Rami Malik: “Axır ki, mən də nəyəsə nail oldum”

Sənət
Photo

“Bohemiya rapsodiyası” ulduzunun həyat qaydaları

“Bohemiya rapsodiyası” filmində “Queen” qrupunun əfsanəvi solisti Freddi Merkurinin obrazını canlandırmaqla aktyor Rami Malik bu il “Oskar” mükafatına layiq görüldü. Filmdəki parlaq rolu ilə ərəb əsilli amerikalı aktyor həm tamaşaçıların, həm də kinematorafların böyük rəğbətini qazanmışdı. Bilge.az Rami Malikin həyat qaydalarını oxuculara təqdim edir.

“Bohemiya rapsodiyası” taleyin həqiqi bəxşişidir. Təsəvvürünüzə gətirin ki, prodüsserlər məni ancaq çətinliklə danışa bilən bir psix rolunu oynadığım “Mister Robot”da görmüşdülər. Və birdən – musiqi tarixinin ən epotajlı frontmeninin rolu. Onlar bu qərarı necə verdilər? Hələ də mənə çatmır. Yəqin, mənim baxışlarımda nəsə bir tapmaca görmüşdülər.

Birinci gün biz “Live Aid” səhnəsindəki çıxışı çəkirdik. Təsəvvür edin, elə buradan karyera başladı. Mən rahat ola bilməzdim, yoxsa məni evə göndərər, çəkilişi dayandırardılar. Bütün gücümü səfərbər etməli idim. İkinci gün də çəkilişə çağırılanda başa düşdüm ki, sınaqdan keçmişəm.

Elə bilirdim Freddinin rolunu oynamaq mümkünsüz işdir. Birdən ssenaridə belə bir səhnə gördüm: Merkuri döşəmədə uzanıb fortepianoda çalır. Mən belə dedim: “İlahi!”

Freddi kimi bəzənməyi sevdiyimə görə bəxtim gətirdi. Mən hər paltardəyişmə anını səbirsizliklə gözləyirdim və başa düşürdüm ki, makiyajsız, saç düzümsüz və kostyumlarsız məşq edə bilmərəm. Ona görə də çəkilişlər davam edəndə, mən Ramini unudurdum. Evdən Freddi kimi çıxır və hətta çayı da Freddi kimi sifariş verirdim. Adətən olduğumdan daha həyasız olmağı özümə rəva bilirdim, amma təbii ki, məntiq çərçivəsində.

İnanıram ki, “Bohemiya Rapsodiyası”nda nələrin baş verdiyini – kassa uğurunu, premyeranı görsəydi, Freddi ürəkdən həzz alardı. Əminəm ki, baxış zamanı o qəşş edərdi. Sonra isə harasa gedər və doyunca əylənərdi.

Əvvəlcə qabaq dişlər mənə mane olurdu. Belə dişlərlə danışmaq, yemək, öpüşmək çətindir. Ancaq çəkilişlərin sonunda mən elə öyrəşmişdim ki, onlarsız özümü lüt hiss edirdim. Onları nəinki özümdə saxladım, həm də qızılla çərçivələtdirdim. Məncə, Freddi bunu bilsəydi, bu, ona ləzzət edərdi.

Özümü burada və indi hiss etmək mənim üçün vacibdir. Axırıncı dəfə özümü bu cür Afrikada vəhşi heyvanların saxlanma yerində hiss etdim. Zürafələri, filləri görəndə, sanki başqa bir dünyaya düşürsən.

İlk rolumu yuxarı siniflərdə oxuyarkən almışdım. Yadımdadır, bu, Helen Kellerdən bəhs edən “Gerçəkləşən möcüzə” pyesi idi. Kino və televiziyada insanların nə düşündüyünü bilmək vaxt alır. Səhnədə isə tamaşaçılarla əlaqə anlıqdır və heç nə ilə müqayisə oluna bilməz.

Uşaq olarkən böyüyüb aktyor olacağımı düşünmürdüm. Mən Dolinada (Los-Ancelesin bir şəhərciyi) yaşayırdım və əmin deyiləm ki, Beverli-Hillz və ya Hollivud bölgəsinə daxil olduğumu bilirdim. Onların mövcudluğundan belə xəbərim yox idi. Ancaq yaxın yerləri tanıyırdım: Dolina, Şerman-Ouks və Van-Nays.

Mənə elə gəlir, hələ də həyatımın sonunacan kinoda olub-olmayacağımı bilmirəm. Bilirsiz, yaxınlarda mən bir serialda nənə yaşındakı bir qadını gördüm. Və fikrə getdim: o hələ də rol sınaqlarına gedir? Bu qədər işləyəndən sonra sınaqlara getmək nə deməkdir axı?

“Yeraltı imperiya” serialındakı Cimmi Darmodi rolu üçün sınaqlar həqiqətən də xoşuma gəlmişdi. Nəhayətdə bu rol Maykl Pittə nəsib oldu, amma axı o, Maykl Pittdir, ona görə də çox da ürəyinə salmağa gərək yoxdu.

Ən başdan Elliotu cəlbedici və anlaşılan etmək istəyirdim. Hələ də o qaranlıq, qorxunc, atılmış yerlər üçün darıxıram, Elliotun alter eqosu olan Mister Robotun anarxist düşüncəsini başa düşürəm. Sən personajlar arasında, məsələn, Mister Haydedən sonra Ceklili oynamağa başlayanda, sanki uçuruma atlanırsan. Hər dəfə insan psixikasının müxtəlif situasiyalarda necə olduğunu başa düşəndə, daha da inamlı olmağa başladım.

Mənim ilk böyük rolum Tom Henks və Stiven Spilberqin prodüsserliyi ilə baş tutan “Sakit Okean” serialındakı Snaf rolu çox, çox xoşuma gəlmişdi. O, mənim həyatımı dəyişdirdi. Tamamilə ona kökləndim. Sınaqların necə olduğu və bundan sonra Tomun podüsserə nə yazdığı yadımdadır: “Bu oğlanın dəlisov gözləri var”. Və mən düşündüm: “Əla. Ən azından qəribə gözlərim bəs edir ki, Tom məni yenə çağırsın”.

Uşaqlıqda mən hiss edirdim ki, 95 faiz uşağın məxsus olduğu mədəniyyətə deyil, başqa bir mədəniyyətə mənsubam. Evdə biz ərəbcə danışırdıq. Və mən bilirdim ki, daxilən başqa biriyəm.

“Bohemiya Rapsodiyası” haqqında yola vermədiyimizi deyə bilərəm. Bu, həqiqədən də möhtəşəm filmdir.

Özümün olduğu ilk bilbordu görəndə heyrətdən qabaqda gedən maşına dəymişdim. Onda başa düşdüm ki, axırı mən də nəyəsə nail oldum. Amma unutmayın ki, mən bilbordların hər iki həftədən bir dəyişdiyi Los-Ancelesdə doğulmuşam. Bütün sənaye fırlanan qapılar kimidir, girən kimi çıxırsan.

Mən olduqca təhsilli, yaradıcı, şirin bir ailədən çıxmışam. Və mən ailədə Amerikada doğulan ilk adamam. Fikirləşmirəm ki, valideynlərim Atlantik okeanını keçərkən, aktyor-oğul dünyaya gətirməyi qarşılarına məqsəd qoymuşdular. Miqrasiya onların bütün ənənəvi həyat tərzini dəyişdi, ona görə də mən aktyor kimi özümü doğrultmalı, incəsənətdə iz qoymalıydım. Yaxınlarımın ümidlərini puç edə bilmərəm.

Beynimə bir şeyi həkk eləmişəm: mən heç vaxt Freddi Merkuri olmayacam. Ona çatmaq Aya çatmaq kimidir. Ümid edə biləcəyim yeganə şey onun obrazının kvintensessiyasını yaratmaq idi. İştirak etmək və həzz almaq. Bəli, elə personajlar var ki, axşam çiməndə özündən silib atmaq istəyirsən. Amma Freddi başqa aləmdir...

Tanışlarımdan birinin dediyinə görə, mənim karyeramdakı ən böyük uğur “Need for speed” filmində ofisdəki striptizdir. Belə çıxır, hər kəsə bir şey maraqlıdır. Mənim karyeram tələsmədən, mütəmadi inkişaf edib və mənə elə gəlir ki, istənilən yeni rol hansısa mənada sonra gələnə yol açıb. “Mister Robot”da olmasaydım, məni “Bohemiya Rapsodiyası”nda görməzdiniz.

İnsanlar mükafat və şöhrət haqqında danışırlar, amma mənə belə də xoşdur. Bu qədər illik çəkilişdən sonra Brayan Mey və Rodcer Teylorun dostlarım olması faktı məni hədsiz xoşbəxt edir.

İki saat ərzində həyatı insana göstərmək hədsiz çətindir. Biz Freddidə lazım olanı necə göstərə bildik? Onun ölümü, yaxud bu ölümə səbəb olan QİÇS-i xatırlatmamaq mümkünsüz idi. Mən fikirləşirəm ki, əgər lazım olan göstərməsəydin, onun necə yaşadığını, mübarizə apardığını, necə dəyişdiyini göstərməyib necə xəstələndiyini və öldüyünü göstərsəydin bu güclü və parlaq insana qarşı hörmətsizlik olardı.

Necə əjdaha bir insan olduğumdan xəbərim yoxdur – mən belə şeylər barədə düşünmürəm. Məsələ onda deyil ki, Freddi rolundan sonra üzümə bir çox qapılar açıqdır. Ancaq mənə onu, o nadinc gülüşü, təhlükəli baxışı təsvir etmək xoş idi. Dərhal insanların nəyə görə Merkuriyə can atdıqlarını başa düşürsən.

“Mister Robot” mənə danışdığım, etdiyim hər şeydə ehtiyatlı olmağı öyrətdi. Mənə həmişə elə gəlir ki, bizi kimsə izləyir, ancaq biz bunu heç vaxt axıracan bilmirik. Ona görə də ən yaxşısı insanlar ağızlarını açmazdan əvvəl gərək düşünsünlər.

“Bohemiya rapsodiyası”nın sayəsində mən fortepianoda çalmağı öyrəndim. Bu, baş qatmaq üçün əla vasitədir. Əyləncə gecələrində mən əlbəttə, çalmayacam – başlayan kimi məndən “Queen” istəyəcəklər, o isə mənim repertuarımda yoxdur.

Özümün də daxil olduğu nominantların siyahısına baxanda ağlasığmaz hisslər keçirirəm. Hətta ən cəsarətli xəyallarımda belə bu aktyorlarla eyni kampaniyada olacağımı düşünməzdim.

Necə oldusa, Palm-Sprinq kinofestivalında Timotu Şalame ilə rastlaşdım. O, mənim “İntagram”dakı şəkillərimə baxıb gülməkdən uğundu.

Birinci dəfə Avropaya gələndə, cibimdə bir qəpik də yox idi. Ona görə də mənə elə bilirdim ki, buradakı yeməklər bərbaddır, əslində isə normal qidanı özümə rəva görə bilmirdim.

Əgər pulun varsa, yaxşıdır, yoxdursa da normaldır. Sən hər iki situasiyada nəsə öyrənirsən. Kainata mənə indi istədiyim kimi yaşamaq imkanı yaratdığına görə hədsiz minnətdaram. Bəli, sadəcə olaraq yaşamağın da özü böyük uğurdur.

“Esquire” jurnalı

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR