Avaralar, başıboşlar, itaətsizlər, soyğunçular - Bodler

Sənət
Photo

Bodlerdə sənətin avtonomlaşması və Modernizm

Ali Artun

Modern şəhər və sənət

İstər həyatda, istərsə də sənətdə, modernliyi kəşfə çıxanların kompası xeyli müddətdir ki, Bodlerdir. Modern şəhər və kulturaya dair araşdırmalarda yer alan bir çox tema onun ədəbiyyatında özünü göstərir. 'Modern mifologiya'ya heyran olanların antikinə çevrilən 19-cu əsr Parisinə bizi o oyandırır; Parisi adətən onun obrazlarıyla xatırlayırıq. Zəmanəmizdə sənət tarixinin tarixinə qapılanlar da Bodleri çox diqqətli şəkildə araşdırır. İqtisadi, ictimai, siyasi həyatın modernləşməsi ilə sənətin modernləşməsi arasına xətt çəkərək, modernizasiya və modernizm arasındakı gərginliyi Bodler xəbər verir. Modernizmi yaradıcılığının qəhrəmanları vasitəsilə avtonomlaşma əfsanəsi kimi, ilk olaraq, o təmsil edir.

Bodlerin ucsuz-bucaqsız xəyal gücünü canlandıran, yaşadığı şəhərin və öz mənliyinin məhşəri – ən başda kütlələrdir.

Kütlələr

Bodlerin göz açdığı modern zamanların metropolu hələ xəstəlik kimi yayılan başıboş bədheybətlilikdir. Metropolun modern şəhərsalma disiplininin atası Haussmann tərəfindən zəbt edilməsinə hələ yarım əsr vardı. Bodlerin metropola aid dünyası, kütlələr və onların arasıkəsilməz hərəkətidir. Əzəldən bəri bəlli etdikləri yerlərini, yurdlarını, keçmişlərini tərk etməyi gözə alaraq, Parisi quracaq ilk dünya vətəndaşları, kosmopolitizmin avanqardları; məchul peşələrin, ictimai rolların fədailəri. Bu kütlələrin gedərək evlərdən küçələrə, gündüzlərdən gecələrə daşan və modern şəhərə ictimai xarakterini qazandıran qarışıqlığı. Sənətçinin yuvası, onu məst edən, xəyal gücünü coşduran bu müasir xaosdur.

Bu xaosu ən təəccüblü şəkildə ədəbiləşdirənlərin önündə, şübhəsiz, Balzak gəlir. Onun məşhur "Paris həyatı səhnələri" seriyasının ən məşhur əhvalatı, Delakruaya həsr etdiyi və 1835-ci ildə nəşr olunan "Qızıl gözlü qız"dır. Bu əhvalatın "Paris fizionomiyaları" fəslində, Paris kraterindən dayanmadan alov və lava qusan bir cəhənnəmdir: "məzarlarından çıxmış cəsədlər... Hər məsaməsindən beyindəki ehtirasların fışqırdığı əyri, pis çöhrələr dənizi. Çöhrələr deyil, daha çox maskalar: gücün və ya gücsüzlüyün, səfanın, kədər və ya riyanın maskaları ...Yaxşı, bu hissiyyat, əxlaq, qanundan məhrum icmaya hansı güclər hökm etməkdədir? Qızıl və zövqü-səfa".

Dostoyevskinin insanları (6-ci hissə)

Sənət dünyasını, dörd əsr məhkum olduğu akademiyada ürəkdən öyrədilən ilahi səhnələrin repressiv ustalığından azad edən məhz bu modern şəhərin parlaq çirkinliklərində sənətçinin kəşf etdiyi gözəllikdir. Modern dastan, tanrı və tanrı adına hökm edənlərin qatından metropolun yeraltına, bu aləmin qəhrəmanlarına enirdi. Sənət və ədəbiyyat, ilk dəfə bu qəhrəmanların ətrafında universal çöhrəsini dərk edirdi.

Qəhrəmanlar

Qəhrəman, modernizmin həqiqi subyektidir. Başqa sözlə, modernizmi yaşamaq qəhrəmanca yaradılış tələb edir.

V.Benjamin

Zibil yığan (chiffonnier), gözəl qadın, məşuqə, fahişə (courtesan), lezbian, quldur (criminal), sui-qəsdçi, qumarbaz, sehrbaz, hoqqabaz, akrobat (saltimbanque), dilənçi... Kənar məhəllələrin, aşağı məhəllələrin, yeraltının sərsəriləri, avaraları, başıboşları, itaətsizləri, soyğunçuları... Onlar Bodlerin kütlələrdən ayrıd etdiyi yaxınları olmaqla qalmır, ona yaşadığı zamanı və məkanı sezdirirlər. Bodler özünü və şeirini onlarda axtarır və tapır. Onlar onun dastanının qəhrəmanları, "Pisliyin çiçəkləri"dir.

Bodler 1846-cı il Salonu barədə yazısında "Modern həyatın qəhrəmanlığı"na toxunarkən soruşur: Antik zamanların ideallaşdırılmasından başqa bir şey olmamasına baxmayaraq, qocaman klassik ənənənin tənəzzülündən sonra nə olacaq? Narahatçılığa əsas yoxdur; modern zamanlar da ən azından əvvəlkilər qədər, "ali mövzulara, dastanlıq xüsusiyyətlərə və özünəməxsus gözəllik forması"na malikdir. "Modern mövzulara toxunan sənətçilərin çoxunun ictimai və rəsmi mövzularla, qələbələrimiz və siyasi qəhrəmanlığımızla kifayətləndiklərini görürəm ... Hərçənd başqa cür qəhrəmanlıq ehtiva edən xüsusi mövzular da vardır ... nəhəng şəhərin yeraltına bəla olmuş minlərlə köksüz həyata aid mənzərələr, canilar, fahişələr... Paris həyatı şeir və möcüzələrlə dolub-daşır.... amma biz görmürük". Qəhrəmanların da qəhrəmanına gəlincə, o modern zamanların sənətçisindən başqası deyil. Bodlerə qalsa, Balzakın qəhrəmanlarıyla məsələn, hətta "İlliada"nınkılar belə müqayisə edilə bilməz. Məhz bu səbəbdən şəxsən Balzak, bütün qəlbi ilə yaratdığı xarakterlərin "ən qəhrəmanı, ən valehedicisi, ən romantiki və ən poetikidir".

Bodler qəhrəmanlarını öz şairliyi ilə qaynaşdırır və onları poetik təxəyyülünün mərkəzinə yerləşdirir. Beləliklə, onun qəhrəmanları öz estetik manifestlərinin simvollarına çevrilirlər. Öndə də lezbian gəlir. Şairin ən alovlu şərhçisi Benjaminə görə, Bodlerin ədəbiyyatında "lezbian, modernizmin qəhrəmanıdır". Yəqin buna görədir ki, "Pislik çiçəkləri" kitabı üçün şairin fikrində tutduğu ilk ad da "Lezbianlar" idi.

Balzakı oxumaq (ixtisarla)

19-cu əsr heç çəkinmədən qadınları da sənaye istehsalına sürükləyirdi. Əvvəlcə bunun onları kişiləşdirdiyinə inanılır və sənayeləşmənin hikməti kimi qəbul edilən bu 'cinsi inkişaf' yüksəldilirdi. Bodler isə öz lezbianını sanki 'yerin dibinə soxaraq' qəhrəmanlaşdırır. Qadının bu yeni, kişiyə xas, süni təbiətini sənayedən təcrid edir və tamamilə cinsi bir vurğuyla yüksəldərək, əxlaqsızlıq abidəsi kimi onu yenə sənayenin qarşısına qoyur. Bu sintetik, saxta seks, artıq nə təbiətin, nə də sənayenin, yalnız şair təxəyyülünün, modernist estetikanın kəşfidir.

Bu unikal yaradıcılığın nəznində estetik modernizm industrial modernləşməyə meydan oxuyur. "Lezbian qadın paradiqması, 'modernite'nin texnologiya qarşısındakı gərgin mövqeyinə işarə edir".

Lezbian, eyni zamanda Bodlerin reallığa və təbiətə, dolayısıyla da zəmanəsinin realist və naturalist sənətinə etirazını ifadə edir; onun sənətin öz reallığını özünün qurmasına dair mülahizəsini simvollaşdırır. Bundan əlavə, şairin 'emalı' olan lezbian, həddini aşdırdığı əxlaqsızlığı sayəsində, tanrı və təbiətlə uyğunlaşdırılan klassik əxlaqçılığı nümayiş etdirir.

Digər bir poetik qəhrəman, zibil yığan (chiffonnier), sənətin müasir şəhərlə qaynaşmasını təsvir edir. Parisin künc-bucağını addım-addım gəzərək zibillərini ayrıd edən, işə yarayanlarını yığan yoxsul. "Budur, paytaxtda günün zibilini toplamalı olan adam. Böyük şəhərin dağıdıb-tökdüyü, itirdiyi, ayaq altına saldığı, salıb-sındırdığı hər şeyi o yığışdırır, seçir, təsnif edir. O, ifratı və israfı qeydə alır. Diqqətli formada seçir, ayrır; sənaye ilahəsinin dişləri arasında yenidən formaya düşənləri yığaraq saxlayır. Bütün gününü boş-boşuna gəzmək və qafiyə axtarmaqla keçirən gənc şairlər kimi, başını silkələyə-silkələyə, səki daşlarına vura-vura gəlir".

Mərhəmətsizliyin Rəssamı?

"Pislik çiçəkləri" və "Paris sıxıntısı"nın digər qəhrəmanları da Bodler estetikasının metaforasına çevrilir. Məsələn, alleqoriya, fahişə qiyafəsinə bürünür. 'Dahi' də "bütün kainatı yatağına salan bu günahlar kraliçası"nın əsəridir. Onsuz da fahişələr, ləyaqət və gözəlliklərini sataraq şairlə eyni qumarı oynayırlar. Dünyanın şəklinə, simasına yuxarıdan baxan bu böyük ruhlar, satirlər "Cəhənnəmlik qadınlar" şeirində şairin qardaşlarına çevrilirlər. Digər qəhrəman "Comərd qumarbaz" isə bir müdrik kimi meydana çıxır və ruhunu qumarda uduzmağın əvəzi kimi şairi bütün xəstəliklərin və inkişaf kabusunun mənbəyindəki sıxıntıdan xilas edir. Qumar, zamanın monotonluğunu təxirə salaraq, həzzi, xülyanı işə salır və dilxorluğa, bezginliyə son qoyur. Qumarxanada da, fahişəxanada da eyni böyük günahın ləzzəti yaşanır: taleyə həzz ilə meydan oxumaq. Bodlerə görə, məsələn, Flober "Madam Bovari"ni yaradarkən qumar oynayırdı. Hər sənət əsəri bəhsdir və Flober də öz bəhsini qazanmaq üçün cinsindən sıyrılaraq, bir tərəfdən qəhrəmanı Madam Bovarinin şəxsində özünü qadınlaşdırarkən, digər tərəfdən də onun damarlarına kişi qanı yeritmişdi. "Nəticə isə möcüzədir".

Bodlerin şeirində modernliyin aktyorları bunlarla sona çatmır. Sehrbaz var, möcüzələri sayəsində tanrı ilə yarışır; hoqqabaz isə, reallığı yoldan çıxarır; dəbə düşkün gözəl qadın yeni nə varsa onun arxasındadır; yaşlı akrobata gəlincə, o, işi bitmiş, carəsizcəsinə vəfa axtaran intellektualdan başqası deyil. Bunların hamısı sənətçinin qəhrəmanları və öz surətləridir; hamısı parladığı zamanlardan bohem həyat mənsublarıdırlar.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR