Kamilla Klodel – Rodinin kölgəsindən heç vaxt uzaqlaşmayan faciəvi aşiq

Sənət
Photo
Fisun Güner

"Mən ona qızılı harada tapacağını göstərdim, ancaq tapdığı qızıl özünə aiddir".

Bunlar, Oqüst Rodinin ən istedadlı şagirdi Kamilla Klodel haqqında dediyi sözlərdir.

Böyük Fransız heykəltəraşı onu öz qanadı altına alanda, o sadəcə 19, özü isə 42 yaşında idi və Kamillanın qeyri-adi istedadı artıq bəlliydi. Kamilla 20 yaşında, güman ki, özünün ilk böyük əsərini, sonradan məşhur şair və dramaturq kimi öz adını yaradan, özü qədər yüksək istedadlı kiçik qardaşının gil büstünü –16 yaşlı Pol Klodelin Portretini (1884) ərsəyə gətirdi.

Rodin Kamillanın istedadı üçün böyük yaradıcı impuls olduğunu sübut etdi, lakin Klodel ilə sıx əlaqələrinin onun öz yaradıcılığında da bəhrə verdiyi aşkardır. Bu, təxminən 15 il davam edən kompleks tərəfdaşlıqdı, lakin Klodel öz məsləhətçisindən (mentor) uzaqlaşmaq məcburiyyətini hiss edirdi, çünki o, sadəcə Rodinin qabiliyyətli şagirdi deyil, həm də köməkçisi, ilham pərisi və sevgilisi idi. O, istedadının Rodindən asılı olmadan inkişaf etməsi, işlərinin tanınması üçün yeganə yolun ayrılmaq olduğunu başa düşürdü. Lakin Klodelin işığı, Rodindən ayrıldıqdan sonra bir neçə il ərzində qızğın intensivliklə yansa da, yaradıcı həyatı faciəvi şəkildə qısa ömürlü oldu.

Bu il (2017) Rodinin ölümünün yüzüncü ilidir və onun dahiliyinin çoxdan qəbul edildiyini deməyə ehtiyac yoxdur. Üstəlik, beynəlxalq anım sərgiləri proqramına əlavə olaraq, Rodinin ən məşhur əsərlərinin buraxılışları və heykəllərinin daimi sərgiləri çoxdan dünyanın hər tərəfində yerləşən muzeylərdə və ictimai yerlərdə qurulmuşdur. Bunlara, onun bir çox başqa tanınmış əsəri ilə yanaşı, Tunc Əsri, Mütəfəkkir, Öpüş və Kalenin monumental və qaraqabaq Byurqerləri (Burghers of Calais) daxildir.

Barcelonanın heyrətamiz memarlıq abidələrinin yaradıcısı - Antoni Gaudí

Eyni şey Klodel üçün çətin ki deyilə bilər; baxmayaraq ki, 1980-ci illərdən etibarən, bir çoxu, təbii olaraq, Rodin ilə sıx əlaqəsinə köklənən filmlər, çox saylı bioqrafiyalar, hətta son illərdə ərsəyə gətirilmiş bir tamaşa və balet ilə Kamillanın həyat və yaradıcılığına marağın artdığı hiss edilir. Siyahıya sadəcə Rodin adlanan və onun ildönümünü ilə eyni vaxta düşərək bu il çıxan bir filmi də əlavə etmək olar. Film bu dəfə fotojenik yaşlı heykəltəraşın üzərində daha az fokuslansa da, onun Klodel ilə münasibətlərindən də yan keçmir.

Hələ ki, Klodelin külliyyatında hal-hazırda cəmi 90 əsər var, çünki əsərlərinin çoxu ya öz əlləri ilə məhv edilib, ya da sadəcə yoxa çıxıb. Klodelin sağ qalan əsərlərinin bir çoxu, Rodinin böyük layihələrinin əksinə, kiçik və xüsusi parçalardır. Bunların əksəriyyəti, modelləşdirildikdən illər sonra Kamillanın parisli taciri Yevqeni Blot tərəfindən bronz qəlibə çəkilmişdir. Onun, Rodinin gənc cütlüklərin erotik heykəlləri ilə ümumi mövzusu olan romantik və iztirab verən zərif Sakuntala kimi, bəzi əsərləri rəsmi icazə ala bilmədiyinə görə gips parçaları olaraq qalırlar. Məşhur məsləhətçisindən fərqli olaraq, Klodel aktiv fəaliyyət göstərdiyi illər ərzində müntəzəm olaraq işlərini sərgiləməsinə baxmayaraq, heç vaxt rəsmi icazə almamışdır və maddi ifadəlilik baxımdan Rodininki ilə tamamilə uyğunlaşan qeyri-adi istedadı tənqidçilər tərəfindən tez-tez yüksək qiymətləndirilirdi.

Həmçinin, Rodindən fərqli olaraq, Klodelin işləri çox az açıq seksual məzmun ehtiva edir. Əksinə, onların kiçik, səmərəli miqyaslarına uyğun gələn örtülü, daxili və olduqca melanxolik mövcudiyyəti var.

Rodinin kölgəsindən qaçdığı deyilsə də, həyatının son 30 ilini psixiatrik sığınacaqda nisgil çəkmiş parlaq istedad Klodel üçün bu, sadəcə qeyri-müəyyənliyə və təcrid edilmiş paranoyaya sürüklənmək idi. Kamillanın psixi sağlamlığı bir neçə il ərzində pisləşdi və o, 1913-cü ildə psixiatrik xəstəxanaya həvalə edildi. Orada ona kəskin psixoz diaqnozu qoyuldu.

Nəyə görə üstün zəkalı insanlar mənəvi və fiziki qüsurlardan əziyyət çəkirlər?

Vil-Evrarda yerləşən psixiatrik xəstəxanada (Klodel daha sonra Fransanın cənub-şərqindəki Voklyuzda yerləşən Monteveqrə köçdü və orada qaldı), o, nadir hallarda qonaq qəbul edirdi. Əvvəlcə Klodeldən gizlədilsə də, ruhi xəstəxanaya qapadıldığı həmin ayda və ildə onu dəstəkləyən atası öldü, anası isə qızını bir daha əsla görməmək qərarına gəldi. Habelə, tez-tez başının heykəlini (büstünü) düzəltdiyi Pol, 30 ildə onu sadəcə on dəfədən bir az artıq ziyarət etdi. Bir vaxtlar yaxın olmuş bacı-qardaş məktublaşsalar da, Pol diplomat işlədiyi üçün çox vaxt xaricdə olurdu.

Eyniylə qəlb sınıqlığı kimi, fakt budur ki, Klodel bir daha əsla gil torpağı qəlibləmədi. Həyatı, özünə məlum olduğu kimi, sadəcə dayandı. Paranoik hallunasiyalar Klodeli, əgər işləməyə davam edərsə, Rodinin onun fikirlərini oğurlayacağı ilə qorxutdu, və bu qorxu həm də onun iztirabını ifadə edən çoxsaylı məktublarda dilə gətirilirdi. 1915-ci ildə psixiatrik xəstəxanadakı həkiminə yazırdı: "Bu cür tərk edilmişlik dəhşətlidir", "Xilas olmağım mümkün deyil, çünki məni boğan kədərə məğlub oldum".

Bununla belə, Rodin, ölümündən sonra kiçik bir fond quraraq Klodelə uzaqdan maliyyə cəhətdən dəstək verməyə davam etdi. Rodin, Parisdə öz işlərinə həsr olunmuş muzey açıldıqda, orada Kamilla Klodel Otağı olacağına dair arzusunu hər zaman dilə gətirirdi. Muzey, Rodinin ölümündən iki il sonra açıldı, lakin görkəmli tələbəsinə həsr olunan otağa dair arzusu əsla reallaşmadı.

Bu gün, təxminən bir əsr sonra, bu 90 əsərin əksəriyyəti Klodel ailəsinin 1876-cı ildə yerləşdiyi, Parisin cənub-şərqində, Sena sahilində kiçik, səssiz və mənzərəli bir qəsəbə olan Noqent-syur-Senadakı Kamilla Klodel Muzeyində, öz yeni məkanında bir yerə toplanıb. Adelfo Skaranello tərəfindən hazırlanmış, böyük plitə şüşəli pənəcərələri ilə sadə şəkildə inşa edilmiş kərpic bina, Klodel ailəsinin – atanın qəsəbəyə ipoteka qeydiyyatçısı kimi təyin edildiyi müddətdə – üç il ərzində yaşadığı evdir. Bura həmin yer idi ki, yeniyetmə Kamilla gəncliyinin ilk məşhur əsərlərini burada yaratmışdı. Onların arasında Bismarkın, Napoleon, David və Goliafın büstləri var idi, əfsus ki, indi hamısı yoxa çıxıb.

Roma şəhərinin simasını dəyişən memar kim idi?

Üç mərtəbəli muzeydə, hər ikisi dövrünün tanınmış yerli heykəltaraşı olan Pol Dubu və Alfred Bauçer da daxil olmaqla, Klodelin bir çox müasirinin əsərləri saxlanılır. Dubu portret ustası idi, amma eyni zamanda monumental ölçüdə də çalışmışdı. Onun Janna Darkın atlı heykəli, real ölçüdə gips model kimi buradakı zirzəmidədir (heykəlin surəti, Fransadan hədiyyə olaraq, Vaşinqton DC-dadır, orijinal bürünc isə Reymsdəki Notr-Dam Katedralının qarşısındadır). Lakin əsərlərin əksəriyyəti Klodelin özünün işlədiyi ölçülərdədir, yalnız ən yuxarı mərtəbə Klodelin əsərlərinə həsr olunub və onlardan bəziləri tematik cəhətdən Rodinin oxşar əsərləri ilə eyniləşdirilir.

Klodelin nadir hallarda sevgisini hiss etdiyi anasından fərqli olaraq, atası onun yaradıcı istedadını təşviq edirdi və gənc sənətçilərin çox ciddi müdafiəçisi olan Bauçeri gənc Kamillaya müəllim təyin etmişdi.

Bauçer bir müddət sonra heykəltəraşlıq işlərini davam etdirmək üçün Parisə köçdü (Kolarossi Akademiyasında nüfuzlu "Ecole des Beaux-Arts" yalnız 1897-ci ildə qadınları qəbul etməyə başladı) və Klodelin inkişafına nəzarəti davam etdirə bilmədi, nəticədə onu Rodinə məsləhət gördü. Bu həqiqətən də Klodelin axtardığı bir sıçrayış kimi qiymətləndirilə bilər, çünki Mikelanceloya qədər gedib çıxan humanist ənənəyə yaxından bağlı olsa da, Rodinin yenilikləri onun radikal ifadəliliyi və sadələşdirilmiş formaları, yarı-formaları və ibtidai qayadan ərsəyə gəlmiş kimi görünən iri və kobud inkişaf edən formaları ilə əlaqəli idi.

Muzeyin direktoru Sesil Bertran "Məncə bu əməkdaşlıq, Rodinin əsərləri ilə qurduğu və onun özünü zənginləşdirən dialoq sayəsində və ya özünü uzaq tutmaq üçün mübarizə apardığı istinad olaraq, Klodelin yardıcılığına yardımçı oldu", - deyə açıqlayır; "Bu əməkdaşlıq onu ilhamını yeniləmək və tamamilə yeni və müasir üslub yaratmaq üçün ruhlandırdı. Ancaq bəzən də Klodel, Rodinlə əməkdaşlığın onu yaradıcı bir formada əzdiyini hiss edirdi. O, hər zaman öz yaradıcı müstəqilliyini qurmağa can atırdı".

Lakin emosional baxımdan çətin və kompleks əlaqələr uzun zaman zərfində, yaradıcı bir formada, bu yaxınlığın hərtərəfli bir qızıl mədəni olduğunu sübut etdi. (Müəyyən məqamda, ehtimal ki, Klodel aborta getdi və güman ki, necə nəticələndiyini, demək olar, heç bilmədiyimiz daha çox hamiləlik keçirdi; bunların hamısı Rodinin uzun müddət həyat yoldaşı olmuş Rouz Bor və uşaqları ilə birgəliyi zaman baş verdi).

Rodinin təsiredici başını modelləşdirdiyi vizual cəhətdən güclü büst daxil olmaqla, portretlər Klodelin ən böyük nailiyyətləri arasındadır. Rodin onun sümüklü üzünün, əzələli və güclü kürəyindəki maili boynunun özünə ən yaxın bənzərlik olduğunu iddia edirdi. Büst tam yarımkürəvi bir heykəldir ki, bu da onu dinamikləşdirir.

Klodelin, müəlliminin sərt üzündən, Kiçik Şatelendəki (Little Châtelaine) bir uşağın həssas başına qədər məsumiyyəti sentimentallığa düşmədən tuta bilməsi nə qədər də təzadlıdır. İstər gəncliyin dolğun təzəliyi, istər yaşlı ətin qırışıqlığı, istərsə də əzik və burumlanan parça və ya valsda bir-birini tutaraq rəqs edən cütlüyün bihuşluğu olsun, Klodelin çox cəhətliliyi, açıq-aydın insanı ələ keçirə bilmə qabiliyyətiylə birlikdə, çox təsirlidir. (Məsələn, möhtəşəm üç fiqurlu The Mature Age – yalvaran gənc qız və qəribə qucaqlaşma ilə təsvir edilmiş küləyə qarşı müdafiəsiz yaşlı cütlük, əsərin daha geniş versiyası Parisdəki Orsey Muzeyindədir (Musée d'Orsay)).

Klodelin nüfuzunun nəhayət həyatının yalqız xarabalıqları adlandırıla biləcək şeylərdən xilas olması və onun, axır ki, adını daşıyan bir müzeydə əsərlərinin yerləşdirilməsi ərməğanı ilə qeyri-müəyyənlikdən aydınlığa çıxması, nə qədər az miras qoyduğunu nəzərə alsaq, diqqətəlayiqdir. Ancaq Klodelin bu kiçik mirası hələ də təzə, hələ də parlaq və hələ də güclüdür.

BBC Culture

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR