Xəyanət yoxsa mübarizə? Dağlıq Qarabağ münaqişəsi və Nəriman Nərimanov 1920-23

Tarix
Photo

Dağlıq Qarabağ 1920-23-cü illərdə

Misir Məmmədli

Ermənistanın sovetləşmə dövründə Dağlıq Qarabağın (DQ) statusu ilə bağlı irəli sürdüyü iddia və arqumentlər aşağıdakı siyasi-hüquqi sənədlərə əsaslanır. Bunlardan birincisi Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsi (AK(b)P MK) Siyasi və Təşkilat bürolarının birgə iclasında (30.11.1920) qəbul edilmiş qərar; ikincisi isə həmin qərarın ertəsi gün (1.12.1920) Nəriman Nərimanovun Bakı Sovetinin iclasında verdiyi Bəyanatdır.

Erməni tərəfinin sovetləşmə mərhələsində Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı iddiaları

Erməni tərəfinin iddiasına görə, Azərbaycan Sovet höküməti 30 noyabr 1920-ci il tarixində Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə əlaqədar əməkçi qüvvələri təbrik edərək, öz qərarı ilə iki ölkə arasında heç bir sərhədd xəttinin mövcud olmadığını elan etdi, habelə Qarabağ, Zəngəzur və Naxçıvanı Ermənistan SSR-nin ayrılmaz tərkib hissəsi kimi tanıdı. (Avakian Sh., Nagorno-Karabagh:legal aspects, "TIGRAN METS" publishing House, third edition, Yerevan, 2010, http://www.mfa.am/u_files/file/Legal%20Aspects_Nagorno-Karabagh_en_2010.pdf , p.45). Bundan əlavə, erməni tərəfi tarixə "Nərimanov Bəyanatı" kimi düşən 1 dekabr tarixli sənədə əsaslanaraq, bu bəyanat və ardından Bakı Soveti adından qəbul edilən qətnamə ilə (Naxçıvan və Zəngəzurla birlikdə) Dağlıq Qarabağın Ermənistan SSR-in ayrılmaz və bölünməz ərazisi kimi tanındığını bildirir. (Erməni mənbələrində bu Bəyanat bəzən 2 dekabr tarixi ilə qeyd olunur, həmçinin onun Azərbaycan İnqilab Komitəsi (AİK) adından verildiyi yazılır. Bunun səbəbi, güman ki, məlum Bəyanatın 2 dekabr tarixində dərc olunması və N.Nərimanovun AİK-in sədri olması idi – məqalə müəllifi).

Bundan əlavə, erməni tərəfi iddia edir ki, 1921-ci ilin 12 iyun tarixində Azərbaycan SSR Milli Şurası, N.Nərimanovun Bəyanatı və Azərbaycan SSR ilə Ermənistan SSR hökümətlərinin arasında bağlanmış müqaviləyə əsaslanaraq, Dağlıq Qarabağı Ermənistan SSR-in ayrılmaz tərkib hissəsi elan edən Bəyanat verdi. Bunun ardından, 19 iyun 1921-ci il tarixində Ermənistan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri A.Myasnikov (Alexander Miasnikyan) aşağıdakı məzmunda fərman verdi: Azərbaycan SSR İnqilab Şurasının (1 dekabr – m.müəllifi) bəyanatı və Azərbaycan SSR ilə Ermənistan SSR hökümətlərinin arasında bağlanmış müqaviləyə əsasən, elan olunur ki, Dağlıq Qarabağ bu gündən etibarən Ermənistan SSR-in ayrılmaz hissəsidir (bax: Avakian Sh., p.13). Beləliklə, ermənilərin fikrincə, bəhs edilən hüquqi prosedurun nəticəsində DQ Ermənistanın tərkib hissəsi kimi tanındı.

Azərbaycan Demokratik Respublikası (ADR) dövründə Dağlıq Qarabağ probleminin hüquqi aspektləri (1-ci hissə)

Bununla da, Ermənistan tərəfi SSRİ dövründə Dağlıq Qarabağın yekun hüquqi statusunu müəyyən edərək onun hansı dövlətin ərazisi olduğunu təsdiqləyən tarixi iclası və onun bu məsələ ilə bağlı qəbul etdiyi qərarı tanımaq istəmir. Belə ki, Rusiya Bolşevik-Kommunist Partiyası (RK(b)P MK) Qafqaz bürosu üzvlərinin 1921-ci ilin 27 iyun tarixli iclasında Qarabağ məsələsinə baxılaraq (Q.Orconikidzenin təkidi ilə) qərara alındı ki, problem həll edilmək üçün Qafqaz bürosunun təcili plenumunda müzakirəyə çıxarılmalıdır. Bu məqsədlə Ermənistan və Azərbaycan SSRİ XKS sədrləri A.Myasnikov ilə N.Nərimanov Tiflisə dəvət edildi. Məsələ iki dəfə, 4 və 5 iyul tarixlərində RK(b)P MK-nın Qafqaz bürosunun plenumunda müzakirəyə və səsverməyə çıxarıldı. Stalinin də iştirak etdiyi (lakin səsverməyə qoşulmadığı) iclaslarda məsələ ilə bağlı iki dəfə səsvermə və qərar qəbul olundu. 4 iyul tarixli qərara əsasən Dağlıq Qarabağ Ermənistan SSRİ tərkibinə qatılaraq plebissit (rəy sorğusu) yalnız bölgənin erməni əhalisi arasında keçirilməli idi. Bundan əlavə, Azərbaycan tərəfinin təklifinə əsasən, son qərarın RK(b)P MK tərəfindən çıxarılması razılaşdırıldı. Lakin qərar nədənsə RK(b)P MK-nın müzakirəsinə verilmədi və N.Nərimanovun etirazı və müqaviməti sayəsində (Q.Orconikidze və A.Nazaretyanın istəyi ilə) Qafqaz Bürosu plenumu Dağlıq Qarabağ məsələsini yenidən müzakirə etdi. Nəticədə, Dağlıq Qarabağa plenum iştirakçılarının səsverməsi ilə geniş muxtariyyət statusu verilərək Azərbaycan SSRİ-nin tərkibində saxlanıldı (Musa İ., "Azərbaycanın xarici siyasəti", ikinci hissə, Bakı, 2010, s.167).

Ermənistan tərəfinin iddiasına görə, yalnız 4 iyul tarixli qərar (Dağlıq Qarabağın Ermənistan SSRİ tərkibinə qatılması və plebissitin yalnız bölgənin erməni əhalisi arasına keçirilməsi) Dağlıq Qarabağın yekun hüquqi statusu ilə bağlı qanuni sənəddir. Onlara görə, Moskvanın nümayəndəsi Stalinin plenum üzvlərinə təzyiqlərinə baxmayaraq, ikinci səsvermə zamanı da Azərbaycanın xeyrinə çoxluq təmin edilmədi və beləliklə, 5 iyul qərarı hüquqi cəhətdən prosedur qaydalarının pozulması ilə qəbul edilən, hüquqi qüvvəsi olmayan qərardır. Bundan əlavə, ermənilərə görə, əgər prosedur-qayda pozuntuları olmasaydı belə, üçüncü bir ölkənin siyasi partiyasının DQ-nın statusu ilə bağlı qərar qəbul etməyə hüquqi səlahiyyəti çatmır. (5 iyul qərarı müzakirələrdə iştirak edən 7 nəfər QB plenum üzvündən 4 nəfərinin (DQ-nın Azərbaycan SSR hüdüdlarında qalmasının) leyhinə, 3 nəfərinin əleyhinə səsverməsi ilə qəbul olunmuşdu. Erməni tərəfi iddia edir ki, belə bir səsvermə olmayıb, Azərbaycan tarixi sənəd və materialları saxtalaşdırıb, çünki plenumun 9 üzvü var idi və səsvermə qaydalarına görə, 4 nəfərin leyhinə səsverməsi qərarın qəbul edilməsi üçün kifayət etmirdi).

Ermənilər, bütün bunlara əsasən iddia edirlər ki, Dağlıq Qarabağ istər Azərbaycanın sovetləşməsi dövründə, istərsə də Ermənistanda sovet hakimiyyətinin qurulmasından sonra (29.11.1920) Azərbaycana məxsus olmayıb və onun RK(b)P MK Qafqaz Bürosu plenumu qərarına əsasən Azərbaycanın tərkibində saxlanılması qeyri-qanuni idi.

Azərbaycan tərəfinin ermənilərin sovetləşmə mərhələsindəki iddiaları ilə bağlı mövqeyi

Azərbaycan 1920-ci ilin 27 aprel tarixində Sovet Rusiyasının On Birinci Ordusu tərəfindən işğal olundu, Bakıda Müsavat höküməti devrildi və ölkədə hakimiyyət bolşeviklərin əlinə keçdi; hakimiyyətin təhvil verilməsi zamanı müsavatçılarla razılaşdırılan vədlərin heç biri yerinə yetirilməyərək Azərbaycan İnqilab Komitəsi (AİK), Xalq Komissarları Soveti (XKS), Xalq Xarici İşlər Komissarlığı (XXİK), Azərbaycan Fövqəladə Komissiyası kimi ali hakimiyyət orqanları təşkil edildi və qısa müddət ərzində təşkilati, habelə ideoloji cəhətdən Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı.

XX əsrin əvvəllərində Azərbaycan milliyyətçiliyinə liberal və sosialist təsirlər

Yeni yaranmış Azərbaycan Sovet Sosialist Respublikasının (SSR) xarici siyasətinin əsas istiqamətlərindən biri Sovet Rusiyasının Gürcüstan və Ermənistandakı ictimai-siyasi quruluşu dəyişdirmək, o cümlədən müsəlman Şərqini sovetləşdirmək siyasətinə yardım etmək idi. Tutulan bu istiqamətlə yanaşı, Azərbaycan rəhbərliyində bir çox hallarda azərbaycanlıların deyil, gürcü, erməni və digər millət nümayəndələrinin təmsil olunması, sinifi-ideoloji məqsədlərin milli məqsədləri üstələməsi, Azərbaycanın "əbədi xoşbətliyini" yalnız Rusiyaya bağlı olmaqda görən dünyagörüşü sonrakı mərhələdə ölkənin müstəqilliyinin ləğv edilərək Sovet Rusiyasına birləşdirilməsi ilə nəticələndi. Azərbaycan SSR-in Rusiya rəhbərliyinin məqsədlərinə xidmət edən xarici siyasəti, ADR hökümətinin öz qonşuları və digər dövlətlərlə münasibətdə arxalandığı ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenliyə hörmət və beynəlxalq münasibətləri tənzimləyən digər prinsiplərin arxa plana keçməsi ilə nəticələndi, ölkənin ərazisinin parçalanması gələcək qanlı etnik münaqişələr üçün zəmin hazırladı.

Bütün bunlara baxmayaraq, Azərbaycan SSR höküməti öz xarici siyasətində hələ sovetləşməmiş Ermənistan Respublikası ilə əlaqələrə xüsusi diqqət yetirərək, ermənilərin ADR dövründən davam edən ərazi iddialarını və sərhədd münaqişələrini sülh və qarşılıqlı razılaşma yolu ilə həll etməyə çalışırdı. Həm bu fikri təsdiqləmək, həm də erməni tərəfinin Dağlıq Qarabağa dair irəli sürdüyü iddiaların əsassızlığını göstərmək üçün yuxarıda bəhs edilən sənədləri təhlil etmək doğru olar.

1920-21-ci illərdə Dağlıq Qarabağın hüquqi statusu ətrafında gedən siyasi proseslər

1920-ci ilin avqust ayının 10-da Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında ilkin barışıq-saziş imzalandı. Həmin sazişin bir müddəasına görə, On Birinci Ordu (həmin ərazilər Azərbaycanın hüdudları daxilində olduğu halda – m.müəllifi) mübahisəli vilayətləri tutmalı (Qarabağ, Zəngəzur, Naxçıvan) və işğal altında saxlamalı idi (Bu məqalədə 1920-23-cü illər ərzində Dağlıq Qarabağ problemi ilə bağlı və ya əlaqəli siyasi-hüququ sənədlər və sitatlar üçün İsmayıl Musanın "Azərbaycanın xarici siyasəti" kitabına istinad edilmişdir).

Burada xüsusi diqqət yetirilməli məqam, Rusiyanın lap əvvəldən prosesə qərəzli və tərəfli yanaşmasıdır; düzdür ki yuxarıda qeyd olunan vilayətlər hələ ADR dövründə erməni ərazi iddiaları nəticəsində münaqişəli zonalara çevrilmişdi, lakin Qarabağ, Zəngəzur və Naxçıvan faktiki olaraq Azərbaycanın tərkib hissəsi idi və onun sərhədləri daxilində idi. Habelə, Sovet Rusiyası ilə bir sıra sahələrdə qarşılıqlı əlaqə və əməkdaşlıq sazişləri bağlansa da, Azərbaycan beynəlxalq hüquqa əsasən müstəqil respublika idi. Bu halda, Sovet Rusiyası ilə hər hansı hərbi-iqtisadi-siyasi ittifaq bağlamadığı halda, Azərbaycan SSR sərhədləri daxilindəki ərazilərin mübahisəli elan edilərək digər bir dövlətlə bağlanan müqavilə predmeti olması, o cümlədən üçüncü bir dövlətin orduları tərəfindən tutulması hüquqi cəhətdən düzgün deyildi və bu, Yeni Rusiya rəhbərliyinin Azərbaycana qarşı heç də səmimi olmayan münasibətindən xəbər verirdi. Burada Azərbaycan SSRİ rəhbərliyinin təslimçi siyasətini və beynəlmiləl güzəştlərini də nəzərə almaq lazımdır. Lakin bu siyasi prosesin bir qədər geniş şəkildə nəzərdən keçirilməsi "Necə oldu ki, Azərbaycan öz tarixi ərazilərinin mübahisəli ərazi elan olunması ilə razılaşdı və öz hüdudlarında ermənilərə geniş muxtariyyət hüququ verdi?" sualını daha yaxşı aydınlaşdıra bilər.

Azərbaycan Parlamenti necə yarandı?

Tarixə nəzər yetirdikdə görürük ki, 1920-ci ilin 29 noyabrında Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında növbəti müqavilə imzalandı. Bu müqavilə ilə Ermənistanın sovetləşdirilməsinə başlandı. Bir gün sonra, 30 noyabr tarixində Azərbaycan Sovet hakimiyyəti (AKP MK Siyasi və Təşkilat bürolarının birgə iclası) Ermənistan İnqilab Komitəsinin teleqramını müzakirə edərək geniş bir qərar çıxardı. Qərara əsasən: v) Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir; q) Zəngəzur və Naxçıvan Ermənistana keçir; d) Qarabağın Dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilir...

Göründüyü kimi, Azərbaycan Sovet höküməti öz qərarında Zəngəzur və Naxçıvanın Azərbaycandan Ermənistan SSRİ-yə keçməsini bəyan etsə də, ermənilərin idda etdiyinin əksinə olaraq, Dağlıq Qarabağın qonşu dövlətin "ayrılmaz tərkib hissəsi kimi tanınması" müzakirə mövzusu belə deyildi. Qərarda yalnız bölgənin öz müqəddəratını təyin etmə hüququ vurğlanırdı ki, bu hüquq Azərbaycan XKS-in sədri Nəriman Nərimanovun 1 dekabr tarixli Bəyanatında da öz əksini tapdı. Bəyanatda deyilirdi: "... bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz. Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir. Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqədəratını təyin etmək hüququ verilir..." (N.Nərimanovun məlum Bəyanatı ilə Azərbaycan Sovet hökümətinin Zəngəzur və Naxçıvanı Ermənistan ərazisi kimi tanınmasına baxmayaraq, bu məsələlər belə həll edildi; tarixi Azərbaycan ərazisi olan Yuxarı Zəngəzur həqiqətən də erməni hərbi qüvvələri tərəfindən tutularaq (16.08.1921) və Azərbaycan rəhbərliyi tərəfindən heç bir müqavimətlə üzləşmədən Ermənistana birləşdirildi. Hələ ADR dövründə Türkiyə tərəfindən himayə edilən Naxçıvanın hüquqi statusu isə, Moskva (16.03.1921) və Qars (13.10.1921) müqavilələrinə əsasən müəyyən olundu. Sonuncuya, Azərbaycan SSR tərkibində saxlanılmaqla, Muxtar Respublika statusu verildi).

Nərimanovun bu Bəyanatı əvvəlcə Bakıda "Kommunist" (rusca; 2.12.1920, 178 saylı) və "Bakinski raboçi" (3.12.1920, 23 saylı) qəzetlərində olduğu kimi, daha sonra isə İrəvanda ermənicə nəşr olunan "Kommunist" qəzetində (7.12.1920) saxtalaşdırılmış məzmun və mətnlə dərc edildi. N.Nərimanovun Bəyanatının erməni mətbuatı və maraqlı şəxslər tərəfindən saxtalaşdırıldığı Azərbaycan tarixşünaslığında tamamilə sübuta yetirilmiş mübahisəsiz faktdır. Nəriman Nərimanovun özü də gələcək fitnə-fəsadlar üçün zəmin hazırlayan Bəyanatın saxtalaşdırılmasına, "Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqədəratını təyin etmək hüququ verilir" yerinə Dağlıq Qarabağın Ermənistan Sosialist respublikasının tərkib hissəsi kimi tanınması yazılmasına etiraz etmişdi. Bununla belə, erməni saxtakarlığının nəticəsində və ya şəxsi maraqlara uyğun olaraq, Q.Orconikidze, İ.Stalin və b. tərəfindən Bəyanatın erməni variantına istinad edildi.

Nəriman Nərimanovun "əsrlərdən bəri qonşu olan iki xalqın, ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi"nin qarşısını almaq üçün Azərbaycan Sosialist höküməti adından verilən məlum Bəyanatı DQ-nın öz müqəddəratını təyin etmə hüququnu tanısa da, ermənilər Dağlıq Qarabağa qarşı olan ənənəvi iddialarından əl çəkmədilər. Onların istəyi tarixi-etnoqrafik və iqtisadi cəhətdən yüz illərlə Azərbaycana bağlı olan DQ-ın Yuxarı Zəngəzur kimi Ermənistan SSR-in tərkibinə keçməsi və ya ayrılmaz tərkib hissəsi kimi tanınması idi. Bunun müqabilində Azərbaycan SSR rəhbərliyi problemə hər nə qədər beynəlmiləl münasibət göstərib mübahisəli məsələləri sülh vasitəsiylə yoluna qoymağa çalışsa da, qətiyyən Dağlıq Qarabağın Ermənistana verilməsi fikrini dəstəkləmədi. Xüsusilə, Nərimanov bu məsələdə ardıcıl mövqe tutaraq DQ-nın Azərbaycanın hüdudları daxilində qalmağı üçün böyük səy göstərdi. Məsələn, Azərbaycan SSR-i hələ təzə qurulan dövrdə XKS-nin Ermənistanın daşnak hökümətinə göndərdiyi 30.04.1920-ci il tarixli cavab notasında, qarşı tərəfdən üç gün ərzində Qarabağ və Zəngəzuru qoşunlarından təmizləməyərək öz sərhədlərinə çəkilmək, millətlərarası qırğın və ədavətə son qoymaq tələb olunurdu. Həmçinin eyni məzmunlu tələb S.Kirov və Q.Orconikidzenin imzası ilə (01.05.1920) İrəvana vurulan teleqramda da öz əksini tapmışdı. AİK-in 18 may tarixli, Qarabağ və Zəngəzur bölgələrinin Fövqəladə Komissarı vəzifəsi təsis edilməsi barədə dekreti Sovet Azərbaycanı rəhbərliyinin həmin qəzalara öz tam hüquqlu ərazisi kimi yanaşdığını göstərir.

Ermənistan rəhbərliyi bunun müqabilində Sovet Rusiyası rəhbərliyinə vurduğu teleqramlarında (01.05.1920–Q.Orconikidzeyə; G.Çiçerinə–03.05.1920), Zəngəzur və Qarabağda erməni qoşun hissələrinin olmadığını iddia edərək, Zəngəzurla Qarabağı Ermənistandan ayrı düşən erməni əraziləri kimi qələmə verirdi və Azərbaycan hərbi hissələrinin həmin bölgələrdən çıxarılmasını xahiş edirdi. Həmçinin, Ermənistan rəhbərliyi Sovet Rusiyasından Ermənistanla Azərbaycan arasındakı mübahisəli məsələlərin həllində "vasitəçilik" etməsini istəyirdi. Nəticədə, RSFSR XXİK-in müavini milliyyətcə erməni Qaraxanın mayın 15-də İrəvan və Bakıya göndərdiyi teleqramlarda Ermənistan hökümətinin Azərbaycanla mübahisəli məsələlərin həllində vasitəçilik etmək təklifinin Sovet Rusiyası tərəfindən qəbul olunduğu bildirdi. Sovet Rusiyası rəhbərliyi bu teleqramda bəyan edirdi ki, millətlərarası toqquşma və qırğınlara yol verməmək üçün iki ölkə arasındakı mübahisəli ərazi məsələləri nizamlananadək Zəngəzur, Naxçıvan, Qarabağ On Birinci Ordu tərəfindən tutulacaq. Razılığı nə qədər formal xarakter daşısa da, Azərbaycan SSR rəhbərliyi Sovet Rusiyasının Ermənistanla arasındakı mübahisəli məsələlərdə vasitəçilik məsələsinə razılıq verdi. Bundan əlavə, Azərbaycan SSR rəhbərliyi hesab edirdi ki, Ermənistanın tez bir zamanda sovetləşməsi iki ölkə arasındakı mübahisəli məsələlərin həllini asanlaşdıracaq.

Azərbaycan tərəfinin razılığına baxmayaraq, Sovet Rusiyası ermənilərin iddia etdiyi və hərbi hissələrinin saxladığı Azərbaycan ərazilərini tutmağa tələsmir və mövcud "hərbi status-kvo ilə kifayətlənmək məcburiyyətində qalmağın" zəruriliyini bildirirdi. Sovet Rusiyasının bunda əsas məqsədi, Azərbaycan SSRİ rəhbərliyinə təzyiq göstərərək "Qarabağ və Zəngəzuru mübahisəli ərazi kimi etirafına nail olmaq" idi. Bunu, G.Çiçerinin Q.Orconikidzeyə teleqramı (02.06.1920) xüsusilə təsdiqləyir. Həmçinin, Rusiya rəhbərliyinin bu məsələdə ardıcıl mövqe tutmayaraq – G.Çiçerin və Q.Orconikidzenin bir-birinə və G.Çiçerinin Azərbaycan SSR rəhbərliyinə vurduğu teleqramlarda mübahisəli elan olunan ərazilərin gah Ermənistana, gah Azərbaycana birləşdirilməsi, gah da nə Ermənistana, nə də Azərbaycana birləşdirilməyərək Rusiya qoşunlarının işğalı altında saxlanılmasından bəhs edilir – qeyri-müəyyən mövqe sərgiləməsi həm Ermənistanı öz asılılığına keçirmək, həm də işğala qarşı üsyanlardan ehtiyatlanaraq Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdürdü.

Lakin, Azərbaycan SSR rəhbərliyi, xüsusilə, yuxarıda da qeyd olunduğu kimi, N.Nərimanov "...Sovet Azərbaycanının tərkibinə daxil olan, guya mübahisəli sayılan Zəngəzur və Qarabağa gəldikdə isə qətiyyətlə" (seçdirmə məqalə müəllifinə aiddir – Nəriman Nərimanovun Kommunist partiyasının rəhbər şəxslərindən erməni A.Mikoyan və A.Nuricanyanın imzaları da daxil olmaqla G.Çiçerin və Q.Orconikidze göndərdiyi 1920-ci il tarixli məlumatından) bildirir ki, "bu yerlər mübahisəsizdir və bundan sonra da Azərbaycanın hüdudlarında yerləşdirilməlidir". Məlumatın ardında Nərimanov bildirir ki, Naxçıvan və Culfa da Azərbaycana birləşdirilməli (Naxçıvanda türk qüvvələrinin dəstəyi ilə yerli əhali hakimiyyəti hələ əlində saxlayırdı) və daşnaklarla danışıqlar vaxt itkisidir. Həmçinin, Nəriman Nərimanov Q.Orconikidze ilə birbaşa telefon danışığı zamanı da bu mövqeyini müdafiə edərək ona bildirir ki, "Siz deyirsiniz: digər vilayətlərə iddia etməyin. Bilmək maraqlıdır, bunlar hansı vilayətlərdir. Qarabağ və Zəngəzur Azərbaycanın mübahisəsiz vilayətləridir... mən təcili və şərtsiz bu vilayətlərin Azərbaycan birləşdirilməsini..., Qarabağ və Zəngəzura muxtariyyət verilməsini, həm də bunun... və mütləq sizin tərəfinizdən həyata keçirilməsini təklif edirəm". Göründüyü kimi, N.Nərimanov Dağlıq Qarabağın Ermənistana bağışlanmasının qəti əleyhinə idi və ən yaxşı halda bu bölgəyə muxtariyyət verilməsinin tərəfdarı idi. Onun sonrakı fəaliyyəti də bu istiqmətdə davam edərək DQ-nın Ermənistanın hüdudlarına keçməsinin qarşısını aldı.

Sovet Rusiyası rəhbərliyi məhz N.Nərimanovun DQ məsələsində ardıcıl mövqeyini görüb, hər cəhətdən Azərbaycana bağlı olan bölgənin Ermənistana birləşdirilməsinin Azərbaycan daxilidə kütlələr arasında nüfuzunu düşürəcəyini də nəzərə alaraq, DQ-nın Azərbaycanın tərkibində qalmasına razılaşmaq məcburiyyətində qaldı. Q.Orconikidzenin G.Çiçerinə göndərdiyi teleqramlardan aydın olur ki, onun fikrincə göstərilən ərazilərin Azərbaycana birləşdirilməsi onun kommunistlərinə güclü üstünlük verər və rəsmi Bakını digər vilayətlərə iddialarından çəkinməyə vadar etməyə şərait yaradardı. Nəriman Nərimanovun Ruiyanın "Qafqaz Canişini" adlandırdığı Q.Orconikidze sonda bu qərara gəlir ki, Qarabağ və Zəngəzur təcili Azərbaycana birləşdirilməlidir. O, Azərbaycanı bu vilayətlərə muxtariyyət verməyə məcbur edəcəyini bildirərək qeyd edir ki, ancaq bu muxtariyyət Azərbaycanın özü tərəfindən verilməlidir və heç bir halda Ermənistanla Sovet Rusiyası arasında bağlanacaq müqavilədə yazılmamalıdır (sonuncu təklif N.Nərimanovun tələbi idi). Q.Orconikidzenin V.Lenin və G.Çiçerinə ünvanlanan (19.06.1920) digər teleqramında isə bildirilir ki, Azərbaycan Qarabağ, Zəngəzur, Naxçıvan və Şərur-Dərələyəzə idda edir və artıq "Qarabağ və Zəngəzurda Sovet hakimiyyəti elan olunmuşdur və yuxarıda göstərilən ərazilər özlərini Azərbaycan Sovet respublikasının hissəsi sayırlar... Azərbaycan heç bir halda Qarabağ və Zəngəzursuz keçinə bilməz".

Beləliklə, Sovet Rusiyası ilkin mərhələdə Azərbaycan SSRİ rəhbərliyinə təzyiq göstərərək "Qarabağ və Zəngəzuru mübahisəli ərazi kimi etirafına nail olmaq" məqsədinə nail oldu; bu, öz əksini Azərbaycan SSR hökümətinin 30.11.1920 tarixli qərarı ilə N.Nərimanovun 1.11.1920 tarixli Bəyanatında tapdı. Növbəti mərhələdə məqsəd mümkün olduğu qədər Azərbaycanın hesabına Ermənistana ərazi güzəştləri etmək yaxud ən pis halda Azərbaycan hüdudlarında Dağlıq Qarabağ ermənilərinə muxtariyyət vermək idi. Bu mərhələ Ermənistanla Sovet Rusiya arasından avqust və noyabr aylarında bağlanan müqavilələrdən sonra başladı.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR