Balzakı oxumaq

Teodor W.Adorno

Ədəbiyyat
Photo

"Ədəbiyyat yazıları" silsiləsindən - ixtisarla

Kəndli şəhərə gəldiyi zaman rastlaşdığı hər şey onu "bağlıdır"la qarşılayar. Qalın, ağır qapılar, jalüzlü pəncərələr, gülməli vəziyyətə düşərək cəzalandırılacağından qorxduğu üçün ünsiyyət qura bilmədiyi saysız-hesabsız insan, hətta ala bilməyəcəyi mallarla dolu dükanlar - hamısı onu geri qaytarar. Mopassan elə də yaxşı olmayan təhkiyə ilə qələmə aldığı novellasında, kiçik rütbəli zabitin tanımadığı bir yerdə hörmətli ailə evini fahişəxana sanıb düşdüyü utancverici vəziyyətlə əylənir. Şəhərə yeni gəlmiş adamın gözündə də kilid altındakı hər şey müəyyən qədər fahişəxanaya bənzəyir; sirlidir və qadağan edilmişin təhrikediciliyi ilə doludur...

Ədəbiyyatda bəlkə də ilk paysan de Paris (Parisli kəndli) Balzak idi; hətta nəyin nə olduğunu çox yaxşı öyrəndikdən sonra da həmin vəziyyətini qoruyub saxladı. Lakin digər tərəfdən də Balzakda inkişaf etmiş kapitalizmin eşiyindəki burjuaziyanın istehsal gücləri özünə yer eləmişdi. O, bağlı qapılar arxasında saxlanmağına yaradıcı dahiyə xas reaksiya verdi: hələlik siz deyən olsun, amma o qapıların arxasında baş verənləri özüm fikirləşib tapacağam. Beləliklə dünyanın da dinləməyə nəyisə olacaq! Məlumat əksikliyinin yaratdığı hirs ilə ən yüksək təbəqədə - ən gözlənilməz yerlərdə - belə baş verdiyini düşündüyü şeylərlə sərxoş olan kəndlinin duyduğu inciklik hissi, çox qəti və qüsursuz bir təxəyyül gücünün enerji mənbəyi olmuşdur. Bəzən Balzakın əvvəllər ticari məqsədlərlə maraqlandığı ucuz ədəbiyyat romantizmi, bəzən də uşaq istehzaçılığına xas cümlələr özünü biruzə verir. Məsələn: "Cümə günü səhər saat on birə yaxın Miromesnil küçəsi 37 ünvanının qarşısından keçərkən birinci mərtəbədəki yaşıl dükanların hələ açılmadığını görsəniz, bilin ki, əvvəlki gecə orada qrup sekslə məşğul olublar". Lakin bəzən də sadəlövh adamın bu kompensasiyaya yönəlik fantaziyaları dünyanı realist olduğu üçün təriflənən Balzakdan daha real təsvir edir. Onu yazmağa yönəldən yadlaşma - məhsuldar qələmindən çıxan hər cümlə sanki naməluma doğru qurulmuş körpüdür - təxmin yoluyla aşkarlamağa çalışdığı gizli həyatın özüdür.

İnsanları bir-birindən qoparan və elə yazmağa da təhrik edən, həmçinin onlardan uzaqlaşdırmış olan bir nəsnə vardı ki, o, Balzakın romanlarında ritmini təqlid etdiyi cəmiyyətin təşəkkülünü təmin edən şeylə eynidir. Lüsyen Rübamprenin fantastik və ehtimal xarici taleyi ədəbiyyatda müntəzəm istehsala şərait yaradan nəşr üsulları və kağızla əlaqədar peşəkarcasına təsvir edilmiş texniki dəyişikliklər sayəsində mümkün olmuşdur; kolleksiyaçı Əmioğlu Ponsun aktuallığını itirməsi, müəyyən qədər bəstəkar kimi orkestr texnikasını, belə demək mümkünsə, sənayenin inkişafını təqib edə bilməməsindən qaynaqlanır. Balzakın bu cür sezgiləri tədqiqatda çox böyük əhəmiyyətə malikdir, çünki bu sezgilər boz tədqiqatın məhv etməyə çalışdığı mövzunun qavrayışından törəyib və onun yenidən inşasını təmin edir. Balzak inkişaf etmiş kapitalizmdə insanların - Marksın ifadəsiylə - teatr maskaları taxdığını intellektual sezgisi ilə qavramışdı. Şəfəqin təzə, çiy işığında, yeni bir başlanğıcın parlaq rəngləriylə bərq vuran maddiləşmə, günorta vaxtının hər hansı iqtisadi-siyasi tənqidindən daha dəhşətlidir. 1845-ci il ərəfəsində cənazə şirkəti rəsmisi ölüm mələyini xatırladır - üstündən yüz il keçməsinə baxmayaraq, heç bir Amerikan satirası, hətta Evelin Vonunki (Evelyn Waugh) belə, bunu üstələyə bilməmişdir. Balzakın ən böyük romanlarından "Sönmüş Xəyallar" və ədəbiyyatın növlərindən birinə adını vermiş désillusion (xəyal qırıqlığı) insanların öz ictimai funksiyalarıyla üst-üstə düşmədiyini göstərən təcrübədir.

Balzak daha əvvəl klassik iqtisad və Hegel fəlsəfəsində nəzəri olaraq işlənmiş cəmiyyətin tamlıq xüsusiyyətini, iqtibasın ildırımıyla fikirlər səmasından hissi müəyyənlik dünyasına endirdi. Bu, sadəcə ümumi bir tamlıq, yəni "İnsanlıq Komediyası"nın proqramına uyğun olaraq, öz çoxsaylı budaqlarıyla bütöv həyatın fiziologiyasından ibarət deyil. Funksional bir sistem olaraq, həmçinin dərininə tamlıqdır. Orada dağıdıb-tökən bir dinamizm hökm sürür: cəmiyyət özünü ancaq tam halında, başdan axıracan bir sistemlə istehsal edə bilir və bunun üçün də ən sonuncu insana belə müştəri olaraq ehtiyac duyur. Bu dünyagörüşü olduqca kəsə, çox birbaşa görünə bilər - sənətin mücərrədləşmiş cəmiyyəti qəbul edilməsi mümkün şəkildə canlandırmağa cürət etdiyi hər vəziyyətdə olduğu kimi. Lakin insanların onsuz da görünməz şəkildə ələ keçirilmiş artığı, gözlə görünən şəkildə bir-birlərindən oğurlamaq üçün girişdikləri utancverici fərdi davranışlar, bütün bu vəhşiliyə başqa cür, ancaq nəzəri yollardan çatdırılması mümkün plastik müəyyənlik qazandırır. Presidente, miras manevrləriylə varlı ola bilmək üçün saxtakar vəkilə və qapıçıya (concierge) möhtacdır. Bərabərlik yalnız özü saxta olan tamın bütün sinifləri cinayətə ortaq etməsiylə reallaşa bilər. Hətta ədəbi zövq və dünyəvi müdrikliyin ağız büzdüyü ucuz romanlar belə öz miqyaslarında müəyyən bir həqiqəti dilə gətirirlər: cəmiyyətin quyularında, istehsal sahəsinin yeraltı dünyasında baş verən hadisələr - daha sonrakı mərhələdə bunlardan totalitar meyilli nifrətlər doğulmuşdur - yalnız küncdə-bucaqda üzə çıxır.

Balzakın dövrü belə mərkəzdən kənar bir həqiqət üçün əlverişli idi: On doqquzuncu əsrin əvvəlində, Fransız sənaye inqilabının göbəyində primitiv təcrübə dövrü idi bu - antikvarlaşmış conquistador (XVI əsrdə Cənubi və Mərkəzi Amerikanı fəth edən ispanlar) vəhşiliyi dövrü. Heteronom əməyə saf bazar qanunlarına görə hələ, demək olar ki, qətiyyən əl vurulmadığı bir dövrdən söhbət gedir. Onsuz da bu qanunlara xas olan haqsızlıq hər bir fərdi hərəkətdəki haqsızlıqla daha da çoxalır, cinayət üstəlik artıq qazanc da əldə edirdi. Bu cür hiylələrdən xəbərdar olanlar Balzakı filmlərdəki kimi pis psixologiya yaratmağa can atdığına görə günahlandıracaq, amma Balzakda kifayət qədər xoş psixologiya tapmaq olar. Concierge yalnız vəhşidən ibarət deyil; həmvətənləri, özlərində olan sosial xəstəliyə, yəni acgözlüyə tutulana qədər, onu xoş adam hesab edirdi. Eyni şəkildə, Balzak işin sənətkarı olmağın – məsələnin özünə fokuslanmağın – mütləq qazanc motivini necə geridə qoyduğunu, istehsalçı güclərin istehsal əlaqələrini necə üstələdiyini dərk edirdi. Digər tərəfdən, Balzak fərdi xarakter xüsusiyyətlərinin fibroması olaraq burjua individualizminin fərdlərin özlərini də necə yox etdiyini başa düşməkdədir: acgözlüyü yaxud xəsisliyi təmsil edən xarakterləri o yaratmışdı. Analıq xüsusiyyətində dostluğun sirrinin gizli olduğunu hiss edirdi. Ponsun dağıdıcı maşına aludə olmasına yaxşı yemək zövqü səbəb olduğu kimi, instiktiv olaraq ən kiçik bir zəifliyin zadəgan ruhlu insanı çöküşə sürükləyəcəyini də sezir.

Madam Nusingenin üçüncü şəxslərin qarşısında aristokrat bir qadından ön adıyla bəhs edərək onunla yaxın olduğunu göstərməyə çalışması Prustda rast gəlinə biləcək vəziyyətdir. Lakin Balzak, həqiqətən də, yaratdığı xarakterlərə kuklaları xatırladan xüsusiyyətlər versə də, bunların qəbul olunması üçün psixoloji sahəni üstələyən səbəblər var. Cəmiyyətin iqtisadi tablosunda (tableau économique) insanlar Hellbrun Qalasındakı mexaniki körpəsayaq, kuklalar kimi davranırlar. Domyein (Daumier) karikaturalarındakı bir çox adamın Pulsinellanı (Pulcinella) - "Commedia dell'Arte"dakı komik xidmətçi xarakteri - xatırlatması əbəs yerə deyil. Eyni ruha malik olan Balzakın əhvalatları da düzgünlük və dürüstlüyün ictimai cəhətdən qeyri-mümkünlüyünü meydana sərir. Onlar dişlərini ağardaraq deyirlər: cinayət törətməyən məhv olacaq. Bəzən də qışqıraraq elan edirlər bunu. Və beləcə insaniliyin (das Humane) işığı da təcrid edilmişi işıqlandırır: böyük bir ehtirasa və özünü fəda etmə qabiliyyətinə malik fahişəni, kürək məhkumunu və mənfəətsiz olaraq başqalarını düşünərək davranan qatili. Balzakın fizioloji şübhəsi ona yaxşı həmvətənlərin əslində cinayət törədən kəslər olduğunu deməkdədir; kim olduğu məlum olmadan və nüfuz edilməz bir zireh içində küçələrdə gəzən hər kəs bütün cəmiyyətin "ilkin günah"ını işləmiş görünür - bax, məhz bu səbəbdən günahkarlar və (cəmiyyətdən) təcrid edilmişlər Balzakın gözündə insandır. Bu, onun ədəbiyyat üçün homoseksuallıq hadisəsini kəşf etməsini də açıqlayır; "Sarrazin" adlı novellası bu mövzuya həsr olunmuş, Votrin (Vautrin) fikri buradan qaynaqlanmışdır. Balzak mübadilə qanununun qarşısı alınmaz yüksəlişi qarşısında, pozulmamış halı ilə eşqə bənzər bir şeyi, alçaldılan və lap əvvəldən ümidsiz olan eşqdə tapmağı arzulamış olmalıdır: bərabərdəyərlilərin mübadiləsinə son qoymuş, saxta bir keşiş, Votrindi bu sınaqda güvəndiyi.

***

Balzak almanlara, Jan Pol və Bethovenə xüsusi bir sevgi bəsləyirdi; bu sevginin qarşılığını Riçard Vaqner və Şönberqdən gördü. Vizual meylinə baxmayaraq, Balzakın yaradıcılığında bötövlükdə musiqili bir tərəf vardır. On doqquzuncu əsr və İyirminci əsrin başlanığıcının musiqisi böyük dramatik vəziyyətlərə meyliylə, ehtiraslı yüksəliş və enişləri, qayda tanımazcasına həyat dolu varlığı ilə romanları xatırladarkən, növünün ilk nümunələri olan Balzakın romanları da xarakterləri doğub yenidən udan, yuxudakı kimi ard-arda düzülən xarakterləri əvvəl meydana gətirib sonra çevirən axıcılığı ilə musiqili xüsusiyyət daşıyır. Romanı xatırladan musiqi, qaranlıqda, obyektlər dünyasının siluetini diqqətə çarpdıran batıq işıq altında o dünyanın hərəkətini dinləyicinin zehinində təkrarlayırmış kimi görünərkən, Balzakın səhifələrini maraqla çevirən birinin zehini də - sanki bütün o təsvirlər və izah edilən hadisələr əsərdə axıb gedən vəhşi və rəngarəng səslərin bəhanəsiymiş kimi - vızıltılarla dolur. Partitura oxumağı hələ düz-əməlli bacarmayan bir uşağa fleyta, klarnet, şeypur və baraban notaları nə vəd edirsə, bu səhifələrin oxucuya verdiyi də odur. Əgər musiqi obyektlər dünyasının yox edilib iç məkanda yenidən yaradılmasıdırsa, Balzakın romanlarından xaricə bir dünya olaraq yansıyan iç məkan da musiqinin yenidən kaleydoskopa tərcüməsidir. Musiqiçi Şmukeni təsviri, Balzakın almansevərliyinin istiqamətini görməyimizi təmin edir.

Freischütz (Freischutz: "Azad nişançı". 14-16-cı əsrlər arasında alman folklorunda məşhur olan əfsanəvi nişançı fiquru. Şeytan ona yeddi güllə verir: bunlardan altısı nişançının istədiyi hədəfə dəyəcək, amma yeddincinin hədəfini Şeytan təyin edəcək. K.M.Veberin operası "Freischütz" (1821) bu mövzudadır) və Şumandan tutmuş iyirminci əsrin anti-rasionalizminə qədər alman romantizminin Fransadakı təsiriylə eyni rəngdədir bu sevgi.

...Balzak bir tərəfdən dünyadan nə qədər uzaqlaşsa da, digər tərəfdən də onu yaradaraq o qədər yüklənir ona. Anekdota görə Mart İnqilabı (1848) vaxtı Balzak siyasi hadisələrə arxa çevirib, masasının ardına keçərək deyir: "Gəlin, həqiqətə geri dönək" - hətta uydurulmuş olsa da, bu, Balzakı çox düzgün əks etdirən əhvalatdır. Belə bir hərəkət, Bethovenin həyatının sonunda pijamalarını belə çıxarmadan, hirsli şəkildə donquldana-donquldana otağının divarlarına Do-diyez Minor Dördlüyündən nəhəng notalar yazmasına bənzəyir. Paranoyada olduğu kimi, onda hirs və sevgi iç-içə keçmişdir. Təbiətin ruhları da insanlarla eynilə bu cür oyun oynayır və yoxsullara kömək edir.

***

Paranoik adamın filosoflar kimi sistemə malik olduğu Freydin gözündən qaçmamışdı. Hər şey bir-birinə bağlıdır, hər şeyə əlaqələr hakimdir, hər şey gizli və şər məqsədə xidmət etməkdədir... Universal asılılıq və ünsiyyət sistemi meydana gəlmə halındadır. İstehlakçılar istehsal prosesinə xidmət edir. Əgər malların əvəzini ödəyə bilməsələr sərmayə böhrana girər, bu böhran da istehlakçıları məhv edər. Kredit sistemi insanların talelərini, bundan onların heç xəbəri olmasa belə, bir-birinə bağlayır. Tam, onu meydana gətirənləri yenidən istehsal edərək məhv etməklə təhdid edir və səthi çox sıx toxumayla hələ örtülmədiyi müddətcə bu potensialın görülməsi üçün əlverişlidir. "İnsanlıq Komediyası"nın ən gözlənilməz yerlərində, yalnız əlaqə çılğınlığı sisteminin (Beziehungswahn) hazırlaya biləcəyi qruplaşmalar daxilində, ancaq Dictionnaire biographique des personnages fictifs de la Comédie humaine-nin ("İnsanlıq Komediyası"ndakı fantastik şəxslərə dair bioqrafik lüğət) bir sıraya qoya biləcəyi tanış xarakterlər - Qobseklər, Rastinyaklar, Votrinlər - yol ötən şəxslər halında üzə çıxır. Amma hər yerdə həmişə eyni güclərin iş başında olduğunu sanan sabit fikirlər də prosesin bütününə bir an işıq tutan qısa dövrələr yaradır. Subyektin həqiqətdən uzaqlığı da beləcə həqiqət aşinalığı üzündən eksantrik yaxınlığa çevrilir.

***

Restovrasiyaya özünü yaxın hiss edən Balzak sənayeləşmənin erkən dövründə, lakin daha sonrakı bozlaşma mərhələsinə aid olduğu düşünülən bəzi simptomlar görməkdədir. "Sönmüş Xəyallar"da Karl Krausun mətbuata yönəltdiyi tənqidi əvvəlcədən dilə gətirmiş, Kraus da ondan iqtibas etmişdir. Üstəlik ən çox zülmə uğrayanlar da restovrasiya jurnalistləridir, ideologiyaları ilə müraciət etdikləri vasitənin ilkin demokratikliyi arasındakı ziddiyyət onları sinizmə sürükləməkdədir. Bu cür obyektiv vəziyyətlər Balzakın anlayışına uyğun gəlmir. Özünü qəbul etdirməkdə olan yeni istehsal tərzinin qarşıdurmaları yazarın təxəyyül gücü qədər itidir və əsərlərinin quruluşunda yaşamağa davam edir. Romantik və realist xüsusiyyətlər Balzakda tarixi bir qarışıq əmələ gətirir. Hələ oturaqlıq qazanmamış sənayenin qabaqcılları olan kapitalistlər epik növə xas macəraçılardır və 18-ci əsrdə doğulmuş Balzak da bu növə aid kateqoriyaları xilas edib 19-cu əsrə daşıyır. Sarsılmış, lakin varlığını davam etdirməkdə olan burjua öncəsi nizamın zəmini üzərində qaçıb gedən rasionalizm də universal günahkarlıq məzmununa çox bənzəyən bir irrasionalizmi boynuna götürür; əslində həmişə həmin günahkarlıq kimi qalmışdır rasionalizm: ilk qəsbləri son dövründəki irrasionalizmin girişidir. Homo economicus-un normaları hələ insanların davranış standartı olmamışdır; qazanc ovçuluğu əhliləşməmiş ovçunun qana susamışlığına, bütünlük də mərhəmətsizcə koru-koranə hərəkət edən taleyin zincirlənişinə bənzəyir hələ. Adam Smitin "görünməz əl"i Balzakda qəbiristanlıq divarına söykənmiş quru əldir. Həm Hegelin Hüquq Fəlsəfəsindəki fərziyyənin, həm də pozitivist Kontun qarşısında qorxub geri çəkildiyi şey - təbii yolla təkamül etmiş strukturları əzən sistemin dağıdıcı meyilləri - Balzakın sərxoş təfəkküründə xaotik təbiət halında partlayıb alovlanmışdır. Təhkiyəsini coşduran bu vəziyyətə nəzəriyyəçilər dözə bilməmiş, Hegel dövləti, Kont da sosiologiyanı hakim etmək istəmişdir. Balzakın heç birinə ehtiyacı yoxdur, çünki onun üçün sənət əsərinin özü əhatələyici jestlə cəmiyyətin mərkəzdən qaçan qüvvələrini qucaqlayan səlahiyyətli mərcidir.

Balzakın romanı insanların ehtirasları ilə nizamı pozduğu üçün ehtirasa gedərək daha az tolerant yanaşan dünya arasındakı gərginlikdən bəslənir. Ehtiraslar həmişə asılı olduqları qadağa və boşa çıxan ümidlərin təsiri altında artıb vəhşiləşir. Təmin edilməmiş ehtiraslar bir tərəfdən formasız quruluş alarkən, digər tərəfdən də doyurulamamış, duyğu yüklü (pathisch) xarakterlərə çevrilir. Buna baxmayaraq, motivlər ictimai qəliblər arasında itib-batmır. Hələ böyük ölçüdə yetilməmiş, xüsusilə də təbii monopoliyaya bağlı olan əmtəələrə yapışıblar; ya da xəsislik, pul ehtirası və təşəbbüskar dəlilik halında tam olaraq yerinə oturana qədər fərdlərin əlavə enerjilərinə ehtiyac duyan yayılma mərhələsindəki kapitalizmin xidmətinə girirlər. Balzakın xarakterləri, "enrichisez-vous" (zəngin ol) paroluyla hərəkətə keçib rəqs etməyə başlayıblar. Erkən dövr sənaye dünyası, "bazar" sözünün cüt mənalılığını - "Min bir gecə nağılları"nın bazar və alver mərkəzləri - iyirminci əsrə qədər ona hələ uyğunlaşma təmin etməmişlərin qarşısına çıxartmağı davam etdirmişdir (təsadüfən Sen-Simonun ən yaxşı tələbələrindən birinin adının oxunuşu da "bazar" idi).

Bu vaxt insanlar da onun başına həm faillər, həm də yolunu azmış yolçular kimi fırlanıb dururlar: artıq dəyərin failləri və artan zənginlikdən işi-gücü olmayan feodal bəylər kimi pay almağa ümid edən Don Kixotlar, ortalama qazanc nisbəti qanunuyla özlərini yerə sərən Fortunanın yel dəyirmanlarına hücum edən macəraçı cəngavərlərdir. Bozun doğulması bax bu cür rəngli, dünyanın sehrinin pozulması bu cür ovsunlayıcıdır; öz nəsriylə yaxında izah edəcək heç bir şeyin qalmayacağını zəmanətə alan proses haqqında açıqlanacaq çox şey vardır. Bu dövrün lirik şairi kimi epik şairi də Sosialist xalq atlasında "kapitalizm bataqlığı" olaraq göstərilən yerdə şər çiçəkləri yığmışdır. Balzakın əsərindəki romantik tərəf subyektiv baxımdan əslində nemətlərindən faydalanmaq da istədiyi liberal cəmiyyətin qurbanı olaraq keçmişə həsrətlə baxan bu adamın tarixi geri qalmışlığından və kapitalizm öncəsinə xas dünyagörüşündən gəlməklə birlikdə, eyni zamanda ictimai həqiqətdən və bu həqiqətə yönəlmiş həqiqi bir forma anlayışından qaynaqlanır. Fəlakət yaradan xərçəng şişlərini işıq halələrinə çevirməkdən ötrü Balzakın bütün işi bu həqiqəti "Bax! Dünya bu cür qorxuncdur," deyərək təsvir etməkdən ibarət olmuşdur.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR