Şair, filosof, fitnəkar: Şekspir adının arxasında kim gizlənib

Ədəbiyyat
Photo

Uilyam Şekspir 455 il əvvəl anadan olub

Bəşər tarixində ən nüfuzlu yazıçı Uilyam Şekspir 455 il əvvəl dünyaya göz açıb. Özündən sonra o, nəhəng miras buraxıb və onun şəxsiyyəti hələ də bir çox suallar doğurur. Bu məqalədə 150 il əvvəl niyə bir çoxlarının həqiqi Şekspirin mövcud olmadığına inanmasından bəhs edir.

Uilyam Şekspir dünya ədəbiyyatının ən tanınmış və eyni zamanda ən əsrarəngiz yazıçısıdır. Dahi ozan, dramaturq və şair 455 il bundan əvvəl doğulub və 400 ildən çoxdur ki, təkcə ədəbiyyatşünas və filoloqların deyil, böyük oxucu kütləsinin də ağlını məşğul edir. Bir çoxları ümumiyyətlə, hesab edir ki, belə bir adam mövcud olmayıb və onun bütün əsərləri ya bir başqası, ya da bütöv bir insan qrupu tərəfindən yazılıb. Amma bir şey dəqiqdir – Şekspirin işləri dünya ədəbiyyatına nəhəng təsir göstərib və hələ də ədəbiyyatda, kinematoqrafiyada və hətta rəssamlıqda şairin təsirini görmək mümkündür.

Həqiqi Şekspirin var olmadığına dair nəzəriyyə hələ 19-cu əsrdə ortaya çıxıb. “Antistratfordianlar” adlı dəstə əminliklə psevdonimin arxasında başqa bir insanın, yaxud bir qrupun dayandığını irəli sürürdü. “Antistratfordianlar” öz versiyalarında ən böyük arqument kimi Şekspirin böyük lüğət ehtiyatına, dərin ədəbiyyat və tarix biliklərinə malik olmasını irəli sürür və bunun onun təhsilinə dair hansısa ciddi faktın olmaması ilə ziddiyət təşkil etdiyini deyirdilər. Digər heç də az əhəmiyyətli olmayan (bəlkə də əsas) arqument Şekspirin öz əliylə yazdığı orijinal əlyazmanın olmamasıdır. Bizim günümüzə qədər gələn bütün əsərlər hansısa orijinal cilddən köçürülmədir.

Şekspirə aid ən məşhur sitatlar hansılardır?

Diqqətəlayiq bir digər məqam da bu fərziyyənin tərəfdarlarının Şeksprinin əsərlərinin həqiqi müəllifi barədə bir dənə də olsun fikirlərinin olmamasıdır. 80 namizəd göstərilir, amma cəmi üç-dörd nəfər biraz inandırıcı görsənir.

Təxminən 150 il bundan əvvəl ən yaxın namizəd filosof və alim Frensis Bekon hesab edilirdi. Bu seçimin irəli sürülməsi heç də təəccüblü olmamalıdır, ən azından ona görə ki, Bekon Şekspirdən 3 il əvvəl doğulub, 10 il isə gec ölüb. Buna görə də, onun bugün belə sənət sahələrinin təmsilçilərinin araşdırdığı böyük faciələr, komediyalar və xronikalar yazmaq üçün yetərincə vaxtı vardı. Digər bir vacib fakt budur ki, Bekonun və Şekspirin işlərində bir çox oxşar siyasi və sosial baxışlar bir-birini əvəz edir.

Çox güman, Uilyam Şekspir adının arxasında gizlənən həqiqi şəxsiyyətlə bağlı ən maraqlı nəzəriyyə əsərlərin güman edilən müəllifinin Kristofer Marlo olmasıdır. Şekspir və Marlo arasında həmişə çoxlu paralellər aparılır, hər iki şairin oxşar mühitdə doğulmasından tutmuş (Marlonun atası başmaqçı idi, Şekspirinki isə əlcəkçi), hər ikisinin demək olar eyni yaşda olmasına qədər, aralarındakı fərq cəmi iki aydır. Üstəlik Marlo Şekspirdən fərqli olaraq, təxminən 6 ilini Kembricdə keçirib və hərtərəfli təhsil alıb.

İngilis Miladının “yaradıcısı” Çarlz Dikkensdir?

Ancaq elə bir çatışmazlıq var ki, elə ilk baxışda bütün hekayəni pozur – Marlo 1593-cü ildə çox erkən yaşda ölüb və o, fiziki olaraq Şekspirin əsərlərini yazıb çatdıra bilməzdi. Amma bəlli olur ki, bir çox elm adamları bu faktı öz nəzəriyyələrinin xeyrinə dəyişdirə biliblər.

Kristofer Marlo 1593-cü ilin mayında kafedə sərxoş davada öldürülüb, Şekspirin ilk əsəri isə Marlonun ölümündən 13 gün sonra çap olunub. Bu, “Venera və Adonis” poeması idi, bu peoma Marlo və Şekspiri tənqid edən az əvvəl çıxmış pamfletə bir cavab idi. Şekspirin pyesləri isə səhnədə Marlonun ölümündən bir müddət əvvəl qoyulmağa başlanmışdı və o, bu müddət ərzində müəyyən şöhrət qazanmağa nail olmuşdu.

Gənc şairin ölümünə gəldikdə isə, bu barədə nə qədər desən, konspiroloji açıqlama var. Çoxları əmindir ki, Marlonun ölümünü I Yelizavetanın sağ əli olan Tomas Uolsinq qurub quraşdırıb. Uolsinq ədəbiyyatçıların hamisi sayılırdı və bu nəzəriyyənin tərəfdarlarına görə, ölüm hadisəsini quraşdırmaqla o, ateist baxışlarını açıqca ifadə edən məşhur qalmaqallı şairin həyatını xilas etmək qərarına gəlib. Çünki ateizmi ifadə etmək o dövrdə demək olar ki, ölüm hökmünə bərabər təhdid idi.

Beləliklə, öz mövcudluğunu gizləməkdən ötrü Marlo yaradıcılığını Şekspir taxma adıyla davam etdirdi. Yeri gəlmişkən, “Marlovian” nəzəriyyəsi bu gün “antistratfordianlar” arasında az qala ən populyar olanıdır.

Şekspirin həqiqətən mövcud olduğu, yoxsa bunun sadəcə psevdonim olması artıq vacib deyil. Əsas odur ki, bəşəriyyətin bəxti gətirib ki, ona 400 il əvvəl dahiyanə sonet, faciə və komediyalar bəxş edilib.

Müəllif: Dmirti Kuzmin

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR