Dinlər nədir, niyə var və insanlar dinə necə inanırlar?

Emosional İntellekt
Photo

Pol Blum - Din təbiidir

Bloom, P. (2007). Religion is natural. Developmental science, 10(1), 147-151.

Abstrakt*

Diqqətəlayiq intellektual marağa və sosial olaraq geniş yayılmasına baxmayaraq din müasir inkişaf psixoloqları tərəfindən gözardı edilmişdir. Ancaq son bir neçə ildə, uşaqların müəyyən universal dini ideyalar barəsində qavrayışını araşdıran bir tədqiqat toplusu meydana gəlmişdir. Bəzi yeni tapıntılar dini inancın iki bünövrəvi aspektinə - ilahi faillərə və zehin-bədən dualizminə - uşaqların təbii şəkildə vardığını irəli sürür. Bu araşdırma onların qısaca gözdən keçirilməsi və gələcəkdə alacağı istiqamətlərin müzakirəsidir.

Giriş

İnkişaf psixologiyası sahəsində ən yaxşı dərsliklərdən birini - Robert Siegler, Judy Deloache və Nancy Eisenberg’in müəllifliyiylə "How children develop" kitabını - seçmək və dini inanc barəsində nəyin deyilməli olduğunu görmək ilhamverici ola bilər. Demək olar ki, bu mövzuda heç nə yoxdur. Tanrı, xristianlıq, yəhudilik, islam, ritual, yaradılışcılıq, axirət və ya fövqəltəbii inanc üçün göstərici girişləri yoxdur. Ölüm üçün bir giriş var, o da körpələrin ölüm haqqında nə düşündüyü ilə deyil, infantların ölüm faizi ilə bağlıdır. Mövzu barədə sadəcə din, sosial hökmlər qeyd edilmişdir və bu da bir səhifəlik olub sosial normaların “sosioekonomik və mədəni müxtəliflikləri” kontekstində hinduizmdən bəhs edir.

Bu adlama qismən dərsliklərin ixtilaflı məsələlərdən qaçınmağa meyilli olmasından irəli gələ bilər. Ancaq mənim bu sahədən anladığım şey Siegler və məsləkdaşlarının bu mövzuda haqlı olmasıdır. Ki, inkişaf psixoloqlarının dinə qarşı böyük bir marağı olmadığı üçün onun inkişafını müzakirə etmirlər. Developmental Science kimi inkişaf psixologiyasına aid top jurnallardan hər hansı birində arasanız bu mövzuda həm təcrübi, həm də nəzəri çox az şey tapacaqsınız.

Bu qısa məqalədə indiyədək kəşf etdiklərimizə və gələcəkdə edilməsi lazım olanlara nəzər yetirərək dinin nədən bu qədər ehmal edildiyi barəsində fikir yürütdükdən sonra, əlaqədar kiçik tədqiqat toplusu üzərində fokuslanacağam [1].

Dinlə elm daim toqquşacaqdır

Din Tabu kimi

İnkişaf psixoloqlarının nədən dini araşdırmağa meyilli olmadığının ən sadə izahı odur ki, mövzu kifayət qədər maraqlı deyildir. Alimlərin öz zamanını və enerjisini ayırması üçün seçdiyi mövzuların nəzəri marağın və ya real-dünyada qarşılığı olmanın eşiyini (bəzi uğurlu hallarda hər ikisini) bir qədər keçməsi lazımdır. Ola bilsin, din bu eşiyi keçmir.

Bu qəbul oluna bilməz. Əvvəla, dinin hər kəsi maraqlandırdığı görsənir. Demək olar ki hər bir böyük filosofun onun barədə bir çözümü vardır və onun araşdırılmasına (teoloji və dini araşdırmalar) həsr edilən universitet bölümləri vardır. Dinin həyatımızdakı əhəmiyyəti aşkardır. Hal-hazırda davam edənlər də daxil olmaq üzrə o şiddətli konfliktlərdə mərkəzi bir rol oynayır. Gey evliliyi, abort, edam cəzası, kök hüceyrə araşdırmaları, təkamülün məktəblərdə öyrədilməsi və s. haqqında bir çox müasir siyasi və sosial debatlar insanların dini görüşlərindən dramatik şəkildə təsirlənir. Bir çox insan (ola bilsin insanların əksəriyyəti) dini və ya mənəviyyatı həyatının mərkəzi olaraq görür (Shermer, 2003). İnsan təbiəti barəsində tamamlanmış hər hansı bir nəzəriyyə buna anlam verməlidir.

İnkişaf psixoloqlarının nədən dini inancla maraqlanması lazım gəldiyinin daha spesifik bir səbəbi vardır. Koqnitiv inkişaf barəsində tədqiqatların çoxu dünyanın girdidə** təzahür edən gerçəyini anlamanın aspektləri ilə maraqlanır - uşaqların obyektlərin bərk olduğunu, insanların inancları olduğunu və ya dildə isimlər olduğunu necə anlamağa başlaması kimi. Din isə adət etmədiyimiz şeydir, çünki o duyğularımızda naməlum varlıqlar, proseslər və hadisələr barəsindədir. H.L. Mencken’in söylədiyi kimi dinin varlığı insanların “inanılmaza inanmaq üçün nəhəng kapasitəsi”ni əks etdirir. Bu üzdən, dinin araşdırılması inkişaf edən zehnin başqa sahələrdəki araşdırmalarla aşkar oluna bilməyən aspektləri barəsində bizi məlumatlandırma potensialına sahibdir.

Məncə, psixoloqların dindən bunca qaçınmağının real səbəbi onun tabu bir mövzu olmasıdır. Din toxunulmaz, müqəddəs bir sahədir. İnkişaf psixoloqları həm də özləri tabuya həssas olduqları ya da başqalarını incitməkdən çəkindikləri üçün dini araşdırmaqdan qaçınır.

Bu toxunulmazlıq məntiqsiz deyildir. Dini inanc sistemləri öz mənşəyi ilə bağlı fərziyyələri də özündə ehtiva edir və elmi təhqiqat fərziyyələrin yanlışlığını isbatlama riski daşıyır (Mackie,1984). Tanrıya inanan insanlar, məsələn, ilahi müdaxiləyə görə inandıqlarını (Tanrı inanmalarını istədiyi üçün onlar Tanrıya inanır), ya da Tanrının mövcudluğunun ətraf dünyanın mürəkkəbliyindən və ya gözəlliyindən çıxarıla bildiyini hesab edə bilər (Onlar Tanrıya bu bir rasional çıxarış olduğu üçün inanır). Onlar ata fiquruna patoloji bir ehtiyac kimi (Freud) və ya davam etməkdə olan sinfi mübarizənin bir parçası olaraq güclünün beyin yuması kimi (Marx) dinin meydana gəlmə alternativlərini qəbul etmək istəməzdi. Onlar bir çox koqnitiv alimin dini inancın təkamüllə bağlı bir təsadüf və başqa məqsədlər üçün təkamül edən koqnitiv sistemlərin əlavə məhsulu olduğu iddiasına da eyni şəkildə tərs reaksiya verə bilər. Dini inanc barəsində inkişaf psixologiyası insan subyektləri komitələrinin, qrant panellərinin, kadr gözdən keçirmə komitələrinin üzvləri ilə yanaşı, ailə, kolleqalar və dostlar daxil olmaq üzrə insanların incidilməsi riskini daşıyır. Belə maraqlı və əhəmiyyətli bir mövzuda nədən bunca az iş görüldüyü qismən onunla açıqlana bilər.

Lakin, bu vəziyyət dəyişməkdədir. Böyük ölçüdə təkamül psixologiyası və mədəni antropologiya kimi sahələrdəki tərəqqinin bir nəticəsi olaraq, dil, obyekt idrakı, zehin nəzəriyyəsi və s. bu kimi sahələrə istinad edən eyni növ nəzəriyyə və metodları istifadə edərək dini inancı araşdıran koqnitiv alimlərin kiçik bir cəmiyyəti əmələ gəlmişdir. Bu görülən işlər, aşağıda müzakirə edəcəyim bəzi olduqca maraqlı tapıntılara yol açmışdır.

Oşonun dini kommunası necə ifşa olundu? Həbsə gedən yol

Din və Dil

Tabu təbiətini kənara qoyduğumuz zaman, din inkişaf psixologiyasının hər hansı bir alt-sahəsi kimi eyni şəkildə tədqiq edilə bilər. Həqiqətən də ən ümidverici müqayisə dil ilə aparıla bilər.

Dil kimi din də universaldır. Bütün cəmiyyətlər heç olmasa bir dilə malikdir; bütün cəmiyyətlərdə heç olmazsa bir din vardır. Həmçinin, din də dil kimi anadangəlmə mövcud deyildir. Bunun əvəzinə, o sosial bir mühitdə aparılan intensiv praktika sayəsində inkişaf edir. Uşağın inkişaf etdirdiyi spesifik dil və din uşağın böyüdüldüyü mədəniyyətlə müəyyən olunur, genlər və ya fiziki mühitlə deyil.

Dilin universalları vardır. Hər bir dil morfoloji, fonoloji və sintaktik prinsiplər ilə yanaşı, sözləri və cümlələri ehtiva edir (məs., bax: Baker, 2001; Pinker, 1994). Dinin də universalları vardır. 1871-ci ildə antropoloq Edward Tylor bütün dinlərin mənəvi, fövqəltəbii varlıqları ehtiva etdiyini irəli sürdü. Hər bir din xəyalatlar, mələklər, əcdadların ruhu və s. bu kimi varlıqların olduğunu hesab edir. Onlar zehni həyata malikdir, fiziki formaya deyil (Boyer, 2001; Bloom, 2004). Əlavətən, hamısı olmasa belə, dinlərin əksəriyyəti axirət həyatını, insanlar və digər məməlilər daxil olmaq üzrə kainatın məqsədli yaradılışını irəli sürür. Belə qavramlara yad olan bir yer tapmayacaqsınız.

Ancaq bu, dillə açıq-aydın uyğunsuz müqayisə məsələsini qaldırır. Hər bir kəs dilə malikdir, amma mənəvi varlıqlara, axirət həyatına və ya yaradılışçılığa inanmadığını söyləyən normal yetkinlər mövcuddur. Bibliyada ateistlərdən bəhs edilir (“Axmaq ürəyində Tanrı yoxdur demişdir”; Zəbur 14:1). Hətta ateist cəmiyyətləri və içində fövqəltəbii inancları olmadığını söyləyən çoxluğun yaşadığı qapalı məskənlər belə vardır. Əgər anketlərə inanılarsa, məsələn, Milli Elmlər Akadamiyasının əksər üzvləri Tanrıya inanmır (Larson & Witham, 1998).

O zaman ola bilsin ki, din dildən daha az universal və ya daha az qaçınılmazdır. Aşağıda şərh edilən alternativ bir görüş budur ki, insanlar hər yerdə təbiətən bəzi örtülü fövqəltəbii inanclara malikdir. Bunlar uşaqlarda mədəniyyətdən asılı olmadan meydana çıxır. Məsələn, ən üst səviyyəli koqnitiv neyroalimlər belə intuitiv səviyyədə zehni həyatlarının fiziki təbiətlərinin üstündə və fövqündə bir şey olduğuna inana bilər (Bax: Bloom, 2006).

Sekulyarların din, millət və seksə yanaşması nədir?

Din təbiidirmi?

Dil tədqiqatları X-in universallığının X-in anadangəlmə olmasını zəruri qılmadığına dair örnəklərlə doludur (müzakirə üçün bax: Pinker, 1994). Məsələn, bütün dillərdə əlləri adlandırmaq üçün bir söz vardır; yəqin ona görə ki, insanlar üçün əllər barəsində danışmaq hər yerdə önəmlidir, əl-adlandırma anadangəlmə spesifik bir meyil olduğuna görə deyil. Oxşar şəkildə, anadangəlmə olduğu üçün deyil, bütün cəmiyyətlərdə bütün insan qruplarının üzləşdiyi bəzi problemlərin həlli üçün Tanrıya, axirətə və s. inam universal ola bilər. Bu perspektivdən, dini inancın universallığı yetkinlər tərəfindən yaradılan mədəni icaddır. O zaman dini inancın inkışafının tam bir inkişafi açıqlaması onun mədəni bir öyrənmə olmasıdır.

Bununla yanaşı gedərək artan tədqiqatlar toplusu bunun tamamilə doğru olmadığını göstərir. Yəni, mədəniyyət bir dərəcəyə qədər açıqca rol oynamasına baxmayaraq, bəzi dini universallar öyrənilməmişdir (Bax: Atran, 2004; Barrett, 2004; Bering, in press; Boyer, 2001; Bloom, 2004, 2005; Evans, 2000, 2001; Guthrie, 1993; Kelemen, 2004; Pinker, 1997). Bu mövzunu iki ana başlıq altında nəzərdən keçirmək olar.

1. Ortaq-anlayış*** dualizmi

Kiçik uşaqların təbii şəkildə fiziki varlıqlara psixoloji varlıqlardan fərqli məna yüklədiyi mübahisəli məsələ deyildir: sadəlövh fizika sadəlövh psixologiyadan fərqlidir. Burada şərh edilən iddia olduqca güclüdür. Bu, bədənləri və ruhları ayrı olaraq düşündüyümüz ideyasıdır; biz örtülü şəkildə Platon və Dekart kimi filosofların müdafiə etdiyi kimi güclü bir substansiya dualizmi olduğunu dəstəkləyirik. Bunu başqa şəkildə belə açıqlamaq olar ki, bizim dualizmimiz biri maddi obyektlərlə, o biri sosial varlıqlarla bağlı olmaqla iki fərqli koqnitiv sistemə malik olduğumuz gerçəyinin təbii bir əlavə məhsuludur. Bu sistemlər bir-birilə qiyaslana bilməyən çıxışlara sahibdir. Dolayısıyla, dualizm təkamüldə bir təsadüf olaraq meydana çıxır (Bloom,2004).

Dualizm maraqlı nəticələrə yol açır. Əgər bədənlər və ruhlar ayrı olaraq düşünülərsə, onda siz onlardan biri olmadan digərinə sahib ola bilərsiniz. Stullar, fincanlar və ağaclar kimi çox şey hədəfləri, inancları, iradə və ya şüuru olmayan ruhsuz bədənlər kimi düşünülür. Din üçün daha əhəmiyyətlisi isə, bədənsiz ruhları xəyal etməyi mümkün qılmasıdır. Xristianlıq və yəhudilik, məsələn, kainatı yaradan, möcüzələr göstərən və duaları dinləyən bir Tanrını daxil edir. O hər şeyə qadir və hər şeyi biləndir; sonsuz xeyrə, ədalətə və mərhəmətə sahibdir. O sözün həqiqi mənasında bir bədənə malik deyildir.

Bizim dualizmimiz, həmçinin, bədənləri öldükdən sonra da insanların yaşamasının mümkün olduğunu bildirir. Dinlər ruhun taleyi ilə əlaqədar müxtəlif açıqlamalar gətirir: o cənnətə yüksələ bilər, cəhənnəmə yuvarlana bilər, hər hansı bir paralel dünyaya çıxıb gedə bilər və - insan, yaxud heyvan - hər hansı bir başqa bədəndə məskən sala bilər. Həqiqətən də, dünyanın əcdadların ruhu ilə, ölüm vasitəsilə bədənlərindən sıyrılan insanların ruhu ilə dolu olduğu inancı mədəniyyətlər arasında geniş yayılmışdır (Boyer, 2001).

Dualizm uşaqlara təbii gəlir. Örtülü və açıq şəkildə uşaqlardan soruşulduğu zaman onlar inandıqları beynin zehni həyatın sadəcə tipik olaraq riyazi problemləri həll etmək kimi tipik məqsədli zehni işi daxil edən bəzi aspektlərinə görə məsuliyyət daşıdığını deyir. Amma beyin kenqurunu yamsılamaq, qardaşını sevmək və ya dişlərini fırçalamaq kimi fəaliyyətlər üçün zəruri deyildir (məs., Gottfried, Gelman & Schultz, 1999; Johnson, 1990; Lillard, 1996). Bu beyinlər tərəfindən deyil, insanlar tərəfindən edilir.

Uşaqlıq dualizminin ən dramatik nümayişi axirət həyatına inancın inkişafı ilə əlaqədardır. Beringand Bjorklund (2004) müxtəlif yaşlı uşaqlara bir siçan haqqında hekayələr danışaraq onlardan müxtəlif xüsusiyyətlərin davamlılığı barədə suallar soruşdu. Siçanın bioloji xüsusiyyətləri haqqında soruşulduğu zaman uşaqlar beynin artıq işləmədiyi daxil olmaq üzərə ölümün təsirlərinin fərqinə vardı. Lakin psixoloji xüsusiyyətlər barədə soruşulduğu zaman uşaqların əksəriyyəti bunların davam edəcəyini demişdir - ölü siçan aclıq hiss edə bilər, düşünə və arzulara sahib ola bilər. Bədən gedir, amma ruh həyatda qalır. Uşaqlar buna yetkinlərdən daha çox inanır. Bizim mədəniyyətdəki insanların inandığı ölümdən sonrakı spesifik bir həyat növünü (cənnəti, reinkarnasiya, mənəvi dünya və s.) öyrənməli olduğumuz halda, şüurun bədəndən ayrıla bildiyi fikri heç öyrənilməmişdir; o öz-özünə əmələ gəlir.

Bir tələbənin psixologiyaya dərsinə girişdə öyrəndiyi ilk şeylərdən biri substansiya dualizminin səhv olduğudur. Demək olar ki bütün alimlər zehni həyatın fiziki beynin məhsulu olduğunu hesab edir (bütün bunların necə baş verdiyinə dair çox az həmrəylik olmasına baxmayaraq). Başqa sahələrdə də olduğu kimi burada da dində sabit qalan ortaq-anlayış ilə elm toqquşur.

2. Fail və dizayna aşırı istinad

Biz Boyerin (2001) “sosial koqnisiyanın hipertrofiyası” - deyə adlandırdığı şeyə malikik: uyğun olmadığında belə faillik və dizaynı əhatə edən psixoloji durumlara aşırı istinad etməyə istəkliyik.

Müəyyən sistematik tərzlərdə hərəkət edən geometrik fiqurlarla - çevrələr, kvadratlar, üçbücaqlarla – bir hekayəni anlatmaq üçün psioxoloq Heider və Simmelin (2004) öz sezgilərinə söykənərək çəkdiyi filmin nümayiş etdirilməsi bunun klassik örnəyidir. Bu film göstərildiyi zaman insanlar instinktiv olaraq fiqurları hədəflərə və istəklərə malik xüsusi insanlar (zorbalar, qurbanlar, qəhrəmanlar) kimi təsvir edərək demək olar ki psixoloqların anlatmaq istədiyi eyni hekayəni onlara danışır. İrəli tədqiqat bunun üçün açıqca sərhədləri olan fiqurların belə lazım olmadığını göstərmişdir - filmdəki “xarakterlər”in heç də vahid obyektlər olmadan kiçik kvadratlardan ibarət topa şəklində hərəkət edən qruplar ola bilməsi ilə yanaşı, demək olar ki eyni effekt hərəkət edən nöqtələr vasitəsilə də alına bilər (Bloom&Veres, 1999).

Antropoloq Stewart Guthrie (1993) dini düşüncənin bir açıqlaması kimi bu tendensiyanın əhəmiyyətini qeyd edən ilk modern alim idi. Guthrie öz Faces in the Clouds kitabında insanların insani xususiyyətlər üçün çox çeşidli gerçək dünya varlıqlarına istinad etdiyini göstərən anektodlar və təcrübələri təqdim edir. Onun siyahısına təyyarə, avtomobil, zəng, velosiped, qayıq, butulka, bina, şəhər, bulud, paltar, zəlzələ, yanğın, sis, qida, zibil, şapka, qasırğa, həşərat, qıfıl, yarpaq, ay, dağ, kağız, qələm, bitki, saxsı qab, yağış, günəş, çay, qaya, fit, qılınc, alət, oyuncaq, qatar, ağac, su, külək və vulkanlar daxildir. İnsan fəaliyyəti ilə bağlı işarətlərə o qədər aşırı həssasıq ki, süni və ya təsadüfi şəkildə meydana gələn hər şeydə məqsəd axtarırıq. Guthrie’nin dediyi kimi: “Kral çılpaqdır”. Minimal ipucularına əsaslananan bu fəaliyyətə-istinad-etmə kapasitəsi gec ortaya çıxıb inkişaf etməkdə olan bir qabiliyyət deyildir. Körpələrdə də eyni cür məqsədli istinadlar görülə bilər (məs., Csibra, Bíró, Koós&Gergely, 2003; Scholl&Tremoulet, 2000).

Necəgəldi olmayan bir struktur gördüyümüz zaman bənzər bir failə istinad etmə yanlılığına malik oluruq. Bu, - təbii və bioloji dünyada görünən dizaynın bir dizayner üçün dəlil olduğunu sezmə - dizayn arqumenti üçün təkanverici gücdür. Birləşmiş ştatlarda yaxın tarixli (2005 iyul) bir anketdə respondentlərin 42 faizi insanların və digər heyvanların zamanın başlanğıcından bəri mövcud formada var olduqlarına inandıqlarını demişdir. Yerdə qalanı isə təkamülün baş verdiyini, amma bunun Tanrının bələdçiliyi ilə olduğunu söyləmişdir. Darvinist təkamülü təsdiqləmə iddiasında olanların az bir qismi arasında belə, bir çoxu onu bu və ya digər şəkildə təhrif etməkdə, çox zaman onu növləri mükəmməlliyə doğru sövq edən sirli bir daxili qüvvə olaraq görməkdədir. Zira, təbii seçmə kvant fizikası kimidir; bir xeyli səylə onu qavraya bilərik, amma o bizə düzgün olduğunu hiss etdirməyəcək. Kompleks struktur gördüyümüzdə ona inancların, hədəflərin və istəklərin məhsulu kimi baxırıq. Sosial anlayış tərzimizlə təbii söz üzərində düşünüb-daşınırıq və onu başqa bir tərzdə anlamaq çətindir. Dizaynın bir dizayneri lazım qıldığı şəklindəki instinktiv hissimiz gizli olmayıb Michael Behe kimi təbii seçməyə müxalif olanlar tərəfindən də istismar edilir. Behe (2005) ən son New York Times’ın Op Ed**** hissəsində ‘’dizaynın güclü görünüşü rahatladıcı bir arqumentə izin verir: ”əgər o ördək kimi görünür, yeriyir və vaqqıldayırsa, bunun əksini düşünməyə məcbur edən dəlil də yoxdursa, o zaman onun bir ördək olduğu nəticəsi üçün qarantiyamız vardır” - deyə yazmışdır.

Din barədə inkişaf psixologiyasının ən maraqlı kəşflərindən biri yaradılışçılıq lehinə olan bu yanlılığın koqnitiv olaraq təbii görsənməsidir. Dörd yaşlılar aslanlar (“zooparka getmək üçündür”) və buludlar (“yağış yağması üçündür”) daxil olmaq üzrə hər şeyin bir məqsədi olduğu mövzusunda israr edir. Bir çox qayanın nədən sivri olduğunu açıqlamaları istənildiyində yetkinlər fiziki bir açıqlamanı tərcih etdiyi halda, uşaqlar “çünki heyvanlar qaşıntısı olduğu zaman onun üzərində qaşına bilər” kimi funksional cavablar seçir. Bu tapıntılara əsaslanaraq Kelemen uşaqların “qarmaqarışıq (və ya hər qarşısına çıxanla yatan) teleologiya”ya meyilli olduğunu irəli sürmüşdür, belə ki, onlar dünyaya məqsəd və dizayn çərçivəsindən baxmağa daha çox meyillidir (gözdən keçirmək üçün bax: Kelemen, 2004). Başqa tədqiqatlar göstərmişdir ki, heyvanların və insanın mənşəyi barədə birbaşa soruşulduğu zaman uşaqlar - hətta onları böyüdən yetkinlər bunu etməsə belə - məqsədli bir yaradıcını ehtiva edən açıqlamalara üstünlük verməyə meyillidir (Evans, 2000, 2001).

İrəliyə yönəlik

Burada dinə səbəbiyyət verən erkən ortaya çıxan bəzi yanlılıqların olduğunu irəli sürdük. Bunlara bədən-ruh dualizmi, dizaynın və failliyin işarətlərinə qarşı aşırı həssaslıq daxildir. Bu yanlılıqlar tanrılara, ruhlara, axirət həyatına və kainatın ilahi yaradılışına inanmağı təbii qılır. Bunlar dinin yetişdiyi toxumlardır.

Yuxarıdakı mülahizənin kiçik uşaqlara həddindən artıq istinad etdiyi iddia edilə bilər. Bəzi inancların tamamilə öyrənilmiş olduğu aydındır - heç kəs insanlığın doğum yerinin cənnət baxçası olduğu, ya ana bətninə düşdükdən etibarən ruhun bədənə girdiyi, ya da şəhidlərin bir çox bakirəni seksual istifadə hüququ ilə mükafatlandırılacağı ideyası ilə doğulmur. Bəziləri dualizm və yaradılışçılıq daxil olmaq üzrə bütün inancların belə olduğunu irəli sürə bilər. Yuxarıdakı inkişaf araşdırması belə olmadığını göstərməkdədir, çünki uşaqları əhatə edən yetkinlərdə onların sahib olduğu bəzi inanclar ya yoxdur, ya da ən azından onlardakı qədər güclü deyil. Amma qəbul edilməlidir ki, bunun üçün dəlillər azlıq təşkil edir. Bu sahədə irəli tərəqqi, kiçik uşaqlar və hətta dilqabağı körpələrlə yanaşı, başqa mədəniyyətlərdən gələn uşaqların üzərində aparılan eksperimentlər vasitəsilə olacaqdır. Körpələrdə dini inancı araşdırma düşüncəsi qəribə görsənə bilər; amma Kuhlmeier, Bloom və Wynn’in (2004) dualist düşüncə, Newman, Keil, Kuhlmeier və Wynn’in isə dizayn və faillik üzərində (gözdən keçirilməkdə olan) sezgilər barədə araşdırmaları kimi bu xətlər üzrə görülən yeni işlər vardır.

Başqa bir alternativ, dinin təkamüldə ortaya çıxan bir təsadüf olduğu - onun başqa məqsədlər üçün təkamül edən koqnitiv sistemlərin əlavə bir məhsulu olduğu görüşünü rədd edir. Bunun əvəzinə, dinin bioloji bir adaptasiya olduğu qeyd edilir. Bering (nəşrdə), məsələn, iddia edir ki, bizim erkən ortaya çıxan fövqəltəbii varlıqlara inanma tendensiyamız yəqin ki altruistik düşüncə və davranışı formalaşdırmasından dolayı seçmənin məhsuludur. Bering bu perspektivdən baxaraq axirət həyatı daxil olmaq üzrə müəyyən spesifik dini qavramların inkişaf prosesində qaçınılmaz surətdə ortaya çıxacağını qabaqcadan görməkdədir. Bu məqalədə haqqında bəhs etmiş olduğumuz biri tərəfindən irəli sürülən bir mülahizə daha güclüdür: bizim ortaq-anlayış dualizmimiz belə dini qavramları asan anlaşıla bilən edir, fəqət onları mütləq şəkildə lazım qılmır. Gəlinən nöqtədə Bering’in mülahizəsinin dəlili sayılacaq məlumatlar açıq deyil (məs.,Bering&Bjorklund, 2004) və bəzi dəlillər isə ona qarşıdır (məs., Harris &Giménez, 2005; Astuti& Harris, 2006).

Son olaraq, dillə bağlı son bir analogiya üzərinə düşünün. Linqivistlər və psixolinqivistlər tam formalaşmış bir dilə məruz qalmayan uşaqların mücərrəd prinsiplər və strukturlar əlavə edərək bir “mələz dil” yaratma prosesini müşahidə etmişdir (Bickerton, 1984). Bunun bəzi dramatik nümayişlərindən biri girdinin**** fövqünə keçmək üçün anadangəlmə kapasitələrini istifadə edərək işarət dilinə məruz qalmayan kar uşaqlar bir dil yaratdığı zaman baş verir (məs., Goldin-Meadow, 2005; Senghas, Kita& Özyürek, 2004).

Bəs dində necə, mələzləşmə varmı? Xüsusilə ateist valideynlər tərəfindən böyüdülən uşaqlar dini inanclarını öz-özünə yaradırlarmı? Yaradacaqları inanclar nə cür olacaq və nə zaman ortaya çıxacaq? Məhz dildə mələzləşmə üzərində tədqiqatların bizə dilin hansı aspektlərinin mədəniyyətdən asılı, hansı aspektlərinin öyrənilməmiş və universal olduğu haqqında bizə içgörü verdiyi kimi, dini mələzləşmə tədqiqatları da bizə oxşar içgörülər bəxş edə bilər. Xoşbəxtlikdən, 2016-cı ildə tələbələr öz inkişaf psixologiyası dərsliklərində bu cür sualların cavablarını öyrənə biləcəklər.

Təşəkkür

Paul Harris'ə daha əvvəlki bir qaralama barədə faydalı rəyləri üçün təşəkkür edirəm.

[1] Aşağıdakı müzakirə çox maraqlı olan dinin mənşəyi mövzusunu bir kənara qoyaraq dini inancın mənşəyi məsələsi ilə məhdudlanacaqdır.

Qaynaqlar:

Astuti, R.,& Harris, P.L. (2006). Understanding mortality and, the life of the ancestors in rural Madagascar. Paper submitted for publication.

Atran, S. (2004). In Gods we trust: The evolutionary landscape of religion. New York: Oxford University Press.

Baker, M. (2001). The atoms of language. New York: Basic Books.

Barrett, J.L. (2004). Why would anyone believe in God? Walnut Creek, CA: Altra Mira Press.

Behe, M. (2005). In New York Times, Section A, 7 February, 21.

Bering, J.M. (in press). The folk psychology of souls. Behavioral and Brain Sciences.

Bering, J.M.,& Bjorklund, D.F. (2004). The natural emergence of afterlife reasoning as a developmental regularity. Developmental Psychology, 40, 217–233.

Bickerton, D. (1984). The language bioprogram hypothesis. Behavioral and Brain Sciences, 7, 173–221.

Bloom, P. (2004). Descartes’ baby . New York: Basic Books.

Bloom, P. (2005). Is God an accident? The Atlantic, 296 (3), 105–112.

Bloom, P. (2006). My brain made me do it. Journal of Culture and Cognition, 6, 209–214.

Bloom, P.,& Veres, C. (1999). The perceived intentionality of groups. Cognition, 71, B1–B9.

Boyer, P. (2001). Religion explained. New York: Basic Books.

Boyer, P.,& Lienard, P. (in press). Why ritualized behavior? Precaution systems and action parsing in developmental, pathological and cultural rituals. Behavioral and Brain Sciences.

Csibra, G., Bíró, S., Koós, O., & Gergely, G. (2003). One-yearold infants use teleological representations of actions productively. Cognitive Science, 27, 111–133.

Dennett, D. (2006). Breaking the spell: Religion as a natural phenomenon. New York: Viking.

Evans, E.M. (2000). Beyond scopes: why creationism is here to stay. In K. Rosengren, C. Johnson, & P. Harris (Eds.), Imagining the impossible: Magical, scientific and religious thinking in children(pp. 305–331). Cambridge: Cambridge University Press.

Evans, M. (2001). Cognitive and contextual factors in the emergence of diverse belief systems: creation versus evolution. Cognitive Psychology, 42, 217–266.

Goldin-Meadow, S. (2005). The resilence of language. New York: Psychology Press.

Gottfried, G.M., Gelman, S.A., & Schultz, H. (1999). Children’s early understanding of the brain: from early essentialism to naïve theory. Cognitive Development, 14, 147–174.

Guthrie, S.E. (1993). Faces in the clouds: A new theory of religion. New York: Oxford University Press.

Harris, P.L.,& Giménez, M. (2005). Children’s acceptance of conflicting testimony: the case of death. Journal of Cognition and Culture, 5, 143–164.

Heider, F.,& Simmel, M. (1944). An experimental study of apparent behavior. American Journal of Psychology, 57, 243–259.

Johnson, C.N. (1990). If you had my brain, where would I be? Children’s understanding of the brain and identity. Child Development, 61, 962–972.

Kelemen, D. (2004). Are children ‘intuitive theists’? Psychological Science, 15, 295–301.

Kuhlmeier, V., Bloom, P., & Wynn, K. (2004). Do 5-month-old infants see humans as material objects? Cognition, 94, 95–103.

Larson, E.J.,& Witham, L. (1998). Leading scientists still reject God. Nature, 394 (6691), 313.

Lillard, A.S. (1996). Body or mind: children’s understanding of pretense. Child Development, 67, 1717–1734.

Mackie, J.L. (1984). The miracle of theism: Arguments for and against the existence of God. New York: Oxford University Press.

Newman, G.E., Keil, F.C., Kuhlmeier, V.A., & Wynn, K. (under review). Infants understand that only intentional agents can create order. Manuscript submitted for publication.

Pinker, S. (1994). The language instinct. New York: HarperCollins.

Pinker, S. (1997). How the mind works. New York: Norton.

Scholl, B.J.,& Tremoulet, P. (2000). Perceptual causality and animacy. Trends in Cognitive Sciences, 4 (8), 299–309.

Senghas, A., Kita, S., & Özyürek, A. (2004). Children creating core properties of language: evidence from an emerging sign language in Nicaragua. Science, 305, 1779–1782.

Shermer, M. (2003). How we believe: The search for God in an age of science. New York: Freeman.

Siegler, R., DeLoache, J., & Eisenberg, N. (2006). How children develop (2nd edn.). New York: Worth.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR