Sevgi, erotika, məyusluq və azadlıq - Uşaq və valideynlərin mürəkkəb münasibəti

Elmi-kütləvi
Photo

Freydin bu məqaləsi ingiliscə mötəbər sayılan tərcüməsindən çevrilmişdir [bax: Freud, S. (1909). Family Romances. The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Volume IX (1906-1908): Jensen's ‘Gradiva’ and Other Works, 235-242]. Məqalədə Freydin hermenevtik dühası bir daha bütün parlaqlığı ilə özünü biruzə verir. Doğrudan da, Freydin nə düşünməsindən daha çox, necə düşündüyü hər zaman ilhamverici olmuşdur. Əslində, hər birimizin özünə görə bir hekayəsi, bir romanı vardır. Bir baxımdan hər birimiz öz həyatımızı nağıl edirik, keçmişimizə, indimizə və gələcəyimizə durmadan bir məna veririk. Narrativ terapiyanın öncüsü Uayta görə, insanlar öz həyatının mənasını şərh edən, yozumlayan hekayələr yaradır və sonradan bu hekayələr onlar üçün qəti həqiqətlərə çevrilir. İnsanlar bunları öz həqiqəti kimi daxililəşdirir (internalizasiya edir). İnsan məna-qurucu, hekayə-qurucu, narrator varlıqdır, yaratdığı hekayə onu istiqamətləndirir, şəkilləndirir və bununla yanaşı o öz yaratdığı hekayəsinin məhbusuna da çevrilir. O, hərdən öz hekayəsində dəyişikliklər edir, sujeti dəyişir, xatirələrinə başqa bir anlam verərək keçmişini dəyişdirir və gələcəyini artıq indidən yaza bilir. Hər millətin öz tarixi vardır, hər millət öz tarixini özünün o günkü tələblərinə görə və öz üzvlərini ruhlandırmaq üçün yazır. Məhz ona görədir ki, bizim yazdığımız Azərbaycan tarixi ilə İranın və ya Rusiyanın yazdığı Azərbaycan tarixi eyni deyildir və ola da bilməz. Bildiyimiz kimi, bir millətin qədim yazılı tarixinin olması önəmlidir, yaxşı tarix yaza bilməyən millət öz hekayəsini yarada bilməyən insan kimidir. Fərdlər də millətlərə bənzər şəkildə öz tarixini, öz hekayəsini və öz romanını yazır. Freyd özü, 1910-cu ildə Da Vinçi haqqında yazdığı əsərində bundan geniş bəhs edir, yəni təqdim etdiyimiz məqalədən az sonra. Əslində, Freydin ağlında “ailə romanları” ideyası bu məqaləni yazmamışdan əvvəl də var olmuşdur, hələ 1897-ci ildə Flissə yazdığı məktubunda xüsusilə paranoyaklara istinad edərək bu barədə yazmışdı. Beləliklə, uşaq dünyasının dərinliklərinə enərək onun özü haqqında yazdığı romanı anlama cəhdi olan bu məqaləni təqdim edərkən, rəqəmlərlə işarələnən qeydlərin Freydə və ingiliscəyə tərcümə edən redaktora aid olduğu (qeydlərin içində, ayrıca, bu ikisindən kimə aid olduğu göstərilmişdir) və ulduzla işarələnənlərin isə bizə aid olduğunu nəzərinizə çatdırırıq...

Zigmund Freyd - Ailə Romanları

Bir fərdin böyüdükcə öz valideynlərinin hakimiyyətindən azad olması inkişaf prosesinin yol açdığı ən məşəqqətli, həm də ən vacib nəticələrdən biridir. Azad olmaq olduqca zəruridir və normal hallarda ona bu və ya digər dərəcədə hər kəsin nail olduğu hesab edilə bilər. Əslində, cəmiyyətin tam tərəqqisi bir-birinin ardınca gələn nəsillər arasında mübarizəyə əsaslanır. Digər tərəfdən, bu vəzifəni yerinə yetirməkdə müvəffəqiyyətsizliyə uğramaqla tanınan bir qrup nevrotiklər vardır.

Kiçik bir uşaq üçün ilk əvvəl tək avtoritet və inam qaynağı öz valideynləridir. Erkən yaşlarda uşağın ən böyük və ən önəmli arzusu öz valideyninə (yəni, öz həmcins valideyninə) oxşamaq və öz ata-anası kimi böyük olmaqdır. Ancaq intellektual olaraq böyüdükcə, uşaq öz valideynlərinin aid olduğu kateqoriyanın - valideynlər kateqoriyasının - istər-istəməz fərqinə varır. Beləliklə, uşaq başqa valideynləri də tanıyır və onları öz valideynləri ilə müqayisə edərək özününükülərin misilsiz və müqayisəolunmaz keyfiyyətə malik olduğuna şübhə ilə yanaşmağa başlayır. Uşağın həyatında məmnunsuzluq yaradan kiçik olaylar öz valideynlərini tənqid etməyə və bu tənqidin tutumunu dəstəkləmək üçün başqa valideynlərin bəzi cəhətlərə görə onunkulardan daha üstün olduğunu ifadə edən biliyi istifadə etməyə onu təhrik edir. Nevrozların psixologiyası bizə seksual rəqabətin ən qüvvətli impulslarının bununla bağlı olduğunu öyrədir. Adam yerinə qoyulmama hissinin belə təhriklərin ana mövzusu olduğu aydındır. Bir uşağın adam yerinə qoyulmaması və ya ən azından onun belə hiss etməsi, ya da öz valideynlərinin bütün sevgisini əldə etmədiyini hiss etməsi, ya da ki özünü bu sevgini qardaş-bacıları ilə paylaşmaq məcburiyyətində hiss etməsi halları olduqca çoxdur. Onun öz sevgisinə tamamilə qarşılıq verilmədiyi duyğusu sonradan sıxlıqla şüurlu olaraq xatırlanan erkən uşaqlığa aid ögey və ya övladlıq uşaq olduğu düşüncəsində öz əksini tapır. Nevroz əmələ gətirməyən insanların belə olaylar - yəni, adətən oxuduqları bir şeyin nəticəsində öz valideynlərinin bu şəkildə düşməncə davranışları olaraq şərh edib reaksiya göstərdikləri olaylar - çox tez-tez yadına düşür. Amma burada cinsiyyətin təsiri açıqdır, çünki bir oğlan anasından çox-çox daha atasına qarşı düşməncə impulslar hiss etməyə və anasından çox-çox daha atasından qurtulmaq istəməyə daha meyillidir. Bu baxımdan qızların təsəvvürü daha zəif olmağa meyillidir. Uşaqlığın şüurlu şəkildə xatırlanan bu zehni impulsları, həmçinin, miflərin təbiətini başa düşməyə imkan verən faktoru da təcəssüm etdirir.

Nevrotikin öz valideynlərinə qarşı yadlaşmasının bu şəkildə başlamış inkişafının növbəti mərhələsi “nevrotik ailə romanı” olaraq təsvir edilə bilər. Bu şüurlu şəkildə nadirən xatırlanır, amma psixoanalizlə demək olar ki hər zaman açığa çıxarıla bilər. Çünki, olduqca qeyri-adi bir səciyyəyə malik təxəyyül fəaliyyəti həm nevrotiklərin, həm də nisbətən yüksək talantlı bütün insanların başlıca xarakteristikasıdır. Bu fəaliyyət ilk olaraq uşaq oyunlarında ortaya çıxır və o, təxminən yeniyetməlikdən əvvəlki çağdan başlayaraq ailə münasibətləri mövzusunu ələ alır. Bu qeyri-adi təxəyyül fəaliyyətinin xarakteristik bir nümunəsi yeniyetməlikdən çox sonra da görülməyə davam edən gündüz röyalarıdır [1]*. Əgər bu gündüz röyaları diqqətlə araşdırılarsa, onların gerçək həyatın bir korreksiyası olaraq arzu doyurulmasına xidmət etdiyi ortaya çıxar. Gündüz röyalarının erotik və ambisiyalı olmaqla iki prinsipial hədəfi vardır - adətən, erotik hədəfin ikincisinin arxasında gizlənməsinə baxmayaraq**. Bəhs edilən çağda uşağın təxəyyülü, artıq barəsində aşağı fikirdə olduğu öz valideynlərindən xilas olmağa və onları bir qayda olaraq daha yüksək sosial statusa malik başqa insanlarla əvəz etməyə çalışır. Bu baxımdan uşağın təxəyyülünə kənddə torpaq ağası ilə və ya şəhərdə aristokratlar ilə tanış olmaq kimi gerçək həyatdakı təsadüflər kömək edəcəkdir. Belə təsadüflər uşağın həsədini alovlandırır. Onun hər iki valideyninin daha şanslı doğulanların valideynləri ilə əvəzləndiyi bir fantaziyada bu həsəd öz ifadəsini tapır. Əlbəttə, bu dönəmdə şüura sıçrayan belə fantaziyaların inkişaf etdirilməsində istifadə edilən texnika uşağın istedadından və onun sərəncamında olan materialdan asıldır. Həmçinin, fantaziyaların reallıqla bənzərlik təşkil etməsinə az və ya çox çalışılıb-çalışılmadığı məsələsi də vardır. Bu mərhələyə çoxalma ilə əlaqədar həlledici seksual faktorlar mövzusunda uşağın hələ də məlumatsız olduğu bir zamanda çatılır.

Demokratik məktəblər uşaqlar üçün necə bir dünya yaradır?

Az sonra uşaq ata-anasının bir-birilə seksual əlaqədə müxtəlif rollar oynadığını öyrənərək “pater semper incertus est”, anasının isə “certissima”[2]*** olduğunun fərqinə vardığı zaman bəhs etdiyimiz ailə romanı qəribə bir şəkildə ixtisara məruz qalır; o, uşağın atasını ucaltmaqla kifayətlənir, analıq mənşəyini isə - anasının başqası ilə dəyişdirildiyini mümkünsüz qəbul edərək - heç bir şübhə altına almır. Ailə romanının bu ikinci (seksual) mərhələsi ilkin (qeyri-seksual) mərhələdə əksik olan başqa bir motivlə də həyata keçirilir. Seksual proseslər barəsində öyrənən uşaq xəyalən özünü erotik situasiyalarda və münasibətlərdə canlandırmağa meyillənir. Bu meylin hərəkətverici qüvvəsi uşağın (ən böyük seksual maraq obyekti olan) öz anasını gizli sədaqətsizlik situasiyalarına və gizli sevgi münasibətlərinə daxil etmək arzusudur [3]. Uşağın bir baxımdan aseksual olaraq başlayan fantaziyaları onun sonrakı bilik səviyyəsində özünü bu cür biruzə verir.

Üstəlik, daha əvvəlki mərhələdə ön planda görülən intiqam və əvəz-əvəz eləmə ikinci mərhələdə də olur. Açıq şəkildə, bir qayda olaraq valideynləri tərəfindən seksual yaramazlığa görə cəzalandırılan bu nevrotik uşaqlar indi bu cür fantaziyalar vasitəsilə öz valideynlərindən intiqam alır.

Kiçik bir uşaq ondan əvvəl doğulanlara aid imtiyazlardan onları məhrum etmək üçün bu kimi xəyali hekayələrdən istifadə etməyə xüsusilə çox meyillidir - ki bu bir növ tarixi bir intriqanı xatırladır; və o, rəqiblərinin sayı qədər xəyali sevgi münasibətini öz anasına istinad verməkdə tərəddüd etmir****. Beləliklə, ailə romanının maraqlı bir növü meydana çıxa bilər, ki burada qəhrəman və müəllifin qanuni doğulmuş olduğu ortaya çıxarkən onun qardaş və bacıları vələdüzzina olduqları isbat edilərək aradan qaldırılır. Əgər işin içində hər hansı xüsusi bir maraq varsa, o, ailə romanının sujetini dəyişdirə bilər; ailə romanının çox istiqamətliliyi və geniş tətbiq sahəsinə malik olması hər cür tələbatın qarşılanmasını mümkün qılır. Məsələn, gənc fantaziya-qurucu öz bacılarından biri tərəfindən seksual olaraq cəzb olunarsa, onunla arasındakı seksual münasibəti yasaqlayan qohumluq dərəcəsindən bu şəkildə qurtula bilər.

Hollandlar uşaqlarına necə seks tərbiyəsi verirlər?

Əgər kimsə uşaq qəlbindəki bu fəsaddan qorxub ondan üz çevirərsə və ya belə şeylərin müzakirəsinə qatılmaqla öz yolunu azacağını hiss edərsə, o zaman həqiqətən pis niyyətlə yazılmayan düşmənliklə dolu bu xəyali əsərləri diqqətlə tədqiq etməli və bu xəyali əsərlərin biraz gizli şəkildə olsa da uşağın öz valideynlərinə qarşı orijinal sevgisini mühafizə etdiyini də nəzərdən qaçırmamalıdır. Sadaqətsizlik və nankorluğun sadəcə zahirdə olduğu görsənir. Bu xəyali romanların ən geniş yayılanını - yəni, hər iki valideynin və ya sadəcə atanın aristokratik insanlarla əvəzlənməsi romanını - detallı tədqiq edərsək, həqiqi və adi valideynlər haqqında gerçək xatirələrdən əxz olunmuş keyfiyyətlərin bu yeni və aristokratik valideynlərə verildiyini görərik. Yəni, nəticədə, uşaq atasından yaxasını qurtarmış olmayıb, əksinə, onu ucaltmış, göylərə qaldırmış olur. Həqiqətən də, gerçək atanı üstün bir insanla dəyişdirmə cəhdi uşağın gözündə ən nəcabətli və ən güclü kişinin öz atası, ən əziz və ən sevimli qadının isə öz anası olduğu itirilmiş xoşbəxt günlər üçün sadəcə olaraq onun həsrət çəkdiyini ifadə edir. O, hal-hazırda tanıdığı atadan üz çevirərək öz erkən uşaqlıq illərində arxalandığı ataya üz tutur; və onun fantaziyası o xoşbəxt günlərin getməsinə görə duyulan peşmanlığın ifadəsindən başqa bir şey deyildir. Bundan dolayı, uşağın ən erkən illərini xarakterizə edən aşırı-qiymətləndirmə bu fantaziyalarda təkrar özünü göstərir. Röyaların araşdırılması bu mövzuya maraqlı bir töhfə verir. Onların şərhindən öyrənirik ki, daha sonrakı illərdə belə, imperator və imperatiçe görülən röyalarda bu ucaldılmış personajlar yuxugörənin ata-anasını təmsil edir [4]. Deməli, uşağın valdeynlərini aşırı-qiymətləndirməsi həm də yetkinlərin röyalarında öz varlığını qoruyub saxlayır.

[1] Mövzu haqqında ədəbiyyatın da verildiyi “İsterik fantaziyalar və onların biseksuallıqla əlaqələri”nə baxın (Freydin öz qeydi).

[2] Köhnə hüquqi bir klişe: “Atalıq mənşəyi hər zaman qeyri-müəyyəndir, analıq mənşəyi isə ən müəyyən olanıdır” (ingiliscə tərcüməçi redaktorun qeydi).

[3] Freyd sevginin psixologiyası haqqında ilk məqaləsində bu məsələyə təkrar qayıdır (ingiliscə tərcüməçi redaktorun qeydi).

[4] “Röyaların şərhi” əsərimə baxın (Freydin öz qeydi)

*Gündüz röyası (ing. day dream) -bu söz azərbaycancaya gündüz xəyalı kimi çevirilir. Zənnimizcə, bu yanlış tərcümədir. Başqa rast gəldiyimiz bir tərcümə “ayıqlıqda yuxugörmə”dir. Belə tərcümə mənanı daha yaxşı verir, amma onun terminoloji olaraq uyğunsuz olduğunu düşünürük. Gündüz röyaları bəzən dalıb getdiyimiz zaman yaşadığımız xəyali bir şeydir. Burada röyalardakı kimi xəyallar simvolik deyil, gizli bir şeyi təmsil etmir; arzuladığımız şeyi birbaşa görürük. Məsələn, bir adam öz gündüz röyasında məşhur bir insan kimi minlərlə insana uzaqdan əl yellədiyini və insanların ona yaxınlaşmaq üçün az qala bir-birini tapdaladığını təsəvvür edərək çox canlı şəkildə görə bilər və s.

** Gündüz röyalarının erotik və ambisiyalı olmaqla iki prinsipial hədəfi barəsində Freyd “Psixoanalizə giriş”in 5-ci dərsinin sonlarında daha geniş izahat verir: “Gündüz röyaları fantaziyalardır. Bunlar çox geniş yayılmış fenomenlər olub həm xəstəlikdə, həm də normal halda müşahidə edilə bilər. Onu hər kəs öz üzərində öyrənə bilər. Bu fantaziya məhsullarının ən nəzərəçarpan xüsusiyyəti onların “gündüz röyaları” deyə adlandırıldıqları halda röyaların iki ortaq elementini ehtiva etməməsidir. Onların adı röyaların birinci ortaq elementi olan yuxu halı ilə ziddiyyət təşkil edir. Röyaların ikinci ortaq elementi olan bir şeyin təcrübə edilməsi və ya hallüsinasiya olaraq görülməsi yerinə gündüz röyalarında bir şey məhz təsəvvür edilir. Yəni, şəxs bilir ki, bu bir fantaziyadır; görülən deyil, düşünülən şeydir. Bu gündüz röyaları sıxlıqla uşaqların son illəri kimi yeniyetməlik öncəsi erkən bir dövrdən başlayıb yetkinlik illərinə qədər davam edərək sonra ya ortadan qalxır, ya da ömür böyunca davam edir. Bu fantaziyalara hakim olan motivlər çox aydındır. Onlar eqoist, ambisiyalı və güclə bağlı arzuların doyurulmasını əks etdirən səhnələr və olaylardır. Gənc kişilərdə adətən bir ambisiyanı əks etdirən fantaziyalar - buna qısaca ambisiyalı fantaziyalar deyilə bilər - hakimdir. Qadınlarda isə sevgidə müvəffəqiyyət qazanmaq ehtirasını təcəssüm etdirən erotik fantaziyalar hakimdir. Amma kişilərdə də arxa planda erotik arzunun mövcud olduğu görsənir; nəticədə, bütün qəhrəmanlıq əməlləri və hadisələri sadəcə olaraq qadınların heyranlığını və rəğbətini qazanmaq üçündür. Digər tərəfdən, bu gündüz röyaları növbənöv olub gələcəkdə müxtəlif dəyişiklərə məruz qalır. Onlar hər biri növbəylə ya qısa bir müddət sonra tərk edilir və yeni birisi ilə əvəz olunur və ya uzun hekayələrə əyirilərək varlığını qoruyub saxlayır və gündəlik tələblərə uyğunlaşdırılır. Onlar zamanla ayaqlaşır və söyləmək mümkünsə, öz üzərlərində yeni situasiyanın təsirini şahidlik edən “zamanın damğası”nı daşıyır. Gündüz röyaları ədəbiyyatın xammalıdır, buna görə də yazıçılar onları transformasiyaya uğradaraq, maskalayaraq və ixtisar edərək öz hekayələrinə, romanlarına və dramlarına daxil etdikləri situasiyaları yaradırlar. Bununla yanaşı, gündüz röyalarının qəhrəmanı hər zaman ya birbaşa, ya da başqa birilə şəffaf eyniləşmə vasitəsilə fərdin özüdür” (https://eduardolbm.files.wordpress.com/2014/10/a-general-introduction-to-psychoanalysis-sigmund-freud.pdf s.82-83)

***”Mater semper certa est” (ana hər zaman bəllidir)-yure və de-yure prezumpsiya qüvvəsinə sahib Roma hüquq prinsipidir. Yəni, bunun əleyhinə heç bir sübut irəli sürülə bilməz. Mənası budur ki, uşağın anasının kim olduğu daima bilinir. Uşağı doğan onun anasıdır. Roma hüququnun mövzu haqqında digər prinsipi isə “Pater semper incertus est”dir (ata hər zaman qeyri-müəyyəndir). Nəticədə, atalıq mənşəyi haqqında məhkəməyə müraciət etmək mümkün olduğu halda, analıq mənşəyi barədə bu mümkün deyildir. Bu baxımdan bir türk ozanının “atan bəlkə atandır, amma anan əlbət anandır” ibarəsi də məşhurdur. Jak Lakan Freyddən əxz etdiyi latınca bu deyimi vurğulayaraq uşaq ilə ata arasındakı əlaqələrin bioloji deyil, simvolik şəkildə qurulduğunu söyləyir.

****Freydin sevginin psixologiyası haqqında ilk məqaləsindən kiçik bir parçanı burda verməyi uyğun gördük. Verdiyimiz parça çox qısadır və daha dərindən anlaşılması diqqətli və daha ətraflı oxuma tələb edir. “...Uşaq anasını arzulamağa və bu arzusuna əngəl olan-öz rəqibi olaraq gördüyü-atasına nifrət etməyə başlayır; yəni, Edip kompleksi dediyimiz şeyin hegemoniyası altına girir. O, seksual əlaqə imtiyazını ona deyil, atasına verdiyi üçün anasını bağışlamır və buna bir sədaqətsizlik aktı kimi baxır. Əgər bu impulslar tezliklə ortadan qalxmazsa, onda ananın seksual fəaliyyətinin ən müxtəlif situasiyalarda uşaq tərəfindən xəyal edilməsindən başqa bu impulslar özünə çıxış yolu tapmır və nəticədə ortaya çıxan gərginlik onun ən asan şəkildə masturbasiya vasitəsilə rahatlıq tapmasına yol açır. Arzulama və intiqam alma istəyi olmaqla bu iki sövqedici gücün kombinasiyalı şəkildə fəaliyyətinin bir nəticəsi olaraq ananın sədaqətsizliyini əks etdirən fantaziyalar ən tərcih edilən şey olur; uşağın anasının sədaqətsizlik günahına şərik olan məşuq demək olar ki ya onun öz eqosunun, ya da daha dəqiq desək, atası səviyyəsinə çıxardığı öz idealizasiya edilmiş şəxsiyyətinin xüsusiyyətlərini nümayiş etdirir. Bu təxəyyül fəaliyyətinin növbənöv təzahürlərini və onların həyatın bu dönəminin müxtəlif eqoist maraqları ilə iç-içə keçmə şəklini başqa bir yerdə “ailə romanı” olaraq təsvir etmişdim...” (https://www.valas.fr/IMG/pdf/Freud_Complete_Works.pdf s.2332).

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR