Ukraynada komediya aktyoru necə prezident oldu?

Hər şeydən biraz
Photo

Volodimir Zelenski kimdir?

Ukraynada keçirilən prezident seçkilərində Volodimir Zelenski səslərin 70%-ni yığıb, Petro Poroşenko məğlubiyyəti boynuna alıb.

Aktyor və komediyaçı, TV serialda prezident rolunu oynamaqdan başqa, heç bir siyasi təcrübəsi olmayan Volodimir Zelenski Ukrayna prezident seçkilərində birmənalı qələbə qazanıb, səslərin böyük çoxluğu sayılandan sonra onun 70%-dən çox nəticə ilə qalib gəldiyi görünür.

Hazırkı prezident Petro Poroşenko nəticələr elan olunmamışdan əvvəl məğlubiyyətini etiraf edib.

Makiavellizm: Şəxsi əxlaq və ictimai maraqlar - Siyasətçilər vicdan məsələsini bir kənara qoymalıdır?

Bazar ertəsi səhər elan edilən rəsmi nəticələrə görə, səslərin 85%-i sayılıb və Zelenski səslərin 73,4%-ni yığmaqla, 24,4% səs toplayan Poroşenkonu qabaqlayıb.

“Mən vəzifəmi tərk edirəm, amma bir şeyi açıq deyirəm ki, siyasəti tərk etməyəcəm”, - ikinci turdakı məğlubiyyəti boynuna alan Poroşenko deyib. “Mən Ukrayna xalqının iradəsini qəbul edəcəm”, - o, Twitter-də yazıb.

Seçki məntəqələri bağlanandan sonra, Zelenski üzündəki dəcəl ifadə və böyük təbəssümlə öz televiziya şousundakı melodiyanın müşayiəti ilə seçki qərargahında jurnalistlərin qarşısına çıxıb.

“Biz bunu birlikdə bacardıq”, - o, həyat yoldaşına, valideynlərinə və təşviqat komandasına təşəkkür edib. “Mənə səs verən, verməyən bütün Ukrayna vətəndaşlarına təşəkkür edirəm. Söz verirəm ki, işləri korlamayacam“.

Poroşenkonun alçaldıcı məğlubiyyətlə üzləşəcəyi artıq həftələr öncə baş tutan sorğulardan bilinirdi, aydın idi ki, Zelenski yarışı asanlıqla udacaq.

Zelenskinin düşərgəsi ABŞ prezidenti Donald Trampdan və Fransa prezidenti Emmanuel Makrondan və digərlərindən təbrik zəngləri aldıqlarını bildiriblər.

Zelenski hakimiyyət kürsüsünə çıxarkən problemli iqtisadiyyat və ölkənin şərqində Rusiyanın dəstəklədiyi seperatçı qüvvələrlə davam edən müharibə (13,000 min insanın ölümünə başa gələn) kimi ciddi sınaqlarla üzləşəcək.

Zelenski Ukraynada uzunömürlü “Xalqın Qulluqçusu” televiziya serialındakı roluna görə tanınıb, o, burada öz tələbələrinin onlayn təşkil etdikləri qəzəbli üsyandan sonra gözlənilmədən prezident vəzifəsinə gələn müəllim obrazını canlandırıb.

Prezident kampaniyası ərzində o, özünün izləyəcəyi siyasət və planları barədə cuzi məlumat verib, ənənəvi təşviqatın əvəzinə, əsasən viral videolara, stendap komediya roliklərinə və zarafatlara bel bağlayıb.

Təşviqat kampaniyası ərzində Zelenskinin real həyatı ilə onun televiziyadakı şəxsiyyəti arasındakı fərqləri müəyyənləşdirmək çətin idi. Özünün televiziya seriyalarındakı uydurma prezident kimi Zelenski siyasəti və Ukraynadakı güclü oliqarxiyanı təmizləyəcəyinə söz verib, ancaq spesifik metodlar barədə çox az təkliflər verib.

Onun ziddiyyətli oliqarx İhor Kolomoyski ilə yaxın əlaqələri çoxlarında narahatlıq doğurur. Poroşenko onu “Kolomoyskinin kuklası” adlandırandan sonra, o, məhkəməyə müraciət edib, buna baxmayaraq, Zelenskinin təşviqat komandasının bir çox üzvlərinin də oliqarxiya ilə əlaqələri var.

Bazar günü Zelenskinin Kyevin prestijli biznes mərkəzindəki bir gecə klubunda yerləşən seçki qərargahında jurnalistlərə pulsuz şərab, stolüstü tennis oynamaq və dinamik musiqi kimi imkanlar təklif edilirdi. Bununla belə, o, qısa qələbə nitqində aparacağı siyasət barədə yenə ətraflı məlumat verməyib.

Zelenski üçün 5 il əvvəl Meydan inqilabından sonra hakimiyyətə gələn Poroşenkoya olan seçici məmnuniyyətsizliyi bir fürsət olub. Şirniyyat milyarderi ukraynalılara “yeni həyat” vəd vermişdi, amma çoxları üçün dəyişiklik çox ləng gedib.

İki namizəd cümə günü axşam Kyevin Olimpiya Stadionunda baş tutan xaotik televiziya debatında üz-üzə gəlmişdilər, amma belə görünür, tamaşa çoxlarının fikrini dəyişdirməyib. Poroşenkonun tərəfdarları Zelenskinin siyasi təcrübəsinin olmamasından və potensial olaraq Rusiyaya daha üzüyola münasibətindən narahatdırlar, Zelenskinin tərəfdarları isə Poroşenkonun hakimiyyət dövrünün uğursuz olmasını və başqa bir şansa layiq olmadığını deyirlər.

Bazar günü seçkilər bütün ölkə boyunca, qərbdəki Karpat dağlarından müharibənin xaraba qoyduğu şərqdəki Donbass regionuna qədər baş tutub, burada cəbhədə xidmət edən hərbçilər səsvermə hüquqlarından istifadə ediblər.

“Mənim qardaşım oğlu Donbassda cəbhədə xidmətdədir: müharibə dövründə hansısa bir klounu ordunun başına gətirəcək başqa bir ölkənin adını çəkə bilərsizmi?”, - seçkilərdə Poroşenkoya səs verən 61 yaşlı kiyev sakini Tetiana Hritsenko bazar günü səhər deyib. Eyni səsvermə məntəqəsindən çıxan bir qrupdakı gənclərin hamısı Zelenskiyə səs verdiklərini deyiblər.

Hər iki namizədə çox az coşğu göstərilib, seçicilərin əksəriyyəti namizədə səs verərkən iki pisdən daha az pisinə səs verdiklərini deyiblər.

“Bu, ucuz bir marketə girəndə, bütün meyvələrin xarab olduğunu görməyə bənzəyir, sən indi ən az xarab olmuş meyvəni seçməlisən”, - bu sözləri 32 yaşlı ofis meneceri Anna deyib və əlavə edib ki, səsvermə kağızı almaq üçün qeydiyyata düşmək üçün növbədə saatlarla gözləməli olub.

Zelenski isə Kyevdə səs verəndən sonra, seçki kağızını kameralara göstəridiyinə görə, polisin xəbərdarlığı ilə üzləşmişdi. Kimə səs verdiyini göstərmək Ukrayna qanunvericiliyə ziddir, o, indi 24 funt sterlinq cərimə ödəməlidir.

Xaotik olsa da, canlı keçən Ukrayna prezident seçkiləri qonşu Rusiyada da yaxından izlənilib. Rusiyanın dövlət televiziyası seçkinin sirkə oxşar tərəflərini lağa qoysa da, bir çoxları canlı debatlara və rəqabətcil mühitə həsədlə baxıblar. Bazar günü axşam Zelenskinin verdiyi qələbə mesajı da Kremlində əks-səda doğura bilər.

Zelenski belə deyib: “Bir Ukrayna vətəndaşı kimi mən bütün post-Sovet ölkələrinə bunu deyə bilərəm: “Bir bizə baxın. Hər şey mümkündür”.

Mənbə: "Guardian" qəzeti

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR