Baninin “Qafqaz Günləri” – köhnə Bakının hekayəsi

Wendell Steavenson

Tarix
Photo

Həyatın imperiya və inqilab arasında qalan yenidən kəşf edilmiş xatirəsi

1990-cı illərin sonlarında Gürcüstanın paytaxtı Tbilisidə yaşayırdım və tez-tez Azərbaycanın paytaxtına, Xəzər dənizinin sahilindəki Bakıya baş çəkirdim. Bu, postsovet süstlüyü (xumarlığı), üstündən elə də çox keçməyən etnik müharibələr, qaçqınlar və dalğalanan iqtisadiyyatlar dövrü idi. Tbilisidə günün yalnız dörd saatı elektrik verilirdi, istilik isə yox idi; Bakıda, yeni neft bumu başlanğıc götürmüşdü. Həmin dövrdə Qafqazdakı kiçik xarici mətbuat korpuslarında, biz, bir neçə qurama adı olan müəmmalı müəllif, Qurban Səid tərəfindən keçən əsrin 30-cu illərində yazılmış “Əli və Nino” adlı çox da məşhur olmayan romana yerli İncil və ədəbi cəvahirat kimi ehtiram göstərirdik.

“Əli və Nino” Rus İnqilabı zamanı Bakıda gürcü şahzadəsi ilə nəcib bir azərbaycanlı oğlan arasındakı sevgi hekayəsindən bəhs edir. “Əli və Nino”nun müəllifi, Qurban Səidə Çar Bakısından İstanbul, Almaniya və İtaliyaya qədər şöhrət və sürgün dolu bir çox kimlik və sərgüzəştlər vasitəsilə yoldaşlıq edən Tom Reissin “Orientalist” adlı romantik bioqrafiyasının mövzusu olmuşdur. Mən bu kitabları ona görə yada salıram ki, bunlar, heç şübhəsiz, ilk dəfə 1945-ci ildə fransız dilində çap edilmiş və Anna Tompson-Əhmədova tərəfindən ingilis dilinə tərcümə olunmuş azərbaycanlı bir immiqrantın köhnə Bakı memuarına – Baninin “Qafqaz Günləri”nə rəfdə yoldaşlıq ediblər.

Qafqaz burada da imperiyalar və dövrlər arasında – Xristian qərb ilə Müsəlman şərq arasında; Çar mütləqiyyəti, yeni meydana çıxan millətçilik ilə Bolşevik inqilabı arasında; qədim dövrlərin ənənəsi, xurafat və klan dövrü ilə modern mühəndislik dövrü, fransız romanları və qadın azadlığı arasında – qalmış bir region kimi təsvir edilib.

Əcnəbilərin Azərbaycanı ziyarət etməzdən əvvəl oxumalı olduqları 10 kitab

Banin, fırlanan qapıların bu sehirli dövründəki uşaqlığından yazır. Onun bəxti yaxşı gətirən və torpağında neft tapan fermer babası Bakıda bir gecənin içində milyonçu olan adamlardan biri idi. Baninin ailəsi çəkişən dayılar, yolagetməz xalalar, satqın və pozğun əmi uşaqları ilə əhatə olunmuşdu. Sərvət Xəzər dənizinin sahillərində yerləşən neft yataqları kimi sərhədsiz idi və onun təsvir etdiyi həyat şərq detalları ilə zəngin şəkildə bəzədilmişdir: hamamlar və çöl bağçaları, nağılçılar və ikinci arvadlar, uşaqlıq sevgiləri və oğrun öpüşlər, qızılgül suyu və bağışlanan tənbəllik.

Banin, dörd qızın ən kiçiyi, yarı-unudulmuş, kitabsevər, xəyalpərəst bir uşaqdır, "xəyallar və duyğular içində" əylənməyə meyllidir. Kitabın ilk yarısı itirilmiş cənnətə mədhiyyədir. " Klassik ifadə ilə desək, şampan sərbəstcə axırdı" – o yazır – "beləcə dünyamız fəlakətə doğru addımlayırdı".

Kəskinlik ilk səhifədən bəllidir: biz, kommunizm gəldiyini və onunla hər şeyin bitdiyini bilirik. Uşaqlıq yetkinliyə keçir. Ailə skandalları – bacısının öz məşuqu ilə qaçması, dul atasının osetiyalı qadınla ikinci nigahı – qaynayıb daşan tarixə – müharibə, sürgün və atasının nazir işlədiyi Azərbaycanın qısa müddətli müstəqillik dövrü – qarışır. Bolşeviklər gəldikdə, Banin və əmisi qızı üçün tək münasib yol, cəsur bir komissara vurulmaq və atası həbsdə olsa da, tarixi materializmin bütün həyəcanını dəstəkləmək idi.

Dil, sərbəst axan çaydır – macəra onilliklər sonra yazılır. Banin, sürgündəki həmkarı Nabokov kimi, xatirələrini, demək olar ki, fikşn tərzində yazır, sanki bunlar başqasının da başına gəlib. Banin məhəbbət üçbucağından çıxır və atasına pasport almaq üçün yaxşı əlaqələri olan münasib bir qumarbazla nigaha girir.

20-ci əsr Azərbaycan ədəbiyyatına dair bəzi kiçik qeydlər – 60-70-ci illər (ikinci yazı)

Yeni əriylə qeyri-müəyyən sürgünə çıxmazdan əvvəl, o, ailəsinin Tətil Düşərgələri Qurma Kommisiyası tərəfindən müsadirə edilən yay evini ziyarət edir. Burada, uşaqlıqda xarakterləri canına çəkdiyi meynə və qovaqların arasında, Banin özünə itkinin daha çox daxilə istiqamətlənmiş hesabatını verir. O yazır: “İndi başa düşdüm ki, şeylər, insanlar, hisslər bir-birinin ardınca yox olmağa məhkumdur; həyat xoşbəxtlik yerinə ayrılıq və peşmançılıqdır”.

Banin İstanbulda darıxdırıcı ərini tərk edir və Parisdə özünə yazıçı olaraq – Qurban Səid kimi – yeni bir həyat və yeni bir xarakter yaradır. “Qafqaz Günləri” hadisələrlə zəngin həyatın 20-ci əsrin qarmaqarışıqlığına qarşı tərtib edilmiş məftunedici memuarıdır. Bu həyat onları zər-zibalı evlərə yerləşdirdiyi və brilyantlarla bəzədiyi kimi, sürgünə və səfalətə də salır.

Baninin özü, taleyini müəyyən etməyə can atan intellektual və müstəqil ruh kimi işıq saçır. Mən, daha sonra nə baş verdiyini bilmək üçün onun ardını –hələ tərcümə olunmamış – “Paris günləri”ni oxumağı çox istərdim.

The Financial Times

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR