Meymundan insana - Darvin dünyanı necə dəyişdi?

Maykl H. Hart

Elmi-kütləvi
Photo
Çarls Darvin

Təbii seçmə yoluyla təkamül nəzəriyyəsinin banisi Çarls Darvin Avraam Linkoln ilə eyni tarixdə, 12 fevral 1809-cu ildə İngiltərənin Şrusberi şəhərində anadan olmuşdur. Darvin on altı yaşındaykən tibb oxumaq üçün Edinburq Universitetinə daxil oldu, lakin həm tibb, həm də anatomiya ona cansıxıcı gəldiyinə görə bir müddət sonra ilahiyyat təhsili almaq üçün Kembric Universitetinə keçdi. O, Kembricdə dərslərdən daha çox at minmə ilə atıcılığı sevdi. Bununla belə, müəllimlərindən birinə təsir göstərməyi bacardı və həmin müəllim onun H.M.S. Biql araşdırma gəmisinin səyahətlərindən birində təbiət alimi kimi iştirak etməsi üçün təklif verdi. Darvinin atası hesab edirdi ki, bu cür səyahət yalnız bir gəncin ciddi iş görməyini gecikdirməyə yarayacaq yeni bəhanədir və Çarlsın bu öhdəliyi qəbul etməsinə əvvəlcə razı olmadı. Lakin ata Darvin bu səyahətə icazə vermək üçün inandırıla bildi, çünki bu, Qərbin elm dünyasının ən məhsuldar okean səyahətlərindən biri olacaqdı.

Darvin Biql ilə 1831-ci ildə yelkən açarkən 22 yaşında idi. Sonrakı beş il ərzində Biql Cənub Amerika sahillərində gəzərək, okeandakı tənha Qalapaqos adalarında araşdırma edərək, Pasifikdəki digər adalara, Hind Okeanına və Cənubi Atlantikə baş çəkərək dünyanı dolaşdı. Bu uzun səyahət əsnasında Darvin bir çox təbiət möcüzəsi gördü, primitiv qəbilələri ziyarət etdi, çoxlu sayda fosil tapdı, habelə bir çox bitki və heyvan növləri üzərində müşahidə apardı. Bundan əlavə, o, gördüyü hər şey haqqında geniş qeydlər tutdu. Bu qeydlər, demək olar, Darvinin bütün gələcək işlərinin əsasını təşkil etdi, nəzəriyyələrini inandırıcı edəcək saysız-hesabsız dəlil xəzinəsini və müəyyən fikirləri bu qeydlərdən əldə etdi.

1836-cı ildə Darvin vətəninə geri qayıtdı və sonrakı iyirmi ildə İngiltərənin ən qabaqcıl bioloqlarından biri kimi nüfuz qazanmasını təmin edəcək silsilə kitablar nəşr etdirdi. Darvin hələ 1837-ci ildə heyvan və insan növlərinin dəyişməz olmadığı, geoloji tarix boyu keçirdikləri təkamül nəticəsində ortaya çıxdığı qənaətinə gəlmişdi. Lakin həmin dövrdə nəyin bu təkamülə gətirib çıxardığını Darvin bilmirdi.

Dinlə elm daim toqquşacaqdır

Darvin 1838-ci ildə Tomas Maltusun "Əhali haqqında esse" adlı əsərini oxudu və bu kitab ona həyat uğrunda mübarizədə təbii seçmənin əsas məsələ olduğu fikrinə gətirib çıxaran mühüm ip ucu verdi. Darvin, hətta təbii seçmə prinsipini düsturlaşdırdıqdan sonra da, fikirlərini açıqlamaq üçün qətiyyən tələsmədi. Darvin ortaya atdığı nəzəriyyənin mütləq möhkəm əleyhdarlıqla üzləşəcəyini gördü və bu səbəbdən uzun müddət hipotezinin leyhinə dəlilləri yığmaq və analizlər təşkil etməklə məşğul oldu.

Darvin, nəzəriyyəsinin əsas prinsiplərini 1842-ci ildə yazdı, 1844-cü ildə isə artıq geniş bir kitab üzərində işləyirdi. 1858-ci ilin iyun ayında, Darvin böyük əsəri üzərində hələ də əlavə və dəyişikliklər edərkən, o əsnada Şərqi Hindistanda olan ingilis təbiət alimi Alfred Rassel Uollesdən, öz təkamül nəzəriyyəsinin əsas xəttlərini açıqlayan yazı aldı. Uollesin nəzəriyyəsinin bütün əsas nöqtələri Darvinin irəli sürdükləri ilə eyni idi! Uolles nəzəriyyəsini tamamilə tək başına təkmilləşdirmiş və nəşrə verməzdən əvvəl tanınmış bir elm adamının fikir və şərhlərini öyrənmək üçün qaralamasını Darvinə göndərmişdi. Bu, xoşagəlməz birincilik mübarizəsinə asanlıqla çevrilə biləcək utancdırıcı vəziyyət idi. Lakin belə olmadı, Uollesin hipotezi və Darvinin kitabının əsas prinsipləri birləşmiş hipotez kimi növbəti ay elm şurasına təqdim edildi.

Qəribədir ki, bu təqdimat elə də böyük maraqla qarşılanmadı. Darvinin növbəti il nəşr olunan "Növlərin mənşəyi" adlı kitabı isə böyük təlatüm yaratdı. Hətta, elm adamı olub-olmamasından asılı olmayaraq, hər kəs tərəfindən eyni həddə möhkəm və ətraflı mübahisə mövzusu olan başqa bir kitab tapmaq mümkün deyil. 1871-ci ildə Darvin "İnsanın mənşəyi və cinsi seçmə" adlı əsərini nəşr etdikdə mübahisələr hələ də davam edirdi. Bəşər övladının meymuna bənzər varlıqlardan törəməsi düşüncəsini irəli sürən bu kitab, onun hirsli əleyhdarlarını xeyli alovlandırdı.

Təkamül, Təhsil və Müsəlmanlar

Darvin, nəzəriyyələri haqqında keçirilən ictimai mübahisə/müzakirələrdə iştirak etməmişdir. Bunun bir səbəbi o idi ki, Biql ilə etdiyi səyahətdən sonra sağlamlığı, böyük ehtimalla Cənubi Amerikada böcək sancması nəticəsində tutulduğu, bəzən təkrarlanan çaqas xəstəliyi səbəbindən pozulmuşdu. Bundan əlavə, təkamül tərəfdarları Tomas H.Xakslinin şəxsində qabiliyyətli müzakirəçiyə və ehtiraslı Darvin nəzəriyyələri müdafiəçisinə sahib idilər. Darvinin həyatını itirdiyi 1882-ci ilə qədər elm adamlarının böyük əksəriyyəti Darvin nəzəriyyələrinin əsasən doğru olduğunu qəbul etmişdilər.

Növlərin təkamülləşməsi fikri xüsusi olaraq Darvinə aid deyil; bu nəzəriyyəni ondan əvvəl irəli sürən kifayət qədər insan var. Bunların arasında fransız təbiət alim J.Lamark və Darvinin öz babası Erasmus Darvin də qeyd edilə bilər. Bununla belə, bu hipotezlərin heç biri, təkamülün necə baş verdiyi haqqında qənaətbəxş açıqlamalar verə bilmədiyi üçün, elm dünyasında qəbul olunmamışdır. Darvinin verdiyi böyük töhfə, sadəcə təkamülün əmələ gəlmə mexanizmini – təbii seçmə – açıqlamaqla kifayətlənməyib, eyni zamanda hipotezi dəstəkləyəcək çoxlu sayda dəlil də verməsidir.

Darvin nəzəriyyəsinin genetikaya əsaslanmadan, hətta bu barədə heç bir məlumat olmadan formalaşdırıldığını qeyd etməyə dəyər. Darvinin dövründə müəyyən xüsusiyyətlərin nəsildən-nəsilə necə ötürüldüyü kimsəyə məlum deyildi. Qreqor Mendel irsiyyət qanunauyğunluqlarını, Darvinin cığır açan kitablarını yazıb nəşr etdiyi illərdə təhlil etməsinə baxmayaraq, Mendelin Darvini çox mükəmməl formada dəstəkləyən işləri, Darvin nəzəriyyələrinin artıq möhkəm oturuşduğu 1900-cü ilə qədər gözardı edildi. Hal-hazırda, irsiyyət qanunauyğunluqları ilə təbii seçməni bir yerə gətirən təkamül nəzəriyyəsi anlayışımız, Darvin tərəfindən ortaya atılmış nəzəriyyə səbəbindən daha bütöv yanaşmadır.

Darvinin bəşər övladının düşüncələri üzərindəki təsiri çox genişdir, tam elmi baxımdan yanaşdıqda isə, biologiyanı başdan-ayağa dəyişdirmişdir. Təbii seçmə həqiqətən də çox geniş prinsipdir; onu antropologiya, sosiologiya, siyasi biliklər və iqtisadiyyat kimi bir çox sahədə tətbiq etmək üçün cəhdlər göstərilmişdir.

Psixoanaliz əslində nədir?

Darvin nəzəriyyələrinin elmi və sosioloji mənalarından bəlkə də daha əhəmiyyətlisi, dini düşüncəyə göstərdiyi təsirdir. Darvin dövründə və bu dövrü izləyən uzun illər boyunca, bir çox dindar xristian bu nəzəriyyələrin qəbul edilməsinin dini inancı baltalayacağına inanmışdı. Dini həssaslıqda özünü göstərən geriləmədə bir çox başqa faktorun da rol oynadığı məlum olsa da, onlar bu qorxularında bəlkə də haqlı idilər. (Darvinin özü də aqnostik idi).

Din faktı xaricində də, Darvin nəzəriyyəsi insanların dünya haqqındakı düşüncələrində böyük dəyişikliyə səbəb olmuşdur. İnsan irqi artıq sanki, bir vaxt olduğu kimi, təbii axışın mərkəzində yer almır. Artıq özümüzü bir çox növdən biri kimi görmək və bir gün başqa növlərin bizim yerimizi tuta biləcəyini qəbul etmək lazımdır. Darvinin fəaliyyətinin nəticəsi olaraq, Heraklitin "dünyada dəyişikliyə uğramayan tək şey dəyişiklikdir" dünyagörüşü daha geniş qəbul edilmişdir. Təkamül nəzəriyyəsinin insanının mənşəyini ümumən açıqlamadakı müvəffəqiyyəti, elmin bütün fiziki suallara cavab vermək qabiliyyətində olduğu inancını gücləndirmişdir. (Ancaq çox təəssüf ki, elm insanın bütün problemlərinə cavab tapa bilmir). Nəzəriyyə "həyat uğrunda mübarizə" və "ən uyğun olanın yaşaması" kimi Darvinə aid terminləri söz dağarcığımıza yerləşmişdir.

Hətta Darvin bu dünyada yaşamasaydı da, məlumdur ki, onun nəzəriyyələri başqaları tərəfindən ifadə ediləcəkdi. Hətta Uollesin tədqiqatı nəzərə alınarsa, bu mülahizə bəlkə də bu siyahıdakı (‘Dünya tarixinə istiqamət verən ən təsirli 100 adam’ siyahısı) hər kəsdən daha çox Darvinə aiddir. Bununla belə, biologiya və antropologiyada inqilab yaradan və insanın dünyadakı yeri haqqındakı fikirlərimizi bu cür dəyişdirən də Darvinin əsərləridir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR