Biz yaradılışçı olmaqdan ötrü təkamül etmişik

Elmi-kütləvi

V. hissə

Bu hələ hekayənin yarısıdır. Bizim dualizmimiz fövqəltəbii varlıqları və hadisələri düşünməyimizə imkan verir; belə şeylərə inanmağımızı məntiqli qılan budur. Ancaq onların dərk edilməsini cəzbedici və tez-tez qarşısıalınmaz qılan başqa bir faktor da var. Biz Paskal Boyerin sosial koqnisiyanın hipertorfiyası deyə adlandırdığı şeyə malikik. Biz hər şeydə məqsəd, niyyət və dizayn axtarırıq, onda olmasa belə.

1944-cü ildə sosial psixoloqlar Ftritz Hayder və Meri-Enn Simmel müəyyən sistematik şəkillərdə hərəkət edən həndəsi fiqurlar - çevrələr, kvadratlar, üçbucaqlar - vasitəsilə bir hekayəni anlatmaq üçün dizayn olunan sadə bir film hazırladılar. Bu filmə baxdıqları zaman insanlar fiqurları instinktiv olaraq sanki hədəfləri və arzuları olan müəyyən insan tipləri (zorbalar, qurbanlar, qəhrəmanlar) imişcəsinə təsvir edərək, psixoloqların anlatmaq istədiyi hekayəni demək olar ki eynən təkrarladılar. Sonrakı tədqiqatlar isə, kənarları və bariz hüdudları olan fiqurların belə gərəkli olmadığını göstərmişdir - yəni, “xarakterlər”in ayrı-ayrı, vahid obyektlər deyil, çox xırda kvadratlar yığını kimi hərəkətli qruplar olduğu filmlərdə də eyni effekti əldə etmək olar.

Fordham Universitetindən antropoloq Stüart Qatri bu tendensiyanın dini düşüncə tərzini izah etmək üçün əhəmiyyət daşıdığını vurğulayan ilk modern alim idi. Qatri “Buludlardakı Üzlər” kitabında insanların insani xususiyyətlər üçün çox çeşidli gerçək dünya varlıqlarına isnad etdiyini göstərən anektodlar və təcrübələri təqdim edir. Onun siyahısına təyyarə, avtomobil, zəng, velosiped, qayıq, butulka, bina, şəhər, bulud, paltar, zəlzələ, yanğın, sis, qida, zibil, şapka, qasırğa, həşərat, qıfıl, yarpaq, ay, dağ, kağız, qələm, bitki, saxsı qab, yağış, günəş, çay, qaya, fit, qılınc, alət, oyuncaq, qatar, ağac, su, külək və vulkanlar daxildir. İnsan fəaliyyəti ilə bağlı işarətlərə o qədər aşırı həssasıq ki, süni və ya təsadüfi şəkildə meydana gələn bir şeydə belə məqsədlilik görürük. Qatrinin dediyi kimi: “Paltarların kralı yoxdur” [16]

Məqsədlilik düşünməkdə hədsiz tələskənliyimiz məqsədli dizaynın idrakına qədər uzanır. İnsanlar təsadüfiliyə dəhşətli bir şey kimi baxır. İnsanlara təsadüfi - say-generatorları tərəfindən tərtib edilən oryol və reşkalardan ibarət sıra göstərsəniz, burada bir hiylə olacağını düşünməyə meyilli olacaqlar - bu sıra onlara müntəzəm bir şey kimi görünəcək, həm də olduqca müntəzəm. 11 sentyabr sonrası insanlar Şeytanı Dünya Ticarət Mərkəzindən qalxan tüstüdə gördüklərini iddia etdilər. Bundan əvvəl isə, Tereza Anaya [17] dəhşətli dərəcədə oxşayan bir un məmulatı olan Nun Ban bəzi insanları təşvişə salmışdı. 2004-cü ilin noyabrında birisi eBay-da [18] Bakirə Məryəmə çox bənzəyən on illik qızardılmış bir pendirli sandviçi paylaşdı və onu 28.000 dollara satdı (bunun dalınca, zarafatçılar Olsen əkizlərinin, Meri-Keytin və Eşlinin təsvirlərini əks etdirən qızardılmış bir pendirli sandviçi paylaşdılar). Radiolardan və digər elektronik cihazlardan radiomaneələri dinləyən və ölülərdən gələn mesajları eşidən insanlar vardır - Maykl Kitonun “Ağ Gurultu” filmində böyük bir ciddiyyətlə təsvir olunan bir fenomen. Yetkinlik illərini CD və MPEG-lərdən əvvəl yaşayan yaşlı oxuyucular geriyə yığılan səs yazılarından gəldiyi deyilən əhəmiyyətli və bəzən də skatoloji mesajları necə diqqətlə dinlədiklərini xatırlaya bilərlər.

Bəzən qeyri-təsadüfiliyin və funksional dizaynın nişanələri həqiqətən də vardır. Gözün görmə üçün ustalıqla düzəldildiyini və ya yarpaq böcəyinin yarpaq kimi görünməsi üçün rəngləndiyini ağlımızdan keçirdiyimiz zaman heç də məntiqsiz davranmırıq. Təkamülçü bioloq Riçard Dokinz “Kor Saatsaz” kitabına başlarkən bu nüansı qəbul etmək məcburiyyətində qalır: “Biologiya bir amal naminə dizayn edilmiş kimi görsənən qarmaşıq şeylərin tədqiq olunmasıdır”. Dokinz, Tanrıya inanmayan Darvindən qabaqkıların təkamül məsələsinə heç məhəl qoymadığını irəli sürərək fikirlərini davam etdirir.

Darvin hər şeyi dəyişdirdi. O öz möhtəşəm içgörüsü [19] vasitəsilə, kompleks və adaptiv dizaynı ilahi bir dizayner fərz etmədən izah edə bilmişdir. Təbii seçmə bir komputerdə simulyasiya edilə bilər; doğrudan da, təbii seçməni təqlid edən genetik alqoritmlər (olmasaydı başa düşülməsi demək olar ki mümkünsüz olacaq) hesablama ilə bağlı problemləri həll etmək üçün istifadə edilməkdədir. Və Qalapaqos alacəhrələrinin dimdik ölçüsünün təkamülündən vaksinlərə qarşı bədbəxtlikdən adaptiv reaksiya vermək qabiliyyətinə malik olan bir çox viruslara qarşı mübarizədə silahlanma yarışına kimi dünyanın hər yerində aparılan örnək araşdırmalarında [20] təbii seçmənin işin başında olduğunu görürük.

Riçard Dokinz təbii seçmə nəzəriyyəsini növümüzün qazandığı ən böyük müvəffəqiyyəti olduğunu hesab edən zaman haqlı ola bilər; bu nəzəriyyə bizim öz varlığımızın intellektual olaraq məmnunedici və empirik şəkildə dəstəklənən bir açıqlamasıdır. Buna baxmayaraq, demək olar ki ona heç kim inanmır. Bir anketə görə, universitet tələbələrinin üçdə birindən çoxu ilk insanın ortaya çıxdığı yerin Cənnət Baxçası olduğuna inanır. Hətta, Darvinist təkamülü qəbul etdiyini iddia edənlərin bir çoxu belə, tez-tez onu bu və ya digər şəkildə təhrif edərək mükəmməlliyə doğru sövq edən sirli bir güc olaraq görür (Dokinz yazır ki, görünür, sanki “insan beyni Darvinizmi səhv anlamaqdan ötrü xüsusi şəkildə dizayn edilmişdir”). Əgər buna respublikaçılarla demokratların antaqonizmi kimi baxmaq istəsəniz, onda sizi təkrar düşünməyə dəvət edirəm: doğrudur, Buşa səs verənlərin arasında Kerriyə səs verənlərin arasındakından daha çox yaradılışçı vardır, lakin, Kerriyə səs verənlərin demək olar ki yarısı Tanrının insanları bugünkü formasında yaratdığına və onların yerdə qalanının əksəriyyəti də daha az inkişaf etmiş həyat formalarından təkamül etmiş olmağımıza baxmayaraq Tanrının bu prosesə bələdçilik etdiyinə inanır. Kerriyə səs verənlərin əksəriyyəti təkamülün ya yaradışçılıqla bərabər öyrədilməsini, ya da heç öyrədilməməsini istəyir.

Darvini problemli qılan nədir? Onun təkamül nəzəriyyəsi bəzi insanların əvvəlcədən malik olduqları inanclarla toqquşmaqdadır. Yəhudi və Xristianlara görə, Tanrı müxtəlif şeylərə varolmalarını deyərək dünyanı altı gündə yaratmışdır. Başqa dinlər isə, daha çox qusma, doğma, masturbasiya və ya gilə forma vermə kimi fiziki prosesləri ön plana çıxarır. Burada təsadüfi variasiyaya və ya fərqli reproduktiv müvəffəqiyyətlərə yer yoxdur.

Bununla yanaşı, təbii seçmənin əsl problemi intuitiv bir məna ifadə etməməsidir. Təbii seçmə kvant fizikası kimidir; onu intellektual olaraq qavraya bilərik, amma o heç vaxt bizə doğru gəlməyəcəkdir [21]. Kompleks bir struktur gördüyümüz zaman onun inancların, məqsədlərin və arzuların məhsulu kimi görürük. Anlağımızın sosial modu onu başqa şəkildə başa düşməyimizi çətinləşdirməkdədir. İçimizdən gələn səs dizaynın dizayneri lazım qıldığını deyir - bu faktın Darvinin əleyhdarları tərəfindən istismar edilməsi başadüşüləndir.

Belə çıxır ki, yaradılışçı görüşlərin rüşeymlərini kiçik uşaqlarda tapa bilərik. Dörd yaşlı uşaqlar aslanlar (“zooparka getmək üçün”) və buludlar (“yağmaq üçün”) daxil olmaq üzrə hər şeyin bir məqsədi olduğuna inanır. Bəzi qayaların nədən sivri olduğunu açıqlamaları istənildiyi zaman yetkinlər fiziki bir açıqlamaya üstünlük verdiyi halda, uşaqlar “heyvanların qaşıntısı olduğunda qaşına bilmələri üçün” kimi funksional bir açıqlamaya üstünlük verir. Heyvanların və insanların mənşəyi barəsində suallar qarşısında uşaqlar məqsədli şəkildə yaradan bir yaradıcını ehtiva edən cavablara üstünlük verməyə meyillidir, hətta onları yetişdirən valideynlər eyni şeyi etməsələr belə. Yaradılışçılıq - və Tanrıya inam - iliyimizə işləmişdir.

VI
.

Dinlə Elm daim toqquşacaqdır

Dini inancların yuxarıdakı analizinin qərblilərə məxsus olmayan bəzi inanclar üçün keçərli olmadığı irəli sürülə bilər. Neyroalim Sem Harris “İnancın sonu” adlı yeni kitabında reallıqla bağlı axmaqca iddialara və əcaib-qəraib əxlaqi görüşlərə sahib olduğu üçün əsasən Xristianlıq və İslam olmaq üzrə din üzərinə şiddətli hücuma keçir. Amma Buddizmə keçdiyi zaman onun qəzəbli tonu heyranlığa çevrilir: buddizm, Sem Harris yazır, “hər hansı bir doqmanın köləsi olmadan şüurun daxili azadlığını kəşf etmək üçün malik olduğumuz ən mükəmməl metodologiyadır”. Sözsüz ki, Buddizm dini-əgər ona din demək mümkündürsə - uşaqlığımızda ortaya çıxan dualist və yaradılışçı görüşlərdən nəşət tapmır.

Olsun. Ancaq, “teoloji olaraq düzgün” Buddizmin bədən-ruh dualizmini və xüsusi güclərə sahib qeyri-maddi varlıq anlayışlarını açıq şəkildə rədd etməsinə baxmayaraq, mövcud buddistlər belə şeylərə inanmaqdadır (Harris özü də bunun fərqinə varır; kitabın bir yerində o, Buddayla bir Məsih fiquru kimi rəftar edən milyonlarla buddistdən dad eləyir). Hətta, bir çox Xristian teoloqunun təkamül biologiyasını dəstəkləməyə hazır olmağına-II Papa Con Pavel Darvinin təkamül nəzəriyyəsinin doğru olduğunu qəbul etməsi rəsmi manşet xəbəri olmuşdu-baxmayaraq, bu, bizi bir çox xristianın təkamülü cəfəngiyyat hesab etməsi faktından uzaqlaşdırmamalıdır.

Və ya ölüm anında ruhun bədəndən ayrılması ideyasını düşünün. Sonradan İudaizmə daxil olmasına baxmayaraq, belə bir ideya barəsində Əhdi-Ətiqdə çox az eyham vardır. Əhdi-cədid isə, axirət həyatı məsələsi barəsində çox qeyri-müəyyəndir və bəzi Xristian teoloqlar Pavelin Korinflilərə yazdığı məktublar kimi mənbələrə əsaslanaraq ruhun cənnətə yüksəlməsi ideyasının səhih bibliya mənbələri ilə ziddiyət təşkil etdiyini iddia edir. 1999-cu ildə Papa özü cənnətin gerçək bir yer kimi deyil, Tanrı ilə əlaqəli bir mövcudluq forması kimi düşünülməsi lazım gəldiyi barədə xəbərdarlıq etmişdir.

Bütün bunlara baxmayaraq, Yəhudi və Xristianların əksəriyyəti, qeyd edildiyi kimi, axirət həyatına inanır - əslində, heç bir dinə inanmadığını iddia edən insanlar belə, bir dinə inanma meylindədir. Axirət dünyası barədə inanclarımız “Cənnətdə Görüşəcəyiniz Beş İnsan” və “Cənnətə Səyahət Rəhbəri” kimi populyar kitablarda açıqca ifadə olunmaqdadır. “Cənnətə Səyahət Rəhbəri”ndə yazıldığı kimi:

“Cənnət dinamikdir. Həyəcan və hərəkətlə dolub-daşır. O, zövqün və əyləncənin nə olduğunu bilən biri, yəni Tanrı tərəfindən sadəcə bizim zövq alıb əylənməyimiz üçün yaradılmış ən gözəl oyun yeridir. Disney Dünyası, Havay, Paris, Roma və Nyu-York orada bir araya gətirilmişdir. Və o, həmişəlikdir! Cənnət həqiqətən də heç vaxt bitməyən tətildir”.

(Bu, mənə biraz cəhhənnəm kimi gəlir, amma bəzi insanların zövqünü oxşadığı aydındır)

Dini avtoritet və akademiklər tez-tez elmi araşdırıb ona söykənməyə motivasiya olur, Papa təkamülə qucaq açdığı və Dalay Lama Neyroelmlə maraqlanmağa başladığı zaman olduğu kimi. Bunu qismən öz dünya görüşlərinin başqalarının xoşuna getməsi üçün, qismən də legitim elmi biliklərlə hər hansı bir toqquşmadan təlaşlandıqları üçün edirlər. Dürüst bir kimsə açıqca səhv iddialar irəli sürən bir görüşü müdafiə etmək mövqeyini tutmaq istəməz, bu üzdən də dini avtoritet və akademiklər uzlaşmaq üçün ciddi cəhdlər edirlər-misal üçün, onlar İncili dünyanın yaşı barəsindəki mövcud biliklərimizlə uyğun şəkildə yozmağa çalışırlar.

Əgər insanlar öz dini ideyalarını kilsə avtoritetlərindən əxz etsəydi, bu dinin fövqəltəbiilikdən uzaqlaşmasına yol açar və elmi görüşlər dini cəmiyyətlər vasitəsilə yayılardı. Fövqəltəbii inanclar da, beləliklə, dinin teolojik bir versiyası kimi sekulyar dünya görüşü ilə tədricən uyğun hala gələrək getdikcə ortadan qalxardı. Stefan Cey Quldun ümid etdiyi kimi, din elmin quyruğunu tapdalamaqdan vaz keçərdi.

Amma belə bir ssenari, fövqəltəbii inancların hardan qaynaqlandığını yanlış açıqlayır. Aydındır ki, dini təlimlər malik olduğumuz spesifik inancları şəkilləndirməkdədir; lakin, heç kəs nə insanlığın doğum yerinin cənnət baxçası olduğu, nə də ana bətninə düşdükdən etibarən ruhun bədənə girdiyi, nə də ki bir çox bakirənin seksual cəhətdən istifadə edilməsi hüququ ilə şəhidlərin mükafatlandırılacağı ideyası ilə doğulmur. Belə ideyalar öyrənmə ilə əmələ gəlir. Ancaq dinin universal temaları isə, öyrənilməz. Onlar zehni sistemlərmizin təsadüfi əlavə məhsulları kimi meydana çıxmaqdadır. Onlar insan təbiətinin bir parçasıdır.

-SON-

[16] “The Emperor has no clothes!" ingilizcə bir deyimdir. “Kralın paltarların yoxdur!”, “Kral paltarsızdır!” və ya “Kral çılpaqdır!” kimi tərcümə edilə bilər. Bu deyimin deyim ingilislərin məşhur bir hekayəsində keçir. Burada isə, Qatri “The clothes have no emperor” (“Paltarların kralı yoxdur” və ya “Paltarlar kralsızdır”) deməklə, görünür, bu deyimə və hekayəyə göndərmə edərək hər şeydə insani xüsusiyyətlərin aranmasına eyham vurur.

[17] Tereza Ana (tam adı Kəlküttəli Tereza Ana, əsl adı Aqnes Qonca Boyaçı. albanca Agneze Gonxhe Bojaxhiu) — katolik rahibə, O, rahibələr konqreqasiyası olan və kasıblara, xəstələrə xidmət edən Şəfqət Ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı. Tereza Ana Katolik Kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmişdir. O, 1997-ci ildə ABŞ-ın ali mükafatı olan Konqresin qızıl medalı ilə təltif edilib (daha geniş baxa bilərsiniz: http://www.wikizeroo.net/index.php?q=aHR0cHM6Ly9hei53aWtpcGVkaWEub3JnL3dpa2kvVGVyZXphX0FuYQ ) .

[18] eBay-bir alış-veriş saytı

[19] İçgörü (ing. insight) - “insight” sözünü dilimizdə qarşılayan bir söz tapa bilmədik. Amma olduqca önəmli məfhumdur, istər psixologiyada, istərsə də psixiatriyada; istər nəzəri, istərsə də praktik. “İnsight” spesifik bir kontekst çərçivəsində spesifik bir səbəbin və effektin anlaşılmasıdır. “İnsihgt” fərqli anlamlarda istifadə edilə bilər: bir qırıq məlumat (a), şeylərin daxili təbiətini anlama və ya sezmə aktı (b), bir içəbaxış və ya içmüşahidə (c), intellekt və ya noesis olaraq adlandırılan kəskin müşahidə, ayırd eləmə, dərk etmə və deduksiya etmə gücü (d), bir model, bir kontekst və ya ssenaridəki münasibət və davranışların təyin edilməsinə əsaslanan bir səbəb və nəticə anlayışı (e).

[20] Örnək araşdırması (ing. dilində case study) - təəssüf ki, bu terminin azərbaycanca yekdil şəkildə bilinən qarşılığını tapa bilmədik. Lakin kontekstin anlaşılması baxımından əhəmiyyət kəsb etmədiyindən burada oxucunu yormamaq üçün izah etməyə gərək duymuruq.

[21] Bir şeyin doğru gəlməməsi, doğru olduğunun hiss edilməməsi və ya sezilməməsi anlamında. Bir şeyin doğru gəlməməsi və ya doğru olduğunun hiss edilməməsi o şeyin həqiqətən doğru olmadığını göstərməz.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR