Kişi rolunun təkamülü - Kişilər nə işə yarayır? (2-ci hissə)

Elmi-kütləvi

Kişilər nə işə yarayır?

Bu paradoks, Açe erkəyinin böyük heyvan ovlamağının arxasında, arvadının və uşaqlarının mənfəətindən başqa da hansısa istəyinin olduğunu düşündürür. Kristen Houkes mənə bu paradokslar barədə söhbət açanda, həqiqi motivin, kişinin evə ət gətirməyinin sirri qədər alicənab bir motiv olmayacağı barədə ürkütücü sezgiyə qapıldım. Öz həmcinslərimi müdafiə etmək və kişi strategiyasının alicənablığına qarşı duyduğum inamı haqlı çıxarmaq üçün açıqlamalar tapmağa çalışdım.

İlk etirazım, Kristen Houkesin evə gətirilən gəliri kaloriylə hesablamasına qarşıydı. Əslində, qidalanma haqqında bilgisi olan oxucular bütün kalorilərin eyni keyfiyyətə malik olmadığını yaxşı bilir. Bəlkə də böyük heyvan ovlamağın əsas səbəbi, xurma nişastasından alınan kaloridən daha dəyərli olan zülal ehtiyacının təmin olunmasıyla bağlıdır. Ancaq Açe kişiləri zülalla zəngin ətlə birgə, karbohidrat səviyyəsi xurma nişastası qədər aşağı olan bal əldə etməyi də hədəfləyirlər. Kalaxarinin San kişiləri (“Buşmen”) böyük heyvan ovladıqları zaman, eyni qəbilənin qadınları mükəmməl protein qaynağı olan monqonqo yemişlərini toplayırlar. Yeni Qvineya düzənliklərində yaşayan kişilər günlərini adətən boş enerji sərfiyyatı olan kenquru axtarışına həsr etdikləri zaman, onların arvadları və uşaqları balıqdan, siçandan, tırtıldan və hörümçəklərdən zülal əldə edirlər. Görəsən, San və Yeni Qvineya kişiləri nəyə görə öz arvadlarını təqlid etmirlər?

Sonra, Açe kişilərinin uğursuz ovçular ola biləcəklərini düşünməyə başladım. İnuit (Eskimos) və Arktikadakı hindu qəbilələrində yaşayan kişilərin ovçuluq bacarıqları onlar üçün həyati əhəmiyyət daşıyır. Qidanın çox az tapıldığı qış aylarında iri heyvan ovlamaq onlar üçün çox mühümdü. Tanzaniyanın Hadza erkəkləri xırda heyvan yerinə böyük heyvan ovlamaqla, Açelərdən fərqli olaraq daha yüksək ortalama gəlir əldə edirlər. Ancaq Açe kişiləri kimi Yeni Qvineya kişiləri də gətirdiyi gəlirin aşağı olmasına rəğmən yenə də ov axtarmaqda israr edirlər. Hadza kişiləri də böyük risklərə rəğmən ova getməkdən əl çəkmirlər və ov axtarmağa sərf etdikləri iyirmi doqquz günün iyirmi səkkizində evə boş torbalarla qayıdırlar. Hadza ailəsi sadəcə ər və atanın nə zamansa zürafə ovlayacağını gözləsə, aclıqdan ölər. Fəqət nə olursa olsun, Hadza və Açe ovçusu nadirən əldə etdiyi əti təkcə öz ailəsinə gətirmir. Buna görə məsələyə həmin ovçunun aid olduğu ailənin baxış bucağından yanaşsaq, böyük heyvan ovunun alternativ strategiyalara görə daha az və ya daha çox gəlir gətirməsi barədə ortaya çıxan suallar sadəcə akademik anlam kəsb edir. Nəticədə böyük heyvan ovçuluğu bircə ailəni bəsləmək üçün ən yaxşı yol sayılmaz.

Hələ də kişi həmcinslərimi müdafiə etməyə çalışaraq belə düşündüm: ət və bal paylaşımının məqsədi, evə gətirilən gəliri qarşılıqlı fədakarlıqla bölüşmək istəyi ola bilərmi? Yəni, tutalım mən, hər iyirmi doqquz gün ərzində bircə zürafə ovlamağa ümid edirəm, ovçu dostlarım da eyni ümidlə yaşayırlar və hamımız ayrı istiqamətlərə gedirik. Demək ki, hər gün aramızdan birinin bircə zürafə ovlamaq ehtimalımız var. Deməli, uğurlu ovçular evə gətirdikləri əti birbirləriylə və ailələriylə paylaşmaq barədə razılığa gəlsələr, hər kəsin qarnı doyar. Bu izaha görə, ovçular öz qənimətlərini digər yaxşı ovçularla paylaşmağı məqsədəuyğun davranış sayacaqlar, çünki günlərin birində özləri də onlardan ət alıb ailələrini qidayla təmin edə bilərlər.

Halbuki, əsl həqiqətdə uğurlu Açe və Hadza ovçuları əldə etdikləri ovu, istər ovçu yoldaşları bacarıqlı, istər zəif olsun, heç kimə fərq qoymadan ətraflarındakı hər kəslə paylaşırlar. Bu durum adamın ağlına, Açe və Hadza erkəyinin nədən ötrü ova getdiyi barədə suallar gətirir. Çünki, bu qəbilələrdəki bir çox kişi heyvan ovlamasa belə, digər ovçuların gətirdikləri ətdən pay ala bilir. Digər tərəfdən də bu sual ortaya çıxır, əgər kişi öldürdüyü heyvanı paylaşacaqsa, niyə zəhmət çəkib ova getsin ki? Niyə sadəcə ailəsinə gətirəcəyi və başqalarıyla paylaşmağa məcbur qalmayacağı yemişləri və siçanları toplamır? Kişilərin ov ehtirasında, mənim alicənab məqsəd tapmaq cəhdlərimə rəğmən, hansısa qeyri-alicənab, mənfəətçi bir motiv də olmalıydı.

Bu məsələylə bağlı ağlımda özünə yer edən, ehtimal olunası digər alicənab məqsəd isə ovçunun, içində hamının birgə inkişaf edəcəyi ya da ortadan qalxacağı qəbilə üçün yararlı olmağa can atması idi. Əgər qəbilənizin qalan insanları aclıq çəkirsə və düşmənlərin gələcək hücumlarına qarşılıq vermək qüvvəsinə sahib deyilsə, sadəcə öz ailənizi düşünmək və onu bəsləməyə çalışmaq yetərli olmaz. Amma bu məqsəd də bizi ilk paradoksa aparır: bütün Açe qəbiləsinin yaxşı qidalanmaq üçün seçəcəyi ən doğru yol, hərkəsin, nisbətən asan iş olan xurma nişastası hazırlamağı, meyvə və sürfə toplamağı mənimsəməsi olardı. Kişilər çox nadirən rast gələcəkləri pekari üçün “qumar oynayaraq”, zamanlarını boş yerə xərcləməməliydilər.

Erkəklərin ova getməyinin təməlində ailə dəyərlərinin olduğunu görmək üçün son dəfə cəhd etdim və ovçuluğun kişilərin qoruyuculuq instinktindən qaynaqlandığını düşündüm. Oxuyan sərçələr, aslanlar və şimpanzelər kimi regional duyğuya sahib bir çox heyvan növlərinin erkəkləri öz bölgələrində gəzişməyə bolluca zaman ayırır. Bu gəzişmələrin bir çox məqsədi var: yaxın bölgələrdən gələn saldırqan və rəqib erkəkləri seçib uzağa qovmaq, qonşu bölgələrin istilaya uyğun olub-olmadığını müəyyən etmək, ailənin dişilərinə və balalarına zərər verəcək yabancı ovçuları sezmək, qida və digər qaynaqlarla bağlı mövsümi dəyişiklikləri izləmək. Eyni şəkildə, insan ovçular da qarşı-qarşıya qaldıqları təhlükələrə və fürsətlərə diqqət kəsilirlər. Üstəlik ova getmək, kişilərin öz qəbilələrini düşmən qəbilələrdən qoruyarkən istifadə etdikləri bacarıqlarını təkminləşdirməyə kömək olur.

Ovçuluğun bu rolu heç şübhəsiz ki, çox önəmlidir. Ancaq yenə də, ovçuların hansı təhlükələri sezdiyini və kimin mənfəəti üçün çalışdıqlarını sorğulamağın yararı var. Aslanlar və digər böyük ətyeyənlər dünyanın bəzi bölgələrində insanlar üçün təhlükə yaradırlar, ancaq dünyanın hər yerində ənənəvi ovçu-toplayıcı icmaların qarşısında duran ən böyük təhlükə rəqib qəbilələrin ovçularıdır. Bu cür toplumların erkəkləri zaman-zaman digər qəbilələrin erkəklərini öldürmək məqsədilə savaşa can atır. Məğlubiyyətə uğradılmış qəbilənin qadınları və uşaqları ələ keçirilərək öldürülür, ya da arvad və kölə kimi istifadə edilir. Erkək ovçulardan ibarət bu təftiş qrupunun öz genetik mənfəətini, onlara rəqib olan erkək qrupları məhv etmək bahasına təmin etdiyini düşünə bilərik. Ən yaxşı ehtimalla isə arvadlarını və uşaqlarını qoruduqlarını söyləyə bilərik, ancaq onları yenə də digər kişilərin yaratdığı təhlükələrə qarşı mühafizə edirlər. Bu ehtimalla belə, yetkin kişilərin təfiş məqsədilə həyata keçirdikləri bu fəaliyyətin, icmanın digər nümayəndələrinə bəxş etdiyi yarar və zərər hardasa bərabər səviyyədədi.

Qısası, Açelərin böyük heyvan ovçuluğunu alicənab məqsədlərlə əlaqələndirmək cəhdlərim boşa çıxdı. Sonra Kristen Houkes, Açe kişisinin bu ovlardan əldə etdiyi yeməkdən əlavə, öz ad-sanı üçün qazandığı böyük mənfəətlərə dair bəzi acı həqiqətləri mənə xatırlatdı.

Əvvəlcə onu söyləyək ki, digər xalqlar arasında olduğu kimi Açe xalqında da nigahdan kənar seks nadir hadisə deyil. Çox sayda Açe qadınından uşaqlarının (hamilə olduqları dönəmlər boyunca cütləşdikləri) atalarının adları soruşuldu. Uşaq başına ortalama olaraq 2,1 kişi göstərdilər. Qadınlar, örnək kimi 28 nəfər Açe erkəyindən təşkil edilmiş qrup içindən, sevgili olaraq pis ovçulardan çox yaxşı ovçuların adını göstərdilər və yaxşı ovçuları əksər uşaqlarının ehtimal edilən ataları kimi işarətlədilər.

Çox sayda kişiylə cinsi əlaqədə olmaq qadının doğub-törəməsinə birbaşa fayda gətirmir. Doqquz aylıq dönəmi və qadın orqanizminin süd ifrazatını nəzərə alsaq, bir kişi tərəfindən döllənmiş qadının başqa bir kişiylə cütləşməsi ən azından bir neçə il ərzində yeni doğuşla nəticələnməyəcək. Halbuki, sadiq bir kişi bir neçə dəqiqəlik zina ərzində uşaqlarının sayını iki qat artıra bilər.

İndi, Houkesin “bəsləyici” strategiya və “göstərişçi” strategiya adlandırdığı iki fərqli ov strategiyasını tətbiq edən kişilərin doğub-törəmək baxımından əldə etdikləri mənfəətə baxaq. Bəsləyici kişi, xurma nişastası və siçan kimi yüksək gəlir gətirəcək qidaları toplayır. Çünki, hər gün evə dolu torbayla qayıdır və bu qidalar üst-üstə gəldikdə, bir aylıq yüksək gəlirə bərabər olur. Göstərişçi kişi isə böyük heyvan ovlamağa çalışır, evə boş torbayla qayıtma ehtimalı daha çoxdur, böyük qəniməti hədəflədiyi üçün evə gətirdiyi gəlir də daha aşağı səviyyədə olur. Bəsləyici kişi arvadına və uşaqlarına ortalama hesabla daha çox yemək gətirir, ancaq qəbilənin digər nümayəndələrini bəsləyəcək qədər yemək toplaması qeyri-mümkündü. Göstərişçi kişi isə uşağına və arvadına ortalama olaraq daha az qida gətirir, amma bəzən başqa insanlarla paylaşılacaq dərəcədə böyük ət kütləsi əldə etməyi bacarır.

Bir qadın genetik mənfəətini yetkinlik yaşına çatdırdığı uşaqların sayıyla ölçərsə, bu, onları yedirtmək üçün əldə edəcəyi qidaya bağlıdır. Ancaq ara-sıra özü və uşaqları üçün əlavə ət qazansın deyə zina etməyə razılıq verdiyi göstərişçi kişilərlə qonşuluğa sahibdisə, bu da ona əlavə xeyir gətirəcək. Göstərişçi kişini qəbiləsi də sevir, çünki belə kişi böyük qənimət tapdığı zaman onu qəbilə nümayəndələriylə bölüşür.

Kişinin öz genetik mənfəətlərini hansı yollarla inkişaf etdirəcəyinə gəlincə, deyə bilərik ki, göstərişçi kişi həm avantajlarla, həm də dezavantajlarla qarşı-qarşıyadır. Avantajlardan biri zina nəticəsində doğulan çox sayda uşağa sahib olmaqdır. Göstərişçi kişinin zinadan əlavə, qəbilə içində hörmət qazanmaq kimi digər avantajları da var. Əti payladığı üçün qəbilədəki digər insanlar onun qonşusu olmağa can atır və qızlarını ona arvad qismində bağışlayaraq onu mükafatlandırırlar. Böyük ehtimalla, eyni səbəbdən, belə kişinin uşaqları da qəbilə içində xüsusi hörmət yiyəsi olur. Göstərişçi kişinin dezavantajlarından biri isə onun öz arvadı və uşaqlarına ortalama hesabla daha az yemək gətirməyidir. Bu o deməkdir ki, onun qanuni uşaqlarından sadəcə bəziləri yetkinlik çağına qədər həyatda qala bilir. Üstəlik, öz arvadı da zina edə bilər və nəticədə doğulan uşaqların az qismi həqiqətən bu ovçunun uşaqları olar. Göstərişçi kişi, daha çox uşağın genetik atası olsun deyə, bir neçə uşağa həqiqi genetik atalıq edən bəsləyici kişi statusundan uzaq qaçır. Bəs bundan əldə edəcəyi fayda nədir? Nəyə görə ehtimalları faktikilikdən daha üstün tutur?

Bəsləyiçi kişilərin dünyaya gətirdikləri qanuni uşaqların boya-başa çatdıqları mövqeylə, göstərişçi kişilərin uşaqlarının qəbilə içində gördükləri sayğını və həyatda qalmaq şansını müqayisə edərək bu suala cavab tapa bilərik. Müqayisə edilən uşaq sayı, yerli ekologiyaya bağlı olaraq qəbilədən qəbiləyə fərqlənir. Haukes, Açe qəbilələri üçün keçərli dəyərləndirmələri təxmin etməyə çalışarkən belə qənaət əldə etdi: göstərişçilərin genlərini ötürdükləri və həyatda saxladıqları uşaqların sayı bəsləyicilərin uşaqlarının sayından daha çox idi. Ola bilər, böyük heyvan ovçuluğunun əsas məqsədi, arvada və uşaqlara yemək gətirmək istəyindən ziyadə bu istəkdir. Dolayısıyla belə deyə bilərik: Açe kişiləri ailələrindən çox özlərinə yararlı olmağa can atırlar.

Bütün bu faktlar onu göstərir ki, kişi ovçularla qadın toplayıcılar, heç də həmişə ailə çəyirdəyinin ortaq mənfəətini hədəfləyən və artıran iş bölümü əmələ gətirmirlər. Əksinə, ovçu-toplayıcı ailələrdə klassik mənfəət toqquşmaları mövcüddur. Ola bilər ki, kişiyə genetik mənfəət gətirən ən uyğun davranış qadının genetik mənfəətiylə ziddiyyət təşkil etsin və əksinə, qadının genetik mənfəət meyli kişininkiylə uzlaşmasın. Ərlə-arvadın ortaq mənfəətləri olduğu kimi, fərqli mənfəətləri də vardır. Qadın üçün ən yaxşı strategiya bəlkə də bəsləyici kişiylə evlənməkdir, ancaq kişi üçün ən yaxşı strategiya “bəsləyici” olmaq deyildir.

Son illər ərzində aparılan bir çox bioloji araşdırmalar heyvanlarda və insanlarda buna bənzər bir çox mənfəət toqquşmasının yaşandığını ortaya çıxardı. Özü də təkcə arvadla ər (dişiylə kişi) arasında deyil, həm də valideylərlə uşaqlar, hamilə qadınla qarnındakı rüşeymi və qardaş-bacılar arasında da. Valideylərlə uşaqlar, qardaşlarla bacılar arasında ortaq genlər var. Ancaq qardaşlar və bacılar eyni zamanda birbirlərinin ən yaxın rəqiblərinə çevrilir, valideylərlə uşaqlar da birbiriylə rəqabət aparmağa sürüklənə bilirlər. Heyvanlar üzərində aparılan bir çox araşdırmalar, qarşı-qarşıya qaldığı risklər və enerji sərfiyyatı səbəbindən uşaq yetişdirməyin valideynin həyatını qısaltdığını ortaya çıxardı. Uşaq valideyn üçün genlərini ötürmək fürsəti yaradır, ancaq valideynin buna oxşar başqa fürsətləri də ola bilər. Bir uşağını tərk edib öz qaynaqlarını başqa uşağa həsr etmək bəlkə də valideynin daha çox xeyrinə ola bilər. Valideynlərinin hesabına həyatda qalmaq isə uşağın mənfəətini təmin etmiş olacaq. İnsanlar aləmində olduğu kimi heyvanlar aləmində də bu cür toqquşmaların uşaq, valideyn və qardaş qatilliyinə yol açması nadir görünən hadisə deyil. Bioloqlar bu cür toqquşmaları genetikaya və qida axtarma ekologiyasına əsaslanan nəzəri hesablarla izah etməkdəykən, biz hesablamağa gərək duymadan, öz təcrübələrimizdən öyrənə bilirik. Qanla ya da nigah bağı əsasında əqrabalaşan insanlar arasında baş verən mənfəət davaları, həyatlarımızın ən yayğın və ürəkparçalayıcı faciələridir.

Bu nəticələr keçərli sayı bilərmi? Houkes və yoldaşları sadəcə iki ovçu-toplayıcı xalqı- Açeləri və Hadzaları araşdırdılar. Əldə etdikləri nəticələri gərək digər xalqlar üzərində də sınasınlar. Cavablar böyük ehtimal ki, qəbilələrə, hətta fərdlərə görə fərqlilik göstərəcək. Yeni Qvineyada yaşayarkən öz təcrübələrimdən əldə etdiyim qənaətlərimə görə deyə bilərəm ki, Houkesin qənaətləri orda da keçərlidir. Yeni Qvineyada böyük ölçülü heyvan azdır, ovçuluğun gətirdiyi gəlir səviyyəsi düşükdür və ov torbaları adətən boş qalır. Ovun böyük hissəsini erkəklər meşədə olarkən artıq istifadə edirlər və evə gətirilən böyük heyvanların əti paylaşılır. Yeni Qvineya ovçuluğunu iqtisadi baxımdan müdafiə etmək çətindir, ancaq bu fəaliyyət uğurlu ovçulara status baxımından açıq-aydın yarar gətirir.

Bəs, Houkisin vardığı nəticələr bizim cəmiyyət üçün hansı anlam kəsb edə bilər? Bəlkə də bunu soruşacağımı əvvəldən bilirdiz və indidən qanınız beyninizə sıçradı və Amerikalı kişilərin heç bir işə yaramadığını söyləyəcəyimi gözləyirsiz. Əlbəttə ki, belə bir nəticə irəli sürmürəm. Amerikalı kişilərin bir çoxunun (əksəriyyətinin? Böyük əksəriyyətinin?) sadiq ər olduqlarını, gəlirlərini artırmaq üçün çalışdıqlarını və uşaqlarına həsr etdiklərini, uşaqlarına diqqət etdiklərini və zinaya yol vermədiklərini qəbul edirəm.

Ancaq Açe qəbilələri haqqında əldə etdiyimiz dəlillər çox təəssüf ki, cəmiyyətimizin ən azından bəzi kişiləri üçün də keçərlidir. Bir çox amerikalı kişilər arvadlarını və uşaqlarını tərk edirlər. Aliment ödəməkdən boyun qaçıran boşanmış kişilərin sayı inanılmayacaq qədər yüksəkdir. ABŞ-da tənha yaşayan valideynlərin sayı , bir yerdə yaşayan valideynlərin sayını üstələyir və tənha valideynlərin əksəriyyəti qadındı.

Evliliyini davam etdirən kişilər arasında bəzilərinin arvadlarından və uşaqlarından çox özlərinə yararlı olduqlarını, zinaya və avtomobil, idman, alkoqol kimi kişi həvəslərinə daha çox zaman, pul və enerji xərclədiklərini bilirik. Necə deyərlər, evlərinə elə də bol ət gətirmirlər. Amerikan kişilərinin neçə faizinin bəsləyici olmaq yerinə göstərişçi olduğunu ölçdüyüm barədə iddia irəli sürmürəm, ancaq göstərişçi səviyyəsinin görməzdən gəlinməyəcək dərəcədə yüksək olduğuna şübhə yoxdur.

Zaman büdcəsi barədə aparılan araşdırmalar, birbirinə sadiq olan və çalışan çütlüklər içində belə, işləyən Amerikalı qadınların daşıdıqları məsuliyyətləri yerinə yetirməyə ərləriylə müqayisədə iki dəfə artıq zaman ayırdıqlarını göstərdi. Fəqət həmin qadınlar kişilərlə eyni işi həyata keçirdiklərinə baxmayaraq daha az maaş alırlar. Eyni araşdırma Amerikalı ərlərdən özlərinin və arvadlarının uşaqlara və ev işlərinə ayırdıqları zaman barədə soruşduqda, onlar, özlərinin bu işlərə sərf etdikləri zamanı çoxaltmağa, qadınlarının sərf etdikləri zamanı isə azaltmağa meyl göstərdilər. Öz müşahidələrimdən çıxış edərək deyə bilərəm ki, Avstraliya, Yaponiya, Koreya, Almaniya, Fransa və Polşa kimi bəzi sənayeləşmiş ölkələrdə kişilərin ev işlərinə və uşaqlara ayırdıqları zaman və enerji xeyli aşağıdır. Kişilərin nə işə yaradığı barədə sualların antropoloqlarla yan-yana, aid olduğumuz cəmiyyətlər içində də müzakirə edilməyinin səbəbi bundadır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR