Fantaziyadan reallığa - Uşaqlığımız gələcəyimizi necə müəyyənləşdirir? (Tam mətn)

Zigmund Freyd

Elmi-kütləvi
Photo

Kreativ yazıçılar və gündüz-röyagörmələr

Freydin bu məqaləsi ingiliscə mötəbər sayılan tərcüməsindən çevrilmişdir [original mənbə: Freud, S. (1908). Creative Writers and Day-Dreaming. The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Volume IX (1906-1908): Jensen's ‘Gradiva’ and Other Works, 141-154]. Oxuduğunuz məqalə 1907-ci ildə Freyd tərəfindən bir mühazirə kimi deyilmiş və 1908-ci ildə nəşr edilmişdir. Şüurxarici fantaziyalar ilə kreativ sənətkarlıq arasında əlaqədən bəhs edən bu məqalədə Freyd belə bir mülahizə irəli sürür ki, sənətkarlar uşaqlıq çağına aid gündüz-röyalarının* və oyun fəaliyyətlərinin xatirələrini yenidən canlandıraraq onları öz estetik texnikası vasitəsilə qəbul edilə bilən hala salır. Freydin bu mülahizəsi birinci və ikinci dünya müharibəsi arasındakı dövrdə modernizm üzərində geniş miqyaslı təsirə malik olmuşdur. Rəqəmlərlə qeyd edilmiş əlavələr ingiliscə tərcüməçiyə, ulduzla qeyd edilənlər isə bizə aiddir.

Ariostodan oxşar bir sualı soruşan Kardinal [1] kimi kreativ yazıçılıq qabiliyyətindən məhrum olan bizlər də hər zaman böyük bir maraqla bilməyə can atmışıq ki, kreativ yazıçı, bu əcaib məxluq, öz mövzularını hansı mənbələrdən alır və onlarla üzərimizdə belə bir təəssürat yaratmağa və bəlkə də malik ola biləcəyimizi belə düşünmədiyimiz emosiyalar oyandırmağa necə nail olur? Yazıçının özünün buna heç bir izahat verməməsi və ya onun verdiyi izahatın məmnunedici olmaması faktı ilə marağımız daha da körüklənir; və kreativ yazıçının mövzu seçimini nəyin müəyyən etdiyinə və hətta, təxəyyül forması yaratma sənətinin təbiətinə dair ən dərin içgörünün də kreativ yazıçı olmağımıza əsla kömək etməyəcəyini bilsək belə, bu maraq sönməz.

Kaş ki özümüzdə və ya bizim kimi digər insanlarda kreativ yazıçılığa oxşar bir fəaliyyət kəşf etsəydik! O zaman onun araşdırılması kreativ yazıçılıq fəaliyyətinin bir izahını vermək üçün başlanğıc nöqtəsini tapdığımıza dair bizə bir ümid verərdi. Deyəsən, bunun mümkün olduğuna biraz ümid vardır. Axı, kreativ yazıçıların elə özü də öz növləri ilə sıravi insanlar arasındakı məsafəni azaltmağı sevmirmi? Bəs onlar özü də çox tez-tez bizə demirmi ki, hər insan qəlbən bir şairdir və şairlik son insan ölənədək yox olmaz?

Yoxsa, təxəyyül fəaliyyətinin izlərini uşaqlıq çağı kimi erkən bir dövrdə uşaqların ən sevdiyi və ən intensiv şəkildə məşğul olduğu oyunlarındamı axtarmalıyıq? Oyun sırasında hər uşağın kreativ bir yazıçı kimi davrandığını, öz dünyasını yaratdığını və ya daha doğrusu, dünyadakı şeyləri onu xoşbəxt edəcək şəkildə tənzimlədiyini deyə bilmərikmi? Onun öz dünyasını ciddiyə almadığını düşünmək yanlış olardı; əksinə, o, öz oyununu çox ciddiyə alır və onun üçün çoxlu emosiya sərf edir. Oyunla ziddiyyət təşkil edən şey isə, nəyin ciddi olduğu deyil, nəyin real olduğudur. Öz oyun dünyasına bəslədiyi bütün duyğulara baxmayaraq, uşaq onu reallıqdan çox yaxşı ayırır; və o təxəyyülündə canlandırdığı obyektlər və situasiyalar ilə real dünyanın əllə tutula və gözlə görünə bilən şeyləri arasında bağlantı qurmağı sevir. Bu bağlantı, uşağın “oyun”unu “fantaziyaqurma”dan ayıran yeganə şeydir.

Yazıçılığı səhnələrdə yarıçılpaq rəqs etməyə dəyişmiş yazıçı: Kolett

Kreativ yazıçı uşağın oyun sırasında etdiyi şeyin eynisini edir. O, çox ciddiyə aldığı, yəni reallıqdan kəskin şəkildə ayırmasına baxmayaraq üzərində çoxlu emosiya sərf etdiyi bir fantaziya dünyası yaradır. Dil, uşaq oyunu ilə poetik yaradıcılıq arasındakı bu əlaqəni qoruyub saxlamışdır. Maddi obyektlərlə bağlantılı olması lazım gələn və səhnəyə qoyula bilən yazılı sənət əsərlərinə alman dilində “Spiel” [“oyun”] deyilir. Bu oyunlar isə, “Lustspiel” və ya “Trauerspiel” [“komediya” və ya “tragediya”: hərfi mənada, “həzz oyunu” və ya “kədər oyunu”] olmaqla iki yerə ayrılır. “Schauspieler” [“oyunçular”: hərfi mənada “səhnə-oyunçuları”] isə, tamaşada rol alan insanlara deyilir. Buna baxmayaraq, öz təsvirlərində reallığın xaricinə çıxmaq yazıçının yaradıcılıq texnikasında əhəmiyyətli yer tutur; oyunda və fantaziya dünyasında həzzverici olan bir çox şey real olsaydı heç bir həzz verməzdi və real dünyada öz-özlüyündə stress yaradan bir çox duyğu yazıçının əsəri oynanılarkən həzz mənbəyi halına gələ bilməkdədir.

Reallıqla oyun arasındakı bu ziddiyyət üzərində bir qədər çox dayanan başqa bir görüş vardır. Uşaq böyüyüb oyunu buraxdıqdan və on illərlə həyatın reallıqlarını uyğun bir ciddiyyətlə nəzərə alıb gözardı etməmək üçün əziyyətlərə qatlaşdıqdan sonra, özünü oyunla reallıq arasındakı ziddiyyəti ortadan qaldıran zehni bir situasiyada yenidən tapa bilər. Bir yetkin kimi özünün uşaqkən oynadığı oyunları nə qədər ciddiyə aldığını təkrar yadına salaraq o, bir yetkinin həyatındakı sözdə ciddi məşğuliyyətlər ilə uşaqlıq oyunlarını bərabər tutaraq, həyatın onun üzərinə qoyduğu ağır məsuliyyətdən qurtula və yumor vasitəsilə yüksək həzz alma qabiliyyətini qazana bilər [2].

İnsanlar oyun oynamağa son verdiyi zaman oyundan qazandıqları həzzdən vaz keçmiş kimi görsənir. Amma insan zehnini anlayanlar bilir ki, bir insanın daha öncə təcrübə etdiyi həzzdən vaz keçməsindən daha çətin bir şey yoxdur. Əslində, biz heç bir şeydən vaz keçə bilmirik; sadəcə bir şeyi başqa birisi ilə dəyişdiririk. Bir şeydən vaz keçmək prosesi həqiqətdə onun bir əvəzedicisi və ya surroqatına yönəlməyi ehtiva edir. Eyni şəkildə, böyüyən uşaq oyunu buraxdığı zaman real obyektlərlə bağlantı qurmaqdan başqa bir şeydən vaz keçməz; o, oynamaq yerinə artıq fantaziya qurmağa başlayır. O, artıq xəyalplov bişirir, yəni gündüz-röyaları deyilən şeyi yaradır. İnsanların əksəriyyətinin həyatları boyunca dəfələrlə fantaziya qurduğuna inanıram. Bu gerçək, uzun müddətdir gözardı edilmiş və ona layiqincə qiymət verilməmişdir.

Hamının xoşbəxt olduğu dövrdə necə həsəd aparmamaq olar?

İnsanların fantaziyalarını müşahidə etmək, uşaqların oyunlarını müşahidə etməkdən daha çətindir. Uşağın təkbaşına oynadığı və ya bir oyun üçün digər uşaqlarla psixi bir sistem formalaşdırdığı doğrudur; amma öz oyununu yetkinlərin gözü qarşısında oynamasa belə, digər tərəfdən, bunu onlardan gizlətmir də. Yetkin isə, əksinə, öz fantaziyalarına görə utanır və onu başqa insanlardan gizlədir. Yetkin biri öz fantaziyalarını ən məhrəm mülkiyyəti olaraq görür və o, öz pis işlərini belə etiraf edə bilər, amma bir qayda olaraq öz fantaziyalarını başqa birinə danışmaz. Ona görə də, bu cür fantaziyaları yaradan insanın təkcə o olduğuna və bu cür yaradıcılıqların digər insanlar arasında yayğın olmadığını düşünə bilər. Oyun oynayan bir şəxslə fantaziya quran bir şəxsin davranışları arasındakı fərq əslində bir-birinin köməkçisi olan bu iki fəaliyyətin motivləri ilə açıqlanır.

Uşağın oyunu istəklərlə, əslində tək bir istəklə, həm də onun tərbiyə olunmasına yardım edən böyümək və yetkin olmaq istəyi ilə müəyyən olunur. O hər zaman “yetkin” kimi olma oyunu oynayır və oyun zamanı öz böyüklərinin həyatı barəsində bildiklərini imitasiya edir. Bu istəyi gizlətmək üçün onun heç bir səbəbi yoxdur. Yetkinlərlə bağlı vəziyyət isə, fərqlidir. Digər tərəfdən də, yetkin bir şəxs bilir ki, ondan gözlənilən oyun oynamaq və ya fantaziya qurmaq deyil, real dünyada fəaliyyət göstərməkdir; həmçinin, fantaziyalarına səbəbiyyət verən bəzi istəklər onları gizləmək üçün əsas verir. Uşaqca və izin verilə bilməyən olduqlarına görə, o öz fantaziyalarından utanır.

Soruşacaqsınız ki, əgər insanlar öz fantaziyalarını bir sirr kimi saxlayırsa, bəs onda onlar haqqında bu qədər çox şeyi necə bilirik? Bəli, bir tanrı olmasa da, amansız bir tanrıça olan Zərurət bir qrup insanı məcbur edir ki, onlar özlərinə əzab və xoşbəxtlik verən şeyləri söyləsinlər [3]. Bu insanlar ruhi müalicə olunmaqdan ötrü başqa şeylərlə bərabər öz fantaziyalarını da doktora danışmaq məcburiyyətində qalan əsəb narahatlığı qurbanlarıdır. Xəstələrimizin bizə sağlam insanlardan eşidə bilməyəcəyimiz heç bir şeyi söyləmədiyini hesab etmək üçün güclü əsaslara malik olduğumuzdan bəri, onlar bizim ən yaxşı bilik mənbəyimiz olmuşdur.

İnsanları bədbəxt hiss etdirən nədir?

Gəlin, fantaziyaların bir neçə xüsusiyyəti ilə tanış olaq. Ondan başlaya bilərik ki, xoşbəxt insan deyil, məhz məmnunsuz insan fantaziya qurur. Fantaziyaların hərəkətverici qüvvəsi doyurulmamış istəklərdir; hər bir fantaziya bir istəyin yerinə yetməsi və məmnunedici olmayan reallığın korreksiyasıdır. Belə hərəkətverici istəklər fantaziya quran şəxsin cinsiyyətinə, xarakterinə və əhvalına görə dəyişməkdə olub təbii şəkildə iki ana qrupa ayrılır. Biri subyektin şəxsiyyətini ucaltmağa yarayan ambisiyalı, digəri isə erotik istəklərdir. Gənc qadınlarda demək olar ki sadəcə erotik istəklər hökmranlıq edir, çünki onların ambisiyası bir qayda olaraq erotik meyillər tərəfindən absorbsiya edilir. Cavan kişilərdə isə, erotik olanlarla birlikdə eqoist və ambisiyalı istəklər da ön plana çıxır. Lakin, adətən, bu iki qrup istək arasında müxalifəti deyil, birliyi vurğulamağa üstünlük veririk. Məhz bir çox mehrab lövhələrində xeyriyyəçinin portreti rəsmin bir kənarında görüləcəyi kimi, əksər ambisiyalı fantaziyaların künc-bucağında da fantaziyaqurucu kişinin bütün qəhrəmanlıq işlərini həsr etdiyi və bütün zəfərlərini ayaqları altına sərdiyi xanımı tapa bilərik. Gördüyünüz kimi, burada öz fantaziyalarını ört-basdır eləməkdən ötrü kifayət qədər güclü motivlər vardır; yaxşı tərbiyə olunmuş cavan qadın üçün erotik arzuya sadəcə minimum dərəcədə icazə verilir və cavan kişinin isə, onunkuyla eyni dərəcədə güclü tələbləri olan başqa fərdlərlə dolu bir cəmiyyətdə öz yerini tuta bilməsi üçün öz uşaqlıq günlərindəki ərköyünlyündən miras qalan özsayğısını basqılamağı öyrənməsi lazımdır**.

Bu təxəyyül fəaliyyəti məhsullarının - müxtəlif fantaziyaların, xəyala dalmaların və gündüz-röyalarının - strereotipik və dəyişməz olduğunu düşünməməliyik. Əksinə, onlar özlərini subyektin dəyişən həyat təəssüratlarına uyğunlaşdırır, subyektin vəziyyəti ilə bağlı hər dəyişikliyə ayaq uydurur və hər yeni aktiv təəssüratdan “zamanın damğası” deyilə biləcək şeyi əxz edirlər. Ümumiyyətlə, fantaziyanın zamanla əlaqəsi çox əhəmiyyətlidir. Düşünməyimiz zamanın üç momenti çərçivəsində mümkün ola bildiyi kimi, fantaziyanın da üç zamanın arasında get-gəl etdiyini deyə bilərik. Zehni fəaliyyət mövcud bir təəssürat ilə, yəni subyektin böyük istəklərindən birini oyandıran mövcud təhrikedici durumla bağlantılıdır. Zehin belə bir durumla qarşılaşdığı zaman bu istəyin yerinə yetdiyi (adətən uşaqlıqda yaşanmış) daha əvvəlki təcrübəni xatırlayaraq gələcəklə əlaqəli onun yerinə yetməsini təmsil edən bir situasiya yaradır. Dolayısıyla, gündüz-röyası və ya fantaziya zehin tərəfindən yaradılmış olub təhrikedici olayın və keçmişin izlərini öz bağrında daşıyır. Bu üzdən, keçmiş, indi və gələcək sanki içlərindən keçən istək ipi vasitəsilə bir araya gətirilmişdir.

Dediklərimi aydınlaşdırmaq üçün çox sadə bir misal çəkəcəyəm. Fərz edək ki, kasıb və yetim bir oğlana ona iş tapa biləcək bir işverənin adresini verdiniz. O zaman bu oğlan sözügedən adresə gedərkən yolda mövcud situasiyaya uyğun şəkildə bir gündüz-röyasına qapıla bilər. Onun fantaziyası bəlkə də aşağıdakıları ehtiva edəcəkdir: bir işə alınır, yeni işverəni tərəfindən yaxşılıq görür, işverən üçün əvəzedilməz birinə çevrilir, işverənin ailəsindən biri olur, ailənin cavan və cazibədar qızı ilə evləndikdən sonra əvvəlcə işverəninin şəriki, nəhayətində onun xələfi kimi bütün biznesi idarə etməyə başlayır. Xəyalpərəst oğlan özünün bu fantaziyasında xoşbəxt uşaqlıq illərində sahib olduğu şeyləri - sığındığı doğma evini, müşfiq valideynlərini və öz sevgidolu duyğularınının ilk nəsnələrini - yenidən əldə etmişdir. Bu misalda bir istəyin indiki zamanda mövcud olan bir durumdan istifadə edərək gələcəyin bir mənzərəsini keçmişin modeli əsasında necə yaratdığını görə bilərsiniz.

“Kişilər qadınlara, qadınlar kişilərə bənzəməz”

Fantaziyalar haqqında deyiləcək hələ çox şey var; lakin mən mümkün olduğu qədər qısa şəkildə bəzi nöqtələrə qısaca toxunacağam. Fantaziyaların aşıb-daşmağa və həddən artıq güclü hala gəlməyə başlaması bir nevroz və ya psixoz başlanğıcının ortaya çıxmasına şərait yaradır. Üstəlik, fantaziyalar xəstələrimizin şikayət etdiyi əzabverici simptomların ən yaxın zehni sələfləridir. Buradan patologiyaya kəsəsinə gedən çoxlu yollar çıxır.

Fantaziyalar və röyalar arasındakı əlaqənin üstündən keçə bilmərəm. Röyaların yozumundan bilirik ki, gecə gördüyümüz röyalar bu cür fantaziyalardan başqa bir şey deyildir. Dil öz müqayisəyəgəlməz müdrikliyi ilə, çox uzun müddət əvvəl zərif fantaziya məhsullarına “gündüz-röyaları” adını verməklə röyaların əsas təbiətinin nə olduğu məsələsinə işıq tutmuşdur. Buna baxmayaraq, röyaların mənası bizə ona görə gizli qalır ki, gecələri bizdə utandırıcı istəklər doğur; bu istəkləri özümüz-özümüzdən gizlətməli olduğumuza görə, onlar basdırılmışdır***, yəni şüurxaricinə itələnmişdir. Bu cür basdırılmış istəklər və onların törəmələrinin yalnızca çox təhrif edilmiş bir şəkildə öz ifadəsini tapmasına izin verilir. Elmi araşdırma vasitəsilə röyada bu təhrif olunma faktorunun aydınlaşdırılmasına nail olunsa, gündüz-röyaları, yəni fantaziyalar kimi gecə-röyalarının**** da məhz eyni şəkildə istəklərin gerçəkləşməsi olduğunu başa düşmək artıq çətin olmaz.

Fantaziyalar barəsində bu qədər kifayətdir. Gəlin indi, yaradıcı yazara keçək. Görəsən, yaradıcı yazıçını “günün günorta çağındakı bir xəyalpərəstlə”, onun əsərlərini isə gündüz-röyaları ilə müqayisə etməyə təşəbbüs edə bilərikmi? Lakin burada ilk əvvəl bir ayrım etməyimiz lazımdır. Qədim dastan və tragediya müəllifləri kimi hazır mövzuları işləyən yazıçılarla öz mövzularını özləri yaradan yazıçıları bir-birindən ayırmalıyıq. Biz ikinci növ yazıçıların üzərində dayanacağıq. Müqayisəmizin məqsədinə müvafiq olaraq tənqidçilər tərəfindən ən yüksək qiymət verilən yazıçıları deyil, hər iki cinsdən ən geniş və ən həvəskar oxucu kütləsinə sahib nəsr, roman və qısa hekayə yazan daha az pretenziyalı yazıçıları seçəcəyik. Hər şeydən əvvəl, belə yazıçıların əsərlərinə aid bir xüsusiyyəti nəzərdən qaçırmamalıyıq: bu cür əsərlərin diqqət mərkəzi halına gələn bir qəhrəmanı vardır ki, müəllif onun simpatiyamızı qazanması üçün hər vasitəyə əl atır və onu sanki ilahi bir qüvvənin mühafizəsi altına alır. Oxuduğum belə bir hekayənin bir fəslinin sonunda qəhrəman şüursuz, ağır yaralanmış bir halda və yaralarından qan axarkən təsvir olunursa, növbəti fəslin əvvəlində onun qayğıkeşliklə qeydinə qalındığını və sağalmağa başladığını görəcəyimə əmin oluram. Əgər ilk cild qəhrəmanın gəmidə fırtınaya yaxalanması ilə bitirsə, ikinci cildin açılışında onun möcüzəli şəkildə qurtulmasına əmin oluram-ki, belə bir qurtuluş olmadan hekayə davam edə bilməzdi. Təhlükəli macəralar sırasında qəhrəmanı izlərkən məndə yaranan güvənclik hissi məhz real həyatda boğulan bir insanı qurtarmaq üçün özünü suya atarkən və ya güllə-boran altında düşmən qüvvələrinin üstünə şığıyarkən həqiqi bir qəhrəmanın yaşadığı hiss ilə eynidir. Ən yaxşı yazıçılarımızdan birinin bənzərsiz bir şəkildə ifadə etdiyi də məhz bu həqiqi qəhrəmanlıq hissidir: “Mənə heç nə ola bilməz!”[4]. Lakin mənə elə gəlir ki, bu aşkar xarakteristika və ya zərərgörməməzlik səbəbilə, bütün hekayələrin və bütün gündüz-röyalarının bu bənzər qəhrəmanının Əlahəzrət Eqo olduğunun dərhal fərqinə vara bilərik [5].

Bu eqosentrik hekayələrin başqa tipik xüsusiyyətləri də eyni bənzərliyin olduğuna işarə edir. Belə romanlarda bütün qadınların dəyişməz şəkildə qəhrəmana aşiq olmasının reallığı əks etdirdiyini demək olduqca çətindir, lakin onu bir-gündüz-röyasının gərəkli bir elementi kimi başa düşmək asandır. Eyni şeyi real həyatda müşahidə edilən insan xarakterlərinin çeşidlilik göstərməsinə baxmayaraq, hekayədəki xarakterlərin yaxşı və pis olaraq ikiyə bölünməsi barəsində də demək olar. “Yaxşı” olanlar hekayənin qəhrəmanı halına gələn eqonun köməkçiləri, “pis” olanlar isə, onun düşmənləri və rəqibləridir. Sadəlövh gündüz-röyası modelindən çox uzaq olan yığınlarla ədəbi əsər olduğunu çox yaxşı bilirik. Lakin yenə də, bu modeldən ən ekstrimal sapmaların belə aramsız keçid vəziyyətləri sırası ilə əlaqələndirilə biləcəyindən şübhə etməyə bilmirəm. “Psixoloji” roman olaraq bilinən əsərlərin çoxunda sadəcə bir şəxs - yəni, yenə də qəhrəman - daxilən təsvir olunur. Sanki yazıçı onun zehnində oturub kənardan digər xarakterləri müşahidə edir. Ümumiyyətlə, şübhəsizdir ki, modern yazıçının əsərdə özünümüşahidə yoluyla öz eqosunu bir çox hissəyə bölmə və nəticədə, öz zehni həyatındakı ziddiyyətli cəhətləri bir neçə qəhrəmanda şəxsləndirmə təmayülü psixoloji romanın spesifik təbiətidir. “Ekssentrik” olaraq xarakterizə edilə bilən bəzi romanların gündüz - röyası tipi ilə çox böyük təzad təşkil etdiyi görsənir. Belə əsərlərdə qəhrəman kimi təqdim edilən şəxs çox az aktiv rol oynayır; yəni, başqa insanların əməlləri və iztirabları qarşısında o, bir tamaşaçı kimi davranır. Zolyanın nisbətən sonrakı əsərlərinin bir çoxu bu kateqoriyaya aiddir. Lakin qeyd etməliyəm ki, kreativ yazıçı olmayan və sözdə normadan bəzi cəhətlərinə görə kənarlaşan fərdlərin psixoloji analizi eqonun tamaşaçı rolu ilə kifayətləndiyi bənzər gündüz - röyası variasiyalarının olduğunu göstərmişdir.

Yaradıcı yazıçı ilə gündüz-röyagörən***** və poetik yaradıcılıq ilə gündüz-röyası arasında apardığımız müqayisə hər şeydən əvvəl bu və ya digər şəkildə səmərəli olduğu halda bir dəyər kəsb edəcəkdir. Məsələn, gəlin, fantaziya ilə üç cür zaman və onların içindən keçən istək arasındakı əlaqə ilə bağlı daha əvvəl irəli sürdüyümüz tezisi bu yazıçıların əsərlərinə tətbiq etməyə və onun köməyilə, yazıçının əsərləri ilə öz həyatı arasındakı bağlantıları araşdırmağa çalışaq. Bir qayda olaraq heç kimsə hansı gözləntilərlə bu problemi araşdıracağını bilməmişdir; və çox zaman sözügedən bağlantı barəsində çox bəsit terminlər çərçivəsində düşünülmüşdür. Fantaziyalardan qazandığımız içgörünün****** işığında, məsələnin aşağıdakı kimi olduğunu gözləməliyik. Mövcud güclü bir yaşantı kreativ əsərdə yerinə yetməyə imkan tapa biləcək bir istəklə bağlı (adətən uşaqlıq çağına aid olan) erkən bir yaşantının xatirəsini kreativ yazıçıda oyandırmaqdadır. Əsərin özü isə, mövcud təhrikedici olayla yanaşı, köhnə xatirənin elementlərini də daşıyacaqdır [6].

Bu formulun qarmaşıqlığından təlaşlanmayın. Düzü, bunun olduqca yetərsiz bir model olacağını zənn edirəm. Lakin bu, qazandığım təcrübələrdən deyə bilərəm ki, məsələnin gerçək üzü üçün ilkin yanaşma kimi nəzərə alınmağa layiq ola bilər. Kreativ yazıçılara bu şəkildə baxmağın səmərəsiz olmayacağını düşünürəm. Unutmayın ki, yazıçının uşaqlıq xatirələri üzərində bu vurğu - bəlkə də belə bir vurğu təəccüblü gələcəkdir - yekun nəticədə, kreativ əsərin də gündüz-röyası kimi keçmişdəki uşaqlıq oyunlarının bir davamı və ya əvəzedicisi olduğunu ehtiva edən mülahizədən qaynaqlanır.

Özün haqqında bilmədiyin 10 şey

Buna baxmayaraq, hazır və bilinən mövzuları yeni tərzdə işləyən qeyri-orijinal kreativ əsərləri də nəzərə almağı gözardı etməməliyik. Burada belə, yazıçı həm mövzu seçimində, həm də seçilən mövzuda sıxlıqla çox geniş dəyişikliklər aparmaqda azaddır. Bu hazır mövzuların mənbəyi miflər, əfsanələr və pəri nağıllarının zəngin milli xəzinəsidir. Xalq psixologiyasının məhsulu olan bu janrlar hələlik kifayət qədər araşdırılmamışdır; lakin çox güman ki, məsələn, miflər bütün millətlərin istəkdolu fantaziyalarının və insanlığın gənclik dövrünə aid “sekulyar röyalar”ın təhrif olunmuş qalıqlarıdır.

Deyəcəksiniz ki, kreativ yazıçını sərlövhəyə qoymusunuz, amma məqalədə ondan çox fantaziyalar barədə danışdınız. Bəli, özüm də bunun fərqindəyəm, lakin bugünkü bilik səviyyəmiz göz önünə alınarsa, bağışlanacağımı umuram. Bacara bildiyim tək şey fantaziyaların araşdırılmasından yola çıxmaqla ədəbi mövzu seçimi problemini ələ almağa cəsarət etmək və bu barədə bəzi mülahizələr ortaya atmaqdır. Digər problemə gəlincə, yazıçıların öz əsərləri ilə üzərimizdə emosional effektler doğurmağa necə nail olduğuna hələ də toxunmadıq. Ancaq heç olmazsa, fantaziyalar haqqında müzakirəmizdən poetik təsirlər probleminə gedən yolu göstərmək istəyirəm.

Gündüz-röyagörənlərin utancverici olaraq gördüyü üçün öz fantaziyalarını digər insanlardan diqqətlə gizlətdiyini xatırlayacaqsınız. Burada əlavə etməliyəm ki, o, öz fantaziyalarını bizə söyləsəydi belə, bu bizim üçün heç də xoş olmazdı. Belə fantaziyaları öyrəndiyimiz zaman onlar bizdə ya ikrah hissi yaradır, ya da onları soyuq qarşılayırıq. Amma kreativ bir yazıçı özünün oyunlarını bizə təqdim etdiyi və ya öz şəxsi gündüz-röyaları kimi gördüyümüz şeyləri bizə anlatdığı zaman yəqin ki bir çox qaynağın qovuşmasından irəli gələn böyük bir həzzi təcrübə edirik. Yazıçının bunu necə bacardığı onun ən məhrəm məsələsidir; burada ars poetica*******əsasən, şübhəsiz ki, hər bir eqo ilə digərləri arasında olan baryerlərlə bağlı olaraq içimizdəki geri təpmə hissinin öhdəsindən gəlmə texnikasında yatmaqdadır. Bu texnika vasitəsilə istifadə edilən metodlardan ikisini təxmin edə bilərik. Yazıçı eqoist gündüz-röyalarının xarakterini dəyişdirərək və gizlədərək öz fantaziyalarını səhnələşdirməklə əldə etdiyi tamamilə formal - yəni, estetik-həzz məhsulunu bizə rüşvət verir. Daha dərin psixi qaynaqlardan nəşət tapan daha böyük həzlərin meydana çıxmasını mümkün qılmaq üçün bizə verilən bu cür bir həzz məhsuluna “təşviq bonusu” və ya “ön - həzz” adını veririk [7]. Məncə, kreativ bir yazıçının bizə verdiyi estetik həzz tamamilə bu cür bir ön-həzz xarakteri daşıyır və yaradıcı bir əsərdən aldığımız gerçək həzz zehnimizin gərginlikliklərdən qurtulmasından qaynaqlanır. Ola bilsin, yazıçının artıq özümüzü məzəmmət etmədən və ya utanmadan öz gündüz-röyalarımızdan zövq ala bilməyimizi mümkün qılmasınının da bunda az təsiri olmamışdır. Bu bizi yeni, maraqlı və mürəkkəb məsələlərin astanasına-amma eyni zamanda da, ən azından indilik, müzakirəmizin sonuna-gətirir.

* Gündüz röyası (ing. day dream) - bu söz azərbaycancaya “gündüz xəyalı” kimi çevirilir. Zənnimizcə, bu yanlış tərcümədir. Başqa rast gəldiyimiz bir tərcümə “ayıqlıqda yuxugörmə”dir. Bunun da terminoloji olaraq uyğunsuz olduğunu düşünürük. Gündüz röyaları bəzən dalıb getdiyimiz zaman yaşadığımız xəyali bir şeydir. Burada röyalardakı kimi xəyallar simvolik deyil, gizli bir şeyi təmsil etmir; arzuladığımız şeyi birbaşa görürük. Məsələn, bir adam öz gündüz röyasında məşhur bir insan kimi minlərlə insana uzaqdan əl yellədiyini və insanların ona yaxınlaşmaq üçün az qala bir-birini tapdaladığını təsəvvür edərək çox canlı şəkildə görə bilər və s.

[1] Ludoviko Ariosto (1474-1533) - italyan renessansının ən kamil nümunəsi hesab edilən “Orlando Furioso” adlı epik poeması ilə şöhrət tapmış şair 1503-cü ildə bir hersoq oğlu olan Kardinal İppolito d’Estenin himayəsinə girmişdir. “Orlando Furioso” əsərini Kardinala həsr edən şairin yeganə mükafatı bu sual olmuşdu: “Ludoviko, birbelə hekayəni hardan tapdın?” (ingilizcə tərcüməçiyə məxsus bu qeydə tərəfimizdən əlavələr edilmişdir - azərb. tərc. qeydi)

[2] Freydin zarafatlar barəsindəki əsərinin 7-ci fəslinin 7-ci hissəsinə baxa bilərsiniz: Strachey, J. (1960). The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Volume VIII (1905): Jokes and their Relation to the Unconscious, i-vi. The Hogarth Press and the Institute of Psycho-analysis, London

[3] Bu, Hötenin “Torquato Tasso”sunun final səhnəsində şair-qəhrəmanın dediyi məşhur sözə kinayədir:

Und wenn der Mensch in seiner Qual verstummt,

Gab mir ein Gott, zu sagen, wie ich leide

“Və insanlıq çəkdiyi əzablardan lala dönsə də, bir tanrı mənə necə əzab çəkdiyimi anlatmaq gücü verdi”

** Gündüz röyalarının erotik və ambisiyalı olmaqla iki prinsipial hədəfi barəsində Freyd “Psixoanalizə giriş”in 5-ci dərsinin sonlarında danışır: “Gündüz röyaları fantaziyalardır. Bunlar çox geniş yayılmış fenomenlər olub həm xəstəlikdə, həm də normal halda müşahidə edilə bilər. Onu hər kəs öz üzərində öyrənə bilər. Bu fantaziya məhsullarının ən nəzərəçarpan xüsusiyyəti onların “gündüz röyaları” deyə adlandırıldıqları halda röyaların iki ortaq elementini ehtiva etməməsidir. Onların adı röyaların birinci ortaq elementi olan yuxu halı ilə ziddiyyət təşkil edir. Röyaların ikinci ortaq elementi olan bir şeyin təcrübə edilməsi və ya hallüsinasiya olaraq görülməsi yerinə gündüz röyalarında bir şey məhz təsəvvür edilir. Yəni, şəxs bilir ki, bu bir fantaziyadır; görülən deyil, düşünülən şeydir. Bu gündüz röyaları sıxlıqla uşaqların son illəri kimi yeniyetməlik öncəsi erkən bir dövrdən başlayıb yetkinlik illərinə qədər davam edərək sonra ya ortadan qalxır, ya da ömür böyunca davam edir. Bu fantaziyalara hakim olan motivlər çox aydındır. Onlar eqoist, ambisiyalı və güclə bağlı arzuların doyurulmasını əks etdirən səhnələr və olaylardır. Gənc kişilərdə adətən bir ambisiyanı əks etdirən fantaziyalar - buna qısaca ambisiyalı fantaziyalar deyilə bilər - hakimdir. Qadınlarda isə sevgidə müvəffəqiyyət qazanmaq ehtirasını təcəssüm etdirən erotik fantaziyalar hakimdir. Amma kişilərdə də arxa planda erotik arzunun mövcud olduğu görsənir; nəticədə, bütün qəhrəmanlıq əməlləri və hadisələri sadəcə olaraq qadınların heyranlığını və rəğbətini qazanmaq üçündür. Digər tərəfdən, bu gündüz röyaları növbənöv olub gələcəkdə müxtəlif dəyişiklərə məruz qalır. Onlar hər biri növbəylə ya qısa bir müddət sonra tərk edilir və yeni birisi ilə əvəz olunur və ya uzun hekayələrə əyirilərək varlığını qoruyub saxlayır və gündəlik tələblərə uyğunlaşdırılır. Onlar zamanla ayaqlaşır və söyləmək mümkünsə, öz üzərlərində yeni situasiyanın təsirini şahidlik edən “zamanın damğası”nı daşıyır. Gündüz röyaları ədəbiyyatın xammalıdır, buna görə də yazıçılar onları transformasiyaya uğradaraq, maskalayaraq və ixtisar edərək öz hekayələrinə, romanlarına və dramlarına daxil etdikləri situasiyaları yaradırlar. Bununla yanaşı, gündüz röyalarının qəhrəmanı hər zaman ya birbaşa, ya da başqa birilə şəffaf eyniləşmə vasitəsilə fərdin özüdür” (https://eduardolbm.files.wordpress.com/2014/10/a-general-introduction-to-psychoanalysis-sigmund-freud.pdf s.82-83)

[4] “Es kann mir nix geschehen!”-Vyanalı dramaturq Anzenqruberin bu sözü Freydin favoritlərindən biri idi.

***Basdırma [ing. repression] - bu sözün dilimizdə qarşılığı dəqiqləşməmişdir. “Repressiya” olaraq ingilizcəsini istifadə etməyin uyğun olmadığını düşünürük. Doğma dilimizdə qarşılığı tapılması gərəkli sözlərdən biridir bu (səbəblərini burada izah etməyəcəyik). Freydin arxeologiyaya olan marağını və bəzi metaforalarını nəzərə aldığımızda türkcədəki “basdırma”nın psixoanalitik mənada uğursuz olmadığını düşünürük. Dilimizə də uyğundur. Hətta, “basdalama” da demək mümkündür.

****Gecə-röyası [ing. night-dream] - yəqin ki, bildiyimiz, yəni gecələri gördüyümüz röya nəzərdə tutulmuşdur. Freyd, röya ilə gündüz-röyası arasındakı bənzərliyə, görünür, təkrar diqqət çəkmək üçün belə ifadə etmişdir.

*****Gündüz-röyagörən [ing. Day-dreamer] - “işverən” sözü necə ki “iş verən adam və ya şəxsin” qarşılığıdırsa, “gündüz-röyagörən”i də “gündüz-röyası görən”in qarşılığı olduğunu düşünərək uzunçuluqdan da qaçınmış olduq. Yəni, gündüz-röyasını görən şəxs, gündüz-röyasının subyekti

[5] “Narsissizm üzərinə” məqaləsinə baxın: Freud, S. (1914). On Narcissism. The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Volume XIV (1914-1916): On the History of the Psycho-Analytic Movement, Papers on Metapsychology and Other Works, 67-102

[6] Oxşar bir görüşü Freyd hələ 1898-ci il 7 iyul tarixli Flissə məktubunda irəli sürmüşdü

******İçgörü (ing. insight)-“insight” sözünü dilimizdə qarşılayan bir söz tapa bilmədik. Amma olduqca önəmli məfhumdur, istər psixologiyada, istərsə də psixiatriyada; istər nəzəri, istərsə də praktik.“İnsight” spesifik bir kontekst çərçivəsində spesifik bir səbəbin və effektin anlaşılmasıdır. “İnsihgt” fərqli anlamlarda istifadə edilə bilər: bir qırıq məlumat (a), şeylərin daxili təbiətini anlama və ya sezmə aktı (b), bir içəbaxış və ya içmüşahidə (c), intellekt və ya noesis olaraq adlandırılan kəskin müşahidə, ayırd eləmə, dərk etmə və deduksiya etmə gücü (d), bir model, bir kontekst və ya ssenaridəki münasibət və davranışların təyin edilməsinə əsaslanan bir səbəb və nəticə anlayışı (e)

*******Yəni, “Poeziya sənəti”. Horatsinin eyniadlı əsəri vardır

[7] Bu “ön-həzz” və “təşviq bonusu” nəzəriyyəsi Freyd tərəfindən zarafatlar haqqında yazdığı kitabın 4-cü fəslinin axırıncı paraqrafında zarafatlar üzərində tətbiq edilmişdir. “Ön-həzz”in təbiəti, həmçinin, “Üç esse”də də müzakirə olunmuşdur. Kobud şəkildə xülasə etsək, Freyd sözügedən əsərdə bunu qeyd edir ki, “ön-həzz” yazıçının bizə təqdim etdiyi forma, biçim və ya estetika sayəsində təmin edilir, amma bu böyük bir həzz olmur. Lakin, yazıçının bizi təmin etdiyi bu ön-həzz vasitəsilə içimizdəki müqavimət, bəzi yasaq şeylərdən həzz almağımıza qarşı çıxan güc ortadan qalxır və daha böyük həzz hasil olur. Belə deyək: şüurxarici şəkildə basdırılmış istəklərimiz vardır, yazıçı formal və ya estetik ifadə tərzi ilə (ki bunun özü bizdə ön-həzzin hasil olmasına səbəb olur) bu basdırmaları aradan qaldırır və bu basdırmalara sərf etdiyimiz enerji sərbəst qalaraq həzzə çevrilir. Misal üçün, mədəni bir yerdə birbaşa ayıb bir şey söylənməsi qəbuledilməzdir. Amma ayıb bir şeyin mədəni bir yerdə incə və zarafatla deyilməsi onu söyləyən şəxslə və ya o sözlə aramızdakı baryeri ortadan qaldıraraq həzz ortaya çıxmasına səbəb olur. Verdiyimiz izahların çox qaba olduğunu unutmamalısınız. Daha geniş baxa bilərsiniz: Strachey, J. (1960). The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Volume VIII (1905): Jokes and their Relation to the Unconscious, i-vi. The Hogarth Press and the Institute of Psycho-analysis, London [ingilizcə tərcüməçiyə məxsus bu qeydə tərəfimizdən əlavələr edilmişdir-azərb. tərc. qeydi].

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR