Alçaldılmağa məruz qalaraq böyüyən yeniyetmələr

Emosional İntellekt
Photo

Yeniyetmələrə alçaldılmağın yaralarını sağaltmaqda necə kömək edə bilərik?

Əvvəl-axır qəbul etmək lazımdır ki, alçatmağın, “dedovşina”nın bəhanəsi yoxdur. Məktəblərdə, internetdə, hətta evdə alçatmağın qorxulu dərəcədə artmasına cavab kimi, indi dünyada bu qəddar davranışın qarşısını almaq üçün tədris proqramları yaradılır. “Dedovşina”ya məruz qalan qurbanların əksəriyyəti susaraq əzab çəkirlər. Alçaldılmaq o dərəcədə ağrılı ola bilir ki, bəzi yeniyetmələr ağrıdan qurtulmaq üçün intihara əl atırlar.

Fantaziyadan reallığa - Uşaqlığımız gələcəyimizi necə müəyyənləşdirir? (Tam mətn)

Bəs biz öz yaşıdlarının və böyüklərin aqressiv davranışlarına məruz qalanların sağalmasına necə kömək edə bilərik?

Yeniyetməliyimə təsadüf edən 1960-cı illərdə bir gün göz yaşlarımı saxlaya bilmədən oyun meydançasından qaça-qaça evə doğru qaçmağım yadımdadır. Məndən yaşca böyük şagirdlər oyun meydançasındakı bacarıqsızlığıma gülüb lağ etmişdilər.

O birisi gün mən qərara gəldim ki, onlara düşündükləri qədər bacarıqsız olmadığımı sübut edəcəm.

Mənə ünvanladıqları rişxəndlərə və adqoymalara cavab olaraq, yaşca böyük olan uşağın dalınca getdim və oyun qurğusundan aşağıya tullandım. Bütün utancıma və xəcalətimə baxmayaraq, yerə düzgün tullanmışdım. O birisi gün baş tutan təcrübəm isə qanla nəticələndi, bir də özümə gələndə təcili yardım otağında həkim yarılan başıma tikişlər qoyurdu.

Cərrahi müdaxilə mənim yaralarımı sağaltmışdı, amma daxilən hələ də özümü sınmış hiss edirdim. Hələ də alçaldılma qorxusu qarşısındakı sonsuz ümidsizliyimi, qorxu və təşvişimi xatırlamaqdayam.

Bugünkü yeniyetmələr artıq alçaltmağın oyun meydançasından həyatın bütün sahələrinə yayıldığı bir dünyada yaşayırlar. Bir zamanlar bacı-qardaş arasındakı rəqabət normal keçid dövrü sayılırdısa, biz bu gün artıq bilirik ki, onların arasındakı aqressiyanın yaratdığı yaralar məktəbdə baş verən alçaldılmalar qədər işgəncəli ola bilər.

Kiber alçaltma da uşaqların qarşısındakı yeni maneədir. Bu yaxınlarda keçirilən bir araşdırma zamanı məlum olub ki, yeniyetmələrin 50%-dən çoxu internetdə, əsasən “Facebook”da mənfi hallarla üzləşirlər və 23%-i başqaları tərəfindən qəddar davranışa məruz qalıb.

Alçaldılmaya məruz qalan yeniyetmələr emosional yaraları ilə necə başa çıxırlar? Məktəblərdəki yeni gələnlər arasında aparılan mənəvi sağlamlıq tədqiqatının nəticələri buna cavabın müsbət olmadığını göstərir.

Alçaldımaya məruz qalan yeniyetmələrə kömək

Alçaldımaya məruz qalan yeniyetmə qurbanlara kömək etmək üçün müəllim və valideynlər üçün bir çox yaxşı qaynaqlar var. Bunun üçün xüsusilə Harri Qoldmanın müəllifi olduğu bir yaxşı kitabın adını çəkə bilərəm “Alçaltma: Hər bir valideyn, müəllim və uşaq qorxunu yoxa çıxarmaq üçün nələri bilməlidir” (Bullied: What Every Parent, Teacher, and Kid Needs to Know about Ending the Cycle of Fear). Bu mövzudakı kompleks məsələləri bilməkdən ötrü kitab valideyn və pedaqoqların mütləq oxumalı olduqları mənbələrdəndir. Kitab həmçinin qurbanlara sağalmaqda kömək etmək və müdafiə etmək üçün əla strategiyalar təklif edir.

Tanınmış mütəxəssislərdən daha biri Katerin Meyfild isə “Alçatma: Nəyə görə daxilən özünü pis hiss edirsən və bununla bağlı nə etməlisən“ kitabında (Bullied: Why You Feel Bad Inside and What to Do About It) alçatmağın təsirlərini müəyyən etməyə, qarşı çıxmağa və öhdəsindən gəlməyə kömək edir.

Meyfild kitabında özünün başına gələn alçaldılmaq hadisələri və yeniyetmə olarkən, canına qəsd eləmək niyyətiylə bağlı təcrübələrini bölüşür. Müəllif yeniyetmələrə sadə, güclü və şəxsi yollarla yanaşır. Gənc və yeniyetmələrə alçaldılmağın daxilən necə hisslər yaratdığını başa düşməyə kömək etməklə, müəllif yenidən mənəvi sağlamlığa yiyələnmək üçün onlara dörd addımlıq plan təqdim edir. 100 səhifədən az olan bu kitab yeniyetmələrə alçaldılmağın yaratdığı yaralardan xilas olmağa, həmçinin özlərinin daxilində yaranan kin-küdurətin onların özlərini gələcəkdə necə bir alçaldana çevrilə biləcəyini göstərir.

Uşaqlığa kimin haqqı çatır?

Meyfildin alçaldılmağın öhdəsindən gəlmək üçün 4 addımlıq planı belədir:

1. Hisslərini qəbul et

Alçaldılmağın qurbanı olmaq utanc, ümidsizlik, qəzəb və qüssə kimi bir çox hisslərə səbəb olur. Bunlar normaldır. Özünü necə hiss etdiyini fərqləndirə bilməyin sağalmaq yolunda atacağın ilk addımdır. Öz hisslərini müəyyən etmək üçün böyüklərlə söhbət etmək də tez-tez faydalı olur. Ancaq sən bunu bir dəfə özün üçün edə bilsən, o, sənin əlində ömürlük bir vasitə olacaq.

2. Hisslərini ifadə et

Bizim emosional həyatımız biraz quyuya bənzəyir. Daha çox pozitiv hisslərə nail olmaq üçün neqativ hisslərdən xilas olmalıyıq. Bunu etməyin yollarından biri neqtiv hissləri faydalı, sağaldıcı və təhlükəsiz yolla ifadə etməkdir. Bunlara bir dostunuza və ya güvəndiyiniz adama açılmaq, idmanla məşğul olmaq, ağlamaq, öz hisslərimiz barədə yazmaq, yaxud hansısa fiziki məşğuliyyət formasıyla öz qəzəbimizi ifadə etmək daxildir.

3. Qorxunu boşla

Bir atalar sözündə deyildiyi kimi: “qorxan gözə çöp düşər”. Qorxunu boşlamaq özüylə şəfqətlə davranmaq bacarığı tələb edir. Dərindən nəfəs almağı öyrənmək, meditasiya etmək, musiqi dinləmək və bədənini hərəkət etdirmək qorxunu aradan qaldırmaq və daxili müdrikliyi ortaya çıxarmaq üçün faydalı metodlardır.

4. İrəli get

Alçaldılmaq ağrısından xilas olmaq sənin mənəvi sağlamlığın üçün vacibdir. Öz maraqlarına və ailənlə, dostlarınla münasibətlərinin yaxşılaşdırılmasına köklən. Müxtəlif qruplara qoşul, yeni idman növü ilə məşğul, ya da hansısa icmada könüllülük et. Emosional quyunu neqativ hisslərlə dolduraraq bir qurbana çevrilməkdənsə, həyatını yeni imkanlarla doldur.

Müəllif Merilin Prays Mitçel ABŞ-da Santa Barbara universitetində sosiologiya və insan inkişafı sahəsində ixtisaslaşmış fəlsəfə doktorudur.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR