İŞİD-ın İslama nə qədər dəxli var? Təşkilat haqqında həqiqətlər

Toplum
Photo

İŞİD-in ideoloji və teoloji əsasları

Graeme Wood "İŞİD gerçəkdən nə istəyir" adlı yazısına çox nəzərə çarpan bir cümlə ilə başlayır:

"İŞİD, bu gün media və mətbuatda tanıdıldığı kimi, psixopatların birləşib qurduğu bir təşkilat deyil. Üzərində çox işlənmiş və düşünülmüş silsiləvi dini inanca əsaslanan, hal-hazırda yaşadığımız dünyanın sonunu müəyyən edəcək 'apocalypse', yəni 'qiyamətin Qurandakı tərifləri üzərində qurulmuş, gələcəyə istiqamətlənmiş uzaqgörənliyə əsaslanan siyasi təsisatdır''.

İŞİD yaxud da öz ifadələri ilə "İslam Dövləti" prinsip etibarı ilə sülhə qarşıdır, soyqırım törətməyi caiz qəbul edir və öz anlayış və dini inanclarına əsaslanaraq hər cür dəyişiklik əleyhinə getmək məcburiyyətindədir.

İŞİD-ə görə, təşkilat artıq çox yaxınlaşdığımız "qiyamət" gününün baş aktorlarından biri olmağa namizəddir. Bu səbəbdən qiyamət günü ssenarisi bu təşkilatın strategiyası daxilində həqiqətə qarşı qurulmuş alternativ bir dünyanın varlığına işarə edir.

Sorğulamadığımız inanclarımız bizi hansı risklərə atır?

Sələfi cihad anlayışı

Bu gün İŞİD-in varlığı ilə artıq vahid sələfi cihad anlayışı yoxdur. Əfqanıstanın 1998-ci ildə işğalı ilə başlayan sələfi cihadçı hərəkat bir çox mərhələlərdən keçmiş və öz daxilində baş verən mübahisə və bölünmələrlə bu günə gəlmişdir.

Əl-Qaidənin və İŞİD-in ideoloji təməlini yaradan Bin Laden və Zərqavinin müəllimi Fələstin mənşəli Əbu Muhamməd əl-Maqdisi, Zərqavi və İŞİD-lə sonradan yollarını ayırmış və İŞİD-in aksiyalarına qarşı çıxmışdır.

Türkiyədə olduğu kimi, İslam ölkələrinin bir çoxunda İŞİD-in vəhşi qırğınları, qorxunc videoları, şəriət adına tətbiq etdiyi üsullar böyük reaksiyalara səbəb olmuş və İŞİD ''İslamdan kənar terror təşkilatı'' kimi qiymətləndirilmişdir.

İŞİD ''İslamdan kənar''dırmı?

Graeme Wood məqaləsində İŞİD barədə tədqiqat aparan və bu mövzuda mütəxəssis olan Princeton Universitetinin alimi Bernard Haykal ilə məhz bu məsələni müzakirə edir.

İŞİD həqiqətən İslamdan kənardırmı? Livan əsilli, sekulyar dünyagörüşlü Haykal İŞİD-in İslamdan kənar olduğu şərhinə qarşı çıxır.

İŞİD, onun fikrincə, Qurana bağlı dini təsisatdır. Haykal, "İslam sülh dinidir" kimi təriflərin də reallığı əks etdirmədiyini bildirir, İŞİD-in müdafiə etdiyi Məhəmməd Peyğəmbər dövrünün savaş və qarşıdurmalarla keçdiyini, habelə İŞİD-in də bu dövrün müharibə qaydalarını və kodlarını müdafiə etdiyini irəli sürür.

İslam Avropanı necə yaratdı və bu gün necə dəyişir?

''Tətbiqlər''/''üsullar''ın mənşəyi

Bu qaydalar isə bu günki müasir müsəlmanların qəbul etmək istəmədikləri bəzi tətbiqləri ehtiva edir.

Köləlik, çarmıxa gərmə, baş kəsmə kimi tətbiqatlar, yeddinci əsrdə qəbul edilən və düşməni cəzalandırmaq üçün istifadə edilən üsullar idi.

İŞİD əsrlərdir unudulmuş bu üsulları yenidən gün işığına çıxarmış, Quranda bu mövzuyla bağlı deyilənləri tətbiq etməyi özlərinə verilmiş öhdəlik kimi qəbul edərək, törətdiyi bütün vəhşətin əslində İslamın gerçək dəyərlərini müdafiə etmək olaraq şərh etmişdir.

Müsəlmanlığın ilk dövrlərində düşmənlərlə döyüşərkən, baş kəsmə, çarmıxa gərmə, qadınları kölələşdirmə kimi tətbiqlər mübah, hətta lazımlı hesab edilirdi.

"Sizin Romanızı fəth edib, xaçlarınızı parçalayıb, qadınlarınızı kölələşdirəcəyik. Əgər biz o günləri görə bilməsək, uşaqlarımız və nəvələrimiz, sizin uşaqlarınızı əsir bazarında kölə kimi satacaqlar".

Bu sözlər, İŞİD sözçüsü Əbu Məhəmməd əl-Adnaniyə aiddir.

Daha sonra Sancar bölgəsində yezidi xalqına edilən hücum və qadınların qaçırdılaraq əsir kimi İŞİD döyüşçülərinə təqdim edilməsi və bunun Quran və şəriətə uyğun olduğu, qəbul edilən gündəmin həyata keçirilməsindən başqa bir şey deyildi.

Xilafət üçün torpaq lazımdır

18-ci əsrdə Ərəb yarımadasında ortaya çıxan Vəhabi cərəyanı oxşar fikirlərə yer versə də, arada ciddi fərq vardı. Vəhabi cərəyanı "kafirlər" və düşmənlərlə əhatələnmədiyi üçün onsuz da müsəlmanların yaşadığı torpaqları ələ keçərmək üçün döyüşürdü.

İŞİD isə eynilə Müsəlmanlığın ilk dövrləri kimi, düşmənlərlə əhatələnmiş mühitdə İslamı qorumaq və yaymaq üzrə müqəddəs torpaqların yenidən fəthi kimi bir gündəmlə ortaya çıxdı.

Müsəlmanların birliyi üçün xilafətin yenidən qurulması lazım idi, xilafətin qurulması üçün üzərində hökmranlıq qurulacaq torpaqlara ehtiyac vardı. Bu gündəm bütün Yaxın Şərqin yenidən şəkillənməsi demək idi.

Allaha ehtiyac hiss edənlər və etməyənlər

Xilafətin yenidən qurulması

İŞİD-ə görə, Xilafətin yenidən qurulması bütün müsəlmanların ortaq məqsədi və vəzifəsi olmalıdır. Bu vəzifə min ildir yerinə yetirilməmişdir. Osmanlı xilafəti, həm Şəriəti gərəkdiyi kimi tətbiq etmədiyi, həm də xəlifələri Məhəmməd Peyğəmbərin soyundan gəlmədiyi üçün qanuni deyildi.

Müsəlmanın xəlifəyə beyət etmədən ölməsi, onun həqiqi müsəlman kimi yaşamadığını göstərir. Bu məqamda maraqlı bir nüans var, bunları deyən adam daha sonra Osmanlı xilafətinin ortadan qaldırıldığı 1924-cü ildən (Xilafətin) yenidən qurulduğu 2014-cü ilədək ölənlərin inancsız şəxslər kimi öldüklərini söyləyir.

İslamda Qiyamət

Gələcəyi bilən yalnız Tanrıdır. Tanrı, fanilərə gələcəyə dair bəzi ip ucları vermişdir. İŞİD, bu ipuclarını oxumaq və mənalandırmaq məsələsində digər cihadçı hərəkatlardan ayrılmaqdadır.

Əl-Qaidə dünyəvi problemlərlə maraqlanan bir təşkilat kimi, Ərəb yarımadasından müsəlman olmayan hər kəsin qovulması, İsrail dövlətinin aradan qaldırılması, Ərəb dünyasındakı diktator rejimlərinin devrilməsi kimi problemlərə meyil göstərirdi. Bin Laden Qiyamətdən çox nadir hallarda danışırdı.

Laden və Zəvahiri

Brookings İnstitutunun əməkdaşı olan və İŞİD-ə dair tədqiqatlar aparan Will McCants, Bin Laden ilə Eyman əl-Zəvahirinin elit sünni ailələrdən gəldiklərini bildirir; həm Bin Laden, həm də Eyman əl-Zəvahirinin fikrincə, bu cür spekulyativ, gerçəyə əsaslanmayan məlumatlar kütlələr tərəfindən yayılır, əsli olmayan hekayələrdir və onları ciddi qəbul etmək lazım deyil.

İŞİD-in də ilhaq etdiyi torpaqlarda və şəhərlərdə yaşayan xalqlara xidmət göstərmək, pul yığmaq kimi dünyəvi fəaliyyətləri vardı, amma onlar üçün həm də "Son Gün" mövcud idi.

İraqdakı ABŞ işğalının son illərində İraq İslam Dövləti dünyanın sonunun çox yaxınlaşdığını göstərən işarələr görməyə başladığını və İslam güclərini zəfərə aparacaq Mehdinin (xilaskarın) gələcəyini elan etməyə başladı.

Bu söz-söhbətlər Bin Ladenin qulağına çatdıqda, çox sərt bəyanatla bu cür hekayələrin yayılmasına son qoyulmasını istədi.

Dəbiq jurnalı

Lakin Qiyamət ssenarilərinə son qoyulmadı, hətta inkişaf etdi və yayıldı. Bu ssenariyə əsasən on iki qanuni xəlifə olacaqdı və Bağdadi bunların səkkizincisi olaraq gəlmişdi. İslamın cihadçı orduları, "Roma" orduları ilə Suriyada Hələbin tam cənubunda yerləşən Dəbiq qəsəbəsi yaxınlığındakı bir düzənlikdə qarşılaşacaq və zəfər cihad ordularının olacaqdı.

İŞİD təbliğat maşını bu mövzunu mütəmadi gündəmdə tutmağa və inkişaf etdirməyə başladı; 2013-cü ildə ingiliscə nəşr etdikləri jurnalın adı da Dəbiq idi.

Sekulyarların din, millət və seksə yanaşması nədir?

Zərqavi öldürülməmişdən əvvəl etdiyi bir çıxışda, "Qığılcım burada, İraqda alovlandı və onun istiliyi gedərək yüksələcək və xaçlı orduları, Dəbiq alovunda yanıb kül olacaq", – deyirdi.

Hollivud filmi kimi

İŞİD-in özünə aid televiziya yayınlarında Orta əsrlərdən çəkilən Hollivud filmlərindən götürülən vizuallarda atlar üzərində qılınclarla gələn döyüşçülər göstərilir və gələcək zəfərin gözləntisi yaradılırdı.

Cihadçı İslam orduları, Dəbiq zəfərindən sonra xəlifəliyi genişləndirmək üçün Romanın paytaxtı İstanbulu fəth edərək yağmalayacaq, lakin sonra işlər qəfil tərsinə dönəcək və Dəccal (anti-Məsih) Xorasandan böyük ordularla gəlib cihadçılara hücum edəcəkdi.

Bu döyüşdə məğlub olan cihad ordularından 5000 adam sağ qalaraq Qüdsə sığınacaq və orada İsa Peyğəmbər Məsih göydən enərək Dəccalı öldürəcək, müsəlmanları xilas edəcək və özü də Müsəlmanlığı qəbul edərək İslamiyyətin tək din olaraq yaşamasını təmin edəcəkdir.

Həqiqətən də super istehsal Hollivud filmini danışan bu hekayəni gecənin bir aləmində oxuduqda, xeyli təəccübləndim. Roma kimi təyin olunan düşmən əslində Bizans, yəni Şərqi Roma idi və İstanbul da onun paytaxtı Konstantiniyə kimi qeyd edilirdi.

İstanbulda Konstantiniyə jurnalı

Osmanlı imperatorluğu Bizansın davamı, Türkiyə cümhuriyyəti saxta xilafəti ləğv edən "düşmən" idi. Bir sözlə, biz də başı kəsiləcək yaxud da kölə bazarında satılacaq olanlar kateqoriyasına daxil idik.

Demək, növbə bizə də gələcəkdi...

Ertəsi günün səhəri yuxudan qalxdıqda, hər səhər dinlədiyim TV proqramlarının birində belə bir xəbər gedirdi: İŞİD, İstanbulda Konstantiniyə adında bir jurnal nəşr etməyə başladı. Demək, artıq hazırlıqlar başlayıb, qiyamətə doğru yol alırdıq.

Bu qəribə təsadüfdən sonra mövzunu araşdırmağa başladım və qarşıma yeni nəşr edilmiş bir kitab çıxdı. Gənc fransız əsilli alimin, Jean Pierre Filininin "Apocalypse in Islam" adlı kitabını Amazondan taparaq aldım və oxudum.

Kitabı, bu mövzuda maraqlanan hər kəsə tövsiyə edirəm. Kitab, mənim kimi bu mövzuyla ilk dəfə qarşılaşanların belə asanlıqla başa düşə biləcəyi bir dildə Sünni və Şiə teologiyasında qiyamətin necə təsvir olunduğunu, İbni Ərəbidən başlayıb İbni Halduna qədər gələn bir prosesdən bu günə qədər gətirir.

Nəticədə, İŞİD-in qiyamət hekayəsi, bəzi kiçik dəyişikliklər xaricində (məsələn Məsih, yəni İsa Peyğəmbər, Şamdakı böyük məscidin ağ minarəsindən yüksələn ağ bir dumandan enir) Quranda və İslam teologiyasında eynilə vardı.

Demək, İŞİD Quranda yazılanları şərh edən, bu səbəbdən İslamdan kənar olmayan bir təsisat idi.

Elə isə İslam bu gün harada dayanır?...

Melek Ulugay Taylan

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR