Empatiya nədir? Dünyamızın xilası etmək üçün empatiyaya nə qədər bel bağlaya bilərik?

Elmi-kütləvi
Photo

Quyudakı körpə

Empatiya əleyhinə iş üzrə

Orijinal mənbə: BLOOM, Paul. The baby in the well. The New Yorker, 2013, 20.

2008-ci ildə Missuridən Karina Enkarnasion adlı 8 yaşında bir qız prezidentliyə namizəd Barak Obamaya yazaraq öz qızları üçün nə cür bir köpək alması mövzusunda ona bir məsləhət verdi. Karina, həmçinin, ona təklif etdi ki, tullantıların təkrar istifadəsi üçün emalını həyata keçirsin və gərəksiz savaşlara da qadağa qoysun. Obama ona təşəkkür məktubu yazdı və öz tövsiyələrini verdi: “Əgər empatiya kəlməsinin nə mənaya gəldiyini bilmirsinizsə, sözlükdən baxmağınızı istəyirəm. Bugünkü dünyamızda kifayət qədər empatiya olmadığına inanıram və bunu dəyişdirmək sizin nəslinizə qalmışdır”

Bu, Obamanın empatiya barədə ilk nitqi deyildi. İki il əvvəl, O, Zeyvier Universitetindəki öz məzuniyyət nitqində “dünyaya bizdən fərqli olanların - ac uşağın, işdən çıxarılan polad tökmə işçisinin, qəsəbəyə fırtına gəldiyində həyatını itirən ailənin - gözlərilə baxmağın” əhəmiyyətindən bəhs etmişdi. “Bu cür düşündüyünüz - əndişə dairənizi genişləndirməyi və başqalarının çətin vəziyyəti ilə empatiya qurmağı seçdiyiniz - zaman yaxın dost və ya uzaqdakı yad üçün olmasından asılı olmayaraq hərəkət etməmək və ya köməklik göstərməmək daha çətin hala gəlir” - deyə o davam etmişdi.

Almancada “Einfühlung” sözünün tərcüməsi olan “empatiya” - yəni “içində hiss etmək” - sözünün yaranmasından vur-tut bir əsr keçməsinə baxmayaraq, insanlar uzun müddətdir başqalarının yaşadıqlarını hissetmə tərzimizin əxlaqi mənaları ilə maraqlanmaqdadır. “Əxlaqi Hisslərin Nəzəriyyəsi” adlı əsərində (1759-cu il) Adam Smit sensor təcrübənin [1] bizi başqalarına simpatik münasibət göstərmək [2] üçün təşviq etmədiyini müşahidə etmişdir: “Qardaşımızın edam səhpasının üzərində olmasına baxmayaraq, içimiz rahat olduğu müddətcə, duyğularımız [3] bizə onun çəkdiyi əziyyətlər haqqında məlumat verməyəcəkdir. Smitə görə, bizi əxlaqlı varlıqlara çevirən şey təxəyyül qabiliyyətdir. Bu qabiliyyət sayəsində “özümüzü onun yerinə qoyuruq..., müəyyən ölçüdə onunla eyni şəxs halına gələrək onun duyğuları barədə bir fikir formalaşdırırıq və nəticədə, daha zəif dərəcədə olsa da, onunla bənzər şeyləri hiss edirik”

Stereotip nədir və onlardan necə qurturmalı?

Bu mənada, empatiya, başqalarına aid yaşantıların instinktiv bir güzgülənməsidir - məhz “Kazino Royal” filmində Ceyms Bondun xayaları əzilirkən xayaları əzilirkən kişi kinosevərlər üz-gözünü büzüşdürdüyü və qıçlarını çarpazlaşdırdığı zaman olduğu kimi [4]. Smit, bir dilənçinin yara və xoralarını görən kövrək qəlbli şəxslərin “öz bədənlərinin müfaviq yerlərində qaşıntı və narahatlıq hiss etməyə necə meyilli olduqları” barədə danışır. Hal-hazırda da sosial psixologiyada psixoloq K. Daniel Batsonun “empatiya-altruizm hipotezi” genişmiqyaslı dəstək görməkdədir. Batson müəyyən etmişdir ki, subyektlərə [5] başqalarının baxış bucağını götürmə [6] təlimatını vermək onların qayğıkeşliyinin və yardımsevərliyinin artmasına yol açır.

Koqnitiv Neyroelmdəki kimi günümüzdə empatiya mövzusunda artan elmi araşdırmalar bəzilərinin “affektiv [7] təkamül” dediyi şeyin altını cızır. Hazırda xüsusilə əxlaqi düşüncə və əməlin ehtiva etdiyi emosiyalar üzərinə fokuslanma artmaqdadır. Misal üçün, öyrəndik ki, bəzi neyral sistemlər həm özümüz əzab içində olduğumuzda, həm də başqalarının əziyyət çəkdiyini gördüyümüzdə aktiv olur. Başqa tədqiqatçılar isə, empatiyanın şimpanze və digər primatlarda necə meydana çıxdığını, kiçik uşaqlarda necə çiçəkləndiyini və ona təkan verən şərtlərin nə olduğunu araşdırmaqdadır.

Bu, sadəcə nəzəri bir maraq deyildir. Empatiyanın necə işlədiyini başa düşə bilsək, onu artıra da bilərik. Bəzi fərdlər düşmənlərə qarşı zülmü təşviq edən politik və ya dini ideologiyaların məqsədli dəstəklənməsi nəticəsində öz empatiyalarını məhdudlaşdırır. Başqaları isə, pis genlər, istismarçı valideynlərə malik olmaq və şiddətə və ya adətən bütün bunların birlikdə təsirinə məruz qalmaq nəticəsində empatiya çatışmazlığı yaşayır. İnsanların 1 faizi - ki, həddən artıq yalan söyləyirlər - klinik olaraq psixopat kimi təsvir edilir. Psixopatiya üçün standart bir kontrol siyahısına [8] “rəhmsizlik; empatiya çatışmazlığı” daxildir; psixopatların suçluluq duymama və patoloji yalan danışma kimi fərqli bir çox başqa xüsusiyyətləri də, şübhəsiz ki, bu funtamental çatışmazlıqdan qaynaqlanır. Bəziləri dünyadakı iztirabların çoxu üçün empatiya çatışmazlığının məsuliyyət daşıdığını bildirir. “Şər Elmi: Empatiya və Zülmün Mənşəyi barədə” kitabında Saymon Baron - Kohen şəri “empatiyanın eroziyası” ilə eyniləşdirəcək qədər irəli gedir.

Zorbalıq barədə “Çubuqlar və Daşlar” adlı mənadolu öz yeni kitabında Emili Bazelon “zorbalığın ən ürküdücü aspekti empatiya çatışmazlığıdır” - deyə yazır. O, “empatiya çatışmazlığı” diaqnozunu sadəcə zorbalara deyil, həmçinin, qurbanlara heç bir kömək etməyənlərə də qoyur. O, xəbərdarlıq edir ki, zorbalıq edənlərin çox az bir hissəsi tam yetkin psixopata çevrilir [9]. Əksinə, empatiya azlığı situasionaldır: zorbalar öz qurbanlarını dəyərsiz olaraq görməyə başladıqdan sonra empatik cavab verməyi dayandırırlar. Lakin onların çoxu öz qorxunc davranışlarından peşman olub vaz keçəcəkdir. “Demək olar ki hər kəsin empatiya duyma və dürüst olma qabiliyyətinə malik olduğunu unutmamaq və bu qabiliyyəti ən yaxşı şəkildə qoruyub-saxlamaq önəmlidir”-deyə Emili davam edir.

Qəzəbdən uzaq

Ceremi Rifkinin “Empatik sivilizasiya”, Pol R. Erlix və Robert E. Ornşteynin “İncə bir tel üzərindəki insanlıq” adlı yeni işıq üzü görmüş kitablarında empatiyanın insanlığın proqresi üçün ana təkanverici qüvvə olduğu və növümüzün həyatda qalması üçün ona daha çox ehtiyac duymaqda olduğumuz barədə güclü arqumetlər irəli sürülür. Erlix və Ornşteyn “emosional olaraq global ailəyə qoşulmağımızı” istəyir. Rifkin bizi “global empatik şüur” səviyyəsinə çatmağa səsləyir. Rifkin bunu ətraf mühiti məhv olmaqdan qurtarmaq üçün son çarə olaraq görür və qəmgin-qəmgin aşağıdakı sualı verərək sözünü bitirir: “Planetimizin məhvinin qarşısını almaq üçün biosfer mövzusunda vaxtında şüurluluq və global empatiya qazana bilərikmi?” Bu kitablar empatiya barədə elmi ədəbiyyatın icmalını əhatəli və asan başa düşülən şəkildə təqdim edir. Və onlar zamanın ruhuna uyğun şəkildə insanlığın xəstəliklərinə əlac olaraq empatiyanın artırılması lazım olduğunu coşğunluqla müdafiə edirlər. Lakin bu coşğunluq yanlış şey üçün göstərilmiş ola bilər. Empatiya bəzi təəssüfləniləcək xüsusiyyətlərə malikdir - o, yerlipərəst, dar görüşlü və hesab-kitab bilməyən cahildir. Biz ona güvənməcək qədər zəki olduğumuz zaman əksərən ən yaxşı durumda oluruq.

1949-cu ildə Kaliforniya ştatının San-Marino şəhərində 3 yaşlı bir qız olan Keti Fiskus bir quyuya düşdüyündə bütün ölkə bu üzdən təşviş keçirmişdi. Bundan qırx il sonra, 1987-ci ilin oktyabrında Texasda on səkkiz aylıq Cessika Mak Klyur üçün bütün Amerika iynə üstündə oturmuş və bu üzdən əlli səkkiz saat davam edəcək xilasetmə əməliyyatı başlanmışdı. “Bu hadisə zamanı Amerikada hər kəs Cessikanın xaç atası və xaç anasına çevrildi” - deyə Prezident Reyqan qeyd etmişdi.

Empatiyanın nəhəng gücə malik olması dəfələrlə göstərilmişdir. Bu üzdən 2005-ci ildə amerikalıların diqqəti Arubada itkin düşən yeniyetmə Natali Holloueyin taleyi üzərinə pərçimləndi. Bu üzdən, genişmiqyaslı tragediyaların və fəlakətlərin - 2004-cü ildəki tsunaminin, bundan bir il sonra Katrina Qasırğasının və ya keçən il Sandi Qasırğasının - bildirilməsinin ardından insanlar öz zamanını ayırmaqla, pul və hətta qan verməklə yardım göstərməyə çalışdı. Bu üzdən, keçən il dekabr ayında Konnektikut ştatının Nyutaun şəhərindəki Sandi Huk İbtidai Məktəbində iyirmi uşaq qətl edildiyi zaman vətəndaşlar arasında ümumi bir kədər hissi və yardım etmək üçün böyük bir arzu var idi. Əlbəttə, keçən ay Boston Marafonu bombalanmasının qurbanları üçün də bənzər bir dəstəyin ifadə olunduğu görüldü.

Tolerantlıq problemi haqqında

Niyə insanlar başqalarına yox, məhz bu cür bədbəxtliklərə reaksiya verir? Psixoloq Pol Slovik Holloueyin itkin düşməsi olayının Darfurda onunla eyni zamanda baş verən genosiddən daha çox işıqlandırıldığına diqqət çəkir. Hər gün Katrina Qasırğasında ölənlərin sayının on mislindən çox insan qarşısı alına bilən xəstəliklərdən və on üç mislindən çox insan isə, pis qidalanmadan ölür.

Əlbəttə, yeni hadisələr daha çox diqqət cəlb edir. Məhz nəqliyyatın yaratdığı səs-küyü eşitməzdən gələ bildiyimiz kimi, Afrikadakı uşaqların aclıq çəkməsi və ya Birləşmiş Ştatlarda baş verən qətllər kimi ürəkağrıdıcı olaraq görsənən problemlərə qarşı laqeyd davranırıq. Son qırx ildə təxminən beş yüz insanın ölümünə səbəb olan altmışa yaxın kütləvi gülləbaran olmuşdur; beş yüz, yəni, cəmi-cümlətanı Amerikada törədilmiş qətllərin 1 faizinin sadəcə onda biri qədər. Lakin kütləvi qətliamlar televiziya ekranlarında, qəzet manşetlərinda və Vebdə geniş əks-səda doğurmuşdur; ən böyükləri - Kolumbin, Virciniya Tek, Avrora, Sandi Huk-kollektiv yaddaşımıza həkk olundu. Başqa qətllərin 99,9 faizi isə, eşitmiş olmadığınız müddətcə, sadəcə bir təfərrüatdır [10].

Empatiyanı cəzbedici qılan “müəyyən edilə bilən qurban effekti” adlandırılan şeydir. İqtiadiyyatçı Tomas Şellinqin qırx beş il əvvəl kinayəli şəkildə yazdığı kimi, “Qəhvəyi saçlı altı yaşlı bir qızın Milad Bayramına qədər ömrünün uzanması üçün minlərlə dollara ehtiyacı olsa, poçt idarəsi onu xilas etmək üçün beş sentlik və on sentliklərə qərq ediləcəkdir. Amma, xidmət üzrə bir vergi qoyulmadan Massaçusetsin xəstəxana təsisatlarının pisləşəcəyi və güclə hiss ediləcək olsa da, bunun qarşısı alına bilən ölümlərdə artışa yol açacağı bildirilsə, çoxu nə göz yaşı tökəcək, nə də əlini cibinə atacaqdır”.

Bu effekti laboratoriyada da görə bilərsiniz. Psixoloqlar Tehila Kohut və İlana Ritov subyektlərin bəzilərindən bir uşağın həyatını qurtaracaq bir dərmanı ərsəyə gətirmək üçün nə qədər pul verəcəyini, digərlərindən isə, səkkiz uşağı qurtarmaq üçün nə qədər pul verəcəyini soruşmuşdur. Cavab təxminən eyni olmuşdur. Lakin, Koqut və Ritov üçüncü bir qrupa bir uşağın adını, yaşını söyləyib şəklini göstərdiyi zaman ianələr sürətlə artmışdır - beləliklə, bu bir uşağa səkkiz uşaqdan daha çox ianə verilmişdir.

Ardı var

[1] Burada “sensor təcrübə” deyərkən duyğu üzvləri vasitəsilə qazandığımız təcrübədən bəhs edilir. Məsələn, iynə batdığında ağrı duymaq kimi. Bunu “hissi təcrübə” deyə çevirmədik. Çünki mücərrəd mənada anlaşılmasından çəkindik. Bütün mətn boyunca “duyğu” deyərkən duyğu üzvlərimizlə duyulan duyğuları - iynə batdığında, əlimiz yandığında olduğu kimi - nəzərdə tuturuq. “Hiss” deyərkən bunu “feeling”in qarşılığı olaraq düşündük. Yəni təxəyyül qabiliyyəti ilə əlaqədar olan hislər - məsələn, başqasının yaşadığı əzabdan təsirlənmək, onu hiss etmək kimi. Bunun tək istisnası “fellow-feeling”in tərcüməsində izlədiyimiz yol oldu. Bunu “duyğudaşlıq” deyə çevirdik - dilimizdə az-çox işləndiyinə görə. Əslində, bu sözdəki “duyğu” “feeling”dir, yəni yorumlama, təxəyyül qabiliyyəti ilə bağlı, necə deyərlər uca hisdir.

[2] Burada “simpatik münasibət göstərmək” “rəğbət göstərmək” olaraq başa düşülməməlidir. Yəni, “simpatiya” nə “rəğbət”lə, nə də “empatiya” ilə qarışdırılmamalıdır. Ümumiyyətlə, “simpatiya (simpathy)”, “empatiya (empathy)” və “şəfqət (compassion)” bir-birinə tez-tez qarışdırılır. Biz bunların bənzərlikləri və fərqlilikləri barədə ayrıca bəhs etmək niyyətindəyik. Burada sadəcə onu deyək ki, “simpatiya” burada başqasının dərdinə şərik olmaq mənasında istifadə edilmişdir. Empatiya isə daha genişmiqyaslı və dərin bir qavramdır. Empatiyada əsas məsələ özünü başqasının yerinə qoymaqdır, başqası üçün bir şey hiss etmək, kədərlənmək, yəni simpatiya duymaq deyil

[3] Birinci əlavədə qeyd etdiyimiz kimi, burada “duyğu” deyərkən duyğu üzvlərimizlə təcrübə etdiyimiz duyğulardan bəhs edirik. Yəni, məsələn, başqasının əzabını toxunma və ya eşitmə üzvümüz vasitəsilə hiss etmirik. Başqasının ayağına mismar batdığı zaman onun əzabını o sırada ayağmıza mismarın batdığını duyduğumuza görə hiss etmirik, əksinə, təxəyyülümüzlə buna nail oluruq.

[4] Bu epizoda buradan baxa bilərsiniz: https://www.youtube.com/watch?v=i97EzIOF8dQ

[5] Subyekt-burada: üzərində eksperiment aparılan insan, eksperimentə daxil edilən insan mənasında

[6] Perspektiv-götürmə, perspektiv-alma, baxış bucağı-götürmə və ya baxış bucağı-alma (ing. perspecive-taking)- bir situasiyanın və ya bir qavramın başqa bir fərdin baxış bucağı kimi alternativ bir baxış bucağından qavranması və ya başa düşülməsi aktıdır. Baxış bucağı-götürmə zehin nəzəriyyəsi və empatiya daxil olmaqla başqa nəzəriyyə və qavramlarla əlaqəlidir. Araşdırmalar diqqət əksikliyi-hiperaktivlik pozuntusu və autizmdə baxış bucağı-götürmə bacarığının qıt ola biləcəyini göstərir. Baxış bucağı mənimsəmə də deyilə bilər.

[7] ”Affektiv” sözünü burada kobud anlamda “emosional” olaraq başa düşmək olar. Amma əslində sinonim deyillər. Mətnin anlaşılması üçün böyük əhəmiyyət kəsb etmədiyindən burada daha geniş izaha gərək duymuruq.

[8] Kontrol siyahısı-şəxslərdə müəyyən qrup davranışların və ya əlamətlərin olub-olmadığını təyin etməyə yarayan siyahı

[9] Elina olayı hələ də gündəmimizdə olduğu üçün qeyd edək ki, burada “zorba” “bully”nin, “zorbalıq” isə “bullying”in tərcüməsi olaraq düşünülmüşdür. Gördüyümüz kimi, zorba davranışa yol verən uşaqların hamısı yetkin zorbaya çevrilmir. Zorba davranışlar göstərən uşaqlarla çalışdığımız zaman bunu gözardı etməməliyik

[10] Burada Stalinə aid edilən söz yada düşür: “Bir şəxsin ölümü tragediyadır, milyonların ölümü isə, statistika”. Həmçinin, Con Steynbekin dediyi kimi: “Tanıdığınız bir çinli ölmədiyi müddətcə, bir milyon çinlinin ölməsinin çox az mənası vardır”

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR