Səhra köçərilərinin tanrısı necə bəşəriyyətin yarısının Tanrısı oldu?

Elmi-kütləvi
Photo

Tanrının ixtirası

Böyük monotheist dinlərinin tanrısı – Allah, Yahve, Yehova, tələffüzolunmaz tetraqram Yhvh və ya daha sədaqətlə, ehtiramla deyilən “O” (məhz “O”, kişi cinsini bildirən “O”), “Tanrı”, ümumi isimdən xüsusi ismə çevrilən söz –insan şüuruna bir konsept kimi nə zaman daxil olub? İstər inananlar, istərsə də inanmayanlar arasında, elmi olaraq razılığa gəlinmiş cavab təxminən 2600 il öncə Dəmir Dövrünün İsrailidir. Güclü dünyəvi kültürdən gələn, Parisdə “Collège de France”da yəhudi Bibliyası və onun kontekstləri üzrə professor olan alman Tomas Römer “Tanrının ixtirası” kitabında Onun zühurunu tarixi konstrukt kimi müzakirəyə çıxarır. Onun əsas maraqlandığı məsələ indi təbiəti bizə çox tanış olduğuna görə qorxuducu, heyrətləndirici orijinallığı bizi daha heyrətləndirməyən ilahinin, müəyyən insanlar toplusunun ilahisi olan Tanrının, tək və yeganə Tanrının, yerin-göyün yaradıcısının peyda olmasıdır.

Römer son arxeoloji və epiqrafik araşdırmaların verdiyi bilgiləri, eləcə də filologiyanın heyrətamiz köməyini gözlərimizin önünə sərir. İlk dəfə bizim eradan əvvəl təxminən 1200-cü illərdə meydana çıxan “İsrail” sözünün özü onun müzakirəsinin əsas hissəsidir. “El” – “Tanrı” sözünün əksinə, xüsusidən ümumiyə doğru gedən bir isim – ilk olaraq Kənani panteonundakı baş tanrı anlamına gəlirdi, daha sonra bizim bu gün istifadə etdiyimiz anlamda “Tanrı” kimi işlənməyə başladı. İsrail sözünün tarixini, mənasının da təqribən“El (tanrı) hökmranlıq etsin” demək olduğunu nəzərə aldıqda, Römerin inancına görə, israillilər Ona sitayiş ediblər.

Tərcüməsi və hətta tələffüzü İsrail sözündən daha çətin olan fırtınalar və müharibə tanrısı “Yhvh” (İudaizm tanrı adlarının tələffüzünü qadağan edirdi) İsrailə cənubun səhra çöllüyündən gəlirdi. İlk Kilsə Atalarının spekulyasiyaları tam tələffüz olunan ad kimi, bizə tanış olan “Yahveh”nin yüksəlişinə səbəb oldu. Lakin qədim mənbələr, xüsusilə də şəxs adlarının içində gizlənmiş qısa formaları (məsələn, “Yehonatan”, ingiliscə “Conatan”, mənası “Yhvh verib”) bu sözün daha çox “Yaho”, yaxud “Yahu” kimi tələffüz olunduğunu göstərir. Ancaq Römerin fikrincə, tanrıların adları onların təmsil etdikləri nəsnələri, öz atributlarını ifadə etməsəydi, yuxarıda qeyd olunanların elə bir əhəmiyyəti olmazdı. Römer “Yhvh” sözünün cənubi semit dillərindəki köklərinə enir: mənası “O, hansı ki üfürür” və ya “Üfürən O” deməkdir, yəni fırtınalar, küləkli havalar və ya müharibə gətirən tanrı.

Onun israillilərin arasına gəlib çıxmasını (çox güman ki, Misirdən gələn köçərilər vasitəsilə gətirilib; bu köçərilər də səhradakı dağ yamacında yanan kolun içində “Yhvh” ilə qarşılaşan Musa obrazında personifikasiya olunub) Römerin “yaddaş ləpiri” adlandırdığı Tanaxda (Bibliyanın birinci hissəsi - Əhdi-Ətiq) görmək olar. “Çıxış” (Exodus) kitabında tanrının yeni davamçılarının İsraildən daha çox “Yhvh”- “Yhvh xalqı” adlandırıldığını qeyd edən Römer bunu israillilərin tezliklə mədəniyyətlərinin yeni elementi olacaq “Yhvh” ilə görüşü kimi izah edir. “Qanunun təkrarı” (Deuteronomy) kitabı 33:2-5: “Yhvh Siondan gəldi… xalqın başçıları ilə İsrail qəbilələrinin toplandığı zaman o, kral oldu (İsraildə)”.

Yhvh-nin gəlişi zamanı o torpaqlarda tək deyildi, Dəmir Dövrünə aid ilahi elementli çoxlu məkan adları var, “Carmel”dən (“El”in üzüm bağı) “Yerixon”a (adını Kənanilərin ay tanrıçasından götürüb) qədər. Lakin demək olar ki, “Yahveh”ə aid toponimə rast gəlinmir. Bibliya yazılarına görə, onun yeri Davud krallığı tərəfindən bir məbəddə qurulmuşdu, lakin hətta orda da o, yalnız deyildi. Yerusəlimdən kənardakı ibadət yerlərini, məşhur “yüksək məkanlar”ı tanrıça Aşera ilə paylaşırdı. Aşera kultu nəhayət sıradan çıxarıldı, “Yhvh” bütün digər erkək tanrıların rəmzlərini ələ keçirdi, çünki krallıq bütün gücü bir mərkəzə toplamaq, öz əlində mərkəzləşdirməyə çalışırdı. (Römer çox maraqlı fakt kimi onu göstərir ki, bəzi yəhudilər Yerusəlimin süqutunu e.ə. 587-ci ildə babillilərə, onların tarnıya müvafiq qaydada ibadət etməməsinə deyil (ruhani elitanın izahı belədir), özlərinin tanrıçaya tamamilə ibadət etməmələrinə bağlayırlar.

Lakin tanrı “Yhvh”nin yeganə tanrı, unikal tanrı “Yhvh”ə çevrilməsində əsas həlledici hadisə Yerusəlimin və yəhudi diasporasının çöküşü idi. Dövlətin sonlanması milli tanrı və ya kral ailəsinin ilahi himayəçisi kimi “Yhvh”ə sitayişi qeyri-mümkün edirdi. Eyni formada bütün inanc sistemi məhv oldu. Lakin yəhudi elitası Römerin Tanaxda “nəhəng tarixi freska” kimi dəyərləndirdiyi bir yanaşma ilə çöküşə qarşı dayanmağı bacardı. Onlar yəhudilərin sürgününü “Yhvh”nin zəifliyi kimi deyil, əksinə, güclü olması ilə əlaqəli olduğunu göstərdilər. “Yhvh” babilliləri (və onların tanrılarını da) idarə etməyi və onları öz günahkar xalqına qarşı öz qəzəbinin aləti kimi istifadə etməyi bacardı. Bu isə monoteizmin başlanğıcı, siyasi və dini gücün, dini praktikanın və spesifik lokallığın bir-birindən ayrılmasının başlanğıcı oldu. Bu da öz növbəsində səhra köçərilərinin tanrısının bəşəriyyətin yarısının tanrısına çevrilməsinə səbəb oldu.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR