Mən tək başıma qalmaq üçün yaradılmışam : Rəssam Pol Sezan

Sənət
Photo

Pol Sezan (1839-1906)

Modern rəssamlığın inkişafında verdiyi töhfələr və sonrakı nəslə olan böyük təsirindən dolayı Pikasso onu "hamımızın atası", Renuar isə "əsrarəngiz şəxsiyyət" adlandırırdı.

Pol Sezan öz müasirləri tərəfindən düzgün qiymətləndirilməyən 19-cu əsr rəssamıydı. Doğulduğu və böyüdüyü məmləkəti Eks-an-Provansda çox çalışqan və utancaq adam olan Sezan, gənc yaşlarında Parisə köçmüşdü. Atasının arzusuna və tələbinə baxmayaraq hüquqşünas deyil sənətçi olmağı seçən Pol Sezanın əsərləri müasir cərəyanların yaranmasında körpü rolu oynamışdı. O, kompozisiyalarını ümumilikdə qaranlıq tonlarda, İmpressionizm ənənəsi sayılan açıq havada deyil öz studiyasında işlədiyinə görə fərdiyyətçi və yenilikçi rəssam sayılırdı. Bir çox dost sənətçilərlə heç vaxt sıx dostluq əlaqələri qurmayan, insanlarla ünsiyyətə girməyi sevməyən və bunu "mən tək başıma qalmaq üçün yaradılmışam" cümləsiylə ifadə edən rəssam sərt, qaba, qəsdən etdiyi kobud davranışlarıyla özünü qoruyan bir qabığa bürünərək yaşayırdı. Sezanın əsərləri ömrünün sonuna qədər tərifə layiq görülməsə də, lakin ölməzdən əvvəl onun əsərlərinə çox böyük maraq yaranmağa başlamışdı.

İmpressionizm İncəsənət Hərəkatının tarixi (1870 – 1900)

Pol Sezanın müasir üslub və texnikası avandqard idi, buna görə də illərlə yanlış anlaşıldı. Dövrünün qabaqcıl rəssamları-impressionistlər, Sezanın müasir tərzini aşağılayırdılar. İmpressionistlərin ilk sərgisindən sonra, Sezanın əsərələrinin üslubu çox mübahisəli olduğunu irəli sürərək hətta rəssamların bir çoxu onun əsərlərinin sərgidən çıxarılmasını rica etmişdilər.

Sezan qalın rəng mazokları, qeyri-müəyyən formalar ilə işləmiş və parçalana biləcək formalarla hər şeyi sadələşdirməyə çalışmışdır. İmpressionist Kamil Pissaro ilə yaxın olmasına rəğmən və Pissaronun açıq hava tərzi rəsmlərindən təsirlənsə də Sezan impressionist deyildi. O, heç bir rəsm tərzi kateqoriyasına uymayan olduqca modern rəssam idi.

O, deyirdi;

“Öz gücümüzün fərqində olmaq bizi təvazökar edir.”

“Sənətlə bağlı ən cazibədar şey sənətkarın şəxsiyyətidir.”

“Rəssamın ağlı və gözü hər biri digərinə kömək etməlidir.”

“Təbiəti rəsm etmək onun surətini çıxarmaq deyil, bu insanın duyğularını ortaya qoymaqdır.”

Bioqrafiyası

Pol Sezan 1839-cu ildə Fransanın Eks-an-Provans əyalətində zəngin bir ailədə dünyaya gəlmişdi. Atası həyatı boyunca Sezana maddi yardım edən uğurlu bankir idi, anası isə oğlunun rəssamlıq kareyerasına dəstək olan, onu atasının tələbkar və əzici şəxsiyyətinə qarşı müdafiə edən romantik qadın idi. Pol 1852-ci ildə, Emil Zolya və Baptistin Baille ilə tanış olmuş və bu üç sənətçinin dostluğu uzun müddət məşhur olmuşdu. Eks-an-Provansdakı klassik təhsildən sonra Pol Sezanın atası onun vəkil olmasını arzulayırdı. Ancaq iki il hüquq məktəbində oxuduqdan sonra (sənət dərsləri almaqla bərəbər) bu sahədə təhsilinə davam edə bilməyəcəyini anladı və Parisə getdi. Parisdə vaxtının çoxunu fransız yazıçı, dostu Emil Zolya ilə keçirirdi. O, müəllimi və dostu olmuş Kamil Pissaro ilə tanış olduğu Suisa Sənət Akademiyasına daxil oldu. Lakin beş ay Parisdə rəssam kimi işlədikdən sonra, heç bir kritik uğur qazana bilməyərək, atasının tələbi ilə Eks-an-Provansa qayıtdı.

Evində yaşayaraq, yerli sənət məktəbinə daxil olmaqla bərəbər, maliyyəçi kimi işləməyə təşəbbüs göstərdi, lakin bu müəssisədə də uğursuz oldu. Nəticədə 1862-ci ildə Parisə rəssam kimi çalışmaq üçün yenidən döndü. Böyük məyusluqla məşhur sənət məktəbi Ekole des Beaux-Arts'a giriş imtahanını müvəffəqiyyətsiz keçdi. Ancaq Paris və Eks-an-Provans arasında yorulmaq bilmədən işinə davam edirdi və çox sayda əsərini Paris İncəsənət Akademiyasına, münsif heyətinə təqdim etsə də o zamanın sənət tənqidçiləri onu ‘istedadsız’ adlandıraraq əsərlərini rədd edirdilər. Sezanın əsərləri xüsusilə 1907-ci ildə Parisdə açılan "Salon d'Automne" sərgisində hərarətlə qarşılanmış və bu əsərlər XX əsr rəsm əsərlərinin ən önəmli nümunələri adlandırılmış, sonradan müasir rəssamlığın formalaşmasında mühüm rol oynayan fovlar, kubistlər və abstrakt rəssamlara: yeni nəslə çox ciddi şəkildə təsir etmişdi. Modern rəssamlığın ən ciddi nümayəndələri Sezanı özlərinin inkişafında ən önəmli şəxs kimi gördüklərini bildirirdilər. Doğrudan da onun yeni məkan anlayışı və ənənəvi perspektiv qayda-qanunlarını inkar etməsi rəsm anlayışını yeniləmiş və rəsmi geometrik ünsürlərə ayıran Kubizm və Fovizm kimi yeni növ cərayanların meydana çıxmasına yardım etmişdi.

The Card Players

Pol Sezanın kəndli kart oyunçularının və qəlyan çəkənlərin məşhur rəsmləri uzun müddət onun ən möhtəşəm və güclü əsərlərindən biri hesab olunub. Sezanın kart oyunçularının təsvirləri onun ən iddialı layihələrindən biri olduğunu Londondakı Kourtauld Gözəl Sənətlər İnstutu, Metropilten muzeyi və Orse kimi muzeylərin kolleksiyasına daxil olmaqla sübut etmiş oldu. Əsərlərdəki Sezanın kart oyunçuları, kəndli simaları kobud və qumarbaz olaraq gostərilməmişdi. Əksinə, onlar oyunun içinə dalaraq mətin şəkildə təsvir olunmuşdular. 1911-ci ildə Kart oynayanlar əsəri, rəssamın ölümündən beş il sonra Luvr muzeyinin kollekisyasına qəbul edilmişdi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR