Elm dünyasını təəccübləndirən kəşf: yeni insan növü tapıldı

Hər şeydən biraz
Photo

Homo luzonensis adı verilən insan növünün qalıqları 67,000 il əvvələ gedib çıxır

Bilge.az “Nature” jurnalına istinadən xəbər verir ki, Filippinin Luson adasında indiyədək məlum olmayan yeni insan növünün qalıqları aşkarlanıb. Yeni insan növündə həm təkmilləşmiş, həm də arxaik insana məxsus xüsusiyyətlər var. “Biz onun kim olduğunu bilmirdik, bircə onu bilirdik ki, insandır”, - araşdırmaçılardan biri deyib.

Meymundan insana - Darvin dünyanı necə dəyişdi?

Qalıqlardan DNT nümunəsini götürmək mümkün olmayıb. Ancaq quruluş insancığın boyunun çox alçaq olduğunu deməyə əsas verir.

Bunun yeni tapıntı olması mütəxəssislərdə heç bir şübhə doğurmur.

Qalıqlar tam skelet şəklində qalmayıb, tapılan 7 diş, iki əl sümüyü, 3 ayaq sümüyü və bir omba sümüyünün iki yetkinə və bir uşağa məxsus olduğu düşünülür. Bununla, belə qalıqlar Homo luzonensis-in həyat tərzi və zahiri görkəmi ilə bağlı vacib iddialar səsləndirməyə imkan verir.

Daşlaşmış qalıqlarda həm müasir, həm də qədim xüsusiyyətlər aşkarlanıb. Kiçik kök dişləri həm müasir insanları, həm də qədim, primitiv avstrakopitekləri xatırladır. Bununla belə, o, dik gəzən insanın dişlərinə bənzəmir. Florent insanının və dik gəzən insan tipinin diş kökləri daha böyükdür. Yeni tapıntının barmaq falanqaları avstralopiteklər kimi bükükdür.

Tədqiqatçılar qədim insanların adaya necə gəlib çıxdığını bilmirlər. Amma ehtimal edirlər ki, bu nəzərdə tutulmayan səyahət, məsələn, sunami kimi təbii fəlakət nəticəsində baş verib. Qitənin sahilindən çox aralıda suyun içində olan insanlar necəsə torpaq parçası görüblər və həyatlarını xilas etmək üçün ona yönəliblər. Bu hal bir sıra heyvan növlərinin də başına gəlib. Həmçinin Lusonun ilk sakinlərinin oraya adalar zənciri ilə səyahət edərkən düşdükləri də istisna edilmir.

Yeni insan növlərindəki anatomik xüsusiyyətlər alimləri heyrətləndirmir, onların sözlərinə görə, buna uzunmüddətli təcrid səbəb olub.

“Qalapaqos adalarını xatırlayın, - arxeoloq Filip Payper deyib. – Hər adada özünəməxsus tısbağa növü var”. Yeri gəlmişkən, yeni şərtlərdə növlərin dəyişkənliyini hələ Çarlz Darvin demişdi.

Bununla belə, bəzi ekspertlər tapıntıya şübhə edirlər. Məsələn, Nyu-York universitettinin antropoloqu Süzen Enton deyib ki, heç olmasa bir kəllə sümüyü tapılmadan, qalıqların yeni insan növünə məxsus olmasını demək hələlik düzgün deyil.

Son illərdə aşkar edilən tapıntılar bütün dünyada təkamül prosesinin hominid qrupları arasında müxtəlif yollarla, yeni şərtlərə adaptasiya olunmaqla getdiyini deməyə əsas verir. Müasir insanlar yalqız olmayıblar, onlarla eyni vaxtda digər insan növləri də olub, özü də onlar ağıl baxımdan heç də az inkişaf etməyiblər.

Bundan əvvəl tapılan insan növü Homo naledi də bir metrə yarımdan uzun olmamaqla alçaqboy idi. Müasir insanla müqayisədə çox primitiv olan bu növ insanların beyni müasir insanınkından iki dəfə balaca idi. Çiyin sümükləri belə deməyə əsas verir ki, onlar fəal şəkildə ağaclara dırmanıblar. Qalıqlar demək olar, tam təsadüf nəticəsində ortaya çıxıb – Cənubi Afrikadakı ucqar bir mağaraya daxil olan idmançı-mağaraçılar sümük yığınlarına rast gəliblər.

Sümüklər həm gənc, həm də 45 yaşlı hominidlərə məxsus olub. Ancaq bir sual tapmaca kimi qalıb: təxminən 1500 ədəd nəhəng miqdardakı sümüklər mağaraya necə düşüb.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR