Dağlıq Qarabağ münaqişəsi tarixi - 1920-1923 illər

Tarix

Misir Məmmədli

Sovet Rusiyası ilə Ermənistan arasında may-iyun aylarında gedən danışıqlar nəticəsində, rəsmi Moskva Ermənistanın müstəqilliyini Birinci Dünya müharibəsindən əvvəlki sərhədlərdə tanıyaraq onunla sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan etdi. Habelə, Sovet ordusu 1920-ci ilin iyun-iyul aylarında Zəngəzur və Naxçıvanı tutdu. Burada da ikili oyun oynayan Sovet Rusiyası, bu ərazilərdən hələ tam asılılığına razı sala bilmədiyi Ermənistana, habelə daha da möhkəmlənməyi vacib hesab etdiyi və sovetləşmə əleyhinə üsyanların yarana biləcəyindən ehtiyat etdiyi Azərbaycana qarşı təzyiq göstərmək məqsədi ilə istifadə etmək niyyətində idi. N.Nərimanov da müsəlman əhalinin Azərbaycan sovet rəhbərliyini ermənipərəstlik və öz ərazisini qorumaq zəifliyi ilə günahlandırması ehtimalını nəzərə alaraq, Moskvanı ehtiyatlı olmağa çağırır, sinfi-inqilabi məqsədlər naminə Zəngəzur və Qarabağ məsələlərində Mərkəzi tərəddüdən çəkindirirdi.

Ermənistan, qeyd olunduğu kimi, öz növbəsində bir tərəfdən mübahisəli hesab edilən ərazilərdə erməni qüvvələrinin olmadığını bəyan edərək, Rusiyanın vasitəçiliyini istəyir, digər tərəfdən də buna paralel olaraq Zəngəzur və Qarabağın tutulmasını davam etdirərək Rusiya ilə müqavilə imzalanacağı təqdirdə bundan öz xeyrinə istifadə etməyə çalışırdı. Məsələn, 2 iyun tarixində Ermənistan Respublikası ilə Azərbaycan SSR öz aralarındakı bütün mübahisəli məsələləri dinc yolla həll etmək üçün yaxın vaxtlarda konfrans çağrılması barədə saziş imzalasalar da, qarşı tərəf bu sazişi dəfələrlə pozmuş, Qarabağ və Zəngəzurda hərbi əməliyyatlarını davam etdirmişdi.

Nəhayət avqust ayının 10-da Sovet Rusiyası ilə Ermənistan arasında ilkin barışıq sazişi imzalandı. Artıq qeyd edildiyi kimi, sazişə əsasən On Birinci Sovet Ordusu mübahisəli hesab edilən əraziləri – Qarabağ, Zəngəzur və Naxçıvan – tutmalı və işğal altında saxlamalı idi. Sazişdə həm də vurğulanırdı ki, mübahisəli ərazilərin sovet qoşunları tərəfindən (ərazi mübahisələrini dinc yolla həllinə əlverişli şərait yaratmağı nəzərdə tutan) tutulması Ermənistanın yaxud Azərbaycanın həmin vilayətlərə hüquqları haqqında məsələni həll etmir. Burada xüsusilə maraqlı və Azərbaycan üçün əhəmiyyətli olan bir məqam o idi ki, Azərbaycanın iştirakı olmadan onun ərazi məsələsi müzakirə olunur və bu torpaqların taleyi həll edilirdi. Bu nəinki hüquqi, eyni zamanda siyasi baxımdan bənzəri olmayan bir proses kimi, Rusiyanın çarizm siyasətinin yeni şəraitdə davamı idi. Yeni Rusiya Azərbaycan SSR-ni mütəffiq deyil, müstəmləkə kimi görürdü. Beləliklə, 10 avqust sazişi ilə Azərbaycanın mübahisəli elan edilən ərazilərinin taleyi bilavasitə RSFSR-Ermənistan münasibətləri asılılığına keçirdi və Azərbaycan SSR öz ərazi məsələsi ilə bağlı danışıqlardan kənarlaşdırılaraq, onun vəkaləti Rusiyaya verilirdi.

Əslində, Ermənistanla Azərbaycan arasındakı ərazi mübahisələrinin həllinin ilkin barışıq sazişi və daha sonra imzalanacaq Rusiya-Ermənistan müqaviləsinin müəyyənləşdirdiyi əsaslara bağlanması, Ermənistan tərəfinin mənafeyinə və Rusiyanın ənənəvi ermənipərəst siyasətinə tamamilə uyğun idi.

Azərbaycana qarşı münasibətdə Rusiya və Ermənistanın mənafelərinin üst-üstə düşməsini göstərən digər bir məqam Ermənistanın mübahisəli elan olunan məsələləri "digər diplomatik nümayəndələrin vasitəçiliyi ilə" həll etmək təkidi idi. Məsələn, RSFSR-Ermənistan ilkin sazişin imzalanması ərəfəsində Ermənistanla Azərbaycan SSR arasında sülh danışıqlarına başlamaq üçün Qazaxda konfrans çağrılması barədə yeni razılıq əldə edildi. Lakin Ermənistan tərəfi bir müddət sonra Azərbaycanın konfrans təklifini rədd etdi. Birbaşa iki tərəfli danışıqlardan qaçan Ermənistan rəhbərliyi Rusiyanın vasitəçiliyinə üstünlük verərək daha çox güzəştlər əldə etmək yolunu tutdu. Nəticədə, Azərbaycan SSR rəhbərliyi də həm Sovet Rusiyasının təzyiqi ilə, həm də milli mənafeləri arxa plana keçirməsi səbəbindən öz torpaqlarını mübahisəli ərazi kimi tanıdı və etiraf etdi.

Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində hüquqi statusunun müəyyənləşməsi

Ermənistanda sovet hakimiyyətinin qurulması barədə Sovet Rusiyası ilə Ermənistan arasındakı yekun razılaşmanın ardından RK(b)P rəhbərliyinin diqqəti Dağlıq Qarabağ məsələsinə yönəldi. N.Nərimanovun məlum Bəyanatından bir müddət sonra AKP rəhbərliyi də məsələni müzakirə edərək (27.06.1921) qərara gəldi ki, məsələ DQ-nın iqtisadi baxımdan qəti Azərbaycana meylli olması əsasında həll edilməlidir. Növbəti gün Azərbaycan XKS-nin Nərimanovun sədrliyi ilə keçən iclasında, A.Myasnikovun DQ-nı Ermənistanın tərkib hissəsi sayan bəyanatı (19.06.1921) rədd edilərək, Q.Orconikidze tərəfindən Ermənistan SSR-nin DQ-ya Fövqəladə nümayəndəsi təyin edilmiş A.Mravyanın geri çağrılması tələb olundu. Artıq məlum olduğu kimi, 4 və 5 iyul tarixlərində RK(b)P MK-nın Qafqaz bürosunun plenumunda məsələ iki variantda (Qarabağın Azərbaycanın tərkibində saxlanılması və bütün əhali arasında rəy sorğusu keçirilməsi (1); DQ-nın Ermənistanın tərkibinə qatılması və rəy sorğusunun yalnız ermənilər arasında keçirilməsi (2) ) müzakirə olundu. İclaslar və müzakirələr zamanı səs çoxluğu ilə 4 iyul tarixində qəbul edilmiş qərara (DQ-nın Ermənistanın tərkibinə qatılması və rəy sorğusunun yalnız ermənilər arasında keçirilməsi) əlavə kimi (plenum üzvlərinin razılığı və istəyi ilə) 5 iyul tarixli qərar çıxarıldı və Dağlıq Qarabağ geniş muxtariyyət statusu verilməklə Azərbaycan SSR-nin hüdudlarında saxlanıldı. Qərar müsəlmanlara ermənilər arasında sülhün zəruriliyi, Qarabağın Azərbaycanla daimi əlaqəsi və s. ilə əsaslandırılırdı.

RK(b)P MK-nın Qafqaz bürosunun Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı qəbul etdiyi qərarın icrası məqsədi ilə həyata keçirilən bir sıra təşkilatı-hüquqi məsələlərdən sonra, Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsi 1923-cü ilin 7 iyul tarixində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması barədə yekun qərar qəbul etdi və beləliklə Azərbaycanın tərkibində ermənilərə geniş muxtariyyət hüququ verilməsi prosesi başa çatdırıldı.

Erməni tərəfinin 5 iyul tarixli qərara etirazına cavab olaraq bunları qeyd etmək olar:

1. 5 iyul tarixli qərarın prosedur qaydalarının pozulması ilə qəbul edilməsi yaxud hüquqi qüvvəsinin olmaması iddiaları əsassızdır. Qərar plenum üzvlərindən N.Nərimanovun təkidi, habelə Q.Orconikidze və A.Nazaretyanın istəyi ilə yenidən müzakirəyə çıxarılmışdı. Digər 4 nəfər plenum üzvü tərəfindən buna etiraz gəlməmişdi. Həmçinin, plenumun doqquz nəfər üzvünün olması və Azərbaycan tərəfinin tarixi sənədləri saxlaşdıraraq bunu 7 nəfər (4-leyhinə, 3-bitərəf) kimi göstərməsi iddiasına cavab olaraq deyilə bilər ki; RK(b)P MK Qafqaz bürosu plenumunun 5 iyun tarixli iclasında həqiqətən də doqquz nəfər iştirak edirdi, bununla belə, digər iki nəfər (İ.Stalin və ) 4 iyul tarixli qərarda olduğu kimi, bu qərarın səsverməsində də iştirak etməmişdi. Nəticədə, RK(b)P MK Qafqaz bürosu plenumunun 5 iyun tarixli qərarı 4 iyul tarixli qərarında olduğu kimi 7 nəfərin səsverməsi nəticəsində qəbul edilmişdi. Tarixi sənədlər də bunu təsdiqləyir və burada erməni tərəfinin iddia etdiyi heç bir saxtalaşdırmadan söhbət gedə bilməz.

2. Erməni tərəfinin qərarın hüquqi qüvvəsini mübahisələndirmək üçün irəli sürdüyü digər bir arqument, üçüncü bir ölkənin siyasi partiyasının DQ-nın statusu ilə bağlı qərar qəbul etməyə hüquqi səlahiyyəti çatmamasıdı. Bu iddianın da əssasız olduğu artıq yuxarıda qeyd olunan məqamlardan aydın olur; Ermənistan, Azərbaycan SSR qurulduğu ilk gündən etibarən mübahisəli elan edilən Azərbaycan əraziləri məsələsinin ikitərəfli-qarşılıqlı danışıqlarda deyil, Sovet Rusiyasının vasitəçiliyi ilə həll edilməsinə çalışırdı. Onun bu istəyi avqustda imzalanan ilkin barışıq sazişində də öz əksini tapmışdı və Ermənistan On Birinci Ordunun Qarabağ, Zəngəzur və Naxçıvanı tutaraq mübahisəli ərazi məsələlərinin yekun sülh müqaviləsinin müəyyənləşdirəcəyi əsaslarla həll olunmasına, dolayısıyla Sovet Rusiyası rəhbərliyinin DQ məsələsində vasitəçiliyinə razılıq vermişdi.

Yuxarıda qeyd edilən səbəblərdən, Dağlıq Qarabağın 5 iyul tarixli qərarla Azərbaycan SSR tərkibində verilən muxtariyyət statusu hüquqi cəhətdən mübahisələndirilə, o cümlədən qeyri-qanuni elan edilə bilməz.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR