Herman Hesse-nin kitabxananız üçün təklif etdiyi seçmə kitablar 2

Herman Hesse

Ədəbiyyat

Dünya ədəbiyyatı kitabxanası

(2-ci hissə, ixtisarla)

19-cu əsrin Rus ədəbiyyatı xüsusilə çox zəngindir. Rus dilinin böyük klassiki Puşkin nə qədər ki, tərcüməedilməz müəlliflər arasındadı, biz başlayaq Qoqoldan, onun “Ölü canlar”ı və hekayələrindən. Həmçinin, Turqenyevin günümüzdə unudulan şedevrini - “Atalar və oğullar”ı və Qonçarovun “Oblomov”unu götürəcəyik. Əsərlərinin yüksək ədəbi ustalığı ruhani təliminin kölgəsində qalsa da, Tolstoyun “Hərb və Sülh” (bəlkə də rus romanlarının ən gözəli) və “Anna Karenina”sı olmadan keçinə bilmərik. Dostoyevskidən “Karamazov qardaşları”nı, “Cinayət və cəza”nı və onun ən ilhamlı əsəri sayılan “İdiot”u unutmayın.

Beləliklə, qədim dövrlərdən günümüzədək yaradılan, Çindən Rusiyayadək müxtəlif xalqlara xas ədəbiyyat dünyasından sevgi və hörmətəlayiq xeyli əsər seçdik. Ancaq hələ ki, alman ədəbiyyatına, bizim milli sərvətimizə az diqqət ayırmışıq. Yuxarıdakı söhbətimizdə “Nibelunqlar haqqında nəğmə” və bir neçə orta çağ əsəri barəsində söhbət açmışdıq, indi isə alman söz sənətinin 1500-cü ildən bəri yaradılan əsərləri arasından ruhumuza ən yaxın və doğma hiss olunanları seçəcəyik.

Lüterin kiçik əsərlərindən ibarət bir cildliyi, yaxud xalqa müraciət mətnlərindən hansınısa, söhbətlərindən, ya da 1871-ci ildə üzə çıxan “Alman klassiki Lüter” kitabına bənzər əsərlər götürə bilərik. Alman poeziyasının ən gözəl nümunələrini yaradan, “Xeruvim səyyahı” şeirlər toplusunun müəllifi Anqelus Silezius, Breslau kontrreformasiyası dönəmlərində fövqəladə insan qismində meydana çıxmışdı. Lüter epoxasından söhbət açmışkən, kolleksiyamıza nyumberq xalq şairi Hans Saksı da əlavə etmək lazımdı. Qrimmelshauzenin, otuzillik müharibənin səs-sədasını vəcdlə bizə yetirən “Simpliçiuz Simpliçissimusun macəraları” adlı parlaq orijinallığıyla seçilən romanını onunla yan-yana qoyacağıq. Ardınca məlahətli yumorist Xristian Reyterin “Şelmuffskiy” romanı gəlir. Kitabxanamızın bu bölümünə 18-ci əsrin məzəli romanını - “Baron Manhauzenin sərgüzəştləri”ni də əlavə edərək yeni dövrün alman ədəbiyyatına keçirik. Lessinqin bir neçə cildi bizə sevinc bəxş edəcək, bütün əsərlərinin toplusuna gərək yoxdu, fəqət kiçik yazıları lazımdı. Bəs Klopştok? Onun ən yaxşı odalarını antologiyada tapacağıq və bu bizə yetər.

Yazarlar haqqında

Vilandın da toplu əsərlərini götürməyə bilərik, fəqət “Oberon” və imkan daxilində “Abderitlər”in bizdə olması mütləqdi. Antik müəllliflərin və fransızların xələfi, Aydınlanma tərəfdarı olmasına rəğmən xalis ağlın xeyrinə fantaziya bolluğunu fəda etməyən, xeyirxah və iztehzalı ustad Viland qeyri-adi müəllifdi və onu unutmaq ədalətsizlik olar.

Hötenin yüksək səviyyədə hazırlanmış və dolğun nəşrlərini əldə etməliyik. Onun dramlarının, məqalələrinin, resenziyalarının bəzilərindən imtina etmək olar, əlbəttə, ancaq lirik şeirlərinin də daxil olduğu əsas bədii əsərlərinin hamısı bizim üçün çox əhəmiyyətlidi. Bu kitablarda bəşər mənəviyyatının, insan qəlbinin sözlə ifadə edilən bütün çağırışlarını, mahiyyətini, əks sədasını tapa bilərik. Və “Gənc Verterin iztirabları”ndan “Novellaya”, ən erkən lirik şeirlərdən “Faust”un ikinci hissəsinə doğru genişləyən necə dolğun yoldur bu yaradıcılıq! Bu əsərlərlə birgə Hötenin həyatı və yaradıcılığıyla bağlı önəmli bioqrafiq sənədlər də kitabxanamız üçün zəruridir. Ekkermanın “Höteylə söhbətlər” kitabı, Şiller və Şarlotta Fon Şteynlə yazışmalar bu janrın ən yaxşı örnəkləridir. Onların yanına həm də Hötenin gənclik dostu Yunq Ştillinqin qələminin məhsulu olan “Henrix Ştillinqin gəncliyi” adlı sevimli kitabını və Mattias Klauidisin “Vandsbeker xəbərləri”ni yerləşdirəcəyik.

Şillerə gəldikdəsə, onun ruhi dünyası və şəxsiyyəti öz cazibəsini mənim üçün hələ də qorumaqdadı. Biz seçimi onun 1800-ci illərdə yazdığı şeirlərindən və incəsənət mövzusunda yazdığı nəsr əsərlərindən yana edəcəyik və bu toplunu Petersonun “Şillerlə söhbətlər” kitabıyla zənginləşdirəcəyik. 19-cü əsrin əvvəlində Almaniya mənəvi yaradıcılıqda ən bəhrəli dövrünü yaşayırdı və indi sizə həmin dövrün, müasir modanın silib süpürməsi, bəlkə də şiddətli laqeydik və ədalətsizlik ucbatından unudulub gedən bir çox mühüm müəllifəndən söhbət açacağam. Bax, məsələn, Almaniyanın ən böyük zəkalarından biri sayılası Jan Pol. Jan Pol yaradıcılığından nə əlimizə keçsə, hansı əsər toplusunu tapsaq mütləq özümüzlə götürməliyik. Əgər bu təklif sizə hədsiz şişirmə kimi görünürsə, onda heç olmasa əsas əsərləri bizdə olsun: “Şuluqluq illəri”, “Zibenkeza” və “Titan”ı. Hölderlinin dolğun bir nəşrinə rəfimizdə ehtiramla yer ayırırıq, onun şərəfli kölgəsi hələ uzun illər üzərimizdə olacaq, onun sehirli səsinə hələ tez-tez ehtiyac duyacağıq. Bu kitabın bir tərəfinə Novalisi, digər yanına isə, novella və nağıllarını, bacısı Bettinayla məktublaşmalarından ibarət “Yaz çələngi” kitabını heç zaman unutmayacağımız Klemens Brentanonu qoyuruq. Henrix fon Kleystin dramları, novellaları, məqalələri, məzhəkələri, yazdığı janrların hamısından bir əsər seçək.

Romantizmin ən virtuoz hekayətçisi Ernst Hofmanın təkcə məşhur novellaları deyil, “Şeytanın eliksiri” romanı da bu cərəyanın ən dəyərli örnəkləridir. Sözün misilsiz müsiqisini yaradan ustadlar Lenau və Anetta Drostedən şeirlər, Fridrix Hebbelin dramlarından bir neçəsi və Heynenin şeirləri və nəsrindən toplanmış kitabı mütləq gərəklidi. Onların yaxınlığında isə Eduard Merikenin “Praqa yolunda Mosart”, “Rəssam Nolten” və alman nəsrinin son klassiki Albert Ştifterin “Vitiko”suna, “Etüdlər”inə və “Əlvan daşlar”ına yer ayıracağıq.

Qüds çıxışı: Roman və Avropa

İsveçrə son yüzildə alman ədəbiyyatına üç görkəmli yazıçı bəxş edib: kənd eposunun möhtəşəm yaradıcısı Bernli İeremiya Qotxelf və Sürixli iki müəllif, Qotfrid Keller və Konrad Ferdinand Mayeri. Qotxelfin nəsrindən rəncbər Uli barədə yazılan romanları, Kellerdən “Yaşıl Henri”ni, “Kəlamlar”ı, Meyer yaradıcılığındansa “Yürq Enaç”ı götürək. Keller və Meyer hörmətəlayiq şeirlər də yazıblar, ancaq biz onları digər şairlərin şeirləriylə birgə yığılan yaxşı antologiyalarda da tapa bilərik. İstərsəniz Viktor Şeffelin “Ekkexard”ını diqqətsiz qoymayaq və xahiş edirəm ki, Vilhelm Raabenin “Abu Telfan” və “Şuddervump”undan imtina etməyək. Və beləliklə kolleksiya seçimini burada bitiririk. Əlbəttə, bununla müasir ədəbiyyatımıza arxa çevirmək lazım olduğunu demək istəmirəm, yox. Müasir ədəbi dəyərlərimizin də bizim varlığımızda və kitabxanamızda yeri mütləq olmalıdı, sadəcə indi mövzümuz başqadı. Və bizim bugünki ədəbiyyatımızdan hansı örnəklərin gələcəkdə xələflərimiz üçün uzunömürlü və layiqli əsərlərə çevriləcəyini indi bilməyimiz mümkün deyil.

İşimizə göz gəzdirdikcə çeşidimizin nə qədər də fraqmentar və qeyri bərabərcəsinə dəyərləndirilmiş olduğunu görürük. Məgər dünya ədəbiyyatı kitabxanasına “Baron Manhauzenin sərgüzəştləri”ni qəbul edib, “Bhaqavadqita”nı etməmək ədalətlidimi? İspanların qədim, lətif komediyalarını, serblərin xalq mahnılarını, irlandların sehirli nağıllarını unutmağa haqqımız varmı? Görəsən Kellerin novellalar toplusu Fukididdən, “Rəssam Nolten” “Pançatantra”dan, ya da çinlilərin orakul kitabı “İ szin”dən daha mı üstündü? Yox, yox, əlbəttə ki, yox! Sadəcə istərdim anlayaq ki, burda təsvir edilən dünya ədəbiyyatı kolleksiyamız son dərəcə subyektivdi və fərdi zövq əsasında ərsəyə gəldi. Hər ruhani yaradıcılıq bəlli dövr ərzində yaşayıb, zehinlər üzərində təsirini yaydıqdan sonra bəşər mədəniyyəti xəzinəsinə qatılır və istədiyimiz zaman həmin əsəri həmin xəzinədən çıxarıb, yeni nəsillərin mənəvi dünyasına bəxş edə bilərik. Bizim babalarımız nəinki Höte barədə bizdən fərqli təsəvvürlərə malik idilər, onlar məsələn, bəşəriyyətin ən dahiyanə kitablarından biri olan, Lao-çzının “Dao de çzın” əsərindən ümumiyyətlə xəbərsiz qalmışdılar, çünki, Qədim Çin müdrikliyini yenidən kəşf etmək bizim nəslə nəsib oldu. Digər tərəfdən, şübhəsiz ki, ata-babalarımızın yüksək dəyərləndirdiyi bir çox kitablar da bizim nəslin nəzərindən qaçır və bizim nəvələrimiz də o kitabları öz dövrlərində yenidən kəşf edəcəklər.

Çin ədəbiyyatıyla dostluğum artıq onillərlədi ki, davam etməkdədi. Qədim Hind mətnlərində əksik olan bütün ruhi məqamlar - canlı həyata yaxınlıq, gündəlik yaşamın həssas zərifliyiylə, ən məsuliyyətli əxlaqilikdən yoğrulan alicənab ruhaniliyin harmoniyası, sərt mənəvi intizamla sadə həyatsevərliyin uzlaşması bu mətnlərdə bol-boldu. Hind müdrikliyi özündə gəncliyin puritan coşqunluğunu, asketik qüdrətini ehtiva edirsə, digər tərəfdə Qədim Çin müdrikliyi bizə, zarafata, yumora yabançı olmayan və həyati təcrübələrin məyusluğa, sinizmə uğratmadığı, yetkin əqlə malik kamil insanı təqdim edir.

Hələ çox gənc olduğum zamanlarda Hötenin həyatı və şəxsiyyətiylə bağlı tapdığım hər kitabı, məlumatı bir neçə il ərzində oxuyub bitirmişdim. Mosarta duyduğum heyranlıq məndə onun haqqında yazılan bütün mətnləri və öz yazışmalarını oxumaq ehtirası oyatmışdı. Oxşar sevgini Şopenə, fransız şairi, “Kentavr”ın müəllifi Şarl Qerenə, venesiyalı rəssam Gorgoneyə, Leonardo da Vinçiyə qarşı da hiss edirdim. Onların həyatıyla bağlı əlimdə olan kitablar ala babat olsalar da, istənilən halda yetəri qədər bilgi və zövq bəxş edirdilər, çünki mütaliəmin çövhəri sevgiydi.

Bil Gates bu yay oxumalı olduğunuz 5 kitabı təqdim edir

Müasir dünya kitablara dəyər verməkdə maraqlı deyil. Günümüzdə canlı həyatın yerinə kitabları sevməyi gülməli və nalayiq hesab edən çoxlu gənclərə rastlamaq olar. Onlar söyləyir ki, bizim həyatımız kitab oxumaq üçün çox qısadı, daha qiymətlidi və zamanımızı mütaliədən daha dəyərli yaşantılara ayırmaq yaxşıdı. Hərçənd onların əyləncəyə zaman tapmasını görə bilərik. Həyatın təhsil müəssisələrində, əyləncə mərkəzlərində, birjalarda və digər modern məkanlarda nə qədər “real” olduğunu düşünsək də, əgər hər gün klassik mütəfəkkir və şairlərin əsərlərinə bir-iki saat ayırmasaq, heç zaman həqiqi və dolğun həyata qovuşa bilmərik. Əlbəttə hədsiz mütaliənin zərər yetirməsi mümkündü və kitablar gözümüz önündəki həyatı pərdələyə bilər. Ancaq bu mütaliədən uzaq durmağa bəhanə sayılmamalıdı.

Mənim dünya ədəbiyyatıyla bağlı təsəvvürlərim nə zamansa oğullarıma yetərsiz görünəcək. Yəqin ki, atama və babama da gülünc gələrdilər. Qaçılmazlığı qəbul etmək lazımdı və ata-babalarımızdan daha ağıllı olduğumuzu düşünmək üçün heç bir səbəbimiz yoxdu. Obyektivliyə və ədalətə can atmaq ecazkar istəkdi, ancaq kaş bu ideallara yetməyin nə qədər əlçatmaz olduğunu unutmayaydıq. Kitabxanamızı yaratmaqda məqsədimiz alimliyə yiyələnmək, yaxud mühakimə ehtiyacımızı ödəmək deyildir, yalnız mənəvilik məbədinə açılan fərdi qapımızı axtarıb tapmaq istəyidi. Buna görə də qoy hər kəs ona əziz və aydın olan əsərlərlə başlasın bu axtarışa. Sözün əsl mənasında mütaliə prosesini, qəzet məqalələri və təsadüfi, gündəlik ədəbi dərgilər əsasında deyil, yalnız şedevr əsərlər sayəsində öyrənmək mümkündü. Şedevrlər ciddi yanaşma, zəhmət, qüvvə tələb edir insandan. Hansısa müasir amerikan rəqsinin qaba və bəsit ritmlərini qəbul etmək nə qədər rahat və yüngüldüsə, Rasin faciələrinin mürəkkəb cümlələri, Jan Polun və Sternin zəngin, incə yumor oyunları bir o qədər səlis, elastik və möhkəmdir. Və hər şeydən öncə bu şedevrləri dərk edib qiymətləndirməmiz üçün, onları yaradan həyat çətinliklərini yaşayıb varlığımızın sınağından keçirmək gərək.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR