Yaradıcı sənətlərin kökləri (2-ci hissə)

Edvard O.Uilson

Elmi-kütləvi

Ədəbi üslubla elmi üslub arasındakı əsas fərq metafora istifadəsiylə bağlıdır. Elmi yazılarda da metaforadan istifadəyə icazə verilir, ancaq gərək sadə metafora olsun, üstəlik sadəcə bir tutamlıq ironiyaya və özünəiztehzaya, özünəlağa izin vardır. Məsələn, bu cümlə müəyyən bir elmi-metodiki yazının giriş ya da müzakirə bölməsində istifadə oluna bilər: “Bu nəticə əgər özünü doğrultsa, daha da bərəkətli araşdırmalara aparan yolun qapısını açacağına inanırıq.” Fəqət həmin mətində bu cümlənin istifadəsinə izin verilə bilməz: “Çox böyük çətinliklərlə əldə etdiyimiz bu nəticənin, içindən yeni araşdırma irmaqlarının doğacağı güclü bir çeşmə olduğunu düşünürük.”

Elmdə mühüm sayılan fəaliyyət kəşf edilən proses yaxud nəsnənin əhəmiyyətidir. Ədəbiyyatda isə metaforanın orijinallığı və gücü əhəmiyyətlidir. Elmi yazılar maddi dünya haqqındakı bilgilərimizə sınanıb-yoxlanılmış yeni bilgi parçası əlavə edir. Ədəbiyyatın təsvir etdiyi lirik ifadələr isə yazarın hisslərini onun zehnindən oxuyucunun zehninə birbaşa ötürən vasitələrdir. Elmi yazıların belə məqsədi yoxdur, elmi yazıların müəllifi kəşf etdiyi nəsnənin keçərli olmasını və əhəmiyyətini sübutlar və ağılçı mülahizələrlə isbat etməyə çalışır, oxucunu arqumentləriylə razı salmaq onun hədəfidir. Bədii ədəbiyyatda isə hissləri paylaşmaq arzusu nə qədər böyükdüsə, istifadə edilən dil də bir o qədər lirik olmalıdır. Ən uc nöqtəsində, ədəbi yazarla oxucu bədii yaradıcılığın məhz belə olmasını istədiyindən, ortaya çıxan fikir əslində yanlış da ola bilər. Şair üçün günəş Şərqdən doğur və Qərbdə batır, bütün günümüzü təqib edir, doğuluşu, həyatın qürubunu, ölümü və yaxud yenidən doğuluşu simvolizə edir, halbuki gerçəklikdə günəşin bu işlərlə əlaqəsi yoxdur, bu cür fəaliyyətlə məşğul olmur. Bu hekayətçilik tərzi uzaq atalarımızın göy qübbəsini və ulduzlu səmanı zehinlərində canlandırdıqları kimidir. Atalarımız da göyüzünün çoxlu sirlərini öz həyatlarındakı sirlərlə əlaqələndiriblər və bundan müqəddəs yazılarda və şeirlərdə çağlar boyunca bəhs ediblər. Günəş sistemiylə bağlı gerçəyin, yəni dünyanın kiçik bir ulduzun ətrafında dönən planet olmasıyla bağlı gerçəyin ədəbiyyat çevrəsində sayğıyla qarşılanması üçün uzun zamana ehtiyac duyulmuşdur.

E.L. Doktorou ədəbiyyatın axtardığı digər xüsusi gerçəklik haqqında belə söyləmişdir:

Kim “İlliada”nı tarixi gerçəkləri doğru əks etdirmir deyə gözardı edə bilər? Əlbəttə, yazarın ciddi bir şərhçi ya da satirik kimi gerçəkliyi ortaya çıxaran yazılar yaratmaq məsuliyyəti də vardır. Bunu yaradıcı sənətlər vasitəsilə əsər ortaya çıxaran hər sənətkardan, hansı vasitələrdən istifadə etməsindən asılı olmayaraq, tələb edirik. Fəqət tanınmış bir insanın başqa yerlərdə bildirilməmiş məsələlər barədə nələr danışdığını oxuyan bir ədəbiyyat oxucusu həmin anda fantaziyadan yaranan bir əsər oxuduğunun da fərqindədir. Bilirik ki, romançı gerçəkləri bildirməkdən ziyadə, ortada olan daha böyük bir gerçəyi ifşa etmək üçün yalanlara baş vurur. Hansısa romanda tanınmış bir insanın həyatı hekayət edilirsə, həmin insan eynilə kətan üzərində təsvir edilən portreti kimi, romanda da estetik məzmunda təsvir ediləcəkdir. Romanı qəzet kimi oxumazlar, roman yazıldığı kimi oxunmalıdı, yəni özgür ruh halının müşayiətiylə.

Pikasso da eyni fikri qısaca olaraq belə ifadə etmişdir: “Sənət gerçəkləri görməyimizə yardımçı olan yalandır.”

İnsanlar ancaq abstrakt təfəkkür qabiliyyətinə yiyələndikləri zaman yaradıcı sənətlərin evolusyon inkişafına imkan yarandı. İnsan zehniyyəti məhz bu mərhələdən sonra hansısa mənzərənin, şəklin, nəsnənin ya da hərəkətin obrazını mücərrəd formada yarada bildi və sonra onun konkret təsvirini başqa həmnövlərinin zehninə ötürə bildi. Beləliklə sərbəst kəlmələr və simvollardan meydana gələn gerçək və inkişafa açıq dil doğuldu. Dili isə təsviri sənətlər, musiqi, rəqs və dini mərasimlər izlədi.

Həqiqi yaradıcı sənətlərin ortaya çıxmasına imkan yaradan prosesin nə zaman başladığı tam olaraq bilinmir. Bundan 1,7 milyon il əvvəl, böyük ehtimal ki, modern insanların ataları Homo erectus damlaşəkilli daş alətlər yonub düzəldirdilər. Gəzərkən əllərində daşıdıqları bu alətlər böyük ehtimalla tərəvəzləri və əti parçalamaq üçün istifadə edilirdi. Bu alətlərin şəklini zehinlərində abstrakt olaraq mı daşıyırdılar, yoxsa qrupdakı fərdlərin bir-birini bəsit şəkildə təqlid etməsi nəticəsində mi bu yaradıcılıq yayılmışdı, bunu bilmirik.

Homo heidelbergensis

Bundan təqribən 500.000 il əvvəl, yaş və anatomik baxımdan Homo erectusla Homo sapiens arasında yer alan və olduqca zəki bir növ olan Homo heidelbergensis zamanında əl baltaları daha da mürəkkəb quruluşa malik olmuşdular. Diqqətli şəkildə yonulan daşlarla saplar bir-birinə birləşdirilirdi. Bundan sonrakı 100.000 il ərzində insanlar, düzəldilməsi daha artıq zaman və mərhələ tələb edən taxta mizraqlar istifadə etməyə başladılar. Bu dövrdə, yəni Orta Daş dövründə, insanların ataları həqiqi və abstraktlaşdırma qabiliyyəti əsasında qurulan bir kültür və onun üzərində yüksəlməyə başlayan texnologiya yaratmağa başladılar.

Bu mərhələnin ardınca boyunbağı düzəltməkdən ötrü ilbiz qabıqlarından istifadə edilməyə başlandı. Bu fəaliyyətin yanınca gözəl formada təsvir edilən sümük uclarından ibarət incə alətlər meydana çıxdı. Ən təsirli yenilik isə oxrayla (sarı və ya qırmızı rəngli mineral boyaq-tərc.) çəkilən rəsimlər idi. 77.000 yaşı olan bir təsvirdə bir-birinə keçmiş üç ədəd cizgiylə, doqquz ədəd x şəkli görürük. Bu təsvirin hansısa anlamı ola bilər, fəqət onu aydınlığa çıxarmaq çətindir, nə olduğunu bilmirik. Ancaq yenə də bu şəklin konkret məzmununun olması son dərəcə açıq-aşkardır.

İsraildəki Kafzeh Mağarasında otuz məzarın tapılması əsasında bilirik ki, ölülərin dəfn edilməsi mərasimi 95.000 il bundan öncə başlayıb. Burdakı ölülərdən biri olan doqquz yaşlı uşağın dizləri bükülmüş və qollarında maral buynuzu tutmuş şəkildə gömüldüyü kəşf edildi. Təkcə bu hal belə, ölüm qarşısında duyulan abstrakt agahlığa işarə etdiyi kimi, özündə, bir növ hiss edilən ekzistensial qayğıları da ehtiva edir. Dövrümüzün ovçu-toplayıcı toplumlarında da vəfat etmiş insanlar sənət mərasimlərinin müşaiyətiylə yola salınırlar.

Yaradıcı sənətlərin inkişaf edərək bu günki formalarına nə zaman qovuşduqları sonsuza qədər sirr olaraq qala bilər. Ancaq yenə də təqribən 35.000 il əvvəl Avropada başlayan “yaradıcı partlayış”ın meydana gəlməsi üçün genetik və mədəni baxımdan yetərli inkişafın olmasına gərək var idi. Bu dövrdən etibarən 20.000 il sonrakı Üst Paleolit dövrünə qədər mağara rəsim sənəti öz baharını yaşamışdır. Pirenei dağ silsiləsinin hər iki tərəfində, bugünki Cənubi-qərbi Fransa və Şimal-şərqi İspaniyanın bölgələrində yerləşən iki yüzdən artıq mağarada minlərlə heyvan fiquru tapılmışdır. Onların çoxu böyük heyvan fiqurlarıdı. Bu tapıntılar, dünyanın digər yerlərindəki qayalara cizilən rəsimlərlə birgə, mədəniyyətin şəfəqindən az öncə yaşanan həyatın başdöndürücü fotoqrafını əks etdirir.

Paleolitik qalareyaların Luvr Muzeyi hesab edə biləcəyimiz mağarası, Cənubi Fransanın Ardeçe bölgəsində tapılan Şove mağarasıdır. Bu mağaradakı bir rəsimdə sənətkar qırmızı orxe boyası və kömür vasitəsiylə dörd atdan (O dövrdə Avropada yaşayan vəhşi at növü) ibarət sürünü qaçarkən təsvir edib. Təsvir edilən heyvanların hər birinin xüsusi cəhətləri var. Sürüdəki heyvanlar bir-birinə yaxındır və sanki bir az yuxarıdan və sol tərəfdən görünürmüşlər kimi əyri formada sıralanıblar. Atların çənələrinin kənarları yonularaq qabarıqlaşdırılıb və önə çıxarılıb. Fiqurlar üzərində aparılan analizlərdən əldə edilən nəticələrə görə, mağarada, bundan öncə də bir neçə qədimi sənətkarın kəllə-kəlləyə döyüşən iki erkək gərgədanı və üzləri fərqli yönlərə çevrilmiş iki bizonu (vəhşi öküzü) təsvir etdiyi kəşf edilmişdir. Bu iki rəsim qrupunun ortasında boşluq buraxılmışdır. Sonuncu sənətkar da at sürüsünü çəkmək üçün bu boşluqdan istifadə etmişdir.

Şove mağarası

Gərgədan və bizon rəsimlərinin bundan təxminən 32.000 ilə 30.000 il əvvəl çəkildiyi təsbit edilmişdir və at şəklinin də ən azı bu qədər əski olduğu təxmin edilir. Ancaq atların cizgilərindəki zərafət və istifadə edilən rəsim texnologiyası, bəzi mütəxəssisləri bu rəsmlərin bundan 17.000 ilə 12.000 il əvvəl meydana gələn Madlen mədəniyyəti dövründə ərsəyə gəldiyini iddia etməyə yönəltmişdir.

Şove Mağarasındakı at sürüsünün tam tarixi bir yana qalsın, mağara sənətinin önəmli funksiyaları üzərində aparılan müzakirələr belə hələ ki, dəqiq qənaətə yetməyib. Mağaraları, atalarımızın qrup halında bir yerə toplaşaraq dua etmək üçün istifadə etdikləri məbəd hesab etmək əsassızdır. Mağaraların zəmini atəş qalıqları, heyvan sümükləri və uzun vədəli yaşayış məskəni kimi istifadə olunduqlarını bəlli edən digər izlərlə doludur. İlk Homo sapiens Orta və Şərqi Avropaya bundan təqribən 45.000 il əvvəl gəlmişdi. Bəllidir ki, bu dövrdə mağaralar insanları, bütün qitə buzlaqlarının altından keçən və Avrasiyadan Yeni Dünyaya qədər uzanan geniş çöllərin - mamontların yaşadığı steplərin sərt qışından qoruyan sığınacaqlar olmuşdur.

Bəzi mütəxəssislər mağara rəsimlərini, ovçuların ova getdiyi zaman uğur qazanmasını hədəfləyən sehr mərasimləriylə əlaqələndirir. Təsvir edilən fiqurlar əksərən böyük heyvanların rəsimləri olduğundan bu yanaşma daha əsaslı dəstək görür. Üstəlik, bu rəsimlərin yüzdə 15-i mizraq və oxlarla yaralanmış heyvanları təsvir edir.

Avropa mağara sənətinin məzmunca ayinlərlə bağlı olduğunu irəli sürən ideyaları dəstəkləyən digər sübut da, maral başı şəklində hazırlanmış kostyum, ya da daha böyük ehtimalla, gerçək maral başından hazırlanan maska geymiş bir şamanın rəsminin kəşf edilməsi oldu. İnsan bədənli və aslan başlı üç ədəd “aslan-adam” – Orta Şərqin erkən tarixində ortaya çıxacaq yarıheyvan-yarıtanrı heykəllərin sələfləri - cizgisini təsvir edən heykəllərin varlığı da əvvəlcədən mütəxəssislərə məlum idi. Ancaq şübhəsiz ki əlimizdə, şamanın nə etdiyinə, hansı fəaliyyəti həyata keçirərkən təsvir edildiyinə, ya da “aslan-adam”ın nəyi təmsil etdiyinə dair sınaya biləcəyimiz heç bir qənaət yoxdur.

Mağara sənətinin oynadığı rolla bağlı digər bir yanaşma da, mövzu haqqında yazılan ən əhatəli - “Paleolitik Sənətin Mahiyyəti” adlı kitabın yazarı, bioloq R. Deyl Gutre tərəfindən irəli sürülmüşdür. Gutre bu sənətin demək olar bütünlüklə Orinyaks və Madlen dönəmlərinin gündəlik həyatını əks etdirdiyini iddia edir. Təsvir edilən heyvanlar mağara sakinlərinin davamlı olaraq ovladığı heyvan növlərinə aiddilər (insanları ovladığı düşünülən aslan kimi bəzi növlər istisna olmaqla) və bu heyvanların gündəlik siravi danışıqların ya da görmə-eşitmə fəaliyyətinin əsas obyektlərindən biri olması təbiidir. Üstəlik, bu mağara rəsimləri arasında insan ya da insan anatomiyasına aid fiqurlara da rast gəlinir. Mağaralarda yaşayanlar adətən əllərini divara yapışdırıb ağızlarından oxra tozu püskürtərək, bir-birindən aralı qoyduqları barmaqlarının izini divarda saxlayırdılar. Əllərin ölçüsü bu fəaliyyətlə məşğul olanların əsasən uşaqlar olduğunu göstərir. Bununla bərabər, anlamsız qaralamalarla cizilən kişi və qadın cinsi orqanlarına bənzər təsvirlərə də rast gəlinir. Qrotesk formada hazırlanan gonbul qadın heykəlləri isə ehtimal ki, doğurqanlığı artırmaq üçün ruhlara ya da tanrılara həsr edilirdi; kiçik qrupların mümkün olduqca tez zamanda doğub-törəməsinə gərək vardı. Digər tərəfdən bu heykəllər mamont steplərinin sərt qışlarına məruz qalan zamanlarda bəyənilən, məqbul sayılan totuq xanımların şişirilmiş obrazları da ola bilər.

Bu utilitar nəzəriyyə mağara sənətinin rəsm və qaralamalarının gündəlik həyatı təsvir etdiyini irəli sürərkən qismən haqlıdır, ancaq tamamilə deyil. Az sayda da olsa bəzi mütəxəssislər bu dövrdə tamamilə fərqli bir sahənin, musiqinin də ortaya çıxdığını və istifadəsini nəzərdə saxlamaq gərəkdiyini müdafiə edirlər. Musiqinin ortaya çıxması, rəsm və heykəllərin ən azından bəzilərinin mağara sakinlərinin həyatında sehirlərə inamla bağlı rol oynadığına dair müstəqil isbatlar irəli sürür. Bəzi müəlliflər musiqinin Darvinist nəzəriyyə baxımından heç bir anlamının olmadığını, xoşa gəldiyi üçün, bir növ “eşitmə şirniyyatı” olduğu üçün dil faktorundan yaranan yan nəticə olduğunu iddia edir. Musiqinin yaranması və əhatə dairəsi haqqında əldə olan dəlillərin məhdud olduğu doğrudur, bu hal eynilə, bizim Yunan və Roma musiqisinə aid heç bir nota, dolayısıyla heç bir qeydə sahib olmadığımızdan, o dövrün musiqisindən bixəbərliyimizə bənzəyir. Sadəcə həmin dövrün musiqi alətləriylə tanışıq. Ancaq musiqi alətləri də “yaradıcı partlayış”ın erkən dönəmlərindən bəri mövcud idilər. Quş sümüyündən hazırlanan və texniki olaraq tütək adlandırmalı olduğumuz “fleytalar”ın dövrümüzdən 30.000 il öncə istifadəyə başlanıldığı kəşf edilmişdir. Fransadakı İsturitz mağarasında və digər bölgələrdə 225 ədəd fleytayabənzər alət tapılaraq qeydə alınıb və bunlardan bəzilərinin həqiqətən fleyta olduğu son dərəcə dəqiqdir. Aralarındakı ən təkmil örnəyin üzərində, saat yönündə əyilib sıralanmış dəliklər vardır və bu əyriliyin dərəcəsi dəliklərin insan barmaqlarına uyğun şəkildə yerləşdiyini göstərir. Dəliklərin oyulma forması da konus şəklindədir, bu da barmaqların dəliklərə tam oturmasına imkan yaradır. Modern fleyta sənətkarı Graem Lauson bunlardan birinin kopyasını ifa etmişdir, ancaq əlbəttə ki, əlimizdə Paleolitik dövrün musiqisinin notları yoxdur.

Digər tərəfdən rahatlıqla musiqi aləti kimi qəbul edəcəyimiz başqa alətlər də tapılmışdır. Bunlar arasında, bir arada asılıb bir-birinə vurulduğunda külək zınqırovlarına bəzər xoş səslər çıxaran incə çaxmaqdaşları vardır. Həm də, mağaralarda rəsmlərin çəkildiyi divarların olduğu məkanlar, ətraflarına diqqətçəkici əks-sədalar göndərən akustikaya sahibdir. Ancaq bu hal təsadüfən də yarana bilərdi.

Musiqinin yaranışı Darvinist nəzəriyyəylə uyğunlaşırmı? Musiqinin istifadəsi Paleolitik qəbilələrin həyatda qalıb mücadilə aparmasına hansısa mənada praktik xeyir verirdimi? Dövrümüzdə yaşayan ovçu-toplayıcı kültürlərin ədət-ənənələrinə nəzər salanda bu qənaətdən başqa nəticəyə varmaq çətinləşir. Müxtəlif formalarda təzahür edən rəqslərlə müşayiət olunan nəğmələr mütləq şəkildə dünyəvidir. Əcdadları adalara gəlib çıxdıqdan sonra 45.000 il boyunca təcrid halda yaşamaqlarına rəğmən Avstraliya aborigenlərinin nəğmə və rəqsləri digər ovçu-toplayıcı kültürlərə xas olan nəğmə və rəqslərə bənzədiyindən, bu rəqs və nəğmələrin Paleolitik əcdadlardan miras qaldığını düşünmək məntiqlidir.

Antropoloqlar çağdaş ovçu-toplayıcı qəbilə musiqisinə nisbətən az maraq göstəriblər və bu sahəni musiqişünasların öhdəsinə buraxıblar. Ancaq buna baxmayaraq rahatlıqla deyə bilərik ki, nəğmə və rəqslər bütün ovçu-toplayıcı toplumların kültüründə önəmli ünsürlərdir. Bu fəaliyyətlər tipik olaraq sosialdır və insan yaşamının bir çox aspektlərini mövzuya çevirirlər. Inuit xalqları və Babonqo piqmeylərinin nəğmələri modern mədəniyyətlərin mahnılarıyla müqayisə ediləcək dərəcədə detallı və mürəkkəbdir. Modern ovçu-toplayıcılar üçün nəğmələr, əsasən həyatlarını canlandırmaq üçün istifadə etdikləri alətdir. Nəğmə sözləri arasında qəbilənin tarixi və mifologiyasıyla bağlı məlumatlar olduğu qədər, ərazinin bitki və heyvanları barədə də praktik bilgilər vardır.

Avropanın Paleolitik dövrünün mağara sənətində ov heyvanları xüsusi yer tutduğu kimi, modern qəbilələrin nəğmə və rəqsləri də əsasən ov prosesiylə əlaqəlidir. Bu nəğmələrdə müxtəlif ovlardan söhbət açılır, aralarında itlərin də adı çəkilən ev alətlərinin gücündən danışılır, öldürdükləri ya da öldürəcəkləri heyvanların könlünü alırlar və ov arxasınca gəzdikləri torpaqlara hörmətlərini izhar edirlər. Keçmişdəki uğurlu ovları xatırlayır və qutlayırlar. Ölülərinə sayğılarını nümayiş etdirir və talelərini yönəldən ruhlardan mərhəmət, yaxşılıq diləyirlər.

Çağdaş ovçu-toplayıcıların nəğmə və rəqslərinin həm fərdi səviyyədə, həm də qrup səviyyəsində əhəmiyyətli olduğu özlüyündən bəllidir. Qəbilə nümayəndələrini bir araya toplayır, birləşdirir, ortaq bilgi və hədəflə təmin edir. Hərəkətə keçmək üçün gərəkli olan ehtirasları canlandırıb qızışdırır. Qəbilənin ehtiyac duyduğu ortaq bilgi hafizəsini qüvvətləndirir və genişləndirir. Nəğmə və rəqsləri ən yaxşı bilənlər qəbilə içində qismən də olsa xüsusi güc, mövqe qazanırlar.

Musiqi yaratmaq insani instinktdir, həqiqi mənada növümüzün fundamental, dünyəvi özəlliklərindən biridir. Ən uc örnəklərdən birini ələ almalı olsaq, nevroloq Anirud D. Patelin Braziliya Amazonkasında yaşayan kiçik Piraha qəbiləsi barədə söylədiklərinə müraciət edə bilərik: “Bu kültürün fərdlərinin istifadə etdiyi dildə say yaxud saymaq qavramı yoxdur. Dillərində rəngləri bildirən sabit terminlər yoxdur. Yaradılışla bağlı mifologiyaları yoxdur və bəsit, çubuğabənzər xətlərdən başqa heç nə çəkmirlər. Ancaq musiqiləri çoxdur və bunlar nəğmə formasındadır.”

Patel musiqidən “dəyişdirici, dönüşdürücü texnologiya” kimi söhbət açır. Musiqi insanların dünyanı görmək biçimini, oxuyub-yazmaq və dildən istifadə etmək dərəcəsində dəyişdirmişdir. Hansısa musiqi alətində ifa etməyi öyrənmək belə beynin quruluşunu başqalaşdırır; səs qəliblərini kodlayan subkortikal bölgələrdən tutmuş beynin iki yarımkürəsini bir-birinə bağlayan neyron liflərinə və serebral korteks bölgəsindəki boz maddəyə qədər önəmli dəyişiklərə yol açır. Musiqinin insanın duyğularına və hadisələri izah etmək qabiliyyətinə göstərdiyi təsir qüvvətlidir. Musiqiyə reaksiya verən neyron torları fövqəladə dərəcədə qarmaqarışıqdır və musiqinin beynin ən azı altı fərqli mexanizmasına təsir göstərdiyini bilirik.

Zehni inkişaf baxımından musiqi dilə yaxından bağlıdır və bir çox cəhətinə görə dildən yarandığı düşünülür. Ancaq uşaqlarda dilin qəbul edilmə mexanizmi sürətli və avtonom olsa da, musiqi daha yavaş öyrənilir və ciddi təhsil, çalışma prosesi tələb edir. Həm də dil öyrənmək üçün gərəkli olan bacarıqların sürətlə və asanlıqla əldə edildiyi müəyyən kritik yaş dövrü varkən, musiqi üçün belə bir period hələ ki təsbit edilməyib. Ancaq yenə də həm dil, həm də musiqi fərqli elementlərdən istifadə etsələr də - kəlimələr, notlar və akkordlar - sintaqmatik quruluşa malikdilər. Musiqini dərk etməkdə anadangəlmə qüsurlu olanların yüzdə 30-u eyni sıxıntını dildən istifadə edərkən də yaşayırlar.

Bu mövzuyla bağlı bütün bilgilərimizi toplasaq, musiqinin insan evolyusiyasının yeni ünsürlərindən biri olduğuna inanmağımız üçün xüsusi səbəblərimiz olacaq. Musiqinin danışmaq qabiliyyətinin yan təsiri kimi ortaya çıxması da mümkündür. Ancaq bunu qəbul etmək musiqini sadəcə danışmaq qabiliyyətinin mədəni bir detalı, budağı, parçası kimi qəbul etmək anlamına gəlmir. Musiqinin, danışmaq qabiliyyətiylə paylaşmadığı ən azından bircə dənə özünəxas cəhəti vardır ki, bu da ritmdir və istər rəqslərdə ortaya çıxsın, istər nəğmələrdə, bu ritm sinxronizə edilə bilir.

Dilin nevroloji işləyişi, musiqinin meydana gəlməsi üçün ön-adaptasiya rolunu oynaya bilərdi. Musiqi meydana gəldikdən sonra isə, özü genetik mənada üstünlük qazandıracaq xüsusi qabiliyyət kimi yayğınlaşa bilərdi. Bu mövzu, antropologiya, psixologiya, nevrologiya və təkamül biologiyasının müxtəlif elementlərini bir araya gətirməklə dərin şəkildə araşdırılsa, gələcəkdə daha əhatəli bilgilərin əldə edilməsinə imkan yaradacaq araşdırma mövzusuna çevrilə bilər.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR