Nəyə görə insanlığın gələcəyi naminə empatiya yerini ağıla verməli olacaq?

Elmi-kütləvi

Qurbanların sayı heç də önəmli deyil - beş minin əziyyət çəkdiyi barədə eşitməklə beş yüz minin əziyyət çəkdiyi barədə eşitmək arasında çox az psixoloji fərq var. Uzaq bir ölkədə bir zəlzələ nəticəsində iki min insanın yenicə öldüyünü oxuduğunuzu, daha sonra gerçək ölüm sayısının iyirmi min olduğunu öyrəndiyinizi təsəvvür edin. Nə oldu, indi özünüzü on qat daha pis hiss etdinizmi? Gördüyümüz kimi, rəqəmlərə əhəmiyyət vermək mühakimə yürütmək üçündür, empatiya qurmaq üçün deyil.

Linda Polman kimi tənqidçilərin göstərdiyi kimi, geniş mənada insanpərvərlik kontekstində, empatik refleks bizi yolumuzdan azdıra bilər. Şiddət failləri[11] kömək gördükləri zaman - hərbi diktatorların beynəlxalq yardım qurumlarından tez-tez tələb etdiyi “vergilər” onlara verildiyində olduğu kimi - əslində, onlar daha çox vəhşət törətməyə təşviq olunur. Bu, Hindistandakı bəzi valideynlərin öz uşaqlarını daha effektiv dilənçilik etməsi üçün doğumda şikəst qoymasına bənzəyir. Uşaqların dərdləri ürəyimizi dağlayır, amma bunların qarşısını almaq üçün anlamlı bir şey etmək istəyiriksə, mövcud vəziyyəti daha soyuqqanlı bir şəkildə analiz etməliyik.

“Empatiya politikası” ictimai sferada da qeyri-müəyyənliyi böyük ölçüdə aradan qaldırmır. Adətən, politik disputlar zamanı kiminlə empatiya qurmalı olduğumuz barədə fikir ayrılıqları ortaya çıxır. Liberallar, misal üçün, silahlı şiddət üzərinə fokuslanaraq silah üzərində nəzarətin gücləndirilməsini müdafiə edir; mühafizəkarlar isə, silahı olmayan cinayət qurbanlarının başqalarının vəhşiliyinə qarşı müdafiəsiz olduğunu göstərir. Federal hökümət tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsini istəyən liberallar iş qəzaları ilə mübarizə edən işçilər üçün yardıma səsləyir; onların əleyhinə olan mühafizəkarlar isə, ağır tələblər ucbatından bankrot olan kiçik sahibkarlardan söz salır. Buna görə də, ideoloji opponentinizin sadəcə empatiyası coşarsa, o zaman məhz sizin kimi düşünəcəyini zənn etməyin.

Bir çox məsələdə empatiya bizi səhv istiqamətləndirə bilər. Qurbanın perspektivini mənimsəməkdən qaynaqlanan qəzəb qarşılıq vermə istəyini alovlandıra bilər (ölü uşaqların adları verilən Meqan, Cessika və Keyli Qanunlarını düşünün[12]). Lakin, tipikdir ki, bu qarşılıq vermək istəyi uzunmüddətli nəticələr almağa laqeyd yanaşır. Conatan Baron və İlana Ritov tərəfindən aparılan bir araşdırmada, insanlara bir uşağın ölümünə səbəb olan bir vaksini istehsal edən şirkətə ən yaxşı cəzanın nə olacağı soruldu. Onların bəzilərinə deyildi ki, daha yüksək bir cərimə şirkəti daha təhlükəsiz bir məhsul istehsal etməyə daha çox sövq edəcəkdir. Digərlərinə isə deyildi ki, daha yüksək bir cərimə şirkəti vaksin yaratmaqdan yayındıracaq və mövcud bazarda münasib bir alternativi olmadığı üçün şirkətə kəsilən bu cərimə daha çox ölümə yol açacaqdır. Əksəriyyəti üçün dəxli yox idi; onlar nəticəsi nə olursa-olsun şirkətə ağır cərimə kəsilməsini istədi.

Aydınlanma dövrü niyə dərrakə əsri olmadı?

Bu dinamika cinayət mühakiməsi sahəsində müntəzəm rol oynayır. 1987-ci ildə Massaçusetsdəki Şimal-Şərqi İslah Mərkəzindən iznə buraxılan qatil bir məhkum Uilli Horton öz nişanlısını döyüb iplə bağladı və bir qadına da təcavüz etdi. Qubernator Maykl Dukakisin bu izin proqramına onu hörmətdən salan bir səhv kimi baxıldı və ertəsi il prezidentliyə namizədkən bu, rəqibləri tərəfindən onun əleyhinə istifadə edildi. Buna baxmayaraq, belə bir proqram bu cür hadisələrin baş vermə ehtimalını azalda bilər. Əslində, 1987-ci il tarixli bir məruzədə deyilirdi ki, bu proqramın başlanılmasından on bir il sonra cinayətlərin sayında azalma görülmüş və iznə çıxmış məhbusların iznə çıxmayanlara görə azad edildikdən sonra cinayət işləməyə davam etmə ehtimalı daha az olmuşdur. Amma problem odur ki, bu proqramın tətbiq edilməsi nəticəsində təcavüzə uğramayan, hücuma məruz qalmayan və öldürülməyən müəyyən fərdləri göstərə bilmirsiniz, məhz vaksinasiya nəticəsində həyatı xilas olmuş müəyyən bir şəxsi göstərə bilmədiyiniz kimi.

Burada daha geniş bir patern vardır [13]. Həssas politikalar əksərən sadəcə statistik faydalara malik olur, adları və hekayələri olan qurbanlara deyil. Qlobal istiləşməni - Rifkinin “katasrofik iqlim dəyişikliyini xəbər verən və varlığımızı təhdid edən entropiya artışının bədəli’’ dediyi şeyi - düşünün. Əslində, burada empatiya üçün cızılan sərhədlər çox barizdir. Karbon qazı emissiyasına qoyulan məhdudiyyətlərə qarşı çıxanlar müəyyən edilə bilən qurbanlarla eyni mövqedə dayanır - qiymətlərin artmasından, işyerlərinin bağlanmasından onların hamısı zərər görür. Qeyri-müəyyən bir gələcək tarixdə milyonlarla insanın bizim indiki fəaliyyətsizliyimizin nəticələrindən əziyyət çəkməsi isə, əksinə, solğun statistik mücərrədləşdirmələrdir.

Hökümətin sağlam düşüncəyə əsaslanan uzunmüddətli planları həyata keçirməkdə müvəffəqiyyətsizliyi çox zaman (qısamüddətli çözümlərə üstünlük verən) təşviqedici demokratik politika sisteminin və pulun qüvvətli təsiri ilə bağlıdır. Lakin bu məsələdə empatiya politikası da ittiham edilməlidir. Bugün müəyyən fərdlər üçün əndişəyə düşməyimiz əksər hallarda gələcəkdə saysız-hesabsız insana zərər verəcək krizisləri gözardı edəcəyimiz mənasına gəlir.

Əxlaqi mühakimə özünü başqasının yerinə qoymaqdan daha çoxunu tələb edir. Filosof Cessi Prinzin göstərdiyi kimi, oğurluq və ya vergidən yayınma kimi yanlış olduğu asanlıqla anlaşılan bəzi aktlar müəyyən edilə bilən bir qurbanı ehtiva etmir. Bir çox yaxşı əməllər - bir uşağı təhlükəli davranışından dolayı cəzalandırmaq, gözləmə siyahısında olanların əziyyət çəkməsinə baxmayaraq, orqan transplantı veriləcək insanları müəyyən etmək üçün adil və tərəfsiz bir prosedur tətbiq etmək - empatiyamızı bir qırağa qoymağımızı gərəkli qılır. Səkkiz adamın ölməsi adını bildiyiniz bir adamın ölməsindən daha pisdir; insani yardım, pis planlanmışsa, qeyri-səmərəli ola bilər; iqlim dəyişikliyinin yaratdığı təhdidi ortadan qaldırmaq üçün fədakarlıq göstərmək tələb olunur.

Şiddətin azalması empatiyanın genişləməsinə borcludur” - deyə Stiven Pinker yazır, “amma o, həm də bəsirətli olma, mühakimə yürütmə, ədalətli olma, özünənəzarət, normalar və tabular, insan haqlarını qavramlaşdırma kimi püxtələşmiş qabiliyyətlərə borcludur”. Əxlaqi öhdəliyin - hətta kontr-empatik olsa da, - məntiqli analizi və onun mümkün nəticələri gələcəyə dair planlara bələdçilik etmək üçün instinktiv şəkildə empatiyanın arxasından getməkdən daha yaxşıdır.

Buddizm sevgililər üçün necə faydalı ola bilər?

Rifkin və başqaları məqbul bir şəkildə irəli sürmüşdür ki, əxlaqi irəliləyiş əndişlərimizi ailəmizdən və qəbiləmizdən bütün insanlığa genişləndirməyi ehtiva edir. Lakin, yeddi milyard yadla empatiya qurmaq və ya bir uşaq, bir dost və ya bir sevgili üçün duyduğun əndişəni eyni dərəcədə heç vaxt görüb-bilmədiyin biri üçün də duymaq imkansızdır. Gələcəyə dair malik ola biləcəyimiz ən yaxşı gerçəkçi ümid insanların bütün insanlığı öz ailəsi kimi görməsinə nail olmaq deyildir - bu mümkünsüzdür; bunun yerinə, gerçəkçi şəkildə ən yaxşı halda ona ümid etmək olar ki, bizdən uzaqdakı insanlarla empatiya qurmasaq belə, onların həyatının sevdiklərimizin həyatı ilə eyni dəyərdə olduğu gerçəyinə ehtiram göstərə biləcəyik.

Bu empatik olmamağa çağırış deyil. Bir qrup psixopat birlik və ədalət prinsiplərini formalaşdıracaq qədər ağıllı ola bilər (araşdırmalar kriminal psixopatların əxlaqi mühakimə yürütmə mövzusunda usta olduğunu göstərir). Empatiyadan məhrum olanların problemi nəyin doğru olduğunu bilməmələri deyil, doğrulara görə hərəkət etmə motivasiyasına malik olmamalarıdır. Biliyin əməli fəaliyyətə çevirilməsi üçün duygudaşlığa da ehtiyac duyulur.

Amma bütün ehtiyac duyulan şey sadəcə bir qığılcım ola bilər. Psixopatiyanın ifratlıqlarını bir kənara qoysaq, daha az empatik olanların bizdən daha pis olduğunu göstərən heç bir dəlil yoxdur. Saymon Baron-Kohen Autizmli və Asperger sindromlu bəzi insanların tipik şəkildə empatiya çatışmazlığına baxmayaraq, qaydalara riayət olunmasını və onların ədalətli şəkildə tətbiq olunmasını təmin etməyi çox arzuladıqlarına görə, yüksək əxlaqa malik olduğunu müşahidə etmişdir.

Empatiya şəxsi əlaqələrimizdə gerçəkdən əhəmiyyət təşkil edir. Kimsə Tomas Qredqraynd kimi yaşamaq istəmir-Çarlz Dikkensin bütün qarşılıqlı münasibətləri - uşaqları ilə də daxil olmaqla - açıq-aşkara ekonomik baxımdan ələ alan karikatur utilitaristi kimi [14]. Empatiya bizi insan edən şeydir; bizi əxlaqi qayğıların həm subyektinə, həm də obyektinə döndərən də odur. Empatiya yalnızca o zaman bizə xəyanət edir ki, biz ona əxlaqi rəhbər olaraq baxırıq.

Hər şeyi şəxsi qəbul etmək niyə ağılsızlıqdır?

Nyutaun şəhəri Sandi Huk qətliamının ardından sədəqələrlə dolub-daşmışdı. Şəhərə göndərilən hədiyyələrlə maraqlanmaq üçün səkkiz yüzdən çox könüllü təyin olunmuşdu-Nyutaun məmurlarının yardımların başqa bir yerə yönləndirilməsini istəməyinə baxmayaraq, hədiyyələr göndərməyə davam edildi. Çox böyük bir ambar şəhər camaatının istifadə etmədiyi lüks oyuncaqlarla ağzına qədər doldu. Milyonlarla dollar bu nisbətən zəngin şəhərə axışdı. Acılarını hiss etdik; yardım etmək istədik. Lakin bütün bunlar baş verərkən - sadəcə uzun bir siyahının başlanğıcı olaraq - demək olar ki 20 milyon amerikalı uşaq hər gecə ac yatmış və federal qida-markası proqramı [15] demək olar ki 20 faiz büdcə kəsintisi ilə üz-üzə qalmışdır. Körpə Cessikanın tibbi ehtiyaclarını qarşılayan bu cür xeyirxah insanların çoxu milyonlara təsir edən yoxsulların səhiyyəsi üçün dövlət proqramlarına məhdudiyyətlər qoyulmasına dəstək verir. Ola bilsin, gələn il əlli milyon amerikalı qida mənşəli xəstəliklərə düçar olacaqdır, amma buna baxmayaraq, büdcə kəsintiləri göstərir ki, FDA [16] iki min daha az təhlükəsizlik yoxlaması aparacaq. Bundan daha hissedilməz şəkildə, gələn il ortalama bir amerikalı atmosferə təxminən 20 ton karbon qazı buraxacaq olsa da, konqresdəkilərin bir çoxu istixana qazları üzərində məhdudiyyətləri daha da yumşaltmaq istəyir.

Bunlar empatiyanın paradokslarıdır. Empatiyanın gücü, onun əxlaqi qayğımızı diqqət mərkəzi halına gətirmək qabiliyyəti ilə əlaqədardır. Bununla yanaşı, milyardlarlara məxsus bir planetin həyatda qalması lazımdırsa, hələ zərər görməmiş və hələ doğulmamış insanların da rifahını nəzərə almağımız lazımdır. Onların vicdanımıza təsir edəcək və ya duyğudaşlığımızı hərəkətə keçirəcək bir adı, bir üzü və ya bir hekayəsi yoxdur. Əksinə, gələcək planlar üçün götür-qoy etmək və hesab-kitab aparmaq lazımdır. Ürəyimiz hər zaman quyudakı körpə üçün döyünəcəkdir; bu bir insanlıq ölçüsüdür. Amma insanlığın bir gələcəyi olması üçün empatiyanın meydanı ağla verməsi lazım gələcəkdir.

[11] Şiddət faili-yəni, şiddət əməlini və ya feilini törədən şəxs

[12] Məsələn, Meqan qanunu adını 1994-cü ildə qonşusu tərəfindən təcavüz edilərək öldürülən Meqan Kanka adlı yeddi yaşlı qız uşağının adından almışdır.

[13] Patern (ing. pattern) - “qəlib” sözünün bu sözü tam olaraq qarşılamadığını düşünürük. Patern - bir şeyin meydana gəlmə və ya düzəldilmə tərzində fərqinə varıla bilən müntəzəm və anlaşıqlı bir forma və ya ardıcıllıqdır. Dünyada və insanın yaratdığı dizaynlarda fərqinə varıla bilən müntəzəmlikdir. Məsələn, həndəsi bir patern həndəsi fiqurlardan ibarət və bir divar kağızı dizaynı kimi təkrarlanan bir paterndir. Duyğu üzvlərimiz vasitəsilə paternlər birbaşa müşahidə edilə bilər. Birbaşa müşahidə, təbiətdə və sənətdə geniş yayılmış vizual paternlərin görülməsi anlamına gəlir, divar kağızında olduğu kimi. Əksinə, elmdə, riyaziyyatda və dildə olan mücərrəd paternlər isə analiz etməklə bilinir. Məsələn, ardıcıl toxunma qıcıqlarının meydana gətirdiyi patern sığallama şəklində hiss edilir. Ümumi şəkildə söylərsək, hadisələrin və şeylərin müntəzəm şəkildə bir-birinin ardınca ortaya çıxmasına patern deyə bilərik: ilin ayları kimi. Gördüyümüz kimi qəlib sözü “pattern”i tam olaraq qarşılamır.

[14] Tomas Qredqraynd-Çarlz Dikkensin “Çətin zamanlar” adlı əsərində mənfəəti hər şeyin üstündə tutan məktəb müdiri obrazı. Bu ad sadəcə quru gerçəklər və rəqəmlərlə maraqlanan şəxslər üçün verilir.

[15] Qida-markası proqramı-ABŞ’da imkansızlara edilən qida yardımı proqramı. Yoxsullara verilən bu markalar sadəcə müəyyən miqdar qida məhsulu almağa yarayır.

[16] FDA-açılışı: Food and Drug Administration. Yəni, Qida və Dərman Administrasiyası.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR