Denis Didro Rusiyanı necə dəyişmək istəyirdi və ona nə mane oldu?

Fəlsəfə
Photo

Didro: Hakimiyyətin pedaqoqu

Fransız filosof Denis Didro Aydınlanma dövrünün qəhrəmanı idi. O, Böyük Katerinaya məsləhətlər vermiş, imperatriçə isə onları müdrikcəsinə rədd etmişdi.

“Cənab Didro, mən sizin möhtəşəm ağlınızın məhsulu olan hər şeyi böyük maraqla dinlədim. Amma sizin yaxşı başa düşdüyüm böyük prinsipləriniz gözəl kitablar, amma pis davranışlar ortaya çıxarır. Sizin islahat barəsindəki planlarınız bizim iki mövqeyimiz arasındakı fərqliliyi görməzdən gəlir. Sizin üzərində işlədiyiniz əsərdə hər şey var. O rahat oxunur, zəngindir, sizin təsəvvürünüzə, yaxud qələminizə qarşı çıxmaq mümkün deyil. Mən yazıq imperatriçə isə insanlar üzərində işləyirəm, o, tez qıcıqlanan və həssasdır”.

Bu, xatırladığım qədəriylə Katerinanın filosof və Ensiklopedistlərin aparıcı lideri Böyük Denis Didroya cavabı olub, Didro Rusiyanı Aydınlanma idealları əsasında transformasiya etməyə yardım etmək üçün Katerinanın dəvəti ilə Rusiyaya səfər etmişdi.

Maarifçilik dövrünün iki nəhənginin son görüşü: Volter və Didro

Bu, maarifçi despotizm erasına təsadüf edirdi, görkəmli mütəfəkkirlər Avropa monarxları və imperatorları ilə səmimi münasibətlər içində idilər və ümid edirdilər ki, bu hökmdarlar öz təbəələrini məntiqin işığına qovuşdurmaq üçün hakimiyyətlərindən istifadə edəcəklər. Volterin dediyi kimi, filosoflar “bizi idarə edənləri idarə edəcəklər”.

Didro heç bir zaman tiranların insani proqressə töhvə verəcəklərinə tamamilə inanmırdı. Bununla belə, o, Volterin inancını bölüşürdü ki, hakimiyyətin pedaqoqu kimi fəaliyyət göstərə bilər. Qanunlar yaratmaq gildən qəliblər düzəltməyə bənzəyirdi, o, aydınlanmış hökmdarın yeni insanlar yarada biləcəyinə inanırdı. Didronun baş redaktoru olduğu 74, 000 giriş və fəsli özündə ehtiva edən 28 cilddən ibarət Monumental Ensiklopediya 1751-1772-ci illərdə yüzdən çox müəllif tərəfindən yazılmışdı və o təkcə insan ağlının məlumatlar halına salınmış xülasəsi deyildi, həmçinin məntiqi və humanizmi təşviq etmək üçün maarifçilərin ilhamverici yolgöstərəni kimi nəzərdə tutulmuşdu.

Didro Katerinanı inandırırdı ki, əgər o, Ensiklopediyanın səhifələrindəki fikirləri tətbiq etsə, Rusiya Avropada mövcud olan ölkələr kimi inkişaf edə bilər. Ensiklopediyaçıdan daha ağıllı olan Katerina isə belə cavab vermişdi: “Sizin bütün böyük fəlsəfi prinsipləriniz kitablarda möhtəşəm işlər görə bilər... təcrübədə isə pis”. Özünün temperamentli qonağı haqqındakı təəssüratlarını xülasə edərkən, imperatriçə müşahidə eləmişdi ki, “o, bəzən 100 yaşlı müdrik kimi görünür, bəzən isə 10 yaşlı uşaqdan da balaca”. 1794-cü ildə Fransız İnqilabının Terroru ərzində tökülən qanlar barədə şərh verərkən, Katerina “ancaq dağıdıcılığa xidmət etmiş” və “saysız-hesabsız bədbəxtliklərə və insan itkilərinə səbəb olan” Didronu və digər filosofları ittiham etmişdi.

Bəs onda biz bu gün Didronu niyə oxumalıyıq? Özünün Didro haqqında yazılmış olduqca detallı və təravətli bioqrafiyasındakı proloqunda Endryu S. Kurran filosofu “ən aktual Aydınlanma filosoflardan biri” hesab edir. Epiloqda o, filosofun nədə üstün olduğunu yazır: “Didro şübhəsiz Ensiklopediya dövrünün stüardlarından biri olsa da, o, həmçinin paradoksal olaraq, öz nəsildaşları arasında Aydınlanma layihəsinin nüvəsində yatan rasional perspektivi sorğulayan yeganə böyük mütəffəkkir idi”. Burada Kurran başqa bir paradoksa işarə edir, bu isə Aydənlanmaya olan hazırki marağın dirçəlməsində özünü göstərir. Bugünkü liberallar Aydınlanmanın mütəffəkkirlərinə üz tutarkən, bunu intellektual əminlik və əxlaqi komfort üçün edirlər. Donald Trampın təhdidkar kölgəsinin arxasında onların dövlətin məntiqi dinləməyə hazır olduğu dövrə dair nostalgiyası yatır. Onların ümidi ondan ibarətdir ki, əgər biz rasionallığı təcəssüm etdirən mütəfəkkirlərə üz tutsaq, rasionallığı yenidən ələ keçirə bilərik.

Bununla belə, Kurranın onu portretləşdirdiyi kimi, Didro o qədər də rasional filosof stereotipinə uyğun gəlmirdi. Özünün çoxcildli romanlarında və mükalimələrində – onların bir çoxu ölümündən sonra ortaya çıxıb – qəhrəmanlar ictimai şəkildə təşviq olunan Aydınlanma layihəsinə qarşı fikirlər səsləndirirlər. Didro bir qayda olaraq xurafata qarşı çıxan bir mütəfəkkir kimi təsvir olunur. O, hədsiz azad düşüncəli idi, amma Maarifçiliyin prinsiplərini təbliğ edərkən yox, bədii əsərləri ilə bu qəlibləri sorğuya çəkərkən. Didronun Katerina ilə nisbətən sakit dövrə təsadüf edən görüşü bir kuliminasiya nöqtəsi idi. Özünün filosof həmkarı Markiz de Kondorsetdən fərqli olaraq – o, inqilabi Fransa hökumətindən qaçarkən, həbsxanada ölmüşdü – Didro praktikada həyata keçirilməsini arzuladığı böyük siyasi eksperimentdən əvvəl yaşamaqla bəxti gətirmişdi. 1713-cü ildə Parisdən 250 kilometr aralıda sakit əyalət şəhəri Langresdə bıçaqqayıranın oğlu kimi dünyaya gələn Didro keşiş olması məqsədiylə yezuit təhsili almışdı. Lakin o, ruhani təhsilini davam etdirmək üçün getdiyi Parisdə (özünü müəllimlik eləməklə və hüquq təşkilatlarındakı təsadüfi işlərlə dolandırırdı) fikirlərini dəyişdirdi. Didro 1784-cü ildə Parisdə vəfat edib.

Volter Bastiliya məhkumundan məşhur dramaturqa necə çevrildi?

Müstəqil bir intellektual həyatı ona uyğun gəlirdi. O bir müddət çılğın Jan Jak Russo ilə dostluq elədi və onunla yalnız o zaman ayrıldı ki, insan rifahını əsas tutan peyğəmbərin paranoyak şübhələri artıq hamı üçün dözülməz hala gəlmişdi. Evlənməzdən əvvəl və ümumən xoşbəxt sayılmayacaq evlilikdən sonra onun çoxlu münasibətləri olmuşdu, ömrünü isə öz qızına həsr etmişdi. Onun yaratdığı nəhəng kitabxananı imperatriçə Katerina almış, ona isə ondan ömürlük istifadə etməyə icazə vermiş, üstəlik kurasiya etməsi üçün əməkhaqqı ayırmışdı.

O, 1749-cu ildə anonim şəkildə çap etdirdiyi “Korluq məktubları”na görə Fransız hakimiyyətli ilə münaqişə yaşadı, əsərində Didro təkamül nəzəriyyəsinin erkən versiyasını qaralamışdı və bütün qəlbiylə ateist materializmi qucaqlamağa hazır idi. Tezliklə özünü müəllif kimi doğruldandan sonra Didro həbs olundu və “Chateau de Vincennes”də 100 gün həbs həyatı yaşadı. Sonradan o, öz həbsini Sokratın ölümü ilə müqayisə etsə də, azadlığının məhdudlaşdırıldığı dövrdə onun çox əziyyət çəkdiyini demək olmaz. Onun üçün kralın ödədiyi gündəlik ərzaq ət qovurmasından, ciyər, yaxud içalatdan, böyük çörəkdən və bir şüşə şərabdan ibarət idi. Həbsxanada olarkən Russo onu tez-tez ziyarət edirdi və son həbs günlərində naşirlərin onu görməsinə icazə verilmişdi. Bu həbs baş verməsəydi, o, savadlı bir fransız kişisi kimi adi bir həyat yaşayar, nəcib cəmiyyətdə durub-oturar, qadınlarla əhatə olunmaqdan və heç vaxt maliyyə əziyyəti yaşamamaqdan həzz alardı.

Didro Qərb mütəffəkirləri arasında Rusiyanı maariflənmiş dövlət eksperimenti üçün bir ərazi kimi görən yeganə adam deyildi. İngilis utalitarist və hüquq filosofu və islahatçısı Ceremi Benthamın kiçik qardaşı Samuel Bentham da mühəndis və memar kimi işləmək üçün Rusiyaya səfər etmiş, bir zavoda rəhbərlik edərkən, işin daimi nəzarət altında olacağı Panoptikum (həbsxana formasında tikili) üçün ilk plan yaratmışdı.

Həqiqət axtarışını həyatıyla ödəyən filosof- Sokrat

Volterin özü 15 il Katerina ilə məktublaşmışdı, məktublarında o, imperatriçəyə açıqca yaltaqlanır və inanırdı ki, Katerina onun və digər Avropa mütəfəkkirlərinin “Asiya barbarlığı”na yuvarlandığına inandıqları ölkəyə maarifçilik gətirəcək. Rusiyanın 18-ci əsr proqressiv intelligensiyasında Avropanın təsiri o qədər böyük idi ki, anti-maarifçi mütəfəfkkir Jozef de Maistre 1802-ci ildə buraya gələndə, “filosofların cızma-qara etdiyi” zövqsüz bir ölkəylə qarşılaşmışdı. Robert Zaretskinin Didronun Katerina ilə görüşündən bəhs edən qısa, parlaq və oxunaqlı yazısı fikirlər tarixindən daha artıq bir şeyi özündə ehtiva edir. Burada həmçinin sayıq, düşüncəli və qərarlı imperatriçə yelbeyin və tərəddüdlü fikir adamından daha maraqlı və görkəmli fiqur kimi təsvir edilir.

Uşaqlıqdan bəri qızğın oxucu olan Katerina 1762-ci ildə 33 yaşında dövlət çevrilişi təşkil etməklə imperiya taxtına əyləşdi, nəticədə onun ekksentrik və qeyri-effektiv əri Çar III Pyotr həyatını itirdi. Pyotr Danimarka ilə gərəksiz və geniş miqyasda etirazlara səbəb olan müharibə üçün qoşunlara təlim keçərkən, Katerina onun əleyhinə konspirasiya kampaniyasına başladı, kampaniya onun sevgilisi, sevimli ordu zabiti Qriqori Orlov tərəfindən təşkil olunmuşdu. Saray mülkündə qalacağı ilə bağlı ərinin əmrini pozan qadın Sankt Peterburqa gəldi və Nevski prospektinə yanında Orlov və Rus Keşikçiləri ilə birgə daxil oldu. Qış Sarayına çatanda Katerina balkonda peyda oldu və aşağıdakı qələbəliyi salamladı.

Sonrakı gün o, əynində hərbi uniforma, at belində əyləşərək bir neçə məiyyətin müşayiətiylə ərinin yanına gəldi və ondan taxtdan əl çəkməsini tələb etdi. Rədd cavabı alanda Orlov onu saray mülkünə gətirdi. Üç gün sonra Pyotrun ölüm xəbəri yayıldı. Katerina Pyotrun “şiddətli gemaroy sancılarından” öldüyünü bəyan edən bulleten yaydı, bulletendə həmçinin qeyd olunmuşdu ki, onun taxta çıxmasında ərinin vaxtsız ölümü öz ilahi işini görüb.

1796-cı ilə qədər hakimiyyətdə olan Katerina Rusiyaya ən uzunmüddətli stabil dövlət verməklə yadda qaldı, bəziləri bu dövrü Rusiya Aydınlanma Dövrü adlandırırlar. Lakin o, bu qızıl ağıl dövrünə Didronun tövsiyyələrini qulaq ardına vurmaqla nail olmuşdu. Filosof daim imperatriçəyə özünün və qanun yolu ilə özündən sonra gələcək varislərin hakimiyyətini məhdudlaşdırması ilə bağlı məsləhət verirdi. Lakin Katerina o zamanlar və indiki Maarifçilik filosoflarından çox azının tutduğu bir faktı əldə rəhbər tutmuşdu. Güclü sosial və siyasi qüvvələrlə istənilən konfrantasiya zamanı qanunun özbaşına edə biləcəyi bir şey demək olar ki, yoxdur. Dövlətin hakimiyyətinin ciddi şəkildə məhdudlaşdırıldığı yeni model rejim əvvəllər heç vaxt mövcud olmayan daha tiran bir rejim tərəfindən əvəzlənir, ya da ki, bundan sivilizasiyaya heç bir töhvə verməyəcək anaxiya ortaya çıxır.

Makiavellizm: Şəxsi əxlaq və ictimai maraqlar - Siyasətçilər vicdan məsələsini bir kənara qoymalıdır?

Hətta Didro Katerina ilə məktublaşmağa başlayanda imperiyanı artıq çox güclü bir Kazak və kəndli üsyanı bürümüşdü, üsyanı yalnız genişmiqyaslı hərbi repressiya ilə yatırmaq mümkün oldu. Didro ona məsləhət verirdi ki, hətta bu, bir illuziya olsa da, o, insanlara azadlıq fikrini dadmağa imkan verməlidir. Zaretski bu məqamda Didronun realist uzaqgörənlik sərgilədiyini deyərək, onu tərifləyir. Lakin Rusiya dövləti dağılıb tənəzzülə uğrasaydı, azadlığın populyar illuziyası heç bir işə yaramazdı.

Didro bir inqilabçıdan daha çox islahatçı idi. Bununla belə, onun təklifləri adətən utopik reallığa daha çox uyğun gəlirdi. O, Katerinaya təklif edirdi ki, özü qızı Angelikaya necə öyrədirsə, imperatriçə də canlıya bənzər mum modellərdən yararlanmaqla, məktəblərdəki gənc qızlara özlərinin cinsiyyəti ilə bağlı tərbiyənin verilməsinə dair sərəncam verməlidir. Bu, hər nə qədər xəyali bir ideya olsa da, onu avtokratik hakimiyyətdən istifadə etməklə (onun qarşı çıxdığı), ancaq Rusiyada - Ortodoks Kilsəsinin sərt müqavimətinə rast gəlsə belə - tətbiq etmək mümkün idi. Didronun gücü siyasəti başa düşməsində yox, coşğun ağlının məhsuldarlığında və Maarifçi inancı sorğulamağa hazır olmasında idi.

Didronun 1761-ci ildə başlayıb 1779-cu ildə, ölümünə beş il qalmış bitirdiyi “Rameonun Əmisioğli” adlı bədii mükaliməsində müəllif Moi və Lui (“Mən” və “O“) adlı iki qəhrəman təqdim edir. Əsərdə təsadüf və zərurət tərəfindən idarə olunan dünyada rasional əxlaqın mümkünlüyü müzakirə olunur. Lui aydınlanmış ağılların xeyirxahlıq etməkdən zövq aldığı “Ustad Filosof” inancını lağa qoyur: “Mən ağıla və Solomonun müdrik fəlsəfəsinə bəli deyirəm: yaxşı şərablar içməkdən, dadlı təamlar dadmaqdan, gözəl qadınlarla vaxt keçirməkdən, yumşaq yataqlardan yatmaqdan başqa hər şey fanidir”. Filosof ateist materializmin universal xoşbəxtliyə apardığını irəli sürürdü. Amma Didronun digərlərindən və yəqin ki, özündən də gizlətdiyi başqa bir tərəfindən çıxış edən Lui deyirdi ki, materialist fəlsəfə əksinə, qeyri-əxlaqi, zövq düşkünü eqoist həyatı təbliğ edə bilər.

1769-cu ildə tamamlanan “Dalamberin röyası”nda Didro kosmik təsadüf kimi azad iradədən məhrum insan-heyvanı təqdim etməklə, yenə materialist əxlaqın özülünü analiz edir. 20 il ərzində yazılan ustad və şagirdi arasındakı dialoqdan ibarət olan “Fatalist Cek“də o, dayanıqlı icmanın mümkünlüyünü sorğuya çəkir və iddia edir ki, daimi dəyişkən fiziki məxluqlar kimi insanlar çox qısa zaman ərzində təcrübədən keçirdikləri cinsi məhəbbət ilə bir-birləriylə bağlılığa nail ola bilməzlər. 1760-cı ildə yazılsa da, 1796-cı ildə nəşr olunan “Fatalist Cek”də Didro monastr qadınları arasında sadomazoxizm kimi ortaya çıxan seksuallıq növlərini araşdırır. Didronun ölümündən uzun müddət sonra da roman birmənalı qarşılanmamışdı, 1966-cı ildə çəkilən romanın film versiyasına isə prezident Şarl de Qollun hakimiyyəti dövründə senzura qoyulmuşdu.

Didronun orijinal mütəfəkkirliyi özünü “Ensiklopediya”ya verdiyi töhvələrdə deyil, ədəbi əsərlərində göstərir. Hətta həmin bədii əsərlərdə təqdim olunan ideyaların orijinallığı şübhəlidir. Hələ yüz il ondan əvvəl Benedikt Spinoza Didrodan daha effektli bir şəkildə monoteist dini tənqid etmişdi. 17-ci əsrin sonunda fransız protestant Pyer Bayle “Tarixi və Tənqidi Lüğət”i (Katerina onu yeniyetmə çağında oxumuşdu) çap etmişdi və bu əsər Didronun istənilən tənqidindən daha əhatəli şəkildə skeptik idi. Fransız fizik və filosof Culyen Offrey de La Mettri 1740-cı illərdə seksual zövqün müdafiəsinə dair coşğun mətn ortaya qoymuşdu. Ən uc nöqtəyə qaldıqda isə, Didroya yaxın dövrdə yaşayan Markiz de Sad materialist fəlsəfədən təkcə dinə hücum etmək üçün deyil, həmçinin Ensiklopediyaçıların optimist görüşlərini dağıtmaq üçün istifadə etmişdi. Materialist dünagörüş ilə humanist ümidlər arasındakı münaqişəni heç bir zaman həll edə bilməyən Didrodan fərqli olaraq, nəticə nə qədər pis olursa olsun, Sad öz fəlsəfəsini axıra qədər aparmağa hazır idi.

Müəyyən xarizması ilə tərəddüdlü bir fiqur olan Didronun bu gün kiməsə o qədər də aidiyyatı yoxdur. Qeyri-müəyyənlik dövründə təsəlli verməklə, o, 21-ci əsrin liberallarına özlərini onun kimi azaddüşüncəli olmağı təsəvvür etməyə imkan verir.

Filosofa dair ən nüfuzeducu görüş Katerinaya məxsus idi, o, onun fantaziyalarına böyük heyranlıqla qulaq asır, amma onların yerini heç vaxt reallıqla qarışdırmırdı.

Con Qriman ("The New Statesman" jurnalı)

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR