Azərbaycan türklərinin gülən üzü, müasirliyin simvolu - Molla Nəsrəddin jurnalı

Tarix
Photo

Tiflis ədəbi mühitində "Molla Nəsrəddin" jurnalı və jurnalda müzakirə edilən mövzular (birinci hissə)

20-ci əsrin əvvəllərindəki qarışıq siyasi və ictimai mühitdə "Molla Nəsrəddin" jurnalı Azərbaycan ədəbiyyatının və Azərbaycan türklərinin gülən üzü oldu. Azərbaycan ədəbiyyatının ilk satira jurnalı olan "Molla Nəsrəddin" müzakirəyə açdığı mövzularla 1900-cü illərdə müasirliyin simvoludur. "Molla Nəsrəddin" jurnalını çıxaranların ən mühüm məqsədləri Azərbaycan türklərini müasir bir səviyyəyə çatdırmaq idi. Bu səbəbdən jurnal həm ədəbi, həm də ictimai baxımdan çox mühüm mövqeyə malikdir. Ana dili, azadlıq, din, İslam coğrafiyası, qadın, təhsil və kəndli-fəhlə haqqları jurnalda işlənən mövzulardan bəziləridir.

20-ci əsrin əvvəllərində ədəbi və siyasi həyat

Rusiya və Azərbaycanda 20-ci əsrin ilk illəri həm ictimai, həm də siyasi baxımdan mühüm dəyişikliklərin baş verdiyi bir dövr idi. Bu illər Osmanlı, Rusiya və İranda xalq hərəkatlarının başladığı və azadlıq düşüncəsinin imperatorluqları əhatə etdiyi zaman kəsiyidir. Müsəlman ölkələrdə azadlıq və məşrutə hərəkatları, xalqı idarəçiliklərlə üz-üzə gətirdi, Rusiyada isə Çar rejiminə qarşı bolşeviklərin dəstəklədiyi fəhlə-kəndli qiyamları region baxımından aktiv illərin keçməsinə səbəb oldu. Xüsusilə, 1905 və 1907-ci illər Rus inqilabları bolşevik hərəkatlarını gücləndirdi və qismən də olsa Çar Rusiyasında müvəqqəti azadlıq mühiti yaratdı. "20-ci əsrin əvvəlləri, Azərbaycanda və bütün Çar Rusiyasında böyük hadisələrin cərəyan etdiyi zamandır. Bakı, neft sənayesinə görə sürətlə inkişaf etdi, qısa müddətdə Azərbaycanın kültür və mədəniyyət mərkəzinə çevrildi. 1905-ci il Rus inqilabı 'xalqlar həbsxanası' kimi tanınan Çar Rusiyasında azadlıq günəşi doğurdu, türklər və müsəlmanlar arasında siyasi, ədəbi, ictimai fəaliyyətlərin sürətlə inkişafını təmin etdi" (Akpınar, 1994: 69).

Rusiyada başlayan bu azadlıq hərəkatları Çar hakimiyyəti altında və İranda yaşayan türklər ilə Osmanlı arasında sürətli ünsiyyətin (əlaqənin) başlanğıcı oldu. Siyasi baxımdan baş verən bu aktivlik çox keçmədən ədəbiyyat sahəsində də özünü göstərdi. 20-ci əsrin əvvəllərindən etibarən Azərbaycanda bir çox türkcə qəzet və jurnal nəşr həyatına başladı.

1905-ci il İnqilabı və Azərbaycanda siyasi oyanış

19-cu əsrin sonlarından 20-ci əsrin əvvəllərinə qədər Çar Rusiyasında hansısa jurnal və qəzetin Azərbaycan türkcəsi ilə nəşrinə icazə verilməmişdi. Bu illərdə Azərbaycan ziyalılarının, xüsusilə də Nəriman Nərimanovun türkcə qəzet çıxarmaq üçün göstərdiyi təşəbbüslər mərkəzi idarəçilik tərəfindən rədd edilmişdi. Azərbaycan ədəbiyyat tarixçiləri 1905 və 1907-ci illər Rus inqilablarının "Molla Nəsrəddin" kimi bir çox jurnal və qəzetin nəşrinə zəmin hazırladığı fikirindədirlər. "1905 və 1907-ci illər inqilabları zamanı və ondan sonra Azərbaycan mədəniyyətinin bir çox sahəsi davamlı inkişaf etdi. İnqilab xalqın təhsilə, mədəniyyətə, sənətə olan marağını və meylini qat-qat artırdı. Ədəbiyyatla birlikdə təhsil, elm, sənət və mətbuat getdikcə xalq mənfəətinə xidmət etdi" (Vurğun və d., 1960: 367).

1900-cü illərdə siyasi və iqtisadi baxımdan mühüm bir mərkəzə çevrilən Bakı, ədəbiyyat və mətbuat sahəsində də regionun ən mühüm şəhərlərindən biri oldu. Bu illərdə nəşr olunan qəzet və jurnalların böyük qismi Bakıdakı mətbəələrdə çap edilirdi.

20-ci əsrin siyasi hadisələri özünü mətbuat həyatında da nəzərə çarpacaq dərəcədə hiss etdirirdi. Ədəbiyyat tarixçiləri bu illərin mətbuatını üç əsas siyasi başlıq altında araşdırırlar. Bolşevik mətbuatı, demokratik-inqilabçı mətbuat və milliyyətçi-dini mətbuat olmaqla üç əsas hissəyə bölünən mətbuat, o illərdə heç olmadığı qədər canlı dövr keçirmişdi. Bu təsnifat daha çox sosialist nəzəriyyəçilər tərəfindən edilmişdi. Bolşevik mətbuatı təmsil edənlər "Dəvət", "Təkamül" və "Yoldaş" qəzetləridir. Azərbaycan mətbuatında Bolşevik ideologiyasının ən mühüm və ən rəngli təmsilçisi Nəriman Nərimanovun sahibi olduğu "Hümmət" qəzetidir. Dövrün qabaqcıl bolşevik ziyalılarından biri olan S.M.Əfəndiyev də, bu qəzetin yazar heyətinə daxil idi. " "Hümmət" qəzetinin səhifələrində dövrün bütün mühüm siyasi məsələlərinə marksist düşüncə ilə toxunulurdu..." (Vurğun və d., 1960: 395).

Bu illərin ən mühüm iki qəzeti "Həyat" və "İrşad"dır. Bu qəzetlər sosialist idealdan uzaq fikirlər əks etdirdikləri üçün bolşeviklər tərəfindən mürtəcelikdə günahlandırılırdılar. "Molla Nəsrəddin" jurnalının səhifələrində də bu iki qəzetin adı tez-tez çəkilirdi. "Həyat" bağlandıqdan sonra nəşr həyatına başlayan "Füyuzat" isə Türklük və İslamiyyətin ən qızğın müdafiəçisi olmuşdur. "Füyuzat" özündən sonra bir çox qəzet və jurnala təsir edərək Türklük düşüncəsinin Azərbaycanda yayılmasında liderlik etmişdir. "Açıq Söz" və "İttihad", "Füyuzat"ın təsiri ilə çıxan qəzetlərin ən əhəmiyyətliləridir (Cəlal və d., 1982: 66).

"Molla Nəsrəddin" jurnalı baxımından 1900-cü illərin ən mühüm nəşr orqanı Məhəmməd Ağa Şahtaxtlının 1903-cü ildə Tiflisdə çıxarmağa başladığı "Şərqi-Rus" qəzetidir. "Şərqi-Rus" bu dövrdə nəşr olunan ilk türkcə qəzetdir. Qəzetin çap olunduğu "Qeyrət" Mətbəəsi "Molla Nəsrəddin" jurnalının doğulmasına səbəb olacaq və uzun illər "Molla Nəsrəddin" jurnalına xidmət edəcəkdi.

XX əsrin əvvəllərində Azərbaycan milliyyətçiliyinə liberal və sosialist təsirlər

"Məhəmməd Ağa Şahtaxtinskinin Tiflisdə çıxardığı "Şərqi-Rus" (1903-1905) qəzeti, inqilabdan əvvəl tək məşhur Azərbaycan qəzeti idi. Bu qəzetdə C.Məmmədquluzadə, M.Ə.Sabir, Əli Nəzmi, M.S.Ordubadi, Abdulla Tevfik Sur, H.Zərdabi kimi məşhur yazar və şairlər bir yerə yığışmışdı" (Cəlal və d., 1982: 66). "Şərqi-Rus" qəzetinin yazar və şair heyətində iştirak edən ədəbiyyatçıların böyük bir qismi, daha sonra "Molla Nəsrəddin" jurnalının əsas heyətini təşkil edəcək şəxslərdir. 1905-ci ildə "Şərqi-Rus" qəzetinin bağlanılmasından sonra boş qalan "Qeyrət" mətbəəsi, Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin mühüm səyləri ilə Azərbaycan ədəbiyyatına xidmət etmək üçün satın alındı.

Bu illərin ən böyük problemi, türkcə jurnal və qəzet çıxarmaq üçün Çar idarəçiliyindən icazə almaq idi. Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə, fərqli qəzet və jurnallar çıxarmaq üçün müxtəlif təşəbbüslər göstərsələr də, Azərbaycanda satira jurnalının yoxluğu onları "Molla Nəsrəddin"i çıxarmağa sövq etdi. Bu səbəbdən "Qeyrət" Mətbəəsi o illərin ədəbi sahəsində olduqca mühüm bir mövqeyə sahib olmuşdu. "Molla Nəsrəddin" yazarlarının əsərləri, tərcümələri bu Mətbəədə çap edilmiş və jurnal vasitəçiliyi ilə abunəçilərə paylanmışdı. Bu kitabların çapı və paylanması ilə əlaqədar "Molla Nəsrəddin" jurnalında tez-tez məlumat verilmişdi. "Bir ildir Tiflisdə xidmət göstərən "Qeyrət" Mətbəəsində türkcə, farsca, ərəbcə və firəngcə hər cür kitab, məcmuə və hər növ ticarət və divanxana dəftər və kağızları ən gözəl yazı ilə çap edilir. Hər şəhərdən məktub ilə sifariş qəbul edilir və sürətli şəkildə çap edilib göndəriləcəyi təəhhüd edilir" ("Molla Nəsrəddin", 1906/5: 2). Bu illərin digər mühüm mətbəəsi isə Bakıda Orucov qardaşlarına aiddir. Daha çox ticari məqsədlərlə işləyən Orucov qardaşları, "Günəş", "Həqiqət", "Məlumat", "Kəlniyət" kimi jurnal və qəzetləri nəşr etmişdilər (Vurğun və d., 1960: 382).

"Molla Nəsrəddin" jurnalının nəşr həyatı

"Molla Nəsrəddin" Azərbaycanda nəşr olunan ilk satira jurnalıdır. 7 aprel 1906-cı ildə ilk sayı nəşr edilən jurnal, Tiflisdə "Qeyrət" Mətbəəsində çap edilməyə başlandı. "Molla Nəsrəddin" 20-ci əsrin ilk illərindəki qarışıq siyasi mühit və müxtəlif səbəblərdən bəzi dövrlərdə nəşr həyatına fasilə vermək məcburiyyətində qalsa da, təxminən iyirmi beş ildə 776 sayı nəşr edilərək uzun müddət mətbuat və ədəbiyyat sahəsində təsirli oldu. " "Molla Nəsrəddin" müxtəlif fasilələrlə iyirmi beş il nəşr edildi. O, əvvəlcə Tiflisdə (1906-1918), qısa müddət Təbrizdə, sonra isə Bakıda fəaliyyət göstərdi. Mütəxəssislərə görə Tiflisdə 370, Təbrizdə 8, Bakıda 398 sayı çıxmışdır" (Hüseynov, 1986: 14).

"Molla Nəsrəddin" jurnalı Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin rəhbərliyi ilə nəşr həyatına başladı. Jurnala dördüncü sayından etibarən qoşulan Mirzə Ələkbər Sabir, həqiqi şöhrətə "Molla Nəsrəddin" sayəsində çatdı. Dövrünün mühim yazar, şair və rəssamlarını ətrafında toplayan "Molla Nəsrəddin" Azərbaycan ədəbiyyatında və mətbuatında yeni bir məktəbin başlanğıcı oldu. "Molla Nəsrəddin" Ədəbi Məktəbi, bu gün də Azərbaycan satira ədəbiyyatında öz təsirini göstərir. Bu təsir özünü Anarın "Molla Nəsrəddin 66" adlı komik hekayələrində açıq şəkildə hiss etdirir.

Jurnalın türkcə nəşr olunması üçün Çar Rusiyasından icazə almaq çox da asan olmadı. Cəlil Məmmədquluzadə və Ömər Faiqin daha əvvəl göstərdiyi təşəbbüslər rədd edildi. "Molla Nəsrəddin"in isə yalnız mərkəzin müəyyən etdiyi proqrama əsasən çıxarılmasına icazə verildi və o illərdə Azərbaycan türkcəsi ilə nəşr olunan bir neçə qəzet və jurnaldan birinə çevrildi. Bu səbəbdən Azərbaycan ədəbiyyatında olduqca mühüm mövqeyə malikdir. Jurnalın icazə alınan nəşr proqramı belədir: "Hökumət "Molla Nəsrəddin"in bu proqramla çıxarılmasına icazə vermişdi... 1.Söhbətlər, 2.Atmacalar, 3.Tənqidlər, 4.Satirik şeirlər, 5.Satirik teleqraflar, 6.Gülməli hekayələr, 7.Zarafatlar, 8.Məktub Qutusu, 9. Gülməli elanlar, 10.Fərdi elanlar, 11. Karikatura və şəkillər…" (Vurğun və d., 1960: 401-402).

Sovet romanlarında heç bir inkişafdan söhbət gedə bilməz

İlk sayı min ədəd çap edilən və nəşr olunduğu gün xalq arasında böyük maraqla qarşılanan jurnalın ad kimi türk yumorunda mühüm yer tutan, kəskin tənqidləri və hazırcavablılığı ilə tanınan məşhur lətifə tipi Molla Nəsrəddin (Nəsrəddin Xoca) adı ilə nəşr edilməsi, ictimai və siyasi baxımdan aparacağı mübarizədə gedəcəyi yolun ilk işarəti idi. "Molla Nəsrədddin"in nəşr həyatı boyunca, xüsusilə də Tiflisdə çıxan saylarında mərkəzi idarəçiliklə, insanların dini hisslərini istismar edən mollalarla, əxlaqsızlarla mübarizədə həcv və qara yumor ön plandadır. "Molla Nəsrəddin" jurnalı adı kimi yumor ünsürlərini də türk xalq ədəbiyyatı formalarından götürmüşdü. Jurnalda atalar sözləri, bilməcələr, lətifələr, mahnılar satira və tənqid vasitələri kimi istifadə edilmişdi. Həbibbəyli İsa Əkbəroğlu, jurnalın adının "Molla Nəsrəddin" olmasını belə açıqlayır: "Adı çəkilən satira jurnalında müdrik Nəsrəddin Xoca ənənələrinə geniş yer verilmişdi. Jurnalda nəşr olunan şeir, hekayə və məqalələrdə Molla Nasrəddinə müvafiq şəkildə millilik, xalq həyatına bağlılıq, zarafat, gülüş və s. kimi xüsusiyyətlər əks etdirilmişdi. Beləliklə, ədəbiyyatda və həyatda Nəsrəddinləşmə prosesi başlamışdı" (Əkbəroğlu, 1996: 25).

"Molla Nəsrəddin" jurnalının özünə aid atalar sözləri, bilməcələri və lüğəti vardır.

Bunlar jurnalı çıxaranların, xüsusilə də Cəlil Məmmədquluzadənin xalqın mədəniyyətinə və həyatına yaxınlığı və marağı ilə yaradılmış "Molla Nəsrəddin" xəzinəsidir. Jurnalın ilk sayında verilən bəzi atalar sözləri Molla Nəsrəddin üsulu ilə tam yumor elementi olmuşdu.

"Atı atın yanına bağlasan - Xan görüb birini mənə ver, deyər.

Ata malının olduğu yerdə sənin qazandığın haramdır.

Aç toyuq yuxusunda plov görər.

Adam yata-yata alim olar.

Anlayana da qul ol, anlamayana da.

Uşağın ağıllısı dərsdən qaçar.

Başladığın işi yarımçıq qoy." ("Molla Nəsrəddin", 1906/1: 6).

Atalar sözləri, bilməcələr, mahnıların mənası dəyişdirilərək və ya fərqli formalara salınaraq xalqın geridə qalmışlığının səbəbləri, idarəçilərin zülmləri və mollaların dini hissləri istismar etmələri tənqid olunurdu. "Molla Nəsrəddin Lüğəti" adlı yazılarda isə, sözlərin mənaları yumor elementi yaradacaq formada dəyişdirilərək verilirdi. Üçüncü saydakı "Molla Nəsrəddin Lüğəti"ndə verilən kəlmələrdən bəziləri bunlardır:

"Ehtimal: Yəni birinin malına hücum etmək. Bu söz Gəncə, Quba, Qarabağ və Naxçıvan bölgələrində çox istifadə edilir. Xorasan və Məkkə yollarında belə mötəbərdir.

Ehsan: gözəl adamların yeməyi, məsələn, sülün və ya toyuqla bişirilmiş plov.

İstirahət: İsti hamamda uzun müddət yatıb rahatlamaq." ("Molla Nəsrəddin",1906/3: 7).

Əcnəbilərin Azərbaycanı ziyarət etməzdən əvvəl oxumalı olduqları 10 kitab

Jurnal, bu yumor elementlərini bölgə xalqının illərdən bəri susqunluğunu, əzilmişliyini və hər şeyə boyun əymələrini tənqid etmək, xalqı istismar edənləri qəti şəkildə ortaya çıxarmaq üçün istifadə edirdi.

Jurnalın ilk sayında verilən və Molla Nəsrəddin təxəllüsü ilə Cəlil Məmmədquluzadə tərəfindən yazılan "Sizi deyib gəlmişəm", jurnalın gedəcəyi yolu, fəlsəfəsini və məqsədini ortaya qoyurdu. Bu yazıda jurnalın məqsədinin Azərbaycan türklərini şüurlandırmaq olduğu və türkcə nəşr olunacaq satira jurnalı olacağı ifadə edilirdi. "Ey mənim Müsəlman qardaşlarım! Kimə güldüyünüzü bilmək istəyirsinizsə, o zaman aynanı qarşınıza qoyun və özünüzə diqqətlə baxın" ("Molla Nəsrəddin", 1906/1: 2). İlk sayın üz qabığında verilən karikaturada isə yatan müsəlmanları oyandırmağa çalışan Molla Nəsrəddin təsvir edilirdi. Bu karikatura da jurnalın dünyagörüşünün və məqsədinin göstəricisidir.

20-ci əsrin əvvəllərində Rusiya və Qafqazda başlayan fəhlə-kəndli hərəkatları dövrün ədəbiyyat və mətbuatına da təsir etdi. Bolşevik inqilabını dəstəkləyən jurnal və qəzetlərlə yanaşı, ictimai və demokratik nəşrlər də bu dövrün xüsusiyyəti olaraq diqqət çəkirdi. "Molla Nəsrəddin" jurnalı, kəndli və fəhlə sinifinin haqqlarını qoruyan nəşrlərinə və jurnalın müdiri Cəlil Məmmədquluzadənin o illərin məşhur bolşevikləri ilə, xüsusilə də Nəriman Nərimanovla olan yaxşı əlaqələrinə görə bəzi araşdırmaçılar tərəfindən Bolşevik mətbuatı daxilində qiymətləndirilir. "Molla Nəsrəddin"in, xüsusilə Tiflisdə, yəni Rusiyada bolşevik inqilabı olmamışdan əvvəl nəşr olunan saylarında bolşevik mətbuatı daxilində qiymətləndirilməsini lüzumlu edən qəti mövqelərə rast gəlinir; lakin jurnalın bolşevik mətbuatına yaxın olduğu deyilə bilər.

Mir Cəlal və Firidun Hüseynov da "Molla Nəsrəddin" jurnalını "inqilabçı-demokratik" mətbuat içərisində qiymətləndirirlər (Cəlal və d., 1982: 24).

"Molla Nəsrəddin" jurnalı Azərbaycanda satira jurnalçılığının və satira ədəbiyyatının qabaqcılı oldu. Bu səbəbdən Azərbaycan ədəbiyyatında məktəb olaraq qiymətləndirilir. Azərbaycanda ilk satira jurnalı olan "Molla Nəsrəddin" nəşr həyatına başladıqdan sonra onu nümunə götürərək çıxmağa başlayan bir çox satira jurnalı vardır. Lakin bu jurnallardan heç biri "Molla Nəsrəddin" qədər müvəffəqiyyətli olmadı və onun çatdığı şöhrətə çata bilmədi. "Molla Nəsrəddin"in təsiriylə nəşr olunmağa başlayan satira jurnallarının ən mühümü "Bəhlul"dur. Mirzə Ələkbər Sabir və Əli Nəzmi kimi "Molla Nəsrəddin" yazarlarının bir qismi bu jurnalda yazı və şeirlərini nəşr etdirmişdi. " "Molla Nəsrəddin" ilə müqayisə edildikdə, "Bəhlul" bir satira jurnalı olaraq zəif idi. Əli Nəzmi "Keçmiş günlər" adlı məşhur mənzum xatirəsində jurnalda yalnız bir şeir nəşr etdirməsinin və jurnalın bir ildən artıq nəşr olunmamasının səbəbini ondakı satiranın zəifliyi ilə izah edir" (Cəlal və d., 1982: 44).

Bu illərdə nəşr olunan digər mühüm satira jurnalı isə 1909-cu ildə çıxmağa başlayan "Zənbur"dur. Bu jurnal da digərləri kimi uzun ömürlü ola bilmədi.

"Molla Nəsrəddin"in Tiflisdə çıxarılmasının ən əhəmiyyətli səbəbi buranın mühüm mərkəzlərə yaxın olması idi. Bu səbəbdən "Molla Nəsrəddin" yalnız Azərbaycanda deyil, İranda da təsirli oldu. Jurnalın qısa müddət də olsa Təbrizdə nəşr olunması, bu təsirdəki digər mühüm səbəbdir. "İranda farsca çıxan və məşrutə dövrünün məşhur nəşr orqanları olaraq tanınan "Nəsimi-Şimal" (1907-1912) və "Sur-u İsrafil" (1907-1908) səhifələrində, "Molla Nəsrəddin" jurnalının güclü təsiri hiss edilirdi" (Cəlal və d., 1982: 53).

"Molla Nəsrəddin Azərbaycanda karikatura sənətinin inkişafında da olduqca əhəmiyyətli rol oynadı. Jurnalın ən çox diqqəti cəlb edən hissələri üz qabığı, orta səhifələr və arxa qabığında verilənlər O. Şmerlinq, J.Rotter və Ə.Əzimzadənin çəkdiyi karikaturalardır. "Molla Nəsrəddin"in davamçısı olan jurnallar da səhifələrində bunlara bənzər karikaturalara yer verməyə başlamışdı. Bundan sonra karikaturalar Azərbaycanda satira jurnallarının mühüm elementinə çevrildi.

Sedat Adıgüzel

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR