Ən az oxunan yazar Prustu oxumaq üçün altı səbəb

Ədəbiyyat
Photo

Coşua Zaydman

2006-cı ilin iyulu: 114-cü küçə ilə Brodveyin kəsişməsində, kitab satıcısı Linda şezlonqun üzərində oturub gələnləri qəbul edir, şezlonq isə bu işdə oynadığı roldan incinmiş görünürdü. Sallanır, cırıldayır və betona sürtünüb xırçıldayırdı. Linda iriyarı, solğun üzlü və həmişə əsəbi görünən birisidir. Heç vaxt onun nəsə danışdığını eşitməmişdim. Kitablarla dolu masalar vardı, hamısı köhnə, nəşr olunduqları vəziyyətdə idilər və hamısı da 5 dollara – ekzotik, rəngarən və cəlbedici. Lakin bir insanın növbəti hansı kitabı oxuyacağını anladığı zaman hiss etdiyi o önəmli şövq duyğusunu hələ ki yaşamırdım. Nə isə axtarırdım və sonra birdən incə bir qız səsi eşitdim, “Sizə lazım olan budur.

Masanın üzərinə 5 dollar qoydum, ciyiltili səslə “təşəkkür edirəm” söylədim və Marsel Prustun parlaq-qırmızı örtüklü “Svanların tərəfi” cildi ilə addımlayıb uzaqlaşdım. Prust haqqında eşitmişdim, lakin nominal tanışlıqdan başqa çox az şey bilirdim. Lakin bu, Lindanı danışdıra bildiyinə görə mənə maraqlı gəldi. Şəhərin mərkəzinə düşdüm və barmağımla ehmalca kitabı açdım. “Uzun müddət gecələri erkən yatardım…” Axtardığım bu idi. Artıq qarmağa ilişmişdim.

İndi Prustun kitablarından daha çox ona həsr olunmuş kitablar yer tutur rəflərimdə. “İtmiş zamanın sorağında”nın üç müxtəlif tərcüməsi, Prustun dörd müxtəlif bioqrafiyası, məktublarından və bir neçə ədəbi tənqid əsərlərindən ibarət toplu. Bunu bir çağırış kimi qəbul edin. Siz, bəli, siz Prustun “İtmiş zamanın sorağında” əsərini oxumalısınız. Çünki bu, həyatın kitabı və həyatboyunca oxunulası kitabdır.

Prustun bu şah əsəri insanları niyə hürküdür? Digər modern klassiklərlə müqayisədə çox az oxunur, hətta çox az adam oxumağa cəhd edir. 1998-ci ildən bəri “İtmiş zamanın sorağında” əsərinin ingilis dilinə iki tərcmüəsi nəşr olunub. Bunlardan biri Lidia Devisin valehedici redaktəsi ilə nəşr olunub, 2004-cü ildə nəşr olunandan bəri təxminən 80 min nüsxəsi satılıb. Digəri isə Monkrifin yenilənmiş tərcüməsinin 1998-ci il nəşridir, bu da təxminən 40 min nüsxə satılıb. Ümumilikdə, 20 ildə təxminən 100 min nüsxə satılıb. Müqayisə üçün, “Finneqanların oyanışı” 1999-cu ildən bəri 60 min nüsxə, “Xanım Dellouey” 1990-cı ildən bəri 613 min nüsxə, “Səs və qəzəb” isə 1990-cı ildən bəri 370 min nüsxə satılıb. Təkcə 2006-cı ildən bəri “Sonsuz zarafat” (Devid Foster Uolles) 354 min nüsxə satılıb. Real müqayisə üçün isə “Atlas Silkindi” (Ayn Rand) əsərinin 1996-cı ildən bəri kağız cildli nəşrinin təxminən 2 milyon nüsxə satıldığını qeyd edək.

Deyə bilərsiniz ki, bu kitabların hər biri təkcildli əsərlərdir. Lakin xeyli sayda başqa coxcildli kitablar var ki, hədsiz dərəcədə çox satılır. Məsələn, xeyli tanınmış insan belə Ferrantenin 1700 səhifəlik əsərini oxuyublar (İtalyan yazıçı Elena Ferrantenin dörd cildli “Neapol romanları” nəzərdə tutulur). Və ya Knausqardın 3600 səhifəlik çoxcildli romanı var.

Modernizmin digər böyük əsərlərinə baxdıqda (və ya “Atlan silkindi”), “Svanların tərəfi” və “İtmiş zamanın sorağında” geniş mənada daha çox əlçatan, ilhamlandırıcı, estetik olaraq insanı məmnun edən və bugünün cəmiyyətini daha çox əks etdirən bir əsərdir.

Kanye Uestin “Famous” klipinin mənasını hələ də anlamırsınızsa, onda bu kitab sizin üçündür.

Prust mükəmməl bir sosial romançıdır, hətta Ceymsdən və ya Uartondan daha yaxşıdır bu məsələdə. O, müxtəlif sosial siniflərin portretini elə psixoloji rezonansla təsvir edir ki, digər müəlliflər bunu hətta təkrarlaya da bilmirlər. Prust üçün hersoqinya və dərzi qadın eyni dərəcədə maraqlıdır, onların arzuları və qüsurları eyni bacarıqla ortaya çıxarılır. Bir əsəri belə əhəmiyyətli və həyati edən də budur. Bu, güman edildiyi kimi, aristokratiya barəsində zəif, xəstə bir aristokrat tərəfindən yazılmış xatirələrin elitist, əlçatmaz toplusu deyil. Bu, reduksionist bir baxış bucağıdır.

Sveyq…

Bununla belə, “İtmiş zamanın sorağında” yalnız insanların səhifələrə köçürülməsindən, kitabın sonunda öz ailə üzvlərinizdən daha yaxşı tanıyacağınız insanların cəmiyyət içindəki həyatlarına, düşüncələrinə, zəifliklərinə və arzularına kəskin bir baxışdan ibarət deyil. Özlüyündə həm də insanların verdiyi qərarları və ya sosial ənənə adı ilə sahib olduqları adətləri haqqındadır. Məgər siz nə vaxtsa sosial nərdivanda yuxarı qalxmağa cəhd etməmisinizmi, yalnızlıqdan və ya dedi-qodu sevgisindən əziyyət çəkməmisinizmi? Siz və ya sizə oxşayan, lakin daha fransız olan insanlar var bu kitabda.

Siz və ya tanıdığınız kimsə yəhudidirsə, Prustu oxumalısınız.

“Enni Holl”un başlanğıcında Vudi Alenin Elvi Sinqeri belə deyir: “Mənə oxşar üzvləri olan heç bir qrupa heç vaxt məxsus olmaq istəmərəm.” Bu yanaşma “İtmiş zamanın sorağında” ilə səsləşdiyi kimi, əsərin din, etnik mənsubiyyət və ayri-seçkilik barədə ifadə etdiyi fikirlər də bizim dövrümüzlə səsləşir. Prus yarı-yəhudi idi və insan “İtmiş zamanın sorağında”nı oxuyarkən əsər boyunca yəhudilərin təsvirini gördükcə Prustun əzab çəkdiyi rotvari (Philip Roth) özünənifrətin nə qədər böyük olduğuna heyran qalır. Diskriminasiya nümunələri və anti-semitizm, xüsusilə də Dreyfus məsələsi geniş yer alır. Bu baxımdan, əsər tarixi yazı kimi çox möhtəşəmdir və 19-cu əsrin Fransasında mövcud olan anti-semitizm isteriyasını də əhatə edir. Əsərin ən məşhur və insanı qıcıqlandıran xarakterlərindən biri təhkiyəçi Marselin uşaqlıq dostu Bloxdur. Roman irəlilədikcə Bloxun ailəsi ilə və onların digər xarakterlər (məsələn, Marselin babası) tərəfindən diskriminasiya edilməsinin və ya ümumilikdə cəmiyyət tərəfindən etibarsızlaşdırılmasının (Bloxun əmisi M.Nissim Bernard ən etibarsız xarakterlərdən biri kimi təsvir olunur) saysız-hesabsız formaları ilə tanış oluruq. İudaizm, anti-semitizm və onu qidalandırmağın yaratdığı təhlükələr barədə bundan daha yaxşı düşüncələr və təsvirlər tapmaq qeyri-mümkündür. Bu cür diskriminasiya motivasiyalarını və bunların cəmiyyət tərəfindən qəbul edilməsi indiki Trump erasında Prustu oxuyarkən daha qorxulu gəlir.

Nə zamansa aşiq olmusunuzsa, Prustu oxumalısınız.

“Ulises”in hər bölməsi bədənin bir orqanına müvafiqdir, lakin “İtmiş zamanın sorağında” bütöv olaraq bir orqana uyğun gəlir. Ürəyə. “İtmiş zamanın sorağında” başdan-ayağa və dərin formada sevgiyə həsr olunub. Bu mənada o, sevə bilməyimizin, həqiqətən sevməyimizin və sevməli olduğumuzun müxtəlif yolları barədə bir icmaldır, xülasədir. Əlbəttə, əsas mərkəzi ideyalardan biri sevməməli olduğumuz formalardan biri ilə bağlıdır – fərq etməz, yanlış insanı sevmək və ya yanlış formada sevmək. Lüter İnqramın “Əgər səni sevmək yanlışdırsa” mahnısı “prust pleylistində” açılış mahnısı ola bilər.

Yazarlar haqqında

Nə zamansa qəlbiniz qırılıbsa, Prustu oxumalısınız.

Tez-tez özümə sual verdiyim məsələlərdən biri odur ki, bu roman daha çox sevgi haqqındadırmı, yoxsa qəlbin qırılması haqqında. Sonra isə cavabı tapıram: bu iki nəsnəni dəqiq şəkildə ayırmaq olmaz. Prust mütəmadi olaraq kədərin yalnız sevgi macəraları zamanı yaşanan çox spesifik gərginliklərindən istifadə edir. Bu, əhəmiyyətli görünən ən xırda gərginlikdən münasibətlərin tamamilə dağılmasına qədər genişlənir. Eşq zəvvarlığı yolunda hər dayanacaq yuxarıda qeyd olunan sosial ənənələrdə olduğu kimi, eyni mühakimə marağı ilə müzakirə olunur. Marselin Teylor Sviftin “Pis qan”ına qulaq asan və başını anlayırcasına yelləyən formada rəsmini çəkmək olar.

Əgər valideynlərinizi anlamağa çalışmaq üçün hədsiz zaman keçirirsinizsə, Prustu oxumalısınız.

Siz bunu edirsiniz, mən də edirəm, Prust da edir; burda utanılacaq bir şey yoxdur. Həyatdakı ilk münasibətimiz ən çox korlanan, alt-üst olmuş münasibət olaraq qalır. “Svanların tərəfi”ndə gənc Marsel anasının onu öpüb “gecən xeyrə qalsın” demədiyi gecələrdə açıq-aşkar göz yaşı tökür. O, bu öpüşü əldə etmək üçün plan qurur və bunu edərkən mərhəmət və güzəşt duyğusu altında əzilir. Prust valideyn-uşaq münasibətlərinə xas olan məyusluq, təəssüf, zəriflik, fikir qarışıqlığı, acıq və anlayış çatışmazlığını dərindən işıqlandırmaq istəyir, çünki bu münasibətlər də sevgiyə daxildir.

Əgər insansınızsa və ya insan hesab olunursunuzsa, Prustu oxuya bilərsiniz və oxumalısınız.

Hər şeydən əlavə vurğulamalıyam ki, “İtmiş zamanın sorağında” sadəcə ən böyük mütaliə təcrübəsi deyil, həm də geniş yayılmış inancın əksinə, ən əlçatan, oxunması ən mümkün əsərlərdən biridir. Əgər Marselin xatırladığı duyğuları, təcrübələri hələ yaşamamısınızsa, o sizi həmin duyğularçün, təcrübələrçün hazırlayır. Əgər yaşamısınızsa, o zaman o sizin bu təcrübənizi işıqlandırır, ən yaxınlarımızın bizə verə bilmədiyi baxış və anlayış yolları təqdim edir. Oxumaqdan çəkinməyiniz üçün müxtəlif səbəbləriniz ola bilər. Əgər səbəb tərcümə məsələsidirsə, hər tərcümədən ilk iki səhifəni oxuyun və ən yaxşı duyduğunuz tərcüməni götürün. Hər cildi ardıcıl oxumağa məcbur deyilsiniz, lakin ardıcıl oxumaq istəsəniz, kim sizi günahlandıra bilər? O, sizinçün dünyanı biçimləndirir. Siz onun sizə göstərdiklərindən qurtula bilməzsiniz və qurtulmaq da istəməzsiniz.

10 iyul Prustun doğum günüdür. “Blum Günü” (Bloomsday) kimi qeyd olunan bir tarix yoxdur. Əvəzində isə mantar divarlı otaqlar, madlenlər, xəz paltolar və Coysla söhbətləri olub-olmaması haqqında fikir qarışıqlıqları var. Əsərinə layiq olduğu şansı verməklə Prust gününü qeyd etməyə çağırıram sizi. Kim bilir, siz bu şansı əldə etsəniz nə baş verəcək və ya siz hara doğru gedəcəksiniz? Prustun dediyi kimi, “gerçəklik qaçılmaz olsa da, tamamilə öncədən görülə bilən deyil.” Eləcə də biz. Düşünürsünüz ki, Prust haqqında bilirsiniz, lakin əslində nə olduğunun fərqində deyilsiniz.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR