Millətçilik, onun mühafizəkar, liberal və radikal formaları (2-ci hissə)

Fərid Zülfüqarlı

Elmi-kütləvi

Liberal millətçilik

Liberal millətçilikdən danışarkən Fransa millətçiliyindən bəhs etməmək mümkün deyil. Beləki, Fransa inqilabının millətçiliyi əsas ilhamını Jan Jak Russonun (1712-1778) ideyalarından alırdı. O iddia edirdi ki, xalqın suverenliyində və milli iradənin formalaşmasında hər kəsin ümumi əməkdaşlığı vacibdir. Ümumiyyətlə, geniş akademik çevrələrin iddiasına görə, millətçiliyi müdafiə edən ilk liberal mütəfəkkir J.J. Russo olmuşdur. O, xalqın ümumi iradəsi ilə individual azadlıqların assosasiyası prinsipini müdafiə edirdi. Onun nəzəriyyəsi demokratik hökumət ideyaları üzərində qurulmuş liberal bir millətçiliyi formalaşdırmağa kömək etmişdir (Hoffman və Graham 2009, ss. 174, 195, 264). Russoya görə liberalizmi və millətçiliyi biri-birinə bağlayan demokratiyadır ki, fərdlər üçün bərabər imkanlar və təməllər təmin edərək əksər səs çoxluğu ilə ədalətli bir nəticənin əldə olunmasına səbəb olur. Russo bütün Avropada millətçiliyi təşviq edən “Young Europe” (Gənc Avropa) hərəkatını yaradan Mazzini (Heywood. 2003) və Mil (“azad təsisatlar” və özünü idarə etmə hüququ nəzəriyyələrinin müəllifi) kimi digər mütəfəkkirləri belə öz təsiri altına ala bilmişdi (Goodwin. 2010, götürülüb UKEssays 2013, par. 14).

Fransa inqilabının millətçiliyi yalnız bununla məhdudlaşmırdı, o, ümumi insanlığa və liberal tərəqqiyə rasional bir inamın müzəffər ifadəsi idi. O məhşur sloqan, “azadlıq, bərabərlik, qardaşlıq” həmçinin İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi yalnız Fransa xalqına deyil, bütün xalqlara şamil edilirdi. Fərdi azadlıqlar, insanların bərabərliyi, bütün xalqların qardaşlığı kimi dəyərlər liberal və demokratik millətçiliyin ümumi təməl daşları idi. Bu ilham yeni rituallar, köhnə illərin bayram qutlamaları, əyləncələr və mərasimlər: festivallar, musiqi, poeziya, milli bayramlar və vətənpərvərlik nitqləri kimi yeni ənənələri formalaşdırmağa başladı. Millətçilik ən müxtəlif formalarda, həyatın bütün təzahürlərinə nüfuz etdi. Amerikada olduğu kimi, fransız millətçiliyinin yüksəlişi müharibə sənətində yeni bir fenomen – silahlı millət – meydana gətirdi. Amerika və Fransada təhsilsiz, lakin millətçilik şövqüylə döyüşən vətəndaş orduları, millətçilik ruhu olmayan yüksək səviyyəli təlim keçmiş peşəkar ordulardan üstün olduqlarını sübut etdilər. İnqilabi Fransa millətçiliyi azad fərdlərin qərarlarını, millətlərin formalaşmasının əsası hesab edir və millətlərin yaradılmasını üzvlərin öz müqəddəratını təyin etmə hüququnun olması ilə izah edirdi. Seçki millətin iradəsini ifadə etməsi üçün əsas vasitə kimi qəbul olundu. İnqilabi Fransada olduğu kimi Amerikada da millətçilik dedikdə avtoritarizm və bərabərsizlik ilə xarakterizə olan keçmişə baxışı deyil, azadlığın və bərabərliyin ortaq gələcəyinə doğru baxan universal bir mütərəqqi ideyaya sadiqlik başa düşülürdü (Kohn 2018, par. 11-12).

“XIX əsrin ilk yarısında yalnız Fransada deyil bütövlükdə Avropada universal qardaşlıq və bacılıq, dostluq, öhdəlik, mənəvi-etik, qarşılıqlı sayğı və anlayış, kimi dəyərləri müdafiə edən liberal millətçilər çoxluq təşkil edirdi. Onlar hər hansı bir ölkənin müstəqilliyi və azadlığı üçün mübarizənin ortaq bir əsası olduğuna güclü şəkildə inanırdılar. Ernest Qellerin qeyd etdiyi kimi, XIX əsrdə liberalizm və millətçilik müttəfiq, hətta qardaş idilər; lakin sonralar onların yolları ayrılmışdır” (Donskis 2009, 78). XIX əsrin ilk yarısında milliyyətçiliyin ilkin mərhələsi olan liberal milliyyətçilik məhz liberalizmin özü üçün sinonim termin kimi qəbul edilirdi. Tarixin kortəbii, şişirdilərək tərif edilməsinə qarşı olan liberal milliyyətçilik, həmişə cəmiyyətin və mədəniyyətin tənqidi sorğulanması üçün interpretativ və normativ bir çərçivə olub və olmaqda davam edir. Sosial və əxlaqi fəlsəfə kimi liberal milliyyətçilik bir intellektual mədəniyyət nümunəsini yaradıb ki, qayəsini cəmiyyət və mədəniyyətin tənqidi modernləşməsi təşkil edir. Liberal milliyyətçilik siyasətdə və ictimai diskursda kosmopolit düşüncələrə və həmçinin istifadə etdiyi siyasət və mədəniyyətin tənqidi modernləşməsinə imkan tanıyır. Liberal və demokratik millətçilik bizim müasir-intellektual və mənəvi həssaslığımızın təminatçısıdır (Harrison və Boyd 2010, 154-195).

Bu düşüncə məktəbinə əsasən, insanlıq təbii olaraq bütün ərazilərə eyni dərəcədə hüququ olan və bir sıra ərazi hüdudları olan xalqlara bölünür. Hər biri suveren olmaqla özlərinin siyasi insitutları ilə özünü idarəetməyə sahib olmalıdırlar. Milli hüquqlar insan hüquqlarına oxşardır və eyni zamanda universaldır. Bu milliyyətçilik forması liberalizm içərisində daha çox beynəlmiləlçi, pasifist və idealist elementlərlə asanlıqla uzlaşır. Suveren millətlərdən ibarət bir dünya bir-birinin milli hüquqlarına hörmət bəsləyəcək və beynəlxalq təşkilatlarda asanlıqla əməkdaşlıq edəcəkdir. Əlbəttə ki, bu İtaliyada Guseppe Mazzini (1805-¬1872) kimi liberal millətçilərin ümidləri idi (Harrison və Boyd 2010, 154-195). Dövrünün ən aparıcı liberal millətçisi olmuş G. Mazzini “Avropa: Onun Vəziyyəti və Perspektivləri” adlı essesində inqilab dövrünü belə izah edirdi:

1848-ci ildə nə Vyana xalqının apardığı mübarizə material (maddi) maraqlarla bağlı deyildi, nə də ki, eyni ildə döyüşən Lombardiya xalqının məqsədi sərvətini artırmaq deyildi. Bu mübarizəyə qarşı Avstriya hökumətinin Qallisiyada kəndliləri torpaq sahiblərinə qarşı ayaqlandırmq cəhdləri də uğursuzluğa düçar oldu. Onlar sadəcə öz azadlıqları və ölkələrinin suverenliyi uğrunda (polşalılar, almanlar və macarlar kimi) mübarizə apararaq göstərməyə çalışırlar ki, biz də düşünə bilirik, biz də bu dünyada yaşayır və biz də sevə bilirik. Onlar eyni dildə danışır, bir-birinin təəssübünü çəkir, eyni ənənələrə və ideyalara sadiqlik nümaiş etdirirlər. Onlar fikirlərini azad ifadə edə bilmək, heç bir kənar müdaxilə olmadan sərbəst şəkildə birləşə bilmək tələbləri ilə çıxış edirlər. Onların axtarışında olduğu mənəvi bir şeydir və bu mənəvi şey faktiki olaraq və siyasi baxımdan mövcud vəziyyətdə ən önəmli sualdır. Avropa məsələsinin təşkil edilməsidir. Bu, iki yüz il bundan əvvəlki bir-birinə düşmən və qəddar millət deyil (Scott 1880, 266, götürülüb Halsall 1997, par. 6).

Ümumiyyətlə, 1848-ci il Avropada cərəyan edən bütün inqilablar liberallardan olduqca təsirlənmişdi və demək olar ki həmişə bundan ehtiyyatlanan dövlətlər tərəfindən uğurla qarşısı alınmışdır. Belə millətçilik istər etnik, istərsə də dini və ya dil olsun, azlıqların hüquqlarına hörmət göstərilməsinin tərəfdarı idi. Bu kimi millətçilik forması, 19-cu əsrin əvvəlləri liberallar və bəzi sosialistlər arasında məhşur idi. Birinci Dünya Müharibəsindən sonra “milli öz müqəddəratını təyin etmək hüququ” kollektiv təhlükəsizlik prinsipləri əsasında qurulmuş Millətlər Liqasında məsələ kimi qaldırılmışdır. İkinci Dünya Müharibəsindən sonra, bu millətçilik formasının ideyaları Birləşmiş Millətlər Təşkilatında və digər liberal beynəlxalq qurumlarda insan hüquqlarının, azad ticarət və beynəlxalq iqtisadiyyatın tənzimlənməsi üçün istifadə edilmişdir (Harrison və Boyd 2010, 154-195).

1848-ci il Almaniyada liberalların inqilabının uğursuzluğa düçar olması ilə liberalizm Katolik Kilsəsinin ardıcıl olaraq mürtəce təhdidləri altında əzilməyə başladı. Kilsənin 1848-ci ildən başlayan missioner dalğaları, Almaniyanın minlərlə şəhər və kəndlərini bürüməklə yanaşı, Raynlənd və Baltik torpaqlarına kimi böyük bir ərazini əhatə edərək, iyirmi ilə yaxın əksinqilabi, liberalizm və maarifçilik ideyalarına dağıdıcı zərbələr vurdu. Əsas qayəsini yezuit, fransiskan və ya redemptoristlik təşkil edən hərəkata minlərlə dindar və mühfizəkar insan qoşulurdu[i]. Hökumət kütləvi çıxışların ictimai problem yaradacağı təhlükəsini hiss etsə belə, kilsənin mühafizəkar, lakin qeyri-radikal hərəkatının geniş vüsət almasına imkan yaradırdı (Watson 2010, 421-425).

Mədəniyyət baxımından, Almaniyanın təhsilli liberalları, katolikliyin yüksəlməsində cəhalət və geridəqalmışlıq dövrünün geri qayıtdığını gördülər. Bu XVIII əsrin ortalarındakı o geridəqalmışlıq idi ki, 1870-ci illərin von Liebiq, Klausius, Helmholtz, Siemens, Hayne, Koç, Zeiss və Virçoulu Almaniyası səviyyəsinə qalxması üçün çox maneələrə səbəb olmuşdu. Liberallar katoliklərə qarşı müharibəni qazansalar da, Bismarka qarşı mübarizədə məğlub oldular (Watson 2010, 421-425). Onların kilsə üzərindəki qələbəsi sonralar nasizm və faşizm kimi bəşəri təhlükə ehtiva edən radikal siyasi partiyaların meydana gəlməsi ilə nəticələnəcək bu (Bismarka qarşı mübarizədəki) məğlubiyyətdən qat-qat kiçik idi. Almaniya və İtaliyada baş qaldıran yeni radikal siyasi hərəkatlar özlüyündə həm də, siyasi fenomen olan millətçiliyin bu təsirlərdən kənar qalmasına imkan verə bilməzdi. Beləliklə, XIX əsrin birinci yarısı liberal millətçiliyin çiçəkləndiyi dövr olsa da, 1848-ci il məğlubiyyəti ilə millətçilik də Avropada genişlənən radikal siyasi proseslərin qurbanına çevrildi.

Mühafizəkar və radikal millətçilik

Millətçiliyin mühafizəkar meylləri Avropa dövlətlərinin özlərini təsis etmələri ilə meydana gəlmiş və qarşılıqlı siyasi fəaliyyətə başlamışdır. Bu kimi meyllər çox sayda vahidlər arasında hakimiyyətin kompleks şəkildə bölüşdürülməsi və əsrlər boyu imperator və keşişlər arasında formalaşan qarşılıqlı əməkdaşlıq və rəqabətlə xarakterizə olunan orta əsr birliyinin parçalanmasından sonra meydana gəlmişdir. XX əsrin ikinci yarısı müxtəlif növ mühafizəkar millətçiliyin daha da canlanması ilə yadda qalır. İlkin olaraq, İkinci Dünya Müharibəsindən sonrakı onilliklər ərzində geniş yayılan beynəlmiləlçilik ideyalarına qarşı meydana çıxan etirazlar sonralar onun kommunist versiyası olan sosialist beynəlmiləlçiliyinin aradan qaldırılması ilə nəticələndi (Holbraad 2003, 97-121).

Müasir Avropada mühafizəkar millətçilik adətən insan təbiətinə, siyasətinə və tarixinə daha çox pessimist baxışı əks etdirir. O, davamlı qarşıdurma və ara-sıra müharibə ilə müşahidə edilən rəqabətdə qarşılıqlı fəaliyyət göstərən suveren dövlətlər çoxluğu kimi beynəlxalq ictimaiyyətin təqdim edilməsi mənasında realist olmağa meyilli olmuşdur. Mühafizəkar millətçilik dövlət mərkəzçi olub Avropa gücünü (hakimiyyətlərini) fundamental siyasi vahid kimi qəbul edir və bu vahidlərin şəxsi maraqlardan çıxış etdiklərini ehtimal edirdi. Onun əsas mövzuları daha çox mühafizəkar internasionalizmin mövzuları (misal üçün, məhz təhlükəsizliyin təmini və nəticə etibarı ilə yaşamaq üçün mübarizə) ilə eynilik təşkil edir. Fərq isə nəzərdə tutulan vasitələr və təklif etdiyi proqramlardır. Mühafizəkar millətçilik yalnız xarakter baxımından eqosentrik[ii] deyil, eyni zamanda oriyentasiya baxımından retrospektivdir[iii]. O ilhamını daha çox xalqın keçmiş anlayışları və təsvirlərindən və çox nadir hallarda isə beynəlxalq cəmiyyətin gələcək proqnozlarından alır. Onun keçmişlə bağlı təsviri son dərəcə selektiv ola bilər və milli tarixin ən qədim dövrlərindən irəli gələn mifik elementləri, eləcə də sonrakı məqamlarda qazandıqları uğurlara və təcrübələrə əsaslanan hissələri əhatə edə bilər. Millətin mədəniyyətinə və tarixinə bağlılıq mülayim və rasional və ya daha ifrat və fanatik formada ola bilər. Bu milliyətçiliyi ifadə edən siyasət və proqramlar mahiyyətcə müdafiəçi və yaxud da, olduqca aqressiv ola bilərlər. Bu kimi keyfiyyət fərqləri XIX əsrdə müəyyən ölkələrdə inkişaf edən mühafizəkar millətçilikdə aydın görünməkdə idi (Holbraad 2003, 97-121).

Radikal millətçilik Birinci Dünya Müharibəsindən sonra meydana çıxsa da, onun köklərinin Fransa inqilabına dayandığını iddia edən araşdırmaçılar çoxdur. Radikal millətçilik yerli və beynəlxalq nizamı öz millətinin leyhinə dəyişmək arzusudur. İki formada təzahür edən radikal millətçiliyin birinci forması fundamental sağ siyasi baxışa, ikincisi isə anti-müstəmləkəçi dünyagörüşə sahibdir. Radikal sağ millətçilik köhnə nizama, imtiyazlı siniflərə və köhnəlmiş insitutlara xor baxır, onların hamısını millətə xəyanət etdikləri iddiası ilə qınayır. Tez-tez real və ciddi sosial, iqtisadi və siyasi islahatlar tələb edərək millətin yenilənməsini tələb edən radikal millətçilik, Rusiya İnqilabından sonra, işçi sinfini komunizmin və sosializmin internasionalizminə qarşı alternativ kimi təqdim etməyə çalışrdı (Harrison və Boyd 2003, 158).

Müharibədə məğlubiyyət Almaniya və Türkiyədə bu kimi meyillərə stimul yaratmaqla yanaşı İtaliya və Fransada da, radikal millətçiliyin meydana gəlməsinə səbəb oldu. Radikal millətçiliyin bu forması azlıqlara dözümsüz yanaşır, onları millətin həqiqi bir parçası kimi görmür və qonşu dövlətlərə qarşı iddialarında aqressivlik nümayiş etdirirdi. İfrat dərəcədə bir millətin digər millətlərdən üstün olduğunu və ərazilərinin genişləndirilməsi üçün müharibə etməyi haqlı hesab edirdi. Bu millətçilik faşizmlə asanlıqla uzalaşa bilir (Harrison və Boyd 2003, 158-159). Radikal millətçiliyin fundamental sağ siyasi baxışa söykənən bu forması Almaniya və İtaliyada mövcud olan nasist və faşist rejimlərin təsiri altında formalaşmış, inkişaf etmiş və böyük bəşəri faciələrlə nəticələnmişdir.

Lakin radikal millətçilik həmçinin mürtəce və imperialist radikal millətçiliyə qarşı anti-müstəmləkə mübarizəsi yolu da seçə bilər. Bu formada o, millətçilik dəyərlərindən istifadə edərək millətin üzvlərinə təzyiq göstərən siyasi quruluşdan müstəqillik tələbləri irəli sürə bilər. Bu forma, milli öz müqəddəratını təyin etmək və milli müstəqillik məntiqinə dair doktrinə istinad edir (Harrison və Boyd 2003, 158-159). Bu formada təzahür edən millətçilik forması isə Türkiyə Cumhuriyyətinin formalaşması və azadlıq mübarizəsinin qələbə ilə nəticələnməsinə kömək etmişdir.

İkinci Dünya Müharibəsindən sonrakı onilliklər ərzində Avropa imperiyalarının sona çatmasında millətçilik əhəmiyyətli rol oynamışdı. Eyni dövrdə millətçiliyin bu forması yerli xalqların ictimai dəyərlərinin eləcə də, müstəmləkəçi hakim sinfin devrilməsiylə əlaqədar olaraq çox vaxt sosial mühitin güclü bir hissəsini əhatə edirdi. Müstəqillikdən sonra bu milliyyətçilik forması Qərb iqtisadiyyatı, mədəniyyəti və siyasi hökmranlığına qarşı müqavimət göstərmiş və bir çox inkişaf etməkdə olan dünya dövlətlərini öz ölkələrində yerləşən, lakin xarici ölkələrə məxsus olan çoxmillətli şirkətlərin aktivlərini milliləşdirməyə yönəltmişdir (Harrison və Boyd 2003, 159).

Millətçiliyə alçaldıcı münasibətə fərqli izah

Millətçiliyə fərqli izahı ilk dəfə Litvada Vitautas Maqnus Universitetində təhsil aldığım dövrdə, professor-doktor Leonidas Donskisin dərslərində şahid olmuşdum. Mərhum professor post-imperializm dövründə belə, kiçik dövlətlərin böyük dövlətlər tərəfindən işğal edilməsi təhlükəsinin hələ də qaldığını və kiçik dövlətlərin mövcudiyyəti üçün millətçilik prinsiplərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayırdı. Millətçiliyin tarixi zərurətdən doğan, imperializmin çöküşünü şərtləndirən və kiçik millətlərə belə öz dövlətlərini yaratmaq imkanı tanıyan, etnik, dini, irqi və coğrafi mənsubiyətindən aslı olmayaraq, hər bir insana öz millətini seçmək azadlığı verən bir fenomenin yalnış təsəvvür edilməsinin və ən əsası, yalnış olaraq alçaldıcı forma və məzmunda təqdimatı və təşviqatının qəbul edilməz olduğunu deyirdi. Özünün Narahat Kimliklər və Müasir Dünya adlı əsərinin “Post-imperializm və Kiçik Dövlətlər” başlıqlı məqaləsində professor L. Donskis araşdırmaçıların millətçiliyə alçaldıcı münasibətə özünün fərqli izahını vermişdir. Məqalənin mövzumuzla əlaqəli hissələrinin qısa xülasəsini təqdim edirik.

Professor Donskis hesab edir ki, Amerika və Avropa tədqiqatçıları millətçiliyi tez-tez alçaldıcı mənalarda işlədirlər. O, istər ABŞ-ın sabiq prezidenti, Corc Buşun siyasi ədəbiyyata gətirdiyi “intihar millətçiliyi” kimi alçaldıcı yanaşmaların, istərsə də ifrat millətçi baxışların XIX və XX əsrin bu fenomenini dərindən öyrənəyimizə yardım etməyəcəyinə inanır. Müasir şüurun formalaşmasında əsas amil olan millətçiliyin məhv edilməsindənsə, onun elmi araşdırmasının zəruri olduğunu hesab edən professor, Aleksandr J. Motil`ə istinadən bildirir:

“Termin istifadəçilərinin tez-tez ona sırf alçaldıcı məna (vurğu, haray) aid etmələri, milllətçiliyin tərif problemini daha da çətinləşdirir. Addımbaşı, millətçilik sözünə əlavə edilən intihar, irrasional, hiper və emosional kimi sifətlər elə təəssurat yaradır ki, guya millətçilik sadəcə milli duyğular üçün şişirdilmiş bir kod sözdür (…) Həqiqətən Konor Kruz O’Brayen milliyyətçiliyi açıq şəkildə ‘duyğuların birliyi’ kimi müəyyən edir (…)” (O halda mən də əlavə edirəm ki, məhəbbət, nifrət, (…) və demək olar ki hər şey!!)” (Motyl 1992, 309, quoted in Donskis 2009, 100).

Professor Donskis XX əsrin faciələrini millətçiliklə izah edən araşdırmaçıların bu cəhdlərini dünyanı sadəcə “millətçilik qulyabanısı” ilə qorxutmağa bənzədir. O qeyd edir ki, “böyük dövlətlərin duyğuları ‘orijinal vətənpərvərlik’ kimi təqdim edildiyi təqdirdə onun kiçik xalqlar arasında yaratdığı əkstəsir “intihar millətçiliyi” kimi qələmə verilir. Həmçinin, böyük və qüdrətli millətlər duyğusal vətənpərvər, kiçik millətlər isə vəhşi/qəzəbli millətçi kimi təqdim olunur və beləliklə, patriot qəhrəman, millətçi isə cinayətkar fanatik və ya kamikadze adlandırılır” (Donskis 2009, 87-88).

Professor Donskis iddia edir ki, istər XX əsrin sosial faciələri, istərsə də, iki dünya müharibəsi millətçilik ucbatından deyil “imperiyaların çöküşü, dünyanın total modernləşdirilməsi, əl dəyişən güclər, [və] qlobal kommunist və nasist ideologiyalarının hakim olduğu rejimlərin” ucbatından meydana gəlmişdir (2009, 100-101). Millətçiliyin əslində imperiyaların dağılmasını şərtləndirən əsas amil olmasını vurğulayan professor göstərir ki, “Britaniya İmperiyası İrlandiya azadlıq mübarizəsi və Mahatma Qandi hərəkatı ilə, Fransa İmperiyası Əlcəzair müharibəsi ilə sarsılarkən, Rusiya İperiyasının dağılması ilə Polşa, Finlandiya və Baltik ölkələri müstəqillik əldə etdilər. (…) Bütün bunlar sadə bir sual doğurur, bizim sədaqətimiz harada dayanmalıdır? Özlərini imperiyalardan azad edən millətlərin yanında yoxsa çökmüş imperiyaların yanında? Biz imperializmin yoxsa azadlığın tərəfindəyik?” (Donskis 2009, 100-101).

Hər şeyin ictimai və siyasi konteksdən aslı olduğunu” bildirən Donskis “millətçiliyin digər şeylər kimi (məsələn nikah) asanlıqla ədalət və ədalətsizliyin, azadlıq və itaətin, zülmün və şəfqətin alətinə çevrilə biləcəyini” aşağıdakı kimi izah edir:

Cəmiyyətin və onun fərdlərinin həyatı sanki, dar və ya dayaz bir alətlər qutusundan götürülən alətlərlə yaradılmışdır. Hər kəs paltar geyir, hər kəsin yeməyə ehtiyacı var, hər kəsin intim həyatı və erotizm ehtiyacı var və hər kəs təhlükəsizliyə və tanınmağa can atır. Fəqət tam olaraq bu nöqtədə, sosial həyatın qaçılmaz ikiliyi ilə qarşılaşırıq: geyim, həm səfil cır-cındırı, həm də, dəbdəbəli ipək köynək mənasına gələ bilər; zənginlik insanların ləyaqətini qoruya və azadlıqlarını artıra bilər, lakin, eyni zamanda onların çöküşünə də səbəb ola bilər; mütəşəkkil və legitim hakimiyyət cəmiyyətdəki pozğunluq və şiddət səviyyəsini azalda bilər, həmçinin bir çox günahsız insanın ölümünə səbəb ola bilər; seks zorakılıq aktı, şiddət və alçaldıcı bir hərəkət ola bilər, amma digər hallarda insanları azad və xoşbəxt edə bilər. Bunların hamısı əsl insan materialından, həmin şəxsin bədənindən və özünü reallaşdırmaq vasitələrindən meydana gəlir (Donskis 2009, 103).

Professor Donskis məqalənin yekununda “millətçilik və patriotizmin kimlik axtarışında olduğu kimi, qarışıqlıq və qeyri-müəyyənlik içində insanın özünü reallaşdırması və ya dərk etməsi kimi çətin bir prosesə bənzədir” (2009, 103). Liberal vətənpərvər və mühafizəkar millətçi (və əksi) kimi qarşıdurmadan çıxış yolunun olmadığını vurğulayan professor fikrini bu sözlərlə tamamlayır; “Ruhumuzun, siyasi və mənəvi həssaslığımızın bölüşdürülməsi, fikrimizi cəmləmək cəhdlərimizdən əvvəl, yəni, azadlıq və orijinal həyat üçün mövcud olan müasir yollardan birini seçməkdən əvvəlki kimi dərin olaraq qalmaqdadır” (Donskis 2009, 103).

Nəticə

Beləliklə, XIX əsr Avropa cəmiyyətinin meydana gətirdiyi millətçilik, dünyanın sosial-siyasi həyatına daxil olan modern bir anlayışdır. 18-ci əsrdə baş verən sənaye inqilabı və maarifçilik hərəkatları Avropa cəmiyyətində siyasi hakimiyətin bir ailəyə deyil, xalqa aid olması kimi tələbləri meydana gətirdi. Bu tələblər Amerikada (1765-1783) və Fransada (1789-1799) böyük xalq üsyanları və nəhayətində inqilablarla nəticələndi. Bu inqilablar millətçiliyin ilk təzahürlərinin – xüsusən də liberal millətçiliyin – yaranmasına səbəb olan böyük siyasi-sosial proseslər idi. XIX əsrin birinci yarısı Avropadakı millətçilik daha çox liberal baxışlara, birlik və bərabərlik ideyalarına sahib olsa da, ikinci yarısında o, daha çox müdafiə, kütləyönümlü, ideoloji və doktrin xarakter daşıyırdı.

Millət və millətçilik anlayışlarına müxtəlif təriflər verilmiş, fərqli dünyagörüşdən olan mütəfəkkirlər və araşdırmaçılar onları ortaq dil, din, ərazi, tarix, adətlər, əcdadlar və ya psixoloji, mədəni və etnik bağlılıq kimi fərqli amillərlə izah etməyə çalışmışlar. Beləliklə, “millət və millətçilik nədir?” sualına müxtəlif cavablar mövcudur və onlar çeşidli təriflərlə izah edilmişdir.

Liberal millətçilik Avropa ölkələrində millətçiliyin ilkin forması kimi meydana gəlmiş və bu dönəmlərdə Avropa cəmiyyətinin inkişafına təkan vermişdir. Liberal millətçilik Fransa inqilabı ilə başlamış və insan haqlarına, bərabər millətlər və vətəndaşlıq anlayışına önəm verdiyi üçün liberal dəyərlərlə asanlıqla uzlaşmışdır. Liberal millətçiliyin qayəsində öz müqəddəratını təyin etmək anlayışı və milli dövlətlər dünyası, həmçinin xarici təzyiqlərə qarşı mübarizə və suverenliyin müdafiəsi dayanır. Liberal millətçilik, bu prinsiplərin dünyada sülhün və əminamanlığın təminatı üçün bir çarə olduğuna inanır.

Birinci dünya müharibəsindən sonra meydana gələn radikal millətçilik əsasən iki istiqamətdə inkişaf etmişdir. Fundamental sağ siyasi baxışa əsaslanan radikal millətçilik sahib olduğu dəyərlər baxımından faşizmlə uzlaşır. Millətçiliyin bu radikal forması insanlıq üçün çox təhlükəlidir və nəticələri də çox faciəvi olmuşdur. Onun meydana çıxma səbəblərindən biri 1848-ci il Avropada üstünlük təşkil edən liberal dünyagörüşün sıradan çıxarılması ilə bilavasitə əlaqədar idi. Fransa inqilabının yetişdirdiyi liberal hərəkatların bu məğlubiyyəti ilə Avropa radikal ideyaların artdığı yeni bir dövrə qədəm qoydu. Birinci Dünya Müharibəsindən sonra faşizm və nasizm kimi siyasi cərəyanların meydana gəlməsi millətçiliyin radikallığa yuvarlanmasına və nəticə olaraq Avropanı böyük fəlakətlərə, İkinci Dünya Müharibəsinə sürüklədi. Bundan fərqli olaraq, Türkiyədə anti-müstəmləkə mübarizəsi yolu seçən radikal millətçilik imperialistlərə qarşı müharibədə qələbə çalmağa yardım etdi, modern və daha güclü bir dövlətin meydana gəlməsinə öz tövhəsini verdi.

1989-cu il Sovet çoxmillətçiliyi təcrübəsindən sonra milliyyətçilik artıq müasir siyasi, mədəni və ictimai həyatda müsbət, həyati əhəmiyyətə malik olan bir fenomen kimi tanınır və onun geniş araşdırılması yenidən bərpa olunur. Millətçiliyin daha dərindən tədqiq edilməsi üçün araşdırmaçılıar bu istiqamətdə fəaliyyət göstərirlər (Encyclopaedia of Nationalism 2018, par. 1-2). Beləliklə, “millətçilik müsbət yoxsa mənfi fenomen?” sualına vermək istədiyim cavabım Ştromas tərəfindən çox gözəl ifadə edildiyi üçün, məqaləmi onun sözləri ilə tamamlamaq istəyərdim:

Əgər bir millət özünü dünyada başqa bir millətin qanunlarından ayrılıqda müstəqil bir qurum kimi təsis edirsə, digər millətlər və bütünlüklə dünya tərəfindən müstəqil və bərabər hüquqlu tərəfdaş kimi tanınırsa, bu millətin millətçiliyi fərdin təkcə azadlıq hüququ deyil, yaşamaq hüququnun tanınması və təmin olunması tələbi qədər haqlıdır – bir millət (fiziki olaraq belə) fərdi insandan fərqli olaraq kollektiv kimlik kimi azadlıq olmadan yaşaya bilməz; sonda o, ya yaşadığı milli-dövlət tərəfindən assimilyasiya ediləcək (…) ya da, başqa bir şəkildə məhv ediləcək. Bütün digər hallarda millətlərin kollektiv kimlik kimi hüquqları da fərdlərin insan hüquqlarına aiddir. Bu, milli dövlətlərin bugünkü dünyasında, hər şeydən əvvəl, hər bir xalqın öz müqəddəratını təyin etmək və suveren dövlətçilik [hüququ] kimi interpretasiya edilir. Buna görə, əgər millətçilik ‘siyasi və milli vahidin bir-biri ilə harmoniyada olduğunu əsas götürən siyasi prinsip’ kimi başa düşülür [bu Ernest Qellnerin tərifidir] və hər bir millət üçün bərabər siyasi vəziyyətlər tələb edirsə, mənim fikrimcə, o, ədalətli düşünən hər bir insanın və hər bir azad və demokratik ölkənin bütün dəstəyinə layiq olan sağlam bir millətçilikdir (vurğu orijinaldır) (Shtromas 1994, 201–202, sitat götürülüb Donskis 2009, 201-202).

Mənbə: bakuresearchinstitute

Ədəbiyyat siyashısı

1. Aggarwal. M. n.d. Article on Growth of Nationalism in Europe: Share your Knowledge on History!. Available from URL: <

http://www.historydiscussion.net/world-history/europe/growth-of-nationalism-in-europe/1576> [30.03.2018]

2. Andres. B, 1983 Imagine communities; “Reflection on the Origins and Spread of Nationalism”

3. Alter, P., 1989. Nationalism (translated by Stuart McKinnon-Evans). London: Edward Arnold, p.123

4. Azarian. R “Nationalism in Turkey: Response to a Historical Necessity” Available from URL: [25.05.2018]

5. Donskis, L., 2009. Nationalism and Patriotism Revisited: An East-Central European Perspective. A Litmus Test Case of Modernity: Examining Modern Sensibilities and the Public Domain in the Baltic States at the Turn of the Century, 5, p.279

6. Donskis, L., 2009. Troubled Identity and The Modern World. Springer.

7. Encyclopaedia of Nationalism, 2018. Available from URL : [15.04.2018]

8. Ernest Renan, “What is a Nation?”, text of a conference delivered at the Sorbonne on March 11th, 1882, in Ernest Renan, Qu’est-ce qu’une nation?, Paris, Presses-Pocket, 1992. (translated by Ethan Rundell) Available from URL: [05.06.2018]

9. Fordham University, the Internet Modern History Sourcebook; Nationalism: available from URL: [30.03.2018]

10. Gellner, E., 1996. Ernest Gellner's reply:‘Do nations have navels?’. Nations and nationalism, 2(3), pp.366-370.

11. Gellner, E., 1983, Nations and Nationalism, Oxford: Blackwell.

12. Goldschmidt, A. Jr. 1991. A Concise History of the Middle East San Francisco: Westview Press

13. Giuseppe Mazzini, "Europe: Its Condition and Prospects," Essays: Selected from the Writings, Literary, Political and Religious of Joseph Mazzini, ed. William Clark (London: Walter Scott, 1880), pp. 266, 277¬78, 291¬92. Available from URL: < http://mrdarbyshistory.org/AP-files/24/1852%20Mazzini.htm> [04.06.2018]

14. Halsall. P., 1997. Modern History Sourcebook: Giuseppe Mazzini: On Nationality, 1852. Available from URL [04.06.2018]

15. Halsall. P., 1997. The Nationalism: Internet Modern History Sourcebook; Available from URL: [15.04.2018]

16. Harrison, K. and Boyd, T., 2010. Understanding political ideas and movements. Manchester University Press.

17. Hartman, G., 1992. The Origins and Growth of Baltic Nationalism as a Force for Independence. Lituanus, 38(3), p.72. Available from URL:

18. Hobsbawm, E.J., 1990. Nations and Nationalism since 1780: Myth, Programme, Reality. Cambridge, Canto-Cambridge University press, 19911, p.200613

19. Hobsbawm, E.J., 2012. Nations and nationalism since 1780: Programme, myth, reality. Cambridge University Press

20. Holbraad, C., 2003. Internationalism and nationalism in European political thought. Springer.

21. Killashandra, Madison, Min, & Özge, 2013. Eric Hobsbawm, Nationalism Studies, Available from URL: [02.06.2018]

22. Mill, John Stuart. Considerations on Representative Government, 2004. [11.06.2018]

23. Hodgson, J.G. ed., 1933. Economic nationalism (Vol. 9, No. 1). The HW Wilson Company.

24. Hoffman, J. and Graham, P., 2015. Introduction to political theory. Routledge.

25. Hoffman, J. and Graham, P., 2009, Introduction to Political Theory, Pearson/Longman, Available from URL : [02.06.2018]

26. Landau, J. 1984 Ataturk and the Modernisation of Turkey Boulder: Westview Press

27. Lewis, G. 1965 Turkey London: Ernest Benn Limited.

28. Miscevic, N., 2001 ed. 2014. Nationalism: Stanford Encyclopedia of Philosophy. Available from URL: < https://plato.stanford.edu/entries/nationalism/ > [25.04.2018]

29. Məhəmməd Əmin Rəsulzadə. «Azərbaycan Cümhuriyyəti». ed. A. Rüstəmov, İ. Həmidəv və A. Həmidov — Bakı: Elm, 1990.—116 s.

30. Micheisen, K.E. and Kuisma, M., 1992. Development in Finland. Available from: URL: [02.06.2018]

31. Nəsib Nəsibovun, 2015 “Millət və Millətçilik Özətləməsi” Mənbə: URL: [30.05.2018]

32. Kohn, H., 1961. e.d. 201,8 The nationalis, Encyclopedia Britannica. Available from URL: [30.03.2018]

33. Smith, A. D., 1991, National Identity, Harmondsworth: Penguin.

34. Smith, A.D., 2013. Nationalism: Theory, ideology, history. John Wiley & Sons. Available from URL: < Smith, A.D., 2013. Nationalism: Theory, ideology, history. John Wiley & Sons.> [02.06.2018]

35. Smith, A. and Smith, A.D., 2013. Nationalism and modernism. Routledge. Availablfe from URL: [02.06.2018]

36. Watson, P., 2010. The German Genius: Europe's third renaissance, the second scientific revolution and the twentieth century. Simon and Schuster.

37. UKEssays. November 2013. What Is The Meaning And Importance Of Nationalism Politics Essay. [online]. Available from URL:< https://www.ukessays.com/essays/politics/what-is-the-meaning-and-importance-of-nationalism-politics-essay.php?vref=1> [02.06.2018].

38. И.В.Сталин, Сочинения, т.2, 1946, с. 296-297.

39. Гегель, Сочинения, т. VIII, Москва-Ленинград, 1935, с. 75.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR