Kişi rolunun təkamülü - Kişilər nə işə yarayır?

Elmi-kütləvi
Photo

Jared Daymond amerikalı alim və elmi-kütləvi kitablar müəllifidir. Daymond fiziologiya təhsili almasına baxmayaraq, antropologiya, ekologiya, coğrafiya və təkamül biologiyası kimi elm sferalarıyla da məşğul olur. 2013-cü ildən bəri Kaliforniya Universitetində coğrafiya professoru kimi çalışır. Foreign Policy jurnalının hazırladığı “Dünyanın 100 intellektualı” siyahısına Jared Daymond da seçilmişdi. Pulitzer mükafatına layiq görülmüşdür.

Keçən il uzaq şəhərlərin birində yerləşən universitet professorundan məni akademik bir konfransa dəvət edən dəyərli bir məktub aldım. Məktubu yazan insanı tanımırdım və adından da onun kişimi, yoxsa qadınmı olduğunu anlaya bilmədim. Konfransda olmaq üçün uzunmüddətlik uçuşlara və evimdən bir həftəlik uzaq qalmağa qatlaşmağa məcbur olacaqdım. Ancaq dəvət məktubu çox gözəl yazılmışdı. Əgər konfrans da bu qədər gözəl təşkil olunacaqdısa, yəqin ki, son dərəcə maraqlı olmalıydı. Bu işə zaman ayırmaq barədə bir az qərarsızlıq keçirsəm də, dəvəti qəbul etdim.

Gözlədiyim kimi son dərəcə maraqlı şəkildə düzənlənən bu konfransa gələndə qərarsızlığım tamamilə ortadan qalxdı. Konfransdan əlavə alışveriş, quşları seyr etmək, ziyafətlər və arxeoloji sahələrə səyahətlər kimi maraqlı fəaliyyətlər də hazırlanmışdı. Bu mükəmməl təşkilatçılığın və aldığım ecazkar məktubun yaradıcısının bir qadın olduğunu gördüm. Konferansda çox parlaq nitq söyləməyindən və son dərəcə mehriban insan olmağından əlavə, bu qadın gördüyüm ən gözəl qadınlardan biriydi.

Bu ev sahibəsinin təşkil etdiyi alışveriş gəzintilərinin birində arvadıma xeyli hədiyyə aldım. Yəqin ki, mənə bələdçilik edən tələbə bu barədə ona məlumat verdiyindən, konfrans ziyafəti zamanı yanımda oturan həmin xanım “Yoldaşım mənə əsla hədiyyə almır!” deyərək məni çox təəccübləndirdi. Əvvəllər o özü yoldaşına hədiyyə alırmış, ancaq ərindən bunun qarşılığını görməyincə, özü də hədiyyə almaqdan vaz keçib.

Həmin masada oturan bir şəxs məndən, cənnət quşlarıyla bağlı Yeni Qvineyada apardığım araşdırmalarım barədə soruşdu. Ona, cənnət quşlarının erkəklərinin balaların yetişdirilməsinə heç yardım etmədiklərini və bunun yerinə mümkün olduqca daha artıq dişi cənnət quşlarını tovlamağa çalışdıqlarını söylədim. Həmin xanım bağıraraq “Eynilə kişilər kimi!” söylədi və məni yenidən heyrətə saldı. Öz ərinin əksər kişilərdən daha yaxşı olduğunu, onu məslək işlərində dəstəklədiyini söylədi. Ancaq bu ər axşamların çoxunu iş yerindəki kişilərlə keçirir, həftə sonları evdə dincələrkən televiziya seyr edir və ev işləriylə, uşaqlarla məşğul olmaqdan boyun qaçırırmış. Bu xanım ondan tez-tez yardım istəyirmiş, nəticəsi olmadığı üçün sonda təslim olaraq evə eşikağası tutub. Əlbəttə bu danışılan həyat hekayəsində alışıq olmadığımız nəsə yoxdur. Sadəcə bu hekayənin mənim ağlımda qalmasının səbəbi bu qadının son dərəcə gözəl, mehriban və istedadlı olmasıydı. Və adam ona tamaşa edərkən, məsələnin bu cür olduğunu bilməsəydi, onunla evlənməyi seçən kişinin onunla birlikdə zaman keçirməkdə istəkli olacağını safcasına düşünərdi.

Sevgilinizlə zəhərli münasibətdəsiniz? - Bunu necə biləcəksiniz və nə etməlisiniz?

Yenə də bu xanım öz ailə yuvasında digər evli qadınların çoxuyla müqayisədə daha yaxşı şərtlər altında yaşayır. Yeni Qvineya təpələrində çalışmağa başladığım ilk zamanlarda, oradakı qadınların çox pis formada istismar edildiyinin şahidi olarkən qəzəblənirdim. Meşə yolları boyunca üz-üzə gəldiyim cütlüklər adətən, ağır odun dəstəsi, tərəvəzlər və bir uşağın yükü altında ikiqat olmuş qadınla, yanında ox və yaydan başqa heç nə daşımayan, dimdik addımlayan ərdən ibarət olurdu. Qıraqdan baxanda, kişilərin ov gəzintiləri, kişilər arası rabitə fürsətlərindən və meşədə ovlayıb istehlak etdikləri bəzi kiçik ev heyvanlarından başqa nəticəyə səbəb olmurmuş kimi görünürdü. Qadınlar, fikirləri belə soruşulmadan alınır, satılır ya da atılırdı.

Ancaq sonralar öz uşaqlarım dünyaya gələndən və gəzintilərimiz zamanı ailəmə bələdçilik etməyə başladığımdan sonra ailələrinin yanında yüyürən Yeni Qvineyalı kişiləri daha yaxşı anlaya bildim. Mən də uşaqlarımın yanında yeriyirdim və bütün diqqətimi onların əzilməməklərinin, yıxılmamaqlarının, itməmələrinin ya da bəd bir hadisəyə tuş gəlməmələrinin üzərində toplamışdım. Bütün diqqətim onların başına gələcək bəd hadisələrin qarşısını almağa fokuslanmışdı. Ənənəvi Yeni Qvineya kişilərininsə daha diqqətli olmaqlarına gərək var idi, çünki uşaqlarını və arvadlarını daha böyük risklər gözləyirdi. Ağır yük altında inləyən arvadlarının yanında gəzişən bu kişilər əslində qıraqdan belə qayğısız görünürdülər, onların bu məqamda əsas funksiyası müşahidəçilik və mühafizəçilik idi. Və buna görə də, başqa qəbilədən olan kişilərin hücumlarına qarşılıq versinlər deyə ox və yaylarını sürətlə istifadə etmək üçün əlləri boş və rahat olmalıydı. Fəqət həmin qəbilələrdə yaşayan kişilərin ov gəzintiləri və qadınların arvad qismində alınıb-satılması məni hələ də üzür.

Kişilərin nə işə yaradığı barədə sual klişe kimi görünə bilər. Əslində bu sual cəmiyyətimizdəki həssas nöqtəyə toxunur. Qadınlar, erkəklərin ağızlarda dolaşan statuslarına artıq dözüm göstərmirlər və özlərinə uşaqlarla arvadlarından daha artıq diqqət göstərən kişiləri tənqid edirlər. Bu məsələ antropoloqlar üçün də çox önəmli nəzəri problem ortaya qoyur. Qadınlarına və uşaqlarına göstərilən xidmət baxımından təbiətə nəzər salanda görürük ki, əksər məməli növlərinə xas olan erkəklər sperma fışqırtmaqdan başqa bir işə yaramırlar. Erkəklər cütləşdikdən sonra dişidən ayrılır və uşaqları böyütmək, qorumaq və tərbiyələmək məsuliyyəti tamamilə dişilərin öhdəsinə buraxılır. Ancaq insanların erkəkləri, cütləşdikdən sonra da (adətən və əksərən) arvadlarının və uşaqlarının yanında qalmaq baxımından fərqlənirlər. Antropoloqlar kişilərin, nəticədə ortaya çıxan bu əlavə rolunun növümüzün ən fərqləndirici özəlliklərinin təkamülünə əhəmiyyətli dərəcədə təsir göstərdiyini zənn edirlər. Bu barədə belə məntiq irəli sürülür:

“Kişilər qadınlara, qadınlar kişilərə bənzəməz”

On min il bundan öncə yaranan kənd təsərrüfatının başlamasından da əvvəl bütün insan toplumlarını öz içində birləşdirən bir kateqoriya olan ovçu-toplayıcı icmalarda, qadınlarla kişilərin iqtisadi rolları fərqliydi. Kişilər böyük heyvanları ovlamağa, qadınlar isə bitki və kiçik heyvanlar toplayıb, uşaqlara baxmağa daha çox zaman ayırırdılar. Antropoloqlar bu fərqliliyi ailə nüvəsinin ortaq mənfəətlərinə xidmət edən və dolayısıyla, sağlam işbirliyi strategiyası olan işbölümü kimi anlayırdılar. Erkəklərin böyük heyvanları izləməkləri və öldürməkləri qadınlara nisbətən daha məqsədəuyğun və asan olurdu, çünki kişilərin öz balalarını, əmizdirməkdən ötrü öz yanlarında daşımaqlarına gərək yaranmırdı və orta ölçülərlə götürəndə, kişilər qadınlardan daha əzələliydilər. Antropoloqlar düşünür ki, erkək öz arvadına və uşaqlarına ət gətirmək üçün ova gedirdi.

Modern sənaye cəmiyyətlərində də buna bənzər işbölümü nəzərə çarpır: xeyli sayda qadın uşaqların qeydinə qalmağa kişilərdən daha çox zaman ayırır. Ola bilər kişilərin əsl funksiyasi indi ova getmək deyil, ancaq hələ də daha çox pul gətirəcək işlərdə çalışaraq uşaqlarına və həyat yoldaşlarına yemək gətirirlər (əlbəttə, Amerikan qadınlarının əksəriyyəti də belədi). Yəni, “evə ət gətirmək” ifadəsinin köklü və qədim anlamı var.

Ənənəvi ovçuların evə ət gətirməkləri, insanlara xas olan və insanların canavarlar ya da vəhşi Afrika köpəkləri kimi bir neçə məməli növlə paylaşdığı fərqləndirici funksiya hesab olunur və onun, əksər hallarda, insan cəmiyyətlərinin, bizi digər məməli növlərindən ayıran digər fundamental cəhətləriylə bağlı olduğu zənn edilir. Bu hal xüsusən də, qadınla kişinin cütləşdikdən sonra da ailə nüvəsini qorumaları və insan balalarının (gənc insanabənzər meymunlardan fərqli olaraq), süddən kəsilmə mərhələsindən illər sonra da öz qidalarını axtarıb tapmaqda qabiliyyətsiz olmalarıyla əlaqəlidi. Son dərəcə açıq-aydın göründüyü üçün ümumi olaraq doğru hesab edilən bu nəzəriyyə özündə, erkəklərin ovçuluqla məşğul olmağı barəsində iki qəti qənaəti ehtiva edir. İlk olaraq, əgər ova getməyin təməl məqsədi ailəyə ət gətirməkdisə, deməli kişilər ən çox ət gətirəcəyinə güvəndikləri ov strategiyasını izləməlidirlər. Dolayısıyla, erkəklərin böyük heyvanların arxasınca düşərək, kiçik heyvanları hədəfləməklə müqayisədə daha çox ət əldə edəcəklərinə ümid etdiklərini nəzərdə saxlamalıyıq. İkincisi isə, ovçunun öz qənimətini arvadına və uşaqlarına gətirdiyini, ya da ən azından əti əqrabası olmayan insanlardan ziyadə öz ailəsiylə paylaşdığını gözləməliyik. Görəsən, bu iki qənaət doğrudurmu?

Faşist, qadın düşməni və yumorsuz - Nitsşe niyə səhv başa düşülüb?

Bəlkə də təəccüblüdü, ancaq antopologiyanın bu iki təməl fərziyyəsi yetərincə sınanmayıb. Bu fərziyyələri sınamağa çalışan ən öncül antroploqun Utah Universitetinin qadın antropoloqu Kristen Haukens olması isə elə də təəccüblü deyil. Haukesin araşdırmaları əsasən Paraqvayın Şimalı Açe Hindularının qida toplama üsulları haqqında, Kim Hill, Maqdalena Hurtado və H.Kaplan kimi alimlərlə ortaq şəkildə gerçəkləşdirilən kəmiyyət göstəricilərinə dayanır. Haukes, Nikolas Blurton Cons və Ceyms Okonnella birlikdə Tanzaniyadakı Hadza xalqı üzərində digər testlər də keçirdilər. Əvvəlcə, Açe xalqı haqqındakı sübutları analiz edək.

Şimali Açe hinduları bütün gün çalışan ovçu-toplayıcılardı və 1970-ci illərdə kənd təsərrüfatı sahələrinə yerləşdirildikdən sonra da meşədə yemək axtarmağa uzun zaman davam etdilər. Alışılmış insan modelinə uyğun olaraq Açe kişiləri pekari (donuzkimilər fəsiləsindən heyvan-tərc.) və maral kimi böyük məməliləri ovlamaqda ixtisaslaşırlar və üstəlik arı yuvalarından bal toplayırlar. Qadınlar isə xurmadan nişasta alır, meyvə və böcək sürfələri toplayır, uşaqlara baxırlar. Açe erkəyinin ov torpası gündən-günə fərqlilik sərgiləyir: əgər pekari öldürübsə yaxud arı yuvası tapıbsa, həmin gün evin xeyli insanına yetəcək qədər qida gətirir, ancaq ova ayırdığı günlərin dörddə bir hissəsində ovu bəhrəsiz olur. Qadınların evə gətirdiyi qidaların miqdarı isə gündən-günə az fərqlilik göstərir, çünki xurma boldur və qadının nə qədər nişasta əldə edəcəyi onun bu işə ayıracağı zamanın müddətinə bağlıdır. Qadın həmişə özünə və uşaqlarına yetəcək qədər qida tapa bilər, ancaq xeyli sayda insanı doyuracaq dərəcədə böyük qənimət əldə etməyi mümkün deyildir.

Haukeslə dostlarının araşdırmalarından çıxan ilk heyrətləndirici qənaət, kişilərlə qadınların qida strategiyalarının təmin etdiyi gəlir arasındakı fərqlərə bağlıydı. Əldə edilən gəlirin qalxdığı zirvə nöqtəsi əlbəttə ki, kişilərdə qadınlara nisbətən daha yüksək idi, çünki bir ədəd pekari öldürmək şansını ələ keçirən kişinin gündəlik torpasına 40.000 kalori əlavə olunurdu. Ancaq kişinin ortalama olaraq 9.634 kalorilik gündəlik gəliri isə qadının ortalama gündəlik gəlirindən (10.356) aşağıydı və orta səviyyəli gəliri (gündə 4.663) bundan da daha aşağı idi. Bu cür paradoksal nəticənin səbəbi isə, kişinin pekari ovladığı zəfər günlərinin sayının, evə əliboş qayıtdığı utanc günlərinin sayından daha çox olmasıydı.

Dolayısıyla, kişilərin qəhrəmanə sayılmayan “qadın işini” mənimsəyərək ov həyəcanından əl çəkməkləri və xurma üyütməkləri uzun vədəlik mənfəət baxımından daha yararlı olacaqdı. Kişilər qadınlardan fiziki baxımdan daha güclü olduqları üçün, əgər istəsəydilər bir gün ərzində qadınlara nisbətən daha çox xurma kalorisi hazırlaya bilərdilər. Yüksək, ancaq udacaqlarına dair cüzi ehtimallar daşıyan bəhslərə girən Açe kişiləri, böyük mükafatlar hədəfləyən qumarbazlara bənzəyirlər: əgər qumarbazlar pullarını banka yatırıb insana sıxıcı görünəcək dərəcədə sabit olan faizlərini alsaydılar, uzun vədə baxımından əslində daha çox qazanardılar.

Digər heyrətləndirici qənaət isə, uğurlu Açe kişilərinin əti təkcə öz qadınlarıyla və uşaqlarıyla bölüşmək yerinə çevrədəki hər kəslə paylaşmalarıydı. Eyni hal bal toplayışı üçün də keçərliydi. Bu geniş əhatəli paylaşımın nəticəsi olaraq, bir Açe nümayəndəsinin istifadə etdiyi bütün qidaların üçdə bir hissəsi özü və sahib olduğu ailə nüvəsinin dışında qalan digər Açe nümayəndəsi tərəfindən icmaya gətirilirdi.

Açe qadınlarının nə üçün böyük heyvan ovlamadıqlarını anlamaq çox asandır: uşaqlarından qıraqda bu qədər uzun müddət keçirə bilməzlər və bircə gün belə içiboş torbayla evə qayıtmaq riskini gözə ala bilməzlər. Çünki belə olsa, bu vəziyyət onların süd istehsalını və hamiləliklərini təhlükəyə salar. Bəs görəsən kişilər nə üçün xurma nişastasına diqqət etməyib ovdan əldə edəcəkləri, ortalama səviyyəsi daha aşağı olan gəlirlə kifayətlənir və ovu- antropoloqların ənənəvi perspektiv baxımından doğru zənn etdikləri kimi- təkcə öz arvadlarına və uşaqlarına gətirmirdilər?

(1-ci hissənin sonu)

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR