz yeni avatar yaratmaqla asanlıqla başqa birisini təhqir edə bilərik.

Bu, bugünkü həyatımızın qəribə, dəhşətli cəhətlərindən biridir və bunun qəribəliyini, qeyri-adiliyini kifayət qədər dəyərləndirmədiyimizi düşünürəm. Kitabımda bunu göstərmək istəyirdim.

Cəsarət edib söyləyirəm ki, sizin obrazlarınızla Salli Runin romanlarındakı obrazlar arasında oxşarlıq var – niyyətləri yaxşı olan, amma məqsədsiz, istiqamətsiz insanlar. Bu tip obrazların Dublin Triniti Kollecinin xüsusi məhsulları olduğunu söyləsək, ədalətsizlik etmiş olarıqmı?

Düşünürəm, əgər mənim və Runinin obrazlarında məqsədsizlik və ya faydasızlıq duyğusu varsa, səbəbi ikimizin də eyni nəsli – minilliyin uşaqlarını təsvir etməyimizdir, təxminən otuz yaşlarındakı insanları.

Həmin nəslin 2008-ci il maliyyə böhranı dövründə yetkinlik yaşına çatdığını düşünsək, onlardakı böyük ictimai güclərə qarşı zəiflik, gücsüzlük duyğusunu təbii qəbul etmək olar.

Bugünün gəncliyi niyə böyük təhlükədədir?

Daha gənc insanlar, yetkinlik yaşına son illərdə çatmış olanlar isə, əksinə, daha çox hərəkət-yönlü, aktiv insanlardır. Yəni bunun Trinitiyə məxsus olduğunu düşünmürəm, bu, təsvir etməyə çalışdığımız müəyyən bir nəslin əks etdirilməsidir.

Ayris Mördok və Jan-Pol Sartr kimi filosof-romançıların əhatəsindəsiniz. Bu cür fəlsəfi romanları yazarkən hansı tərəf digərinə daha çox güzəştə getməlidir – ideyalar, yoxsa hekayə?

Heç birinin güzəştə getməyəcəyinə ümid edirəm. Fəlsəfi romanın məqsədi ideyaların insan həyatının canlı və motivasiyaedici cəhətlərindən biri olduğunu göstərməkdir. Həmişə Keynsin məhşur sitatını xatırlayıram: özlərini hərəkət adamı hesab edənlər əslində “mövcud olmayan, ölmüş bir iqtisadçının kölələri”dirlər – yəni, ideyalar həmişə bizi hərəkətə gətirir, hətta onların bizi hərəkətə gətirmədiyini düşündüyümüz zamanlarda belə.

Kitabdakı məqsədim də bu məqamı işıqlandırmağa cəhd etməkdi. İnsanların həyatları haqqında hekayələrin əslində bu hekayələrin arxasında dayanan ideyaları göstərmədən nəql edilə bilməyəcəyinə inanıram.

Əlbəttə, söyləmək etməkdən asandır. “İdeya romanları”nın çoxunun problemi ondadır ki, faktiki olaraq hekayəni, təhkiyəni ideyalara güzəştə gedirlər və mən də kitabı redaktə edərkən ən çox diqqət yetirdiyim məsələ bu idi. Uğurlu olub-olmadığına isə oxucu qərar verir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR